Qorxmaz İbrahimli: “Tanrı məni tərk etməsə, heç zaman yalnız qalmaram”
Onu Xalq Hərəkatından, meydanlarda alovlu çıxışlardan, azadlıq və demokratiya uğrunda mübarizələrdən tanıyırıq. Yaxın və uzaq çevrəsində səmimiyyəti, dürüstlüyü və vicdanlılığına şübhə edilməyən biri kimi sevilir. Və həyat eşqindən, daxili enerjisindən dolayı özünü hələ də 80-in axırı – 90-ın əvvəllərindəki kimi hiss edir – yəni 20-30 yaşları arasında… Bu gün 50 yaşını tamamlasa belə…
Beləliklə, xalq şairi Məmməd Arazın qardaşı oğlu, hərəkatçı, siyasətçi, ictimai-siyasi sferanın tanınmış simalarından olan Qorxmaz İbrahimli ilə 50 yaşın ətrafında var-gəl etdik:
– Qorxmaz İbrahimli 50… ömrün ortaq məxrəci… Nədən başlasaq…?
– Bəzən deyirlər, ömrümün necə gəlib keçdiyini, bu yaşa necə çatdığımı bilmədim. Mənsə bildim. Əlbəttə, bir zamanlar əlli yaşı xəyal edirsən, tezliklə o yaşa çatmaq istədiyin anlar da olur. Ancaq bu yaş heç də ortaq məxrəc deyil, məncə. çünki 50 yaşı doğru-dürüst yaşamısansa, demək, bir tam yaşamısan. Bu yaş ortaq məxrəc deyil. Verimli ömrün zirvəsidir. Buranı fəth etmisənsə, yavaş-yavaş geri dönüş başlayır. Bu yaş təftiş – ömrün AUDİT yaşıdır. Keçilən ömür yolunu sən deyil, tanıyanların dəyərləndirərək, necə bir yol keçdiyini təhlil edirlər. Sənsə artıq keçmişdən dərs alaraq, Haqqa qovuşacağın zamana doğru yola çıxırsan. Əlində isə ötən 50-nin xarakteristikası. Hər insan isə heç bir vasitə ilə bunun yaxşısını ala bilməz. Yalnız ötən əllinin yığdığı bonuslar dəyərləndirilər. Nə mutlu bu müsbət rəyi alan insanlara. Kaş, mən də millətimdən azacıq da olsa, müsbət bir rəy almış olsam…
Bundan sonra qalan ömürdə isə səhv buraxmamağa çalışarıq, yəqin. Daha doğrusu, insanlara zərər verməyənlərdən olmaq istərəm. Buraya qədər yaşadığım ömrümü eləcə də davam etmək istərdim. Ancaq bir məsələdə 50 ilə ortaq məxrəc istərdim ki, bitirmədiyim işləri bitirə bilim… Təbii ki, Yaradan nə yazıbsa, onu yaşayacağıq.
– Həyatınızın ən məhsuldar dövrü – gənclik illəriniz müstəqillik uğrunda mübarizəyə həsr olundu. 50-dən geriyə boylananda həmin mərhələ necə görünür?
– Doğrudur, gəncliyim Milli Azadlıq mübarizəsi və Qarabağ savaşının qızğın dövrünə təsadüf elədi. Zövqlə və gəncliyin verdiyi temperamentlə mübarizə apardıq. Bir çox yaşıdlarımdan fərqli olaraq, öndə oldum. Universitetdə dərslərimi könüllü dayandıraraq Laçına, Qubadlıya, Şuşaya getdim. Savaşdıq.
Geriyə boylananda müstəqilliyinə qovuşmağında, azacıq da olsa, əməyim olduğundan qürur duyduğum Azərbaycanımızı görürəm. Uğrunda gənc canımızı çəkinmədən oda atdıq və apardığımız mübarizə nəticəsində böyük bir imperiya çökdü. ölkəmiz əsarətdən qurtuldu. Ən azından 1920-də itirilmiş müstəqilliyin bərpasından sələflərimizin ruhu şad oldu.
Ancaq böyük bir itkimiz isə məni kədərləndirir. Bu da itirdiyimiz torpaqlarımızdır. Hər zaman özümü əzilmiş hiss edirəm. Təəssüf ki, qonşumuz bir qarış torpağımızı zəbt eləyəndə qan tökməyə gedən bizlər, bu qədər torpaqlarımızı itirməyimizlə barışmaq zorundayıq. Hesab edirəm ki, geriyə baxıb üzülməmək üçün millət olaraq əsir torpaqlarımızı xilas etmək üçün qalxmalıyıq.
– Xalq Hərəkatının fəallarından biri olaraq istila əleyhinə mübarizə aparan gənc, ardınca gənc yaşlarında önəmli dövlət vəzifəsi daşıyan məmur, daha sonra ölkədə demokratikləşmə uğrunda savaşan müxalifət fəalı və nəhayət vətəndaş cəmiyyəti təmsilçisi. Bunların hansı daha çox Qorxmazdır?
– Xalq Hərəkatının fəallarından biri olmaq çox qürur verir. çünki nəticəsi olub. Eyni zamanda gəncliyin enerjisi ilə tribunalardan həyəcanla çıxış etmək, qaynar nəfəs və cəsarətlə o zamankı müstəqillik düşməni olanlara hayqırmaq ayrı bir şey idi… Müstəqillik mübarizəsinə biz “ölsək də, dönməyəcəyik” deyə bir-birimizə and içərək başlamışdıq. O ayrı bir dövr idi… Onu çox özləyirəm hərdən! Daha sonra mühüm dövlət vəzifəsində çalışarkən də vəzifəmi lay
iqincə yerinə yetirmişəm deyə bilərəm. O dövr üçün dövlət məmuru olmaq var-dövlət, hökm demək deyildi. Ətrafımızdan birisinin rüşvət almaq xəbərini eşitsək, qınağımıza tuş gələrdi. O zaman əlindən tutub qaldırdığım onlarla məmur bu gün mühüm postlarda çalışır. Ancaq onların kiminsə əlindən tutub qaldırdığını eşitməyəndə, əlbəttə, üzülürəm. Vaxtilə mənimlə tanışlığından məmnun olan, mənimlə görüşdüyü üçün yaxın ətrafına müjdə verən bəziləri, indi heç mənə salam belə, vermirlər. Düşünün, universitetdə tələbəykən Xalq Hərəkatı fəalı olduğum dövrlərdə mənimlə görüşməyə tələsən bəzi müəllim və aspirantlar, indi mühüm dövlət vəzifəsi tuturlar və vaxtilə qarşısına qaçdıqları, mənim kimi insanları görəndə yollarını dəyişməyə çalışır və ya görməzdən gələrək keçirlər. Sanki, bizi bu dövləti azad edərək bunlara buraxdığımız üçün günahlandırırlar.
Mən məmur həyatını çox yaşamadım. Könüllü və şüurlu şəkildə ayrıldım. Rəhmətlik Əbülfəz bəy və rəhmətlik əmim Məmməd Araz işimə davam etməyimi istədilər. Ancaq mən səhv və ya düz qərar verməyimdən asılı olmadan, ayrıldım. Dedim, qalıb işləsəm, başqa şeylər düşünərlər. Ancaq bu gün belə, çox yerlərdə soykökümə və işlədiyim o bir ilə görə hörmətimi saxlayan insanlar var.
Sonrakı dövrlər isə müxalifət cəbhəsində yola davam etməklə keçdi. Və dediyiniz kimi, eyni zamanda yavaş-yavaş vətəndaş cəmiyyəti fəalına da çevrildik. Bu gün vətəndaş cəmiyyəti sektorunda dövlətimizin möhkəmlənməsi və millətin inkişafı üçün əlimizdən gələnləri edirik. Hesab edirəm, bu sektorda yüksəldiyim pilləyə qədər vəzifə borcumu layiqincə yerinə yetirmişəm. Bu gün vətəndaş cəmiyyəti dövlətin əsas dayaqlarından birinə çevrilməkdədir. Burada mənim azacıq da olsa, əməyim varsa, nə mutlu mənə.
Sualınıza yekun cavab olaraq deyə bilərəm ki, bunların hər biri mənim üçün əzizdir. Hər birində olduğumdan və gücüm çatanları verməyi əsirgəmədiyim üçün, hər biri mənə əzizdir. Gəlin ayırmayaq, dediyiniz mərhələlərin hər biri özünə görə fəxr ediləsi həyat yoludur – Qorxmazdır mənim üçün. Amma mənim fəxr etdiyim o mərhələlərə məndən sonra daha yaxşı qiymət veriləcək yəqin.
– Sadaladığımız kimi, uzun və keşməkeşli yol keçdiniz. 50 yaş Sizi arzuladığınız səviyyədə qarşıladımı, yaxud Siz bu yaşın haqqını verdinizmi?
– Bu keşməkeşli yolu qürurla keçdim. Əyilmədən, kimsənin haqqını yeməməyə çalışaraq, yaxşılıq eləyərək keçməyə çalışdım. Necə keçdiyimi, nələri doğru-dürüst edib-etmədiyimi zaman göstərəcək və insanlar qiymətləndirəcək. Amma əlli yaşın məni arzuladığım səviyyədə qarşıladığını deyə bilməyəcəyəm. çox xoşbəxtəm ki, Allah mənim gözümü çox nəhəng bir türk ailəsində açaraq, türk ruhunda böyüməyimi istəyib. Bu, birinci xoşbəxtlikdir ki, doğuşdan verilib. Mənim babalarım həqiqi qəhrəman və səmimi insanlar olublar. Atam Əbülfəz müəllim gözəl ziyalı və yazıçı olub. Anam Sərfinaz xanım həyat yoldaşının ruhuna ruh qatmağı bacaran gözəl qadın olub. Altı gözəl bacım və bir səmimi, ləyaqətli qardaşım var. Məmməd Araz kimi adı dillər əzbəri olan nəhəng əmim var. Qürurundan hər kəsin sevinclə bəhs etdiyi əmim İbrahim, bibilərim, dayılarım, xalalarım və qohumlarım olub.
Tanrının mənə bəxş etdiyi, adlarını çəkəndə, səslərini eşidəndə yerə-göyə sığmadığım qızlarım Banuçiçək, Aytac və Selcanım var. Haqqlarında danışanda hər zaman ürəyimdə “maşallah” deyirəm ki, birdən nəzərim toxunar balalarıma. Sonrakı həyatım boyu qazandığım çoxlu dostlarım və yaxınlarım var. Bunların hamısı 50-yə gedən yolda qazandıqlarımdır.
Amma… Əlli yaşıma çatdığımda mənimlə bərabər olması üçün canımı çəkinmədən verə biləcəyim bir insanın olmaması dediyiniz qarşılanmanın əskiyidir mənim üçün. Mənim sevimli Şəhlam sağ olsaydı, bəlkə də bu günə ayrı əhvalla gələcəkdim. Bu da Tanrının hökmüdür deyə, əllinin yadda qalan hissəsi olsun mənim üçün…
Qaldı mənim əllinin haqqını veməyimə. Xeyr, vermədim haqqını. Hesab edirəm ki, millətimə daha yaxşı övlad, dövlətimə daha yaxşı vətəndaş ola bilərdim, olmamışam. Bu yaşa qədər adımın qalacağı bir işim, bir yararlılığım olmamışdır məncə. Yuxarıda sadaladıqlarınız bir vətəndaş olaraq borcum idi ki, yaxşı-pis yerinə yetirmişəm. Amma dediyim kimi, yaddaşlarda bir iz buraxmamışamsa, bir yararlı iş görməmişəmsə, əllinin haqqını verməmişəm demək.
– Kim var yanınızda və bu 50 ildə kimlər vardı, kimlər yox…?
– Yanımda kimlərin olub-olmamasından daha çox, Tanrının məni tərk etməməsi üçün dua etmişəm ömrüm boyu. Tanrı məni tərk etməsə, heç zaman yalnız qalmaram. Şükürlər olsun, hər zaman Allah qəlbimdə, şüurumdadır. Qaldı, əlli il o qədər də qısa bir zaman deyil. Keçdiyimiz bu yolda çox şeylər qazandığımız kimi, itirdiklərimizdən qeyri bizi tərk edənlər də oldu. Onların tərk etməsini isə normal qarşılayıram və bu haqda yuxarıda ətraflı danışmışam.
Amma Allahın hökmü ilə itirdiklərimin dışında, digərlərini heç düşünmək belə, istəmirəm. Bu gün yanımda ən sədaqətli və sevdiyim, məni sevən insanlar var. özüm kimlərinsə yanında olmağa can atmadım. ürəyimdə olan insanlar yetər mənə. Və yanında olmağı istədiyim insana məni yalnız Tanrı götürər, inşallah.
– Belə olmalıydı yəqin ki, belə:
çiynimə bu yükü götürməliydim.
Ağlımın hökmünü mən bilə-bilə
Qəlbimin hökmündə itirməliydim.
Əminizin bu misraları Sizə nələri xatırladır?
– Bu misraları açmaq elə də asan gəlməsin. Şeirin girişində deyildiyi kimi, mənli də, mənsiz də bu dünya vardı… Ancaq gəldiyimiz bu dünyada bir parazit ömrü deyil, insanlığa yarar bir ömür yaşamalıyıq. Bunu isə ağıl və ürək birliyində etmək olar. Yoxsa, o qədər ağıllı insanlar olub ki, ağıllarının məhsulu insanlıq üçün bəlaya çevrilib. Və ya o qədər ürəkli sərkərdələr tanıyırıq ki, daşı daş üstdə qoymayıblar. Əmimsə ağılla ürəyi birləşdirəndə insanlığın qazanacağına vurğu edir.
Mən də düşünürəm ki, çiynimə götürdüyüm bir yük varsa, ağıl və ürəyimin birliyində bu yerlərə gətirdim və sonuma qədər də aparacağam. üzərimə düşən bir missiya vardısa, əlli ildə buraya qədər gətirdim. Buna sevinməyə haqqım varsa, demək yaxşıdır.
– Və nəhayət, bu günədək yaşaya bilmədiyiniz nələri bundan sonra yaşamaq istərdiniz?
– Bu günə qədər yaşaya bilmədiyim yuxarıda dediyim kimi itirdiyimiz torpaqlarımızdır. Ki, bunların qaytarıldığını görmədən ölmək qiyamətə qədər mənə əzab olar. Ona görə ilk növbədə ona nail olmaq istərdim.
Amma bunun üçün bir çox əskikliklərimizin ortadan qalxmasına çalışmalıyıq. Bu isə ilk növbədə maariflənmədən, təhsildən keçir. Diplom deyil, ibtidai təhsilin sağlam olduğu təhsilli vətəndaş yetişdirmək lazımdır. Əlbəttə, istərdim ki, bu sahədə edə bilmədiklərimi bundan sonra edəm. Bundan sonrakı dövrdə əlimdən gəldiyi qədər dürüst insanların yetişməsinə çalışaram. Vəfalı, sadiq və vətənpərvər insanların təhsil aldığı məktəbləri görmək ən böyük arzumdur
T.Məmmədov
Bizimyol.info