XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 13:57

“Orada hakimiyyəti itirmək qorxusu yoxdur” –Estoniyada seçkiləri izləyən politoloq müşahidələrini açıqladı - MÜSAHİBƏ

Martın 3-də Estoniyada parlament seçkiləri keçirilib. Seçkiləri yerindən izləyən politoloq Rəşad Şirin öz müşahidələrini “BBC Azərbaycanca”ya bölüşüb.

Strateq.az müsahibəni oxuculara təqdim edir:

– Keçmiş SSRİ respublikalarından biri olan Estoniyada keçirilən seçkilərdə fərqlər nə idi?

– İlk ən böyük fərq seçkinin keçirilməsində internet səsverməsinin tətbiq olunmasıdır. Estoniya dünyada yeganə dövlətdir ki, bütün seçkilərdə internetdən səsverməni tətbiq edir. İnternet səsverməsi 2005-ci ildən başlayaraq tətbiq olunur. Bəzi ekspertlər internet səsverməsinin çatışmazlıqları arasında təhlükəsizliyi və gizliliyi sorğulayırlar ki, səsvermə zamanı seçiciyə təzyiq ola bilərmi və ya onun iradəsi tam ifadə olunmaya bilərmi, yəni bir başqası onun yerinə səs verə bilərmi və s.

Buna uyğun olaraq öz həll yollarını tapmağa çalışırlar. Digər ölkələrdə, məsələn Qırğızıstanda da elektron səsvermə daha öncələr tətbiq edilib, amma elektron və internet səsverməsi bunlar fərli şeylərdir. Elektron səsvermə üçün seçici seçki məntəqəsinə getməlidir, sadəcə olaraq istifadə etdiyi bülleteni elektron qutunun içinə salır, orada skaner var və o, sizin qoyduğunuz bülleteni oxuyur.

İnternet səsverməsi isə analoqu olmayan, çox az tətbiq olunan seçki hesablanır. Texniki baxımdan çox maraqlı və innovativ seçki tətbiq olunur. Digər məsələlərdə, seçkinin məzmunu, siyasi partiyalar və sairə digər Şərqi Avropa ölkələrinə bənzəyir və burada çox da qeyri-adi bir şey yoxdur.

– Estonlar özü elektron səsvermə üsulu haqda nə düşünürlər?

– Estonların elektron səsvermə haqda fikirləri müsbətdir. Eyni zamanda həm estonlarda, həm xarici ekspertlərdə belə bir şübhələr var ki, elektron səsvermə üsulu səsvermədə iştirakı artırmır, adi qaydada keçirilən səsvermədə nə qədər insan iştirak edirsə, elektron səsvermədə də təxminən eyni sayda insan səs verir.

Nəzəri olaraq düşünülə bilər ki, əgər bu daha rahat səsvermədirsə, insanlar öz evlərindən, istirahətlərindən səs verə bilirlərsə, səs verənlərin sayı artacaq, amma bu dəyişiklik ona gətirmir. Buradakı ekspertlər düşünür ki, əgər elektron səsvermə bunu həll etmirsə, hansı başqa metodlar olmalıdır ki, seçicilərin iştirakı artsın.

Avropada son zamanlar seçkilərdə iştirak gedərək azalır və bu, bütün ölkələrə xas olan bir şeydir. İnsanların sanki bir şəkildə seçkiyə və demokratiyaya inamı azalır və buna görə seçkiyə əvvəlki ilə müqayisədə daha az gedirlər. Başqa bir tərəfdən, belə fərziyyə var idi ki, elektron səsvermədən daha çox gənclər istifadə edəcək, amma bu da özünü doğrultmur. Çünki gənclər və ya ilk dəfə seçkiyə gələn insanlar əslində seçki məntəqəsinə getmək, fiziki olaraq prosesdə iştirak etmək istəyirlər. Onlar bunu demokratik ritual, simvolik akt kimi görürlər.

İnternet səsverməsini tətbiq etmək bacarığında olan, amma tətbiq etməyən ölkələr var ki, onlar deyir ki, seçkidə iştirak demokratik ritualdır və vətəndaş və cəmiyyət seçkidə fiziki olaraq iştirak etməlidirlər, yerlərindən durub harasa getməlidirlər. Səsvermə bəzi ölkələrdə təntənəli qeyd olunur, insanlar bazar günü evlərindən çıxanda sevinirlər, çox xeyirli iş gördüklərini düşünürlər.

– Son illər keçmiş SRRİ respublikalarında seçkilərin sakit keçmədiyini nəzərə alsaq, Estoniyadakı seçkidə əhval-ruhiyyə necə idi?

– Bəzi ölkələrdə siyasi səhnəyə, siyasi mübarizəyə sanki daha böyük şeylər qoyub, bu mübarizələr çox böyük qarşıdurmalara gətirib çıxara bilər. Biz bunu həm geopolitik mənada görə bilirik, məsələn Ukraynadakı seçkilərdə və qarşıdurmalarda, həm də lokal mənada, yəni ölkə səviyyəsində görə bilirik ki, bəzi ölkələrdə müxalifət və iqtidar arasında çox kəskin ritorika və jarqondan istifadə olunur və çox zaman da ittihamlar olur ki, seçkilər saxtalaşdırıldı, dürüst keçirilmədi və s.

Estoniya daxil olmaqla bir çox ölkələr artıq bu mərhələni atlayıb. Burada seçki kampaniyası daha çox mövzular ətrafında gedir. Məsələn, Estoniyada daha çox imiqrasiya mövzusu aktuallaşıb, sağçı partiya imiqrasiyanı məhdudlaşdırmağı təklif edir, digər partiya başqa bir şey təklif edir, rusdilli məktəblərin bağlanması təklif olunur və s.

Estoniyada heç kim heç kimi seçkini saxtalaşdırmaqda və nadürüst olmaqda ittiham etmir, çünki seçki administrasiyası müəyyən mənada bu siyasi mübarizədən kənardadır. Bu baxımdan öz işlərini icra edirlər və kifayət qədər şəffafdırlar. Yəqin ki, seçkinin elektron olması bunu daha da şəffaf edir.

– Estoniyada seçkiləri səbirsizliklə gözləyirlərmi? Azərbaycanda əvvəlki seçkilərdə daha fərqli ümidlər və emosiyalar var idi. Estoniyada bu, necə idi?

– Yəqin ki, bura Şimal olduğu üçün emosiyalar bir az daha sönükdür. Şimalda yaşayan xalqlar siyasi proseslərə bizim qədər emosional yanaşmırlar, daha soyuqqanlı və təmkinlidirlər. Digər tərəfdən, burada siyasi sistemdə bir stabillik, sabitlik var. Müstəqillikdən bu yana olan müddətdə ölkəni iki partiya bir-birini əvəzləyərək idarə ediblər. Bu seçkidə də demək olar ki, gözlənilməz bir şey olmadı.

Burada böyük məsələlər sanki həll olunub. Burada hakimiyyəti itirmək qorxusu yoxdur, çünki hakimiyyəti itirdiyin zaman bir partiya və sosial qrup kimi heç kim heç kimi cəzalandırmır, qisas almır və siyasi mübarizə çox sivil, mədəni müstəvidə davam edir. Burada hakimiyyəti itirdiyin zaman sən müxalifətə keçirsən və müxalifətdə də kifayət qədər təsirli ola bilirsən.

– Seçki məntəqələri nə ilə fərqlənirdi?

– Dünyanın hər yerində seçki məntəqələri standartdır, komissiya üzvləri var, məntəqələr var və insanlar gəlib səs verirlər, formaca qeyri-adi bir şey yoxdur. Sadəcə olaraq burada seçici az olduğuna görə seçki məntəqəsi də daha azdır. İnternet seçkiləri məntəqə seçkilərindən daha əvvəl və bir həftə müddətində keçirildiyi üçün insanların artıq 1/4 səsvermə gününə qədər artıq onlayn səs vermişdi. Seçkinin nəticələri isə bütün seçkilər baş tutandan sonra hesablanıb açıqlanır.