XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2018 - 21:16

PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Ermənistan Rusiya və İranın maraqlarına təhdid yaratsa, ciddi təzyiqlərlə üzləşəcək" (Müsahibə)

Professor Xaləddin İbrahimli Ermənistanda və Gürcüstanda keçirilmiş seçkilərin bu ölkələrin daxili və xarici siyasətinə, regiona təsiri, eyni zamanda Orta Şərqdə baş verən hadisələrin gedişatı və gözləntilərlə bağlı Strateq.az-ın suallarını cavablandırıb.

Müsahibəni oxuculara təqdim edirk:

 

– Xaləddin müəllim, Ermənistandakı seçki prosesini, yəqin ki, izlədiniz. Paşinyanın rəhbərlik etdiyi seçki bloku 70 fazidən artıq səs aldı. Bu, eyni zamanda cəmiyyətin ondan böyük dəyişikliklər gözlədiyinin mesajıdır. Sizcə, Paşinyan erməni cəmiyyətinin gözləntilərini dogrulda biləcəkmi?

– Ermənistan rəhbərləri təkcə Ermənistan cəmiyyətinin yox, erməni diasporasının da, Dağlıq Qarabağ ermənilərinin də arzu və istəklərini nəzərə alır. Ancaq bu üç tərəfin maraqları heç də hər zaman üst-üstə düşmür. Zaman-zaman erməni diasporasında siyasi maraqlar birinci sırada dayanır, Ermənistan əhalisində isə sosial maraqlar. Dağlıq Qarabağ yönətimi isə bəzən Ermənistan yönətiminə deyil, diasporaya qulaq asmağa üstünlük verir. İrəlidəki illərdə Paşinyan təzadlı situasiyalarla üzləşə bilər.

– Hansı situasiyalarla? Paşinyan demokratik islahatlara öncəlik versə, hər üç tərəfi qane edən bir siyasət yürütmüş olmayacaqmı?

– Əlbəttə, bu, azdır. Çünki Ermənistanın Dağlıq Qarabağ problemi var və bu, onun həm daxili, həm xarici siyasətinə təsir göstərən birinci amildir. Praqmatizm deyir ki, demokratiyanin gəlişməsi milli maraqların gerçəkləşməsi yolunda əngəllər yaratmamalıdır. Amma o da bir gerçəklikdir ki, demokratik yönətimlər imkan tapan kimi, bu sahədə irəli addımlar atırlar. Yəni, ölkə ətrafında beynəlxalq mühitdə yaranan situasiyaları davamlı bəhanə gətirib rejimi sərtləşdirmirlər. Məncə, Ermənistan yönətimi də belə davranmağı düşünür.

– Rusiya-Ermənistan münasibətlərinin perspektivini necə dəyərləndirərdiniz?

– Ermənistanın yeni yönətimi Rusiyaya problemlər yaratmasa, münasibətlər get-gedə yaxşılaşacaq. Hansı sahələrdə problemlər yarana bilər? Diqqət yetirsəniz, görərsiniz ki, Rusiya və İran Xəzərin hüquqi statusu məsələsində digər sahilyanı dövlətlərə müəyyən güzəştlərə getməli oldu. Səbəb sadədir. Nə Rusiya, nə də İran Xəzər hövzəsində qarşı güclərdən kiminsə hərbi varlığını istəmir və müqavilə ilə, demək olar ki, bu perspektiv imkanın önünə sədd çəkə bildilər. Əgər Ermənistan Rusiya və İranın maraqları üçün belə bir təhdid yaradarsa, o zaman hər iki tərəfdən ciddi təzyiqlərlə üzləşəcək. Paşinyan əvvəlki iqtidarlardan fərqli olaraq, Qərbin dəstəyini almaq üçün demokratik islahatlara önəm verməyi, eyni zamanda Rusiya və İranla münasibətlərində mövcud siyasəti davam etdirməyi düşünür. Ermənistan nə Rusiya, nə də İranla münasibətlərini korlaya bilməz.

– Yeri gəlmişkən, Nikol Paşinyan son mühasibəsində İrana xüsusi önəm verdiyini açıq ifadə etdi…

– Əlbəttə, Dağlıq Qarabağ münaqişəsi başlayandan İran Ermənistan üçün həyat yoldur. Əmin ola bilərsiniz ki, İran Türkiyə kimi davransaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunmuş, işğalçı hərbi birliklər torpaqlarımızdan çəkilib getmişdi. Min cür bəhanə və mənasız dəlillərlə İran yönətimi işgalçı bir dövləti himayə etdi, barındırdı, hər cür dəstək verdi və verməyə də davam edir. Belə bir vəziyyətin yaranmasının sorumluluğu ilk növbədə Azərbaycanın qüsurlu xarici siyasətinə baglıdır.

İkinci ən böyük sorumluluq İrandakı Azərbaycan toplumuna aiddir. Demək olar ki, Azərbaycanın böyük parçası teokratik rejimin özlərinin kiçik bir parçası olan Azərbaycan Respublikası ilə apardığı düşmənçilik siyasətinə seyrçi qaldı və dövlətlərinə heç bir təzyiq göstərmədi. İçəridən təzyiq olsaydı, mütləq nəticə verəcəkdi. Azərbaycan xarici siyasəti də belə təzyiqin ortaya çıxması məsələsini gözardı etməməli idi. Komprador və qorxaq siyasət yürüdüldü.

– Bu günlərdə Ermənistanın xarici işlər naziri Ankaraya heç bir ilkin şərt irəli sürmədən münasibətləri bərpa etmək üçün diplomatik danışıqlara başlamağı təklif etdi. İndiki mərhələdə Türkiyənin Ermənistan siyasətində dəyişmələr ola bilərmi?

– Ermənistan Türkiyəyə də İran kimi davranmağı tövsiyə edir. Türkiyə belə siyasət izləməyə başlasa, 25 illik siyasətinin yanlış oldugunu etiraf etmiş olardı. Bu, Azərbaycanla münasibətləri korlayar, İranın əlini gücləndirər, işğal nəticələrinin ortadan qaldırılması prosesini çox çətinləşdirərdi.

Türkiyə Rusiya və İranla bir arada Suriya problemini həll edə bilsə, Dağlıq Qarabağ münaqişəsinə də daha ciddi müdaxilə imkanlarına sahib olacaq. Yəni, bölgədə Türkiyə, İran, Rusiya üçlü bir formatı yarana bilər. Ancaq bu, Orta Şərqdə sular durulandan sonra mümkün görünür.

– Bəs ötən ay gərgin seçki prosesindən çıxmış digər qonşumuz – Gürcüstanı irəlidə nələr gözləyir?

– Dağlıq Qarabağ problemi Gürcüstan üçün böyük avantajlar yaratdı. Bütün layihələrin üzü bir tərəfə döndü və bu ölkənin iqtisadiyyatını çətin vəziyyətdən çıxardı. Halbuki, Ermənistanla münaqişə olmasaydı, layihələrin bir qismi Naxçıvan üzərindən gerçəkləşəcəkdi.

O da bir gerçəklikdir ki, Türkiyənin Rusiya-İran oxuna yaxınlaşması Gürcüstana əlavə inteqrasiya problemləri yaradır. Türkiyənin mövqeyi Gürcüstan üçün çox əhəmiyyətlidir. Gürcüstanın Qərbə inteqrasiyası Türkiyəsiz çox çətindir. Türkiyənin Qərblə münasibətlərində soyumalardan dolayı, həm də ABŞ və Rusiyanın başı Orta Şərqə qarışdığından, Gürcüstan Rusiya ilə çox ehtiyatlı davranmaga üstünlük verir. Məncə, indiki şəraitdə onun alternativi də yoxdur.

S. Zurabişvilinin seçilməsinə dünyadaki mövcud qarışıq durumun gürcü şüuraltındakı yaratdığı əndişə də təsirsiz ötüşmədi. İnsanlar daha çox demokratiya və rifah istəsələr də, ölkə daxilində vəziyyətin gərginləşə biləcəyindən ehtiyat etdilər.

–  Yeri gəlmişkən, Orta Şərqədə də proseslər getdikcə mürəkkəbləşir. Nə baş verir, hadisələrin inkişafı yeni dünya düzənini necə şəkilləndirə bilər? 

– Hər şey Orta Şərqdəki proseslərin sonucuna bağlıdır. Əgər Rusiya burada söz sahibi olsa, ABŞ və Rusiya arasında “soyuq müharibə”nin başqa və daha mürəkkəb bir növü başlayacaq. Yox, əgər ABŞ Orta Şərqdə hegemonluğunu tam və ya əsasən qoruya bilsə, postsovet məkanında da yeni mərhələnin başlanğıcı qoyulacaq.

Məncə, indi ABŞ prosesi qazana bilmir. Çünki Rusiya tək deyil, yəni, başqa bir böyük güclə – Çinlə birlikdədir. Bu üzdən ABŞ yeni hegemonluk çağının post-Putin dönəmində başlaya biləcəyini mümkün sayır və gözləyir. Məncə, indiki mərhələnin əsas düşüncəsi Rusiyanın və Çinin mövqeyinin möhkəmlənməsini maksimum önləməkdir.

Elçin Rüstəmli

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə