XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

24 Yanvar 2019 - 16:43

Professor Xaləddin İbrahimli:"ABŞ Rusiya-İran-Türkiyə üçbucağını dağıtmağa çalışır"

ABŞ Prezidenti Donald Trampın Suriyadan çəkilmə qərarının ardınca Türkiyə və Rusiya liderləri bir araya gəldi. Moskvada keçirilən görüşdə tərəflər Yaxın Şərqdə ortaq maraqlarını birgə müdafiə edəcəklərini bir daha bəyan ediblər. Bu arada Suriyada İsrail və İran arasında qarşılıqlı raket hücumları nəticəsində itkilərin sayı artır.

Günün əsas sualları ABŞ-ın Suriyadan çəkilmə qərarının prədəarxası məqamları, Vaşinqtonun əsas hədəfi, bundan sonra regionda proseslərin necə cərəyan edəcəyi ilə bağlıdır.

Strateq.az bu suallarla Türkiyədə yaşayan professor Xaləddin İbrahimliyə müraciət edib.

Müsahibəni oxucularımıza təqdim edirik:

– ABŞ Suriyadan niyə çəkilmək istəyir?

– Suriyada ABŞ-ın varlıgı başqa aktorların toqquşan maraqlarını bir növ neytrallaşdırırdı. Bu üzdən ABŞ münaqişənin mərkəzindən bir az uzaqlaşmaq istəyir.

– Bir az da aydınlıq gətirsək…

– Suriyada əsas aktorlar kimlərdir? ABŞ, Türkiyə, Rusiya, İran, İsrail, Şam rejimi, PYD. Güneydə İran-İsrail arasında şiddətli gərginlik var. Təbii ki, bu gərginlik üzündən Rusiya buraya tam hakim ola bilmir, amma olmaq istəyir. Bu üzdən İranla toqquşan maraqları var. Yəni İranın burada güclənməsini istəmir. Deməli, Rusiya burada İran-İsrail gərginliyini neytrallaşdıran aktordur. Suriyanın quzeyində Türkiyə-PYD gərginliyi var. Rusiya burada da Türkiyənin şəriksiz söz sahibi olmasını və PYD-nin zəifləməsini istəmir. Rusiyanın belə mövqeyi ABŞ-ı da, Şam rejimini qane edir, ABŞ-la müqayisədə isə başqa aktorları qismən qane edir. ABŞ bu durumu dəyərləndirdi və bölgədəki aktorlar arasında qarşıdurmanın dərinləşmə potensialını gördü və mərkəzdən çəkilmək qərarına gəldi.

– Bu, Suriyanın Rusiyaya tərk edilməsi anlamına gəlirmi?

– ABŞ Rusiyanın hakim olacagına inanmır. Olsa-olsa bu, Obamadan başlanan və Trampla davam edən zəifləmə dönəmi üçün keçici bir sürə ola bilər. ABŞ hazırda Rusiya-İran-Türkiyə üçbucağını dağıtmaq istəyir. Strategiya budur. Çünki hər üçünün fərqli və toqquşan maraqları var. ABŞ ortadan çəkildikdən sonra onların arasında ziddiyyət arta bilər. Qarşıda bu, daha aydın görünəcək. Məncə, ABŞ da buna hesablanan siyasət yürüdür: Türkiyə-İran-Rusiya üçlü işbirliyini pozmaq və bir müddətdən sonra bölgəyə təkrar dönüb, şəriksiz söz sahibinə çevrilmək.

– Bəs İsrail müdafiəsiz qalmırmı?

– Xeyr. İsraili İran-Rusiya maraqlarının toqquşması müdafiə edir, özü müdafiə edir. ABŞ bölgədədir və o da əsas müdafiəçidir. Bu üzdən İran İsraillə geniş çaplı hərbi əməliyyat apara bilməz. Bu mümkün deyil. O da gerçəklikdir ki, Rusiyanın hər zaman İsrailin müdafiəsinə ağırlıq verilən konfindensial yəhudi siyasəti olub.

– Deməli, ABŞ-ın çəkilməsi bölgədə ziddiyətləri daha da artıracaq?

– Mən çəkilməsi deməzdim, mərkəzdən uzaqlaşması daha uygun olardı. Bəli, belə uzaqlaşma Türkiyə, İran və Rusiya arasında münasibətlərin pozulmasına hesablanıb. Sanki ABŞ-ın burada varlığı bu ziddiyyətlərin dərinləşməsinin qarşısını alırdı. Bəlkə də üçlü birliyi daha da gücləndirirdi. Yaxınlıq “S 400”-ün alınması ilə baglı razılaşmaya qədər irəliləmişdi. ABŞ iqtisadi və diplomatik təzyiqlərlə bu yaxınlaşmanın qarşısını ala bilmirdi. Ən uyğunu ortadan çəkilmək idi məncə.

– Yaxın günlərin mənzərəsini necə dəyərləndirmək olar?

– Suriyada ABŞ-ın istədiklərinin çoxunu Rusiya da istəyir. Əsas fərq Əsəd rejiminə münasibətdədir. Rusiya bu durumu dəyərləndirərək Türkiyəyə və İrana təzyiqi artıracaq və ABŞ-la daha əhatəli bazarlıq etmək üçün zəmin hazırlamağa çalışacaq. Təbii ki, eyni zamanda ABŞ-a qarşı sipər olan üçlü birliyin pozulmamasına çalışacaq. Başqa sözlə, bölgədə hakim statusuna oynayacaq. Türkiyədən başqa heç kim buna dirəniş göstərməyəcək. Türkiyə də Rusiyanın birliyi pozmasına imkan verməmək şərtilə güney sərhədlərində təhlükəsizlik problemini həll etməyə çalışmalıdır. Bu məsələdə heç bir güzəşt ola bilməz, qalanı təfərrüatdır.

Söhbətləşdi:

Elçin Rüstəmli,

Strateq.az