XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

20 Fevral 2016 - 21:46

Akademik Aleksey Arbatov:“Rusiya Suriya xərclərinə yalnız bir il tab gətirə bilər” – MÜSAHİBƏ

arbatov

 

“Economy Times” saytı Rusiya EA-nın Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər institutunun Beynəlxalq təhlükəsizlik mərkəzinin rəhbəri, məşhur politoloq, akademik Aleksey Arbatovla müsahibə götürüb. Həmin müsahibəni Strateq.az-ın oxucularına da təqdim edirik.

 

– Suriya müharibəsində Rusiyanın iştrakı iqtisadi baxımdan nə dərəcədə hesablanmışdı?

 

– Terrorizmlə mübarizə, Bəşər Əsədin xilası və Ukrayna üzrə fikir ayrılığını azaltmaqdan ötrü Qərblə əməkdaşlıq üçün, heç olmasa, hansısa zonanın yaradılması ön plana sürülürdü – üç əsas arqument budur. Əlbəttə, üstəgəl ordumuzun məşq etdirilməsi, yeni silahı nümayiş etdirmək. Düzdür, nədənsə indi dördüncü arqument ön plana keçirilir. Lakin, əlbəttə, orada maliyyə planında heç bir uduş alınmayacaq – ancaq xərclər olacaq. Biz buna daha bir il tab gətirə bilərik. Suriya əməliyyatına məsrəflər əvvəllər manevrlərə, təlimlərə, hərbi atıcılığa gedənlərin hesabına bağlanır. Xüsusən də məsələ döyüşlə geri alınmış ərazilərdə qayda-qanunu saxlamaq üçün orada real şəkildə qalmağa gedib çıxsa, bu əməliyyat ilbəil getdikcə daha böyük problemə çevriləcək. Bu, iqtisadiyyatımıza getdikcə daha pis təsir göstərəcək.

 

– Belə fikir var ki, orada hansısa böyük müharibə olsa, bu bölgədən neft tədarükünü dayandırar və neftin qiyməti yüksələr. Bu, ideyaca Rusiya iqtisadiyyatına sərfəlidir?

 

– Düşünürəm ki, bu, olduqca səfeh arqumentdir. Orada böyük müharibə olsa və biz ona cəlb edilsək, onda “qara qızıl”ın qiyməti artıq gözümüzə görsənməyəcək.

 

– Böhran şəraitində qızğın silahlanmanın inkişafı nə dərəcədə Rusiyanın gücü daxilindədir?

 

– SSRİ ilə ABŞ-ın hərbi yarışı ilə analogiya aparılsa, həmin planda ABŞ-la Rusiyanın hələlik silahlanma rəqabəti yoxdur. Lakin sakitcə buna sürüklənirik. Həm də bu yarış əvvəlki kimi olmayacaq. Necə idi? Onlar “Traydent” strateji sualtı qayığını buraxır, biz “Qasırğa”nı, onlar MX raketini, biz dəmiryolu və şaxta raketlərini… Onlar strateji B1 bombardmançısını, biz Tu-160-ı… Yəni gediş – cavab, gediş – cavab… Qızğın silahlanma XXI əsrdə daha mürəkkəb, daha çoxkanallı və xeyli baha olacaq. Amerikalılar son iyirmi ildə yeni heç nə yaratmayıblar. Onlarda onsuz da hər şey çox gözəl işləyir. 2020-ci ildən zərbə üçlüyünü modernləşdirməyə başlayacaqlar. Əvvəlcə bombardmançılar, sonra yerüstü raketlər, sonra dəniz tərtibi olacaq. Buna nəhəng bir məbləğ ayrılır – 20-25 il ərzində 900 milyard dollar. Bu, strateji silahlar da daxil olmaqla 2020-ci il üçün dövlət silahlanma proqramımızın bütün silahlı qüvvələrinə gedən məbləği dəfələrlə üstələyir. Bilmirəm, 2020-ci ildən sonra strateji qüvvələrimizi bu qədər intensivliklə modernləşdirməyi davam etdirəcəyikmi? Lakin amerikalıların bunu bizə göz qoymaqla edəcəkləri şübhəsizdir.

 

– Bəs bizim cavab necə olacaq?

 

– Cavabında nəsə yeni bir şey yaradacağıqsa, keçən əsrin 50-80-ci illərinin qızğın silahlanmasının klassik modelini təkrar edəcəyik. Lakin o vaxt strateji qüvvələrin bu modelindən savayı daha heç nə yox idi. İndi buna bir sıra son dərəcə mürəkkəb və baha başa gələn, artıq geridə qaldığımız və hətta tay olmadığımız yeni istiqamətlər əlavə olunub.

Birincisi, amerikalılar raketə qarşı müdafiəni (RQM) genişləndirəcəklər. Biz bu RQM-i dəf etmək və birbaşa zərbə endirmək sistemləri yaradacağıq. Xüsusən də “İsgəndər"lərlə. Bundan başqa, onlar sonra yüksək dəqiqlikli, o cümlədən hipersəs qeyri-nüvə strateji sistemlər yolu ilə gedəcəklər. Biz onlarla bərabərləşməyə çalışacağıq. Bu, əvvəllər heç vaxt olmamış yüksək dəqiqlikli strateji qeyri-nüvə, o cümlədən hipersəs, aeroballistik sistemlərdir. Üçüncü kanal – hava, raket və sputnik əleyhinə elementləri ehtiva edən hava-kosmik müdafiənin tərkibindəki RQM-mizdir. O, Amerikanın ən yeni sistemləri ilə rəqabətə girəcək. Yarışın dördüncü kanalı onlarla bizim qeyri-nüvə silahlarımızdır. Təkcə strateji silahların dörd kanalı olacaq. Hələ adi silahları qüvvədə saxlamağımız lazım gləcəksə, təsəvvür emirəm ki, buna necə tab gətirəcəyik. Professional aparat çatışmır ki, desin: "yeni yerüstü raketlərin üç-dörd növü nəyimizə lazımdır?"

 

– Hələ biz iqtisadiyyata ağır yük olan əvəzləyici silah sistemləri yaradırıq. Bunu nə ilə izah etməli?

 

– Yaratdığımız çoxnövlü silahlara gəlincə, bu, bizim bəlamızdır. Burada ABŞ-dan güclü şəkildə fərqlənirik. Amerikalılar 900 milyard dollarlıq modernləşmə proqramına malik olmaqla nədənsə bir sistem üzrə istehsal edirlər. Yəqin ona görə yox ki, xəsisdirlər, çünki ağıllıdırlar. Biz isə strateji silahlara ayrılmış az məbləğə sahib olmaqla eyni zamanda dərhal yeddi raket sistemi və iki növ qanadlı raket istehsal edir, sıraya düzür və sınaqdan keçirdirik. Hələ olub-olmayacağı məlum olmayan yeni bombardmançını hesaba salmıram. Bizdə silah sistemlərinin sistemli təhlili və seçimi mexanizmi işlənib hazrlanmayıb. Hərbi korporasiya və müəssisələr öz maraqlarını yeridir.

 

– Milli təhlükəsizliyə ziyan vurmadan müdafiə məsrəflərinin ağırlığını azaltmaq mümkündürmü?

 

– Çoxnövlülük yolu ilə gedilməsə, xərcləri azaltmaq olardı. Axı hər bir yeni strarteji sistemin hazırlanması, istehsalı, sınaqdan keçirilməsi, istismara veilməsi çox böyük vəsait tələb edir. Bizdə isə tamamilə nəsə bir fantastika uydururlar – məsələn, Amerikaya cənub qütbündən hücum etmək üçün. Bu cür ağır raket cənubdan da uçub Amerikanı vura bilərdi. Bu, artıq nüvə silahının kosmosa çıxarılması olacaq. Bu cür ekzotikaya aludə olmasalar və eyni zamanda yeddi sistem hazırlanmasa, güclü şəkildə qənaət etmək mümkündür.

Və yaxud daha bir misal: hazırda Tu-160-ın istehsalını təzələyirlər. O, gözəl təyyarədir, onu paradlarda görmək, suriyalı terrorçulara necə zərbə endirdiyinə baxmaq xoşdur. Lakin o, qanadlı raketlərin daşınması baxımından səmərəli maşın deyil. O, sovet dönəmində qanadların dəyişən həndəsəsi ilə və aşağı hündürlüklərdə hava hücumundan müdafiə zonasının dərinliklərinə nüfuz etmək üçün Amerikanın B-1B təyyarəsinin surəti kimi hazırlanıb. Bu cür manevrlə aşağı hündürlüklərdə hara uçmağa hazırlaşırıq? Daha ucuz başa gələn təyyarələr seçmək olardı.

 

– Büdcə kəsiri şəraitində bu qədər böyük vəsaiti haradan götürmək olar?

 

– Qızğın silahlanma iflasa səbəb olmur. Hərbi büdcə əndazəsiz deyil. İqtsadiyyat ona hansısa obyektiv hüdudlar qoyur. Lakin biz artıq bu hüdudları aşmağa başlayırıq. Müdafiə məsrəfləri ÜDM-in 4%-ni keçir ki, bu da artıq böhranlı sayılır – xüsusən də böhranda olan iqtisadiyyat üçün. Həm də bu məsrəflərin çətin vəzyyətimizi daha da qəlizləşdirəcəyi, böhrandan çıxmağımıza mane olacağı şübhəsizdir.

 

Söhbətləşdilər: Dmitri Dokuçayev və Sergey Putilov

Economy Times (Rusiya), 18.02.2016

Tərcümə Strateq.az-a məxsusdur.