XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

15 Fevral 2019 - 20:27

Pənah Hüseyn istefalardan danışdı:“Belə bir addım atmaları çox ayıb iş olar” – MÜSAHİBƏ

Bu həftənin diqqəti cəlb edən hadisələrindən biri də Qarabağ Komitəsinin daxilində yaşananlar oldu. Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun istefası ilə başlanan məsələlər qurumun içərisində hansısa çox ciddi proseslərin getdiyi mənzərəsini yaradıb. Hətta Komitənin parçalandığı, fəaliyyətinə son verilə biləcəyi kimi söz-söhbətlər də yayılıb.

Qarabağ Komitəsində yaşananlarla bağlı qurumun İdarə Heyətinin üzvü, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn musavat.com-a müsahibəsində aydınlıq gətirib.

 

– Pənah bəy, Qarabağ Komitəsinin daxilində nələr baş verir?

– Ümumiyyətlə, hər bir canlı, aktiv qurumun daxilində hərəkətliliyin, diskussiyaların, hətta fikir müxtəlifliyinin olması təbiidir. Yalnız ölü qurumların daxilində heç bir proses getmir. Qarabağ Komitəsində baş verənlər də bu qurumun canlı olmasının əlamətlərindən biridir.  Son günlər komitənin bir neçə üzvü müəyyən bəyanatlarla çıxış ediblər. Gələn həftənin üçüncü günü KXCP-nin qərargahında növbəti toplantımız olacaq. Məsələləri orada müzakirə edəcəyik. Məncə, bütün bu hadisələrə Qarabağ ideyası ətrafında daha sıx birləşməklə  cavab veriləcək. Gedənlərə uğurlar, gələnlərin hamısına salam olsun.

 – QK-dan gedənlərin bəziləri bəyan etdilər ki, Qarabağ Komitəsi əslində onlardır. Hətta Qarabağ Komitəsi olaraq tədbirlərinin olacağını deyiblər…

– Mən bu cür bəyanatlar eşitməmişəm və düzü güman etmirəm ki, bu dərəcədə qeyri-ciddi bəyanatlar olsun. Belə bir addım atmaları çox ayıb iş olar. General İsgəndər Həmidov Qarabağ Komitəsindən istefa verib. İstefa onun hüququdur. Və məsələ bitib. Başqa kiminsə Komitədən getdiyini bəyan etməsi barədə məlumatım yoxdur…

– Polkovnik İlham İsmayılın istefa verməsindən məlumatsızsınız? Mediada xəbərlər yayılıb ki, 20-dən yuxarı şəxs Qarabağ Komitəsindən istefa verib.

– İlham İsmayıl Qarabağ Komitəsindən yox, Komitənin İdarə Heyətindən istefa verdiyini bəyan edib. O, Komitənin üzvü olaraq qalır. Dünən İlham İsmayılla görüşümüz olub. Düzdür, bu məsələ müzakirə mövzusu da olmayıb. Amma Qarabağ Komitəsinin gələcək planları barədə söhbət eləmişik. Ümumi razılıq olsa, Qarabağ Komitəsinin İdarə Heyəti yenidən formalaşdırılacaq… Siz dediniz ki, 20-dən yuxarı adam istefa verib?

– Partiya sədrləri Ağasif Şakiroğlu, Valeh İbrahimov, Həsən Həsənovun da istefa verdiyi açıqlanıb…

– Bizim elə bir üzvlərimiz olmalıdır… İstefa veriblərsə, biz nə deyə bilərik? Əsas məsələ harada təmsil olunmaq deyil. Əsas məsələ Qarabağ uğrunda savaşmaq, çalışmaqdır. İstər Qarabağ Komitəsində, ya başqa bir qurumda. Harada olsalar, bizə onlara uğur arzulamaq düşür.

 – Ümumiyyətlə, Qarabağ Komitəsinin üzvlərinin sayı bəllidirmi?

– Məndə olan məlumata görə, Qarabağ Komitəsinin 85 səsə qoyularaq qəbul olunmuş üzvləri var. Mütəmadi olaraq hər iclasımızdan sonra facebook səhifəsində, KİV-də bu barədə məlumatlar gedib. Rayonlardakı üzvlərə gəlincə, rayonların mərkəzlə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş  təlimata görə istənilən yerdə dayaq dəstələri, təşəbbüs qrupları yaradıla, elan oluna bilər. Bunların birbaşa mərkəzlə elə bir əlaqəsi olmur, müstəqil təşkilatlar kimi fəaliyyət göstərirlər. Mövcud əsasnaməyə əlavə olunan təlimatlara görə, coğrafi, iyerarxix təşkilatlanma aparılmayıb. Səhv etmirəmsə, 20-yə yaxın rayonda Qarabağ Komitəsinin təşəbbüs qrupu, dayaq dəstəsi bu şəkildə yaradılıb. Nəzərə alsaq ki, burada bəzi partiyalar da təmsil olunur, onların da yerlərdə fəaliyyət göstərən üzvləri də Qarabağ Komitəsinin fəaliyyətində iştirak edilmiş sayılırlar, lakin Komitənin formal üzvü hesab olunmurlar.

– Qarabağ Komitəsinin daxilində baş verənlərdə kənar qüvvənin əli ola bilərmi?

– Qarabağ Komitəsi ətrafında son vaxtlarda müəyyən bir əməliyyatın aparılması barədə bizdə informasiyalar var. Söhbət indi bu konkret istefa verən, Komitədən getdiyini bəyan edən və ya sizin sözünüzlə desək, alternativ Qarabağ Komitəsi olacaqlarını deyən şəxslərdən getmir. Yəni əlimizdə bu əməliyyatın onlarla əlaqəli olduğunu söyləmək üçün bu gün fakt yoxdur. Ümumiyyətlə, Qarabağ adı ilə fəaliyyətin göstərilməsinə hakimiyyətdə müəyyən bir hansısa narahatlığın olması göz qabağında idi. Məlumatlar da gəlirdi ki, ümumiyyətlə, Qarabağ Komitəsinə hakimiyyətdə ikili münasibət var. Yəni müəyyən dairələr hesab edir ki, dövlətin deyə bilmədiyi, ifadə edə bilmədiyi mövqelərin ifadə olunması baxımından bəlkə də bu, yararlı ola bilər. Digərləri isə Qarabağ adı ilə təşkilatlanmaların iqtidar üçün məqbul olmaması qənaətindədirlər. Bizdə olan məlumata görə, axırıncı mövqe son dövrlərdə daha çox üstünlük qazanıb. Dedim ki, indi bunun son proseslərlə hansısa əlaqəsinin olub-olmadığını söyləmək üçün əsas yoxdur. Amma hər halda müəyyən düşüncələrə vadar edir baş verən proseslər. Baxaq, görək nə olur. Fakt odur ki, Qarabağ Komitəsi təxminən keçən ilin payızından başlayaraq Azərbaycanda gedən ictimai-siyasi proseslərin ən ciddi subyektlərindən biri kimi  fəaliyyət göstərir.  Hazırda Azərbaycan cəmiyyətində müşahidə elədiyimiz bir sıra proseslər ki var, faktiki olaraq buna Qarabağ Komitəsinin yaranması və onun fəaliyyəti təkan verib.

Nəzərə alsaq ki, Qarabağ ətrafında çox məsuliyyətli bir hadisələr içərisindəyik, hal-hazırda cəmiyyətin səfərbər olunması çox məsul bir milli vəzifədir. İstər Azərbaycanı təslimçi sülhə vadar eləmək istəyənlərin, istər ermənilər və onların havadarlarının bütün cəbhə boyu bizim üzərimizə dünyada təşkil elədiyi hücumların qarşısında durmaq üçün Azərbaycan cəmiyyətinin Qarabağ ideyası ətrafında təşkilatlanması zəruridir. Ona görə də Qarabağ Komitəsi yaşayacaq. Burada iqtidara və ya müxalifətə münasibətindən asılı olmayaraq bütün cəmiyyətin bir ümummilli mövqenin formalaşmasını mümkün edən müstəvi mövcuddur. Qarabağ Komitəsi bir müxalifət təşkilatı və ya iqtidaryönlü təşkilat olmayaraq, bu baxımdan özünün həyati əhəmiyyətini məncə saxlamaqdadır.

Mən güman edirəm ki, baş verən proseslərdən Qarabağ Komitəsi daha da güclənmiş halda çıxacaq. Qarabağ ideyasını bütün siyasi çarpışmaların fövqündə apara bilmək mövqeyinin üstün olduğunu görürük və ona görə də bu qənaətdəyəm.

Əlbəttə, biz Qarabağ adını inhisara almamışıq və almaq da doğru olmazdı. Bir sıra siyasi partiyalarda Qarabağ komissiyaları var. Qarabağla bağlı, Qarabağ adı olan qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Yəni Qarabağ adı ilə başqa təşkilatların yaradılmasını da istisna eləmirəm. Əsas odur ki, bu, ümumi işə xidmət eləmiş olsun. Elin də gözü tərəzidir. İnsanların kollektiv şüuru, xalqın ümumi ağlı bu məsələlərdə nəyin nə olduğunu ayırd edir və edəcək. Ona görə də Qarabağ Komitəsindən ayrıldığını elan edən dostlarımıza bir daha  uğurlar arzulayıram. Əsas məsələ Qarabağı azad etməkdir, millətimizi ərazi bütövlüyümüz uğrunda vətən müharibəsinə hazırlamaqdır. Bizim məqsədimiz bundan ibarətdir.

– İstefasından əvvəl və sonra İsgəndər Həmidovla ikilikdə söhbətiniz olub?

– İsgəndər Həmidovun məlum bəyanatından sonra telefon danışıqlarım olub. Lakin bu  məsələyə  toxunmamışıq. İnanıram ki, İsgəndər Həmidov  atdığı addımın Qarabağ naminə, Qarabağ məsələsinə xidmət eləməsinə inanır. Əgər müəyyən məsələlər varsa, aydınlaşdıracağıq.

– Belə fikirlər də yayılıb ki, Qarabağ Komitəsində yaşananlar əslində İsgəndər Həmidovla Pənah  Hüseyn arasında olan problemlərdən qaynaqlanıb…

– Şayiədir. Bu fikrilər tamamilə yanlışdır.

– İsgəndər Həmidovun gedişini Qarabağ Komitəsi üçün itki sayırsınızmı?

– Prinsip etibarilə, əlbəttə, İsgəndər Həmidov sıradan bir nəfər deyil. İsgəndər Həmidov Qarabağ müharibəsində önəmli rol oynamış şəxslərdən biridir. Qarabağ Komitəsinin də təsisçilərindən, İH üzvlərindən idi. İctimai-siyasi həyatda mühüm rol oynayan şəxslərdəndir. Əlbəttə ki, onun gedişi təəssüf doğurdu. Açığı, mən demərəm ki, onun bu addımı məndə narahatlıq doğurmadı. Amma nə etmək olar, hər kəs özü üçün müəyyən qərarlar qəbul edir. Nəticəsi də məlum olacaq.

– Qarabağ Komitəsinin üzvlərinin bir qismi İsgəndər Həmidovun təşəbbüsü ilə yaranan Azərbaycan Xalq Hərəkatındadır. İsgəndər Həmidovun gedişi həmin adamların da Qarabağ Komitəsindən gedişinə, yaxud da həmin adamların İsgəndər bəyin addımından narazı qalıb AXH-dən çıxmasına səbəb ola bilər?

– Kim gedəcəksə, bu, onun suveren haqqıdır. Kimlərsə gedə bilər, kimlərsə qala bilər. Mən öz adıma və Qarabağ Komitəsində fəaliyyət göstərmək fikrində olan insanların  adına deyə bilərəm ki, biz Qarabağ Komitəsində fəaliyyətimizi davam etdirəcəyik. Xalq Hərəkatı haqqında Qarabağla bağlı təsisat barədə isə elə bir informasiyam yoxdur. O barədə orada iştirak eləyənlərə sual versəniz daha doğru olar.

 – Qarabağ Komitəsində baş verənlər, istefalar Qarabağ mitinqi mövzusunu gündəmdən çıxara bilər?

– Çıxarmır. Artıq Qarabağ Komitəsinin martın 16-na Qarabağ mitinqi qərarı verilib. Gələn həftə Bakı Şəhər İcra Hakimiyyətinə bununla bağlı rəsmi məktub da imzalanıb göndəriləcək. İstər mitinqlər, istər digər kütləvi aksiyaların keçirilməsi istiqamətində fəaliyyət planımız var.

– Qarabağ Komitəsinin fevralın 13-də keçirilən iclasında üzvlərdən birinin Əbülfəz Elçibəyin və İsa Qəmbərin ünvanına təhqiramiz ifadə işlətdiyi, buna görə də sizin onu şillə ilə vurduğunuz, sonra dava düşdüyü barədə də məlumatlar yayılıb. Hətta bayırda davanın davam etdiyini göstərən videogörüntülər də yayılmışdı. Doğrudanmı dava qeyd olunan söyüş məsələsinə görə baş verdi?

– Mən  bu məsələyə münasibət bildirməyə ehtiyac duymuram. Məsələni şişirtməyə də ehtiyac yoxdur.

 – Əbülfəz Elçibəyi və İsa Qəmbəri təhqir edən və sizdən sərt cavab alan adam kim idi?

– Mən artıq sizin bu barədə sualınıza cavab verdim.

musavat.com