Bir müddətdir Türkiyədə yaşayan tarix elmləri doktoru, tanınmış politoloq Xaləddin İbrahimli ilə Azərbaycanda və regionda cərəyan edən proseslərlə bağlı söhbət edib fikirlərini öyrəndik. Politoloq Suriyada qarşı-qarşıya gələn qüvvələrin maraqlarını, proseslərin bundan sonrakı inkişaf istiqamətlərini, Azərbaycanın bu hadisələrdən necə təsirlənə biləcəyini izah edib. Xaləddin İbrahimli ilə müsahibəni oxucularımıza təqdim edirik.
– Bir müddətdir Azərbaycanda yoxsuz, Türkiyəyə köçübsüz. Qardaş ölkədə fəaliyyətiniz nədən ibarətdir, yəqin ki, təhsil sahəsində çalışmaqda davam edirsiz…
– Bəli, universitetdə çalışıram.
– Türkiyə təhsil sistemi hansı səviyyədədir, müəllimə, tələbəyə inkişaf üçün hansı imkanlar yaradır?
– Son 20 ildə Türkiyənin təhsil sistemi xeyli gəlişdi. Amma təəssüf ki, bu zaman ekstensiv gəlişməyə də əsaslı yer verildiyindən yeni yaradılan bir sıra universitetlərdə keyfiyyət gözlənilə bilmədi. Yəqin ki, zamanla bu da ortadan qalxacaq.
– Orada Azərbaycandan gedənlərlə əlaqəniz varmı?
– Var. Bəzən buraya gələn, yaxud gətirilən tələbələr oxumaqda çətinlik çəkir. Bir qisim oxumaq istəməyən tələblər də aldadılıb gətirilir. Onlar daha çox əziyyət çəkir və bir müddət havayı pul xərclədikdən sonra universiteti buraxmalı olurlar. Valideynlər gərək aradakı möhtəkirlərə diqqət yetirsinlər. Övladlarını haraya göndərdiklərini bilsinlər və oxumaq istəməyəni, sadəcə diplom almaq xatirinə hara gəldi göndərməsinlər.
– Türkiyədən Azərbaycan necə görünür, buradakı prosesləri izləyirsinizmi?
– Vaxt olanda intermediadan izləyirəm, TV-lərə heç orda da baxmırdım. Təbii ki, bir qədər kənardan baxanda proseslər daha aydın görünür. Azərbaycan indi çətin günlər yaşayır. Dəyişmələr etmək lazımdır, dəyişməni imitasiya etmək özünüaldatmaq və ən əsası qızıldan qiymətli vaxt itirmək deməkdir. Böhran dönəmlərində vaxt daha dəyərli olur. Belə zamanlarda siyasi hakimiyyətlər alimləri bir araya toplayıb fikir mübadiləsi aparar, məsləhət alar. Mən bunu görmürəm. İnadla “hər şeyi bilirəm, heç kimə ehtiyacım yoxdur” düşüncəsi ilə davranmaq zamanı deyil.
– Hazırda Türkiyə Yaxın Şərqdə gedən proseslərin əsas oyunçularından biridir. Ümumiyyətlə, Suriyada nə bas verir, iştirakçı qüvvələrin maraqları nədən ibarətdir?
– Orta Doğunu-müsəlman dünyasının nüvəsini böyük güclər yenidən şəkilləndirmək istəyir. Çoxdan hazırlanmış plana görə Suriya və İraq bölünməli və yerində bir neçə dövlət yaranmalıdır. Bunun üçün, birincisi, prosesə mane olanların müqaviməti qırılmalıdır, ikincisi bu böyük müsəlman arealında məzhəb zəminində düşmənçilik barışın mümkün olmadığı, bölünmənin labüdləşdiyi həddə qədər dərinləşməlidir.
Burada hazırda 7 ciddi oyunçu var – ABŞ, Avropa Birliyi, Türkiyə, Səudiyyə, Rusiya, İran, İsrail. Avropa Birliyinin Almaniya, Fransa, İngiltərə kimi böyük dövlətlərinin hər birinin birlik maraqlarından başqa konkret dövlət maraqlarının olduğunu da bura əlavə etsək mənzərə bir az aydın görünər. Görünən budur ki, Türkiyə və Səudiyyə ortaq mövqedən, qalan digərləri isə bir-birlərinə yaxın mövqedən çıxış edir. Təsəvvür edirsinizmi ABŞ, AB, İsrail, İran, Rusiya bir arada Türkiyə və Səudiyyəyə qarşı dayanmış kimi görünür.
Deyəsən əski beynəlxalq münasibətlər sistemində dəyişmələr baş verir-NATO üzvü olmayan bir ölkənin ordusu, NATO üzvü olan başqa ölkə ilə hərbi əməkdaşlıq edir (Səudiyyə-Türkiyə), NATO üzvü olan və olmayan iki böyük dövlət (ABŞ və Rusiya) bir bölgədə eyni cinahda hərbi əməliyyatlar aparır, digər yandan NATO bloku Türkiyədən başlayan sınırlarını qorumaq istəmir, hərdən müsahibələrdə rəsmiyyət xatirinə candərdi fikirlər səsləndirilir. Məncə NATO ciddi sınaq qarşısındadır.
– Rusiya və Türkiyə arasında hərbi toqquşmaları mümkün sayırsınızmı?
– Hər şey ola bilər. Rusiyanın buraya gəlməsi və aktiv fəaliyyəti təsadüfü deyil. Hamımız Putinin savaş bölgəsinə girmə texnologiyasını yaxşı bilirik. 1999-cu ildə Çeçenistan, 2008-ci ildə Gürcüstan, sonra isə Ukraynaya necə girdisə, Orta Doğuya da oxşar bəhanə və yöntəmlə girdi. Ruslar hər zaman içəridən onları savaş bölgələrinə dəvət edənlər tapırlar. Bu günkü Rusiya Sovetlər Birliyi deyil və MDB məkanından kənarda icazə olmadan belə rahat hərəkət edə bilməz. Suriyaya girməklə onun ilk işi Türkiyəni davamlı şantaj etmək, sınırları pozmaqla hərbi təyyarənin düşürülməsinə zəmin yaratmaq oldu. Məqsəd o idi ki, Türkiyəni şantaj edib Suriyadakı proseslərə müdaxilə imkanlarını zəiflətsin və ABŞ-la İsrailin Orta Doğunun yenidən şəkillənmə planının gerçəkləşməsinə yardım etsin. Əvəzində iqtisadiyyatının üzləşdiyi gərginlikdən qurtulmasını istəyir və sonra nə verəcək, nə alacaq bunları zaman göstərəcək. Məncə Henri Kissincer Moskvaya gələndə bu məsələlər, o cümlədən Ukrayna və Gürcüstan məsələsi açıq danışılıb. Böyük ehtimalla Rusiya Orta Doğuda qazanacaqlarının, ona vəd edilənlərin müqabilində Ukraynada və Gürcüstanda ABŞ-ın dediklərinə qulaq asacaq. Belə görünür ki, ona Avropaya qarşı yox, yanında ol deyiblər. İndi Rusiya ABŞ-ın əlində bir alət kimi görünür. İkisi də Türkiyəyə qarşı dayanan eyni hərbi birləşməyə yardım edir. ABŞ Türkiyəyə açıq deyir ki, PKK və PYD ilə savaşma, danışıqlar apar. Bir neçə il “çözüm sürəci” deyilən danışıqlar getdi və nəticədə PKK Doğu Anadolunun şəhər və qəsəbələrində hakimiyyəti felən ələ keçirdi. İndi Türkiyə silahlı qüvvələri itkilər verərək onların qurduqları qeyri-rəsmi hakimiyyəti başlarına yıxmaqla məşğuldur. ABŞ “məsələni danışıqlarla həll et” deməklə PKK və PYD güclərini qorumaq istəyir. Belə himayənin də məqsədi aydındır. Türkiyə PKK ilə sərt rəftar etdiyinə və “Orta Doğu” planına qarşı olduğuna görə ABŞ bölgəyə Rusiyanı gətirdi və Rusiya açıq aşkar onun sifarişlərini yerinə yetirir. Rusiya dövlət, hökumət başçıları hərdən “Türkiyə NATO-nu çətin duruma gətirdi” deyərək blokun vəkili kimi çıxış edirlər. Bu gün Rusiyanın NATO və Qərbə qarşı dayanmadığı, Türkiyə ilə NATO-nun arasına girmə cəhdləri ortadadır. Ona görə də Avropa da Rusiyanın Orta Doğudakı fəaliyyətlərindən narahat deyil. Bəzən Fransa gileylənir. Bu isə onun 1916-cı il Sykes-Picot Anlaşması zamanında olduğu kimi proseslərin aparıcı aktoru ola bilməməsindən dolayı yaranan narahatcalıqdır.
Kimsə deyə bilər ki (deyənlər, yazanlar var) Rusiya və İran bir arada İraq və Suriyanın bölünməsində maraqlı deyil. Amma görünən budur ki, Rusiya ABŞ-la yeni şəkillənmənin icraçısıdır, İran isə hərbi iştirakı ilə bölgədə məzhəb zəminində düşmənçiliyi dərinləşdirir və bölünmə prosesinə yardım edir. Deməli bu dövlətlərin bölünməsi kifayət qədər realdır. Ancaq Türkiyə də dövlət maraqlarından vaz keçməyəcək, təbii ki, qulağının dibində iradəsinə və maraqlarına zidd yeni siyasi şəkillənməyə mane olacaq.
– Suriyadakı proseslərin bundan sonrakı gedişini necə görürsünüz?
– Məncə, hərbi əməliyyatların dayandırılmasından danışmaq hələ tezdir. ABŞ-da yeni prezident işə başlayandan sonra danışıqlar intensivləşəcək. Həm də yenidən şəkillənmə üçün indiki dağılma həddi yetərli görünmür. Ancaq paralel şəkildə danışıqlar da gedəcək. Sonucda bu danışıqların moderatoru ABŞ istədiyinə əsasən nail olacaq. İran və Rusiya burada uzun müddət qala bilməz. Bölgədə uzun müddət qalan dövlətlər ABŞ və İsrail olacaq. Türkiyə dirəniş göstərsə o da bölgədə nüfuzunu qoruyub saxlayacaq. Lakin geri çəkilsə Orta Doğuda ciddi zərbə alacaq və perspektivdə geopolitik mövqeləri zəifləyəcək.
Qarşıda İranla Səudiyyəni də uzunmüddətli gərgin münasibətlər fazası gözləyir. İkisinin də pulu var, ikisi də müsəlman aləmində hegemonluğa can atır, ikisi də bu aləmi məzhəb zəminində sürətlə və dərindən qütbləşdirir və Orta Doğunun yenidən şəkillənməsinə, sionizm planlarının gerçələşəməsinə zəmin hazırlayır.
– Cənubi Qafqazda hansı proseslər gözlənilir? Azərbaycana Şimaldan təhlükə yarana bilərmi?
– Əlbəttə, Şimaldan təhlükə hər zaman var. Türkiyə Orta Doğuda zəifləyəndə Azərbaycanın da Qafqaz bölgəsində mövqeləri zəifləyəcək, Orta Doğunun yenidən şəkillənməsindən Ermənistan da faydalana, Aralıq dənizinə çıxış imkanları əldə edə bilər. ABŞ və Rusiya Orta Doğuda Türkiyənin təsirini zəiflətmək istəyirsə, nədən Ermənistana qarşı Azərbaycanın yanında dayanmalıdır? Digər tərəfdən Türkiyə-Rusiya gərginliyi, istər-istəməz Rusiya-Azərbaycan gərginliyi, bu isə birbaşa Ermənistanın fəallaşması deməkdir.
E.Rüstəmli
Bizimyol.info