XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

11 Yanvar 2015 - 15:54

“İŞİD-in axırına yalnız onlar çıxacaq”

Dünyaca məşhur araşdırmaçı Yaxın Şərqdə yaşanan təhlükəli proseslərin gedişatı və gələcəyini “Bizim Yol”a şərh edir

Yevgeniy Satanovski: “Onlar kütləvi şəkildə Qafqazda peyda olmayacaqlar, lakin pərakəndə halda terror aktları törədə bilərlər”

“Bu terrorçuların arxasında Qətər dayanıb və baş verənlər Səudiyyə Ərəbistanı ilə İordaniyanı pis vəziyyətə salıb”

Suriya və İraqda “İraq Şam İslam Dövləti”nin (İŞİD) əməllərinin şahidi olan Qərb dünyası və konkret olaraq ABŞ-ın yeni dünya düzəni projesi təhlükə ilə üz-üzədir. Onlar hesab edirlər ki, son uğurlardan ilham alan radikal islamçılar Yaxın Şərqin daha bir ölkəsinə – İordaniyaya da soxula bilərlər. Nüfuzlu “The Daily Beast” portalı xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Senatın Yaxın Şərqdəki vəziyyətlə bağlı qapalı iclasında söyləyib.

ABŞ hesab edir ki, Haşimi krallığı öz qüvvəsi ilə radikal islamçılarla bacara bilməyəcək və çətinə düşən kimi İordaniyadakı Haşimilər dinastiyasının strateji müttəfiq kimi saxlanılmasında maraqlı olan İsrail və ABŞ-ı köməyə çağıracaq. Amerikalı ekspert Tomas Sanderson hesab edir ki, İsrail ordusunun bu prosesə açıq müdaxiləsi ancaq ən ağır situasiyalarda, məsələn, İŞİD İordaniya paytaxtı Əmmanı mühasirəyə alan zaman mümkündür.

İordaniyanın ABŞ-dakı səfirliyinin nümayəndəsi Dana Daud bildirib ki, krallığın qoşunları istənilən aqressiyanın qarşısını almağa qadirdir. Amma müşahidəçilər bu bəyanatı verənlərin özlərinin də buna inanmadığını söyləyirlər. Maraqlıdır ki, İŞİD İordaniyaya girərsə, dünya daha bir paradoksun şahidi ola bilər – Əmmana kömək etmək istəyən İsrail öz əzəli düşməni olan İranla eyni səngərdə vuruşmalı olacaq. Belə ki, İran indidən İraq və Suriyada at oynadan radikal vəhhabilərlə mübarizəyə qoşulub.

İraqda baş verənlərdən olduqca məharətlə yararlana bilən kürdlərdir. İraq ordusu özünü səfərbər edib İŞİD-ə qarşı mübarizə apardığı vaxtda, kürdlər öz mövqelərini daha da gücləndirirlər. Artıq bəzi ekspertlər dünya xəritəsində müstəqil Kürdüstan dövlətinin yaranacağını və onun İsrail tərəfindən tanınacağını söyləyirlər. Bu ehtimalı İsrail Prezidenti Şimon Peresin ABŞ Prezidenti Barak Obamaya ünvanladığı məktub da gücləndirir: “Kürdlər faktiki olaraq, öz müstəqil dövlətlərini qurublar. Bu dövlət demokratik prinsiplər əsasında yaşayacaq, çünki demokratiyanın əsas göstəricilərindən biri qadın və kişilərin hüquq bərabərliyidir ki, bu da onlarda təmin edilib”.

Əsasən etnik türkmənlərin yaşadığı Kərkük şəhərini də kürdlər öz tarixi torpaqları sayır və buranı nəyin bahasına olursa olsun, tutmağa çalışırlar. Axı tarixi torpaq sevgisi, həm də bu şəhərin zəngin neft yataqları ilə möhkəmlənirdi. Şəhəri tutan kürd liderləri “70 ildir ki, buranın neftini satıb silah alır və bizi qırırdılar. İndi bizim öz neftimiz var və bu neft ancaq kürd xalqına xidmət edəcək. Başqa cür ola da bilməz. Biz öz doğma şəhərimizi heç kimə verməyəcəyik” deyirdilər.
Beləliklə, “Bizim Yol” əməkdaşı İraqdakı situasiyanı və regiondakı yeni geosiyasi dəyişmələri Rusiya Yaxın Şərq İnstitutunun (keçmiş İsrail və Yaxın Şərqin araşdırılması İnstitutu) prezidenti, 2003-2004-cü illərdə Rusiya Yəhudiləri Konqresinin sədri olmuş, Rusiyanın İsrail, Yaxın və Orta Şərq üzrə tanınmış ekspertlərindən biri Yevgeniy Yanoviç Satanovski ilə müzakirə edir.

– Yevgeniy Yanoviç, “İraq Şam İslam Dövləti” nə istəyir, onların regionda missiyası nədir?

– İŞİD üzvləri adi uşaqlardır, amma onlar bizim görməyə və haqlarında eşitməyə adət etdiyimiz adi “Əl-Qaidə” uşaqlarından fərqlənirlər. Onların silahı və pulu da “Əl-Qaidə”dən çoxdur. Mən hesab edirəm ki, bütün deyilənlərə baxmayaraq, ABŞ təkbaşına İŞİD-in öhdəsindən gələ bilməyəcək. İran nə isə edə bilər və edəcək də. Çünki okeanın o tayında olan ABŞ-dan fərqli olaraq, yaxında olan İran öz sərhədləri ilə yanaşı, regionda olan şiə ziyarətgahlarına cavabdehdir. Tehran şiələrin ziyarətgahları üçün vuruşacaq.

– Amma o da məlumdur ki, İŞİD-də xüsusi hazırlanmış döyüşçülər var və onlar İraqa təsadüfən gəlib çıxmayıblar…

– Əlbəttə ki, yox. Onların İraqda birdən-birə peyda olmasını söyləmək sadəlövhlük olardı. Burada əsas problem İraqdakı təriqətlər arasında əlaqələrin bərbad olmasıdır və bu amil öz sözünü dedi. Səddam Hüseyndən sonra hakimiyyətə gələn şiələr sünniləri tam olaraq idarəetmədən ayırdılar. Onlar da öz “piroq paylarını” almaq üçün radikalları tam olaraq dəstəklədilər. Amma hesab etmirəm ki, sünnilər bu qarşıdurmadan öz istədikləri payı ala biləcəklər.

– Nəyə görə? Qüvvələri azdır, ya sona qədər İŞİD-i dəstəkləməyəcəklər?

– Radikal islamçılara müttəfiq lazım deyil. Baş verənlər, bir daha təkrar edirəm, İraqda hələlik hakimiyyətdə olan Nuri əl-Maliki kabinetinin səhvlərinin nəticəsidir.

– Bir çox politoloqlardan fərqli olaraq, siz əminliklə iddia edirsiniz ki, İŞİD-in arxasında ABŞ yox, Qətər dövləti dayanır. Bu qədər əminliyinizin səbəbi nədir?

– Bu qənaətə gəlmək üçün təkcə politologiyanı deyil, iqtisadiyyatı və region dövlətlərinin xüsusiyyətlərini də bilmək vacibdir. Bütün bu əməliyyatların arxasında dayanan, onun maliyyə yükünü çəkən Qətər dövləti İraqın parçalanmasında Səudiyyə Ərəbistanından heç də az maraqlı deyil. İraqın süqutu ilə dünya neft-qaz bazarında Qətər əmirliyinin mövqeləri olduqca güclənir. Bundan əlavə, İraq parçalanarsa, onun sünni rayonlarının Suriya ilə birləşməsi ehtimalı olduqca böyükdür. Məhz Qətər əmirliyi bu birlikdən istədiyini alacaq. İran üçün isə belə gedişatın ölümcül təhlükəsi var.

– Belə çıxır ki ABŞ-ın burda heç bir rolu və ya marağı yoxdur?

– Necə yəni yoxdur? Təbii ki, var. Bir zamanlar SSRİ ilə Əfqanıstanda müharibə etmək üçün “Əl-Qaidə”ni yaradan, qüvvətləndirən, hərtərəfli dəstəkləyən amerikanlar, sonralar da radikal islamçılardan öz maraqları naminə dünyanın müxtəlif bölgələrində istifadə etdilər. Bundan əlavə, Obama administrasiyası da bu siyasəti harada mümkündürsə – ərəb ölkələrində, Misirdə, hər yanda – davam etdirir. Unutmaq olmaz ki, İŞİD-i yaratmaqda Qətər əmirliyinin məqsədi Səudiyyə Ərəbistanının pulu ilə yaranan və Suriyada fəaliyyət göstərən “Cəbhət ən-Nüsrə”ni zəiflətmək idi. Bununla yanaşı, Qətər ABŞ-ın ən yaxın müttəfiqlərindən biri olaraq qalmaqda davam edir. Bu da sizə ABŞ-ın barmağı.

– Fikrinizcə, sonda İŞİD selinin qarşısını kim ala biləcək? Hadisələrin kulminasiya nöqtəsini necə görürsünüz?

– İŞİD heç zaman ayrıca dövlət, xilafət, filan olmayacaq. Ən azı ona görə ki, bu gün bir yerdə vuruşan sünni şeyxləri arasında ciddi fikir ayrılıqları var. Mən dəqiq bilirəm ki, bir zamanlar Səddamın müavini olmuş, hazırda isə “Baasçıların” lideri olan İzzət İbrahim əd-Duri ilə İŞİD fanatikləri arasında konfliktlər yaranacaq. Bu konflikt isə hansısa ittifaqın uzunmüddətli olmasına imkan verməyəcək.
Elə İraq şiələrinin də ərazisi yekcins olmayacaq. Kim dedi ki, Nuri əl-Maliki, Müqtəda əs-Sədr, Bəsrə liderləri və ayətullah Əli
Sistani bir ərazidə konfliktsiz yola gedə biləcəklər? Ola bilər ki, baş verənlər Səudiyyə Ərəbistanı və İordaniyanı da pis vəziyyətə salsın. Bu təhlükəni görən İsrail artıq İordaniyaya mümkün İŞİD hücumu zamanı radikal islamçıları bombardman edəcəyini bildirir.

– Yəni əminsiniz ki, İŞİD-i məhz İsrail vuracaq?

– Buna şübhəniz olmasın. İsrail öz məqamını gözləyir. Lazım olan kimi İŞİD-in dərsini verəcək. Tələsməyin, zamanı çatanda görəcəksiniz ki, İŞİD-in qənimi İsraildir.

– Bəs İŞİD-in Qafqaz regionuna, xüsusən də Azərbaycana hansısa real təhlükəsi varmı? Bu barədə nə deyə bilərsiniz?

– Məlumdur ki, İŞİD-in tərkibində keçmiş SSRİ dövlətlərindən getmiş xeyli sayda müsəlman var. Rusiya və şiələrə, həmçinin əhalisinin əksəriyyətinin şiə olduğu Azərbaycana onların münasibəti neqativdir. Hazırda onlar ancaq və ancaq Suriya və İraqda savaşırlar. İŞİD öz təsir dairəsini Livan və İordaniya, fürsət düşərsə, Səudiyyə Ərəbistanı hesabına genişləndirə bilər. O ki qaldı Qafqaza və Azərbaycana, bu bölgədə yalnız İŞİD üzvlərinin hansısa diversiya – terror aktlarından söhbət gedə bilər ki, bu da yalnız fərdi silahlılar vasitəsi ilə ola bilər. Kütləvi şəkildə İŞİD-in Azərbaycanda və Qafqazda peyda olması qeyri-mümkündür.




Yuxarı Əvvələ Ana Səhifə