XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

14 Fevral 2019 - 20:45

Zərdüşt Əlizadə:"İndi ABŞ insan haqlarına və demokratiyaya ölümcül zərbə vurur"

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-a müsahibə verib.

Strateq.az həmin müsahibəni təqdim edir:

– Zərdüşt bəy, dünən Polşada ABŞ-ın təşəbbüsü ilə “Yaxın Şərqdə sülhün və təhlükəsizliyin gələcəyini dəstəkləmək” mövzusunda iki günlük konfrans başlayıb. 60 dövlətin xarici işlər nazirlərinin dəvət edildiyi konfransda əsas müzakirə İran ətrafında yaranan durumdur. Sizcə, İran ətrafında nə baş verir?

– ABŞ çalışır ki, Yaxın Şərqdə özünün yaratdığı bütün müşgülləri İranın üzərinə yıxsın, orada mürtəce rejimləri səfərbər edərək, İranın qarşısına çıxarsın. Əslində Yaxın Şərqdəki bütün problemlərin kökündə Fələstin problemi, İsrailin işğalçı siyasəti, fələstinlilərin torpağını zorla əlindən alması durur. Yaxın Şərqdəki əsas problem budur. Terrorçuluğun bir səbəbi də İsrailin belə bir siyasət aparması və Amerikanın İsrailə şərtsiz dəstəyidir. Amerika İsraili Fələstin xalqının hüququnu tanımağa məcbur etmək əvəzinə Fələstin xalqının hüquqlarını qoruyan “Həmas” və “Hizbullah”ı terrorçu sayır, fələstinliləri müdafiə edən İranı ittiham edir. Beləcə, bütün günahları ağrımayan başın üzərinə yıxır. Varşavada keçirilən konfransda da bu məsələlər müzakirə edilir. Amerika sözün gerçək mənasında dünyada liberalizm ideyalarına zərbə vuran dövlətdir. Azadlıq, bərabərlik və demokratiya ideyalarını biabır edir. Vaxtilə Sovet rəhbərləri, partokratlar kommunizm ideyalarına axmaq siyasətləri ilə ölümcül zərbələr vurdu, indi də ABŞ öz siyasəti ilə liberalizmə, insan haqlarına və demokratiyaya ölümcül zərbə vurur.

Varşavada keçirilən konfransda Azərbaycan səfir səviyyəsində iştirak edir.

– Elə qardaş Türkiyə də Varşava konfransında səfir səviyyəsində iştirak edir…

– Bəli. Bu, o deməkdir ki, Amerika, get öz başına özün çarə qıl. Həm də Azərbaycan və Türkiyə İrana qarşı tətbiq edilən sanksiyalara qoşulmayacağını elan edib. İran bölgədə mötəbər və güclü dövlətdir. Bu dövlətin quruluşu Amerikanın xoşuna gələ və ya gəlməyə bilər. Amma ABŞ-ın dostları olan Qətər və Səudiyyə Ərəbistanından fərqli olaraq, İranda demokratiya var. Bəli, demokratiya islam ideologiyası çərçivəsindədir, lakin orada sağlar, sollar, azad seçki var. Tehranda avtomobillərin az qala 40 faizini xanımlar sürür. Qadınlar ictimai həyatda, siyasətdə, idmanda azaddırlar. Amma islam qaydalarına uyğun olaraq. Siz, niyə öz Qərb qaydalarınızı hamıya zorla sırayırsınız? Hərənin öz mədəniyyəti var. İslam mədəniyyəti bir qədər fərqli mədəniyyətdir. Bunu da qəbul edin. Demirsiniz ki, plüralzim tərəfdarısınız? O zaman islamın mövqeyinə də hörmət edin.

– Varşava konfransının real nəticəsi olacaqmı?

– Güman etmirəm. Fikrimcə, bu, ABŞ-ın Yaxın Şərq və Qərb ölkələrini İrana qarşı növbəti dəfə səfərbər etmək cəhdidir.

– Səfərbər edib nəyə nail olacaqlar?

– Məncə, heç nəyə. İrana qarşı kimin əlindən nə gəlir? Əllərindən gələni əslində ediblər. 1980-cı ildən İrana qarşı sanksiyalar tətbiq olunur. İslam inqilabından sonra İran şahının dostu olan ABŞ İran xalqının iradəsi ilə qurulan dövlətə qarşı sanksiya tətbiq edir. Və həm də deyir ki, mən demokratik dövlətəm. İran xalqı şahı devirərək öz dövlətini qurdu və sən də dərhal ona sanksiyalar tətbiq etməyə başladın. Niyə? Çünki satqın deyildi, sən dediklərini eşitmirdi. Amma Rıza Şah Pəhləvi sizin adam idi.

– Varşava konfransı ilə paralel olaraq İranın Bəlucistan əyalətində terror hücumu baş verib, İran İnqilab Keşikçiləri Korpusunun 41 hərbçisi öldürülüb…

– Hamıya bəllidir ki, dünyada terrorizmin atası da, anası da Amerika və onun apardığı siyasətdir. Aydındır ki, “Taliban”ı ABŞ yaradıb. “Əl-Qaidə”nin Amerikanın məhsulu olması sirr deyil. Eyni zamanda İŞİD-n yaradılması projesinin başında Birləşmiş Ştatlar dururdu. Yəni özü yaradır, daha sonra ona qarşı mübarizə aparır. Terrorçu təşkilatların mövcudluğu Amerikaya bəhanə verir ki, istədiyi yerə müdaxilə etsin. Eyni zamanda uca səslə terrorizmə qarşı mübarizədən danışa bilsin.

– Bəlucistanda baş verən partlayışın arxasında ABŞ-ın barmağı olduğunu düşünürsünüz?

– Amerika və ya İsrailin. Sözsüz ki, bu hadisələrin arxasında həmin ölkələrin kəşfiyyat qurumları dayanır.

– Nəzərə alın ki, Bəlucistanda bəlucların azadlıq uğrunda mübarizə aparan təşkilatları var, onların arasında silahlı mübarizəyə meyl edənləri də yox deyil…

– Bu təşkilat öz-özlüyündə ayaq üstə dura bilməz. Hər zaman belə tip təşkilatların arxasında xarici qüvvələr durur. PKK-nın arxasında vaxtı ilə SSRİ KQB-si dururdu, sonra isə Qərb kəşfiyyatı durmağa başladı və indi də durur. İndi bəlucların milli azadlığı uğrunda mübarizə aparan təşkilatlar varsa, sözsüz ki, onun arxasında İranın dağılmasında maraqlı olan qüvvələr dayanır. Ancaq onların bütün cəhdləri əbəsdir. İranın azı 2500 illik dövlətçilik tarixi var. ABŞ-in isə cəmi 250 illik tarixi var. Müqayisə edib nəticə çıxarmaq olar.

– Bu gün Soçidə baş tutan Ərdoğan-Putin-Ruhani görüşünü necə şərh edirsiniz?

-Tərəflər əsasən, Suriya məsələsini müzakirə edirlər. Onlar Suriyada fəaliyyətlərini əlaqələndirməyə çalışırlar.

– Xeyli müddətdir ki, Türkiyə, İran və Rusiya Suriya məsələsində əməkdaşlıq edirlər, daima təmas saxlayırlar. Sizcə, bu əməkdaşlığın real nəticələri varmı, yoxsa söhbət formal əməkdaşlıqdan gedir?

– Fikrimcə, bu əməkdaşlığın effekti olduğu üçün hələlik Bəşər Əsədi devirmək mümkün olmayıb. Türkiyə əvvəlki barışmaz anti-Əsəd mövqeyindən bir qədər geri çəkilib, Bəşər Əsəd dövlət ərazisinin 85 faizinə nəzarəti bərpa edə bilib. Bu faktiki olaraq əməkdaşlığın nəticəsində ortaya çıxan reallıqdır.

– Əgər dediyiniz kimi Bəşər Əsəd Suriya ərazilərinin böyük hissəsinə nəzarəti bərpa edə bilibsə, deməli, Suriya münaqişəsi son mərhələsini yaşayır…

– Yox. Hələ münaqişənin davam etməsində marağı olan qüvvələr çoxdur. Amerika bunda maraqlıdır. Eləcə də Səudiyyə Ərbəbistanı və digər dövlətlərin öz marağı var.

– ABŞ Suriyadan çıxacağını elan etmədimi?

– Çıxır və öz yerinə Suriyanın yerli üsyançılarını gətirir. Üstəlik onların maliyyəsi Səudiyyədən, silahı isə Amerikadan gəlir. Bu mənada Suriya münaqişəsi hələ bir müddət davam edəcək.