XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 19:06

Tanınmış analitik Fikrət Şabanov ABŞ-ın Mərkəzi Asiyanı qurban vermək planlarından danışır:“SON HƏDƏF ÇİNİ PARÇALAMAQDIR” – Müsahibə

Yevgeniya Kim

regnum.ru, 28.02.2019

 

Dünyanın geopolitik ağırlıq mərkəzi Yaxın Şərqdən Mərkəzi Asiyaya və Cənubi-Şərqi Asiya bölgəsinə keçdiyindən bu məkanlarda baş verən siyasi, iqtisadi və hərbi tendensiyalar indi bütün dünyanın diqqət mərkəzindədir. Bunu nəzərə almaqla “Consultations on international policy and economy” şirkətinin  prezidenti, tanınmış analitik Fikrət Şabanovun Mərkəzi Asiyada baş verən geopolitik proseslər haqda Rusiya nəşrinə müsaibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

-Türküstan torpağında ÇXR və ABŞ arasında münasibətlər necə şəkillənir?

-Çin və ABŞ-ın qarşıdurması sürəcək, miqyasları böyüyəcək. Vaşinqton indi Pekinə faktiki öz şərtlərini diktə edir. ABŞ Çinin özülünü, iqtisadiyyatını dağıdır ki, Pekin təcavüzkar hərbi, siyasi, beynəlxalq və ticari-iqtisadi əməliyyatlar apara bilməsin. Mərkəzi Asiyada mübarizəyə gəlincə, o, bir neçə yöndə, o cümlədən iqtisadiyyat və logistikada davam edəcək. İndi bu mübarizə daha gözəçarpan formalar alıb. Bu ABŞ tərəfdən sıradakılardan ibarətdir: aralıq mərhələ – Türküstanda Rusiyaya qarşı meydan qurmaq. Çevrələmə sonradan genişlənəcək, təkcə Türküstanın deyil, Rusiyanın da ərazisinə toxunacaq. Sonrakı mərhələlərdə Çinin sıxışdırılması prosesinə Hindistan istiqaməti bağlanacaq.

Pekinə münasibətdə bir neçə yöndə iş gedir – Qırğızıstan və Qazaxıstan əhalisinin “becərilməsi” gedir. İndi SUMB-da (Çində Sinszyan-Uyğur Muxtar Bölgəsi-red.) türk əhalinin hüquqlarının müdafiəsi üzrə iş aparacaq Özbəkistan tədricən prosesə qoşulur. Bununla bağlı eyni zamanda Səmalar ölkəsinin Mərkəzi Asiyada iqtisadi və siyasi liderliyinin möhkəmlənməsindən razı qalmayan Türkiyə və Rusiyada antiçin prosesləri baş verir.

Ümumi plan, ÇXR-in ölkədən qıraqdakı fəaliyyətinə sərt qarşı çıxmağa  yönəlmiş bütün antiçin tədbirlərinin söykənərək gerçəkləşdiriləcəyi belə bir “skelet” var. Bu tədbirlər ideyaca Çində hakimiyyətin mərkəzsizləşdirilməsinə, iqtisadi inkişafın dondurulmasına və ya önəmli yavaşımasına, sonradan isə Çin iqtisadiyyatının qəti məhvinə də  gətirə bilər.

Bu, mühüm məqamdır ki, təsvir etdiyim proseslərin “pərdəarxası rejissorlar”ı savaş cığırına heç vaxt ayaq qoymur, kölgədə qalmağa üstünlük verirlər. Onlar prosesləri başqalarının əliylə işə salır və dəstəkləyirlər.

Mərkəzi Asiya bölgəsi və Rusiyanın Uzaq Şərqi Pekinlə mübarizədə qurban veriləcək. Və hətta gərəkəndə Pakistan və Çinin tarixi rəqibi kimi qalan Hindistan. Pakistan isə müsəlman ölkəsidir və mən inanıram ki, SUMB-da baş verən prosesləri İslamabadda izləyirlər.

-Tacikistan və Qırğızıstanın Çin qarşısındakı borcları çoxalır. Ödəməyə pul yoxdur. Bişkek və Düşənbə faizləri və əsas borcu ödəyə bilməyəndə Pekin necə reaksiya verəcək?

-Bişkek və Düşənbənin borcları ödəməyə pulu yoxdur və olmayacaq. Məsələ burasındadır ki, bu ölkələr cari iqtisadi inkişaf səviyyəsində böyük dövlətin yalnız xammal əlavəsi ola və qulluq funksiyalarını yerinə yetirə bilər. Bundan artıq deyil.

Tacikistan hətta sovet dönəmində də dotasiyaya oturmuşdu, onu SSRİ-nin qalan 14 respublikası yedizdirirdi.

Bundan çıxış etməklə Tacikistan və Qırğızıstanda cari maliyyə durumu yığılmış borcları vaxtında və tam şəkildə ödəmək imkanı vermir. Təbii, bu, ÇXR-lə münasibətləri yaxşılaşdırmayacaq.

Çin bütün beynəlxalq standartlar və qanunlara uyğun olaraq öz pullarının qaytarılmasını tələb edir, vəziyyət bir neçə ssenari üzrə şəkillənə bilər. Hər şey xarici siyasətin böyük oyunçularının Tacikistan və Qırğızıstana qəyyumluq səviyyəsindən asılı olacaq. İndiki halda xarici oyunçu kimi ABŞ-ı düşünürəm.

Deməli, Düşənbə və Bişkek Vaşinqtonun dəstəyini hansısa səbəblərdən əldə etməsə, sınacaq və müstəqilliyin zahiri atributlarını saxlamaqla Çinin qeyri-formal iqtisadi əyalətləri olacaq.

Bu ölkələr ABŞ-ın qəyyumluğunu əldə etsə, onda bu borcları ödəməyə və ondan imtina edə bilər. Məsələn, Pekinə kreditləri yenidən sənədləşdirməyin yersiz və qəbuledilməz, təbii ki, Çinin  qəbul etməyəcəyi şərtlər təklif edə bilərlər. Bütün bunlar dövlətlərarası kəskin böhran doğurar. Tacikistan və Qırğızıstanın bu kreditləri götürən və öz xalqını soyan hakim elitaları isə antiçin əhvali-ruhiyyəsini “məşq etməli” və öz əhalisinə “calamalı” olacaq.

Vaşinqton Düşənbə və Bişkekin mövqeyini dəstəkləyə və dəstəkləməyə bilər. Təbii, dəstəyə görə ödəmək lazım gələcək – dəstəyin yoxluğuna görə də. İkinci halda durum “sınmağa” qədər çatdırılacaq – antiçin-müsəlman basqınları sonradan Rusiya və  Çinin üzərinə getmək qəsdilə Tacikistan və Qırğızıstanda dövlətin özülünü sındırmalıdır.

-Bu antiçin basqınlarını kim gerçəkləşdirə bilər?

-İslamçı terrorçu strukturlar. Hadisələrin belə inkişaf ssenarisi barədə 2015-ci ildə sizin nəşrə danışmışam.

İndi KİV-lərdə və sosial şəbəkələrdə ÇXR-də müsəlman əhalinin hüquqlarının tapdalandığı mövzusu fəal işlənir. Sifarişçilərin fikrincə, bu, Çinin və Türküstan ölkələrinin münasibətlərində necə əks olunmalıdır?

-Anlamaq önəmlidir ki, Çinin bölgə ölkələrilə münasibətləri qeyri-bərabərhüquqludur. Sonuncular Çindən pul istəyir və Pekinə rəsmən etiraz edə bilmirlər.

Mərkəzi Asiya ölkələri siyasi nüfuzun miqyasına görə, iqtisadi və hərbi planda Çinlə tutuşdurula bilməz. Ciddi məhdudiyyətlərini qoyan iqtisadi asılılıq nəzərə alınmaqla isə Pekinin hərəkətlərindən narazılıq çox və olduqca ehtiyatla ifadə edilə bilər. ÇXR-in buna rəsmi səviyyədə reaksiyası da çox diplomatik, amma formal olacaq. Çin diplomatiyası dedikcə ehtiyatlı və çevikdir. Bölgə ölkələrilə qarşılıqlı təsirin bu mərhələsində də özünün iqtisadiyyatının inkişafı üçün daxili siyasətə qarışmamaq və hərbi neytrallıq prinsipi hələ də saxlanır. Amma hələlik. Yuxarıda deyilənlərdən çıxış etməklə Mərkəzi Asiya ölkələrinin heç biri gurultulu fəaliyyətə qədər düşgünləşməyəcək – rəsmi etiraz notalarının təqdimi üçün Çin diplomatlarının çağırılması kimi. Daha doğrusu, ölkələrdən heç biri buna qədər yüksəlməyəcək. Bacarmazlar. Antiçin təbliğatı hansı pərdə altında – türk, müəslman, aşkar, ya da gizli – təqdim olunur-olunsun, bölgə dövlətlərinin hökumətləri buna göz yumacaq.

Türküstan ölkələrinin  başçıları bununla yanaşı antiçin təbliğatını dəstəkləyəcək. Bu, sonralar götürülən kreditlərə görə məsuliyyətdən yayınmaq imkanı verər. Proses yüksələn xətlə gedir və ən yaxın vaxtlarda dayanmayacaq.

-Amerika KİV-lərində Tacikistanda Çin hərbi bazası haqda sonradan təkzib edilən məlumat çıxıb. Yenə də bölgə ölkələrinin ərazisində ÇXR hərbi bazalarının meydana çıxma ehtimalı necədir?

-Çin kredit verərkən müəyyən şərtlər irəli sürür. Bu öz ərazisində istehsal obyektlərinin qorunmasını təmin edə bilən Qazaxıstan üçün ehtiyacsız bir dövlət kimi xarici muzdlular tutmaq təklifi ola bilməz. Qırğızıstan, ya da Tacikistan kimi ölkələr üçün şərtlər başqadır. Çin öz tərəfdaşlarını öz ÖHŞ-lərini (özəl hərbi şirkət-red.), ya da kommersiya təhlükəsizlik xidmətləri kimi qeyri-rəsmi şəxsləri daxil etmək hüququnu qəbul etməyə məcbur edir. Onların hamısı birbaşa, ya dolayısıyla Çinin hərbiləşdirilmiş strukturlarının təmsilçilərdir – bu, Müdafiə Nazirliyinin və ya xüsusi xidmətlərin özəl bölmələri ola bilər. Çətin ki, Tacikistan ərazisindəki obyekti tamdəyərli hərbi baza adlandırmaq mümkün olsun. Mən hesab edirəm ki, məhdud hərbi kontingentin varlığı daha ağlabatandır. Onun əsas missiyası Tacikistanla sərhəddə durumun izlənməsidir.

Güman etmək olar ki, bazanın qurulması kommersiya layihələrinin qorunması sayəsində aparılacaq və gərəkəndə qabaqlar götürülmüş kreditlər ödənilmədiyi halda həyata keçirilə bilər. Tamdəyərli hərbi baza statusu müsəlman-türk müxalifətinin Çinə hücumu planlarının hazırlanması zamanı verilə bilər. Bu halda ÇXR və potensial hərbi düşmən arasında bufer zonası meydana çıxır. Yəni hərbi əməliyyatların onun sərhədinə yaxın deyil, qonşu ərazilərdə başlamaq cəhdləri ediləcək. Kobud deyilsə, Çin indi xəbərdaredici hərbi sipər qurur.

-Sinzsyan və Yunynan  bölgələrində təlim mərkəzləri açan Amerika ÖHŞ-ləri haqda məlumatlar zaman-zaman KİV-lərə çıxır. Bu nəyi bildirir?

-Amerika administrasiyası – mən indiki prezident Donald Trampın administrasiyasını deyil, yürüdülən siyasətin xarici memarları kimi qalan Milli Təhlükəsizlik Agentliyi, MKİ-nin simasında gerçək fəaliyyətdə olan strukturu nəzərdə tuturam – bir neçə ssenarini eyni zamanda gerçəkləşdirir. MKİ-nin ssenarilərindən biri Çinin ölkədən qıraqda sonradan ölkə daxilinə keçirməklə müxtəlif hərbi əməliyyatlara çəkilməsidir. Bu, son hesabda ÇXR-in dağılmasına gətirməlidir. SUMB-da və ya Yunynandakı amerkalılar haqda məlumat problemin yalnız yönünü göstərir və Çinin “zəif yerləri”ni qeydə alır. Çinin hansı xarici hərbi, milli-etnik və dini prinsiplər üzrə parçalanacağının cavabı üzdədir. Əlavə edim ki, Tibet məsələsinin tərpədilməsi üzrə iş mümkündür.

Türküstan ölkələri Çin və ABŞ-ın basqısına qarşı təkbaşına dura və özləri üçün ən az itkiylə vəziyyətdən çıxa bilərmi?

-Bölgə ölkələri Çinin nüfuzuna qarşı təkbaşına, ya da bir az təkbaşına durmaq iqtidarında deyillər. Səbəbləri sadalamayacağam – bunlar bir yığındır və bir hissəsi hamıya məlumdur.

Mərkəzi Asiya ölkələri ABŞ-ın da nüfuzuna qarşı durmaq gücündə deyillər. Onların müxtəlif qitələrdə yerləşdiyinə baxmayaraq, Vaşinqton həm bütün beynəlxalq xarici siyasət, həm də hərbi-taktiki strukturlarda (NATO, Avropa Rekonstruksiya və İnkişaf Bankı, Ümumdünya Bankı) təsirini saxlayır. Bölgə ölkələrinin iqtisadiyyatının dollara bağlanması mühüm amil kimi qalır. Bu qayda ilə Mərkəzi Asiya ölkələri “çəkiclə zindan” arasında qalıb.

Bölgə özlüyündə olduqca spesifikdir. Birincisi, Mərkəzi Asiya ölkələrinin iqtisadi, hərbi-siyasi və taktiki inkişaf səviyyəsi bircinsli deyil.

İkincisi, bölgənin hər bir ölkəsi strateji tərəfdaş seçərkən maraqların qovuşuğunda yerləşir. Məsələn, indi hərbi-siyasi birincilik Rusiyaya məxsusdur, ölkələrin bir bölümü iqtisadi planda Çinin dotasiyalarına oturub, o biri yandan isə Amerika xüsusi xidmətləri göz yumur və qapıları Pakistan və Türkiyə üçün açır. Yəni hərbi-siyasi və iqtisadi ittifaqlarda, ya da müttəfiqlik münasibətlərində yerləşməyin səviyyəsi də müxtəlifdir.

Üçüncüsü, Mərkəzi Asiya ölkələrinin interqasiya səviyyəsi, birgə xarici siyasət doktrinalarının və hərbi doktrinaların səviyyəsi bircinsli deyil, ya da, sadəcə, yoxdur.

Mərkəzi Asiya bu qayda ilə xarici oyunçulara qarşı “vahid cəbhə”də əks-təsirdə olmaq gücündə deyil – hətta Pakistana qarşı da. Çin və ya Rusiya haqda isə hətta söhbət də ola bilməz.

Tərcümə Strateq.az-ındır.