Yaxın Şərqdə baş verən proseslər dünya xəritəsində önəmli dəyişikliklərin edilə biləcəyindən xəbər verir. Bölgədə nə baş verir və Azərbaycan bu proseslərdən kənarda qala biləcəkmi? Bu və digər məsələlərlə bağlı siyasi şərhçi, “Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu Avropa.info saytının suallarını cavablandırıb:
– Türkiyənin baş naziri Əhməd Davudoğlu “Ankara terroru”nun arxasında PKK terror təşkilatının və Suriyadan gələn YPG üzvlərinin dayandığını açıqladı. Terrorla bağlı prezident Ərdoğanın Bakıya, baş nazir Davudoğlunun isə Brüsselə səfəri təxirə salındı. Artıq belə versiyalar səslənir ki, terror məhz Ərdoğanın Bakı səfərini pozmaq üçün planlaşdırılmışdı…
– İlk baxışdan bu, belə görünür. Belə ki, prezident Ərdoğanın Bakıda, baş nazir Davudoğlunun Brüsseldə verəcəyi mesajlar mühüm önəm kəsb edəcəkdi. Anakarada törədilmiş terror aktı hər iki səfərin qarşısını aldı. Lakin məsələyə yalnız bu müstəvidən yanaşmanı yanlış hesab edirəm. Başqa bir fikir də səsləndirilir ki, Ankara terroru ilə rəsmi Bakını da qorxutmaq istəyiblər.
Məsələyə fərqli yanaşmaq istərdim. Davudoğlu son zamanlar sərt ritorikaya üstünlük verirdi. Əslində, Ankara Yaxın Şərqin şahmat löhvəsində yeni qambitlərə hazırlaşır və bu, istər Rusiyanın, istərsə də ABŞ-ın maraqlarına cavab vermir. Türkiyə Qərb və Rusiya arasında seçim də etmək istəmir və rəsmi Ankara müstəqil oyunçuya çevrilmək niyyətini gizlətmir. Ənənəvi “türk qambiti” ona hesablanıb ki, Vaşinqton “dur” dediyi an milli maraqlar arxa plana keçsin. Lakin “Strateji dərinlik” və “Alternativ paradiqma” konsepsiyalarının müəllifi olan Davudoğlu faktiki olaraq, neoosmanlıçılıq ideyasını irəli sürüb və Ərdoğanın Davosdakı “one minute” jestinə sadiq qaldığını nümayiş etdirir.
Türkiyənin Suriyanın Əzzaz bölgəsində Rusiya ilə açıq savaşa girməsindən sonra bəlli idi ki, Rusiya buna cavab verəcək. Kreml iqtisadi təzyiq, yaxud “yumşaq güc”dən istifadə edə bilmir. Putin Rusiyasının anladığı yeganə metod – terror, hərbi çevriliş və qanlı müharibələrdir. Bu baxımdan, Ankara terrorunun arxasında Putinin "uzanan qulaqlarını" görməmək mümkün deyil.
Ərdoğanın Bakı səfəri ərəfəsində terrorun baş verməsi də Kreml istiqamətini üzə çıxardır.
– Belə olan təqdirdə, Azərbaycan kimin yanında olmalıdır, strateji müttəfiqinin, yoxsa hər an ağlasığmaz addımlar atmağa hazır olan Rusiyanın?
– Azərbaycan strateji müttəfiqi Türkiyə ilə bir olmalıdır. Lakin görünən budur ki, bölgədə savaş qaçılmazdır. Ehtimal etmək olar ki, Türkiyə Suriyaya hərbi müdaxilə edəcək. Türkiyə hökuməti Suriyaya NATO-nun iştirakı olmadan girərsə, bu, Ankara üçün problemlər də yarada bilər. Bu baxımdan, Ankara Vaşinqtonun da mövqeyini nəzərə almalıdır. Lakin Vaşinqton Ankaradan Əzzaza müdaxiləyə son qoymağı və geri çəkilməyi tələb edir. İnanmıram ki, belə gedişat Ərdoğanı razı salsın. Bu baxımdan, Türkiyənin savaşa müdaxiləsini real hesab edirəm. Belə addım Rusiya ilə yanaşı, Qərbin də narazılığı ilə qarşılanacaq. Lakin Türkiyənin başqa yolu qalmır. Savaş yaxındadır. Bütövlükdə bölgə qan içində çalxalana bilər. Azərbaycan Türkiyəni müdafiə etməlidir, lakin baş verə biləcək olaylardan da özünü sığortalamalıdır. Baş verən hadisələrin fonunda rəsmi Bakı üçün soyuqqanlı olmaq və emosiyasız qərar vermək lazım gələcək. Təhlillər onu deməyə əsas verir ki, Türkiyə son zamanlar bir sıra güc mərkəzlərinin açıq təzyiqi ilə üzləşib. Qərb Türkiyə və Rusiyanı üz-üzə qoymağa nail olub. Rusiyanın Suriya müharibəsinə müdaxiləsi Türkiyəni vadar etdi ki, Əzzaz bölgəsində PYD -nin mövqelərinə zərbə endirsin. Savaş dərinləşərsə, bu məsələdə Bakıdan mövqe tələb edilə bilər. Lakin unutmaq olmaz ki, Bakı Rusiya ilə açıq qarşıdurmaya gedə bilməz. Türkiyə Suriyada irimiqyaslı hərbi əməliyyatlara başlasa və Rusiya ilə açıq savaş meydanına girsə, Kreml Azərbaycana təzyiqlərini artıra bilər. Rusiyanın Azərbaycanı hədəf seçə bilmə ehtimalı ən təhlükəli ssenarilərdən biridir. Bakı bu məsələdə özünü qorumaq zorundadır.
Burada bir məsələni də unutmaq olmaz. Son günlər Əsəd rejimi və kürd separatçıları Türkiyəyə savaş açıblar. Türkiyə bu məsələdə NATO-nun yardımına bel bağlaya bilmir. Ankaranın beynəlxalq təcridi məsələsi də gündəmə gələ bilər. Elə bu amil də Türkiyənin Suriyaya hərbi müdaxiləsini aktual edir. Ankara öz sərhədlərini qorumalı və kürd separatçılığının kökünü qazımalıdır. Türkiyənin radikal addımlar atmaqdan başqa yolu qalmır.
Bütün bunlara baxmayaraq, unutmaq olmaz ki, Rusiya Suriyada uzun müddət qalmayacaq və bölgənin iki əsas oyunçusu olan Ankara və Moskva arasındakı savaş bir müddət sonra səngiyəcək. Türkiyə bölgənin mühüm oyunçusudur və odur ki, öz maraqlarına xidmət edən addımlar atır. Ankaraya Yaxın Şərqdə möhkəmlənmək lazımdır, ona başqa savaşlar lazım deyil. Nə Qafqaz, nə Şərqi Avropaya təsir imkanları Ankara üçün prioritet deyil. Ankara strategiyasında Yaxın Şərqi nəzarətə almaq mühümdür. Prinsipcə, bu, yuxarıda vurğuladığım neoosmanlıçılıq siyasətidir. Təhlükəli amil ondan ibarətdir ki, savaşdan sonra Ankara və Moskva yaxınlaşması yenidən müşahidə edilərsə, Bakının taleyi necə olacaq? Rusiya Azərbaycana qarşı iddialarından çəkiləcəkmi və Bakı növbəti dəfə geosiyasi oyunların və reallığın qurbanı ola bilərmi? Bu sullar açıq qalır və əlavə müzakirələrə ehtiyac yaranır.
– Dediyinizdən belə çıxır ki, növbəti mərhələdə Azərbaycan hədəf seçilə bilər?
– Bu, ayrı bir müzakirə predmetidir. Rusiyanın Azərbaycana qarşı hazır ssenariləri həmişə mövcud olub. Moskva üçün beynəlxalq hüquq anlayışı yoxdur. “Rus ayısı”ndan istənilən sərsəmliyi gözləmək mümkündür. Qısaca onu vurğulayım ki, yaxın zamanlarda Şimal qonşumuzun təxribatları ilə üzləşə bilərik.