XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

27 Fevral 2016 - 14:42

Araşdırmaçı Güntay Gəncalp:"İslam Dünyasında bütün problemlərin əsasında Osmanın xilafət dönəmi başlanan iç savaşlar durur"

guntay-11

 

Güntay Gəncalpı oxucularımız yaxşı tanıyırlar.

 

Bir neçə dəfə onunla müsahibəni yaymışıq və hər dəfəsində də bir-birindən fərqli çoxsaylı reaksiyalarla qarşılaşmışıq. Güntayın fikirlərini dəstəkləyənlər də olub, onun əleyhinə çıxanlar da. Hadisələrə, xüsusən də mübahisəli İslam tarixinə orijinal baxışı olan, heç kimi təkrarlamayan, bir neçə dildə ciddi araşdırmalar aparan və məsələləri də soyuq ağılla təhlil etməyə çalışan Güntay Gəncalpla Strateq.az-ın “16-1” layihəsində bu dəfə də İslam dini və onun təməl anlayışları üzərinə söhbət etmişik. İslam dininin tarixi, yarandığı coğrafi şəraitin onun inkişafındakı rolu, İslamda məzhəblərin müasirləşməyə münasibəti söhbətimizin ana xəttini təşkil edir.

 

Yaranmasından yüzillərlə zaman ötsə də, İslam dini və onun daxili dinamizmləri hələ də müzakirə mövzusudur. Demokratiya, insan hüquqları, elmin müxtəlif sahələrinə İslamın və Quranın münasibəti hələ də aktualdır. Biz hələ də İslamın yaranmasından bəri baş verən hərəkatları, bu hərəkatların yaranmasında önəmli rol oynayan alimləri, bilgələri yaxşı tanımırıq.

 

Güntay bəy o mənada Strateq.az-ın oxucularına Hindistanda, İranda, Pakistanda, Osmanlı imperiyasında, Misirdə müxtəlif zamanlarda yaşayan bilgələrdən bəhs edir, səfəvilərin Mövlananın kitablarını yasaqlamasından danışır, Atatürkün xilafəti ortadan qaldırmasının İslam dünyasına mümkün təsirlərini gözlər önünə sərir. Bir sözlə, çox ciddi məsələlərə toxunur. Şiəliyə və vəhhabiliyə obyektiv baxış sərgiləməyə çalışan müsahibimiz İslamın siyasiləşməsinin gətirdiyi fəsadları aktual problem kimi diqqət mərkəzinə gətirir.

 

Beləliklə, qonağımız Güntay Gəncalpdır. Onu da vurğulayaq ki, bu mövzuda müzakirəmiz açıqdır və Güntay Gəncalpın fikirləriylə razılaşmayan mütəxəssislərə, din xadimlərinə məmnuniyyətlə yer ayırmağa hazırıq.

 

I Hissə

 

Xəlifəlik niyə qüsurlu idi?

 

– Güntay bəy, islami düşüncə və gələnək qarşıdurması deyə, ortada bir durum var. Bu haqda fikriniz nədir?

 

– Bu suala cavab vermək üçün Peyğəmbərin vəfatından sonrakı olaylara bir göz atmaq lazımdır. Peyğəmbərin vəfatından sonra “onun mirasına necə sahib çıxılmalıdır” deyə bir sual meydana çıxdı. Peyğəmbərin ən yaxın dostlarından biri olan Ömər ibni Xəttab “Allahın kitabı bizə yetər” deyirdi. Peyğəmbərin xələfi olmaq anlamında “xilafət” siyasi bir imkan kimi gəlişdirildi. Lakin xəlifəlik qurumu qüsurlu idi. Çünki onun müddəti müəyyənləşdirilməmişdi. Bir adam neçə illiyinə xəlifə olmalıydı? Bu qüsur səbəbindən yaşlanmış Osman vücudunun heydən düşməsinə baxmayaraq, xilafətdən kənarlaşmaq istəmirdi. Ayrıca, Osman zamanında qəbiləçilik məsələsi də İslama müdaxilə etdi. Tarixi mənbələrdən anlaşıldığı kimi Osmanda sələfi olduğu Ömər ədaləti, qətiyyəti və dövlət adamlığı özəlliyi yox idi. Qətiyyətsiz xarakterə sahib olan Osman bunu nə önləyə bilirdi, nə də artıq mənəvi və fiziki avtoriteti qalmışdı. Ömrünün son 49 gününü mühasirədə qalsa da, yaşlanmış Osman barış və İslam birliyi adına vəzifəsindən istefa etmədi.

 

 

Osmanı kimlər, niyə öldürdülər?

 

 

Buna görə də Osman öldürüldü. Osmanı öldürənlər ən seçkin müsəlmanlardan ibarət idi. Hətta səhabələr belə, artıq onun hakimiyyətinə qarşı gəlirdi. Osman öldürüldükdən sonra cənazəsinə belə sahib çıxan yox idi və ortalıqda qalmışdı. İslam Dünyasında bütün problemlərin əsasında Osmanın xilafət dönəmi və sonra da Əli zamanında iç savaşların başlaması durmaqdadır. Ən böyük çatlaqlar və bölünmələr Osman və Əli zamanında meydana gəldi. Daha doğrusu, Osmanın uzun xilafət dönəmində təməli atılan problemlər və qəbiləçilik məsələsi Əli zamanında da davam etdi. Əli də bu sorunu çözə bilmədən öldürüldü. Bu üzdən İslam tarixində sadəcə ilk iki xəlifəni, yəni Ömər və Əbubəkr dönəmini Peyğəmbər xələfliyinə qəbul edən məzhəblər, təriqətlər və cərəyanlar ortaya çıxdı. Osmanın yanlışlıqlarını ört-basdır etmək üçün İbni-Səbə adında bir yəhudi yalanı uydurmuşlar ki, guya, müsəlman əhalinin hamısının ağlını bu yəhudi başından alaraq bütün fitnələri çıxarıb. Amma bu yalana inananlar bu sadə sualı soruşmurlar ki, 80 yaşı olan Osman nədən iqtidar ehtirasından vaz keçərək istefa edib işləri daha gənc və bacarıqlı birilərinə buraxmırdı? Beləcə, uydurma yəhudi fitnəsi də ortadan qaldırılmış olardı. 

 

 

İslam Müaviyyə ilə ərəb irqçiliyinin ideologiyasına dönüşdürüldü

 

 

– Sonrakı dönəmlərdə İslami görüşdə sizə görə bir təhrif olubmu, olubsa nə şəkildə olub?

 

– Müaviyyə İslamı səltənətə çevirdi. Quranın “Şura” əmrinə göz yumaraq oğlu Yezidi özünə varis təyin etdi. Əməvilər zamanında İslam öz məhvərindən çıxarılaraq ərəb milliyyətçiliyi üzərinə oturduldu. İslam Müaviyyə ilə ərəb irqçiliyinin ideologiyasına dönüşdürüldü. Ərəb olmayanlar “məvali” adı ilə ikinci dərəcəli müsəlman hesab edilirdi. Məvali, yəni vəlisi, sahibi olan kimsə. Yəni müsəlman ərəblər ərəb olmayanların, müsəlman olsalar da, sahibi hesab edilirdi. Əməvilər dönəmində ərəb olmayanların müsəlmanlığına inanmaq istəmirdilər. Əməvilər başqa millətlərin müsəlman olmasını da istəmirdilər. Çünki İslamda müsəlmanlar qardaşdır və bir-birini kölə olaraq sata bilməz, qadınlarına cariyəlik adı altında təcavüz edib zina edə bilməzlər. Cariyəlik də bir zina anlayışı olaraq Əməvilər tərəfindən İslama gətirildi. Başqa millətlərin İslamı qəbul etməsi Əməvilərin kölə və cariyə bazarında devalvasiya yaradırdı. Əməvilik İslam öncəsi ərəb tayfaçılıq şüurunun şiddətlə baş qaldırması idi. Əməvilər Quranı təhrif edə bilmədikləri üçün öz səltənətlərinə dini legitimlik qazandırmaq üçün minlərcə hədis uydurdular. İslam ədəbiyyatı Əməvilərin yalan və iftiraları ilə dolduruldu. Hz.Məhəmmədin nəvəsi Hz.Hüseyni ən yaxın qohumları ilə birlikdə Kərbəla çölündə qətl etdilər. Hz.Hüseyn qiyam da etməmişdi. Sadəcə “İslamda səltənət yoxdur, Yezidin hakimiyyəti legitim deyildir” demişdi. “Şura ilə seçim olsun, Yezid seçilərsə, hər kəs də ona biət edər” deyirdi. Hz.Hüseyn “xilafət mənim haqqımdır” demirdi. O, Quranın “İslamda varislik yoluyla xəlifə və dövlət başçısı təyin edilə bilməz” prinsipini müdafiə edirdi. Şura yoluyla seçiləcək dövlət başçısı nə Hüseyn, nə də Yezid olmaya bilərdi, ya da ikisindən biri seçilə bilərdi. Yəni Hz.Hüseyn bir Quran prinsipini müdafiə edirdi. “Hüseyni inqilab” kimi yalan ifadələr sonralar, özəlliklə İran şiə "inqilabı"nın yalançı ideoloqları tərəfindən uyduruldu. Qiyamçı tərəfdar toplayaraq silahlanar, Hüseyn isə bunların heç birini etmədi, sadəcə etiraz əlaməti olaraq başkənd Mədinəni tərk etdi. Qiyam edənlər Hüseyn deyil idi, başqaları idi və onları da öldürdülər. Hz.Hüseynin qətli ilə Əməvilərin dövlət İslam anlayışının necə qəddar olduğu ortaya çıxdı. İslam öncəsi kollektiv ərəb şüuraltının qəddarlığı və qəbiləçilik görüşü olaraq sistemləşən əməvilik İslamın üfüqlərini qaranlığa gömdü və hələ də o qaranlıq aydınlanmamışdır.

 

– Əməvi zülmünə qarşı düşüncədə və ya siyasətdə bir etiraz olmurdumu?

 

– Əməvilər bütün müxalif səsləri boğdular. Lakin ərəblərin səsləri boğulsa da, ərəb olmayanlar Əməvilərə qarşı savaş başlatdı. Əməvilərin zülmü həddini aşmışdı. Özəlliklə ərəb olmayan millətlər Əməvi siyasətinə qarşı təşkilatlanaraq savaşa başladılar. Əbumüslim Xorasanlı Əməviləri devirdi və yerində Abbasi dövləti quruldu.

 

 

Abbasilərdə xəlifə ərəblərdən, vəzirlər farslardan idi

 

 

– Abbasilər dönəmində İslam düşüncəsində bir yenilik ortaya çıxdımı?

 

– Abbasilər ortaq ərəb-fars dövləti idi. Xəlifə ərəblərdən və vəzirlər farslardan ibarət idi. Abbasilər dönəmində fikri aydınlanma ortaya çıxdı. Quran üzərinə əqli yanaşma imkanı şəkilləndi. Quranın məxluq, yoxsa qədim olması da Abbasilərin ilk dönəmlərində mübahisə mövzusu oldu. Əbu Hənifə kimi böyük din alimləri Quranın məxluq olduğunu müdafiə edirdilər. Çünki qədim və əzəli olan, ancaq bir olan Allahın özəlliyidir. Allahın xaricində nəyinsə qədim və əzəli olduğuna inanmaq İslamın tövhid prinsipinə ziddir, Allaha şərik qoşmaqdan başqa bir şey deyildir. 833-cü ildə Məmun Quranın məxluq olma ideyasını dövlətin dünyagörüşü kimi açıqca elan etdi. Quranın məxluq olma ideyası mütərəqqi bir görüş olsa da, dövlətin siyasətinə alət olan bir ideologiya halına gətirildiyindən, öz mütərəqqi xüsusiyyətini itirdi. Çünki siyasətə alət olan bütün görüşlər basqı və zülm vasitəsinə çevrilməyə məhkumdur. Bunun üzərinə Quranın məxluq olmadığına inananlar həbs olunurdular. Məmunun bu ideyası bütün imperatorluqda on beş il davam etdi. Abbasilər dönəmində ən önəmli fikri və islami cərəyan mötəzilə məzhəbinin baxışları idi. Mötəzilə zamanında Yunan və Hind elmləri ərəb dilinə tərcümə edildiyindən, müsəlmanların görüş üfüqləri genişlədi. Fəlsəfi düşünmələr də İslam kültüründə boy göstərdi. Çağımızda özünü neomötəziləçi olaraq tanımlayanlara görə, əxlaqi sekulyarizmin izlərini mötəzilə öyrətilərində görmək olar.

 

 

Tanrı əxlaqi dəyərlərə tabedir

 

 

Mötəzilə məzhəbinə görə, Tanrı əxlaqi bir varlıqdır. Əxlaqi dəyərlər Tanrıya tabe deyil, Tanrı əxlaqi dəyərlərə tabedir. Tanrı əxlaq ötəsi varlıq deyildir. Əşəriliyə görə isə, Tanrı əxlaqın ötəsində bir varlıqdır və əxlaq da Ondan qaynaqlanmaqdadır. Çağımızın əxlaqi sekulyarizm düşüncəsi ilə örtüşən mötəzilənin görüşündə Tanrı özü də əxlaqi bir varlıqdır. Mötəzilənin əxlaqi sekulyarizm anlayışına görə, əxlaqın dinə ehtiyacı yoxdur, əxlaq dindən müstəqildir. Buna görə də mötəzililər vuruldular. Mötəziləyə görə, bir şey gözəldirsə, o, Tanrının istədiyi üçün gözəl olmamışdır. Gözəl olan bir varlıq Tanrı tərəfindən də qəbul edilmişdir. İslam aləmində bunun tərsi bir fikir yayqın idi. Gözəl olan bir olqu Tanrının istəyi üzərinə gözəl olmuşdur. Mötəziləyə görə, yaxşılıq Tanrı iradəsindən asılı deyil. Tanrı sadəcə yaxşı olanların yaxşı olduqlarını bəyan edir. Mötəzilənin ziddi olan əşərilik bunun tərsini düşünürdü. Ona görə, yaxşı olan şəriətin istədiyi üçün yaxşıdır. Əşəriliyə görə, din olmasaydı, yalan və doğrunun anlamı olmazdı. Daha sonra mötəzilə siyasi diktatorluq yolunu seçərək Quranın qədim olmadığına inananları təqib və işgəncə etdi, bu da onun süqutuna yavaş-yavaş yol açdı. Digər yandan, əqli inkişafı Qurana qarşı tələ olaraq görən zehniyyətlər qalib gəldilər. Mötəzilənin əsərləri yasaqlandı, yandırıldı. İslam Dünyasını kor təqlid sardı. Qərbdəki Renessans, rasionalizm və intellektualizm inqilabları ilə İslam dünyası necə də dərin bir qaranlığa gömülü olduğunu fərq etdi. Qaranlığın var olduğunu işıq ifşa edər və Qərbdən gələn işıq Şərqin qaranlğını ifşa etdi. Bu dönəmdən sonra Qərb inkişafı qarşısında İslam dünyasında, özəlliklə XVIII əsrdən etibarən dini və fikri hərəkətliliklər meydana çıxmağa başladı. Bu hərəkətlər üzərində danışmaq istərdim.

 

 

Həcc, namaz, oruc kimi mərasimləri Peyğəmbər təsis etməmişdi

 

 

– Ərəb yarımadasından kənara çıxan İslamda fərqli görüşlər meydana gəldimi?

 

– İslam İrana və Hindistana girdikdən sonra bu geniş bölgələrdəki tarixi din anlayışları və təcrübələri ilə qarşılaşdı. Özəlliklə Hindistan çox böyük dini mədəniyyətə və təcrübələrə sahib idi. Opanişadlardan qaynaqlanan vəhdəti-vücud (panteizm) anlayışı Hind müsəlman ariflərinin görüşünü etkiləmişdi. İslam Ərəbistanda meydana çıxdığında geniş Ərəb çöllərində zəngin mənəvi miras mövcud deyildi. Lakin İslam Hindistana girdiyində bol yağmurlu və verimli torpaqlı bu yarımadada minillər öncədən yazılı və şifahi dərin mənəvi miras var idi. İslam da azad və insancıl görüşlərə açıqdır. Məsələn, İslamda mövcud olan həcc, namaz, oruc kimi mənasikləri (törənləri) Peyğəmbər təsis etməmişdi, bunlar öncədən zatən var idi. İslam onları qəbul etdi. Bütpərəstlərdən belə mirasları qəbul edən İslamın böyük Hind mədəniyyətindən etkilənməsi və orada olan insani dəyərləri öz bünyəsinə almasından təbii bir şey ola bilməzdi. Lakin İslam Hind dinlərindəki bütpərəstlik ünsürlərinə də qarşı çıxmışdır. Hindistanda çox kütləvi olan bütpərəstlik amillərinin İslamın tövhid prinsipinə zərər verməsindən çəkinilmişdir. Məsələn, XVII əsrin əvvəllərində bir hindli Hindistanın böyük müsəlman alimlərindən biri olan Şeyx Əhməd Sərhəndiyə ”Hind din kitablarında keçən Rəma ilə Quranda keçən rəhim qavramları eyni məna efadə edər” deyə yazdığında, Sərhəndi ona etiraz edərək ”Rəma bir insan olmuşdur, bu üzdən rəma və rəhim qavramlarını bənzər anlam daşıyan sözlər olaraq görə bilmərik” deyə cavab vermişdi. Rəhim İslam dinində Tanrının sifətlərindən biridir. Öncə bu mövzunu yaxşı bilməmiz lazımdır. İmzai və təsisi olaraq iki İslam anlayışı mövcud olmuşdur.

 

 

İmzai və təsisi İslam nədir?

 

– Necə?

 

– İmzai İslamı Hz.Muhəmməd ortaya qoymamışdır, öncədən var idi. Oruc, namaz, oğrunun əlini kəsmə, həcc kimi durumlar öncədən var idi və bunlara ”imzai-islam” deyirik. Yəni var olanların altına İslam imza atmışdır. Bu, o deməkdir ki, məsələn demokratiya, dünyəvilik, modern qadın haqları, plüralizm kimi durumların da altına İslam imza atar. Bir də təsisi İslam var, yəni sırf Quranın və Muhəmmədin təsis etdiyi İslam. Bunu Quranın bütünü və niyyəti içində sezə bilərik. Təsisi İslamın amacı əxlaq, öyüd, oxumaq, elmlə məşğul olmaq, ağlın qatlarını açmaq və sosial ədalətdir. Mal toplamamaqdır və yığdığını əhalinin yararına paylaşmaqdır. İslamın ana məqsədi budur. Bu doğrultuda davranan hər kəs Quranın niyyətinə görə hərəkət etmiş sayılır. Onun namaz qılıb-qılmaması, həccə getməsi, oruc tutması fərdi bir haldır. Özü və Tanrısı arasında xüsusi əlaqənin məhsuludur. Lakin toplumda dəyər icad edərək tərəqqi və sosial ədalət yolunda çalışmaq sosial bir mövzudur və İslam bunu vurğulayar. Lakin sözdə islam dövlətlərində zülm ayaq tutub yeriyərkən rejimlərin və ya təftişçi müsəlman toplumun kimin oruc tutub və namaz qılıb-qılmaması ilə ilgiləndiklərini görürük.

 

 

Biruni deyirdi ki, Şərq mədəniyyəti müsəlman Şərqinə aid deyil…

 

 

– Yəni İslam şəriəti ilə elmi-fəlsəfi bilgilər arasında bir uçurummu var? 

 

– Şəriət öz növbəsində İslam kültür və sünnətinin sadəcə bir yönüdür. Şəriət İslamın fəlsəfə, ilahiyyat, təsəvvüf və bu kimi özəlliklərindən fərqlənər. İslamın sırf şəriət çərçivəsinə sıxışdırılaraq digər yönlərindən məhrum buraxılmasının əsas səbəbi XII əsrdən etibarən fəlsəfə və teologiyanın tədricən İslami elmlərdən uzaqlaşdırılması olmuşdur. Həm fəqihlər (şəriət hüququndan yana olanlar), həm də siyasi güclər filosofları, alimləri və hətta riyaziyyatçıları sıxışdırmağa başladılar. Əbu Reyhan əl-Biruni və İbni-Sina kimi böyük bilgələrin müsəlman olduqlarına şübhə ilə yanaşırdılar. Biruni deyirdi ki, Şərq mədəniyyəti müsəlman Şərqinə aid deyil, Hindistan və Çinindir. Müsəlman şərqindəki mədəniyyət Yunan mədəniyyətinin ərəb dilinə tərcüməsindən başqa bir şey deyildir.

 

 

Ərəb əlifbası – elmin bəlası

 

 

Müsəlman şərqinin mədəniləşməsi yolunda Biruni ən ciddi əngəl olaraq ərəb əlifbasını görür və ərəb əlifbasını elmin bəlası olaraq dəyərləndirdirdi. XII əsrdə əməviliyin uzantısı olan Əndəlus xilafəti İbni-Rüşdün əsərlərinin yandırılmasına əmr verdi. Bertrand Rassel kimi böyük qərb filosofları İbni-Rüşdü Şərq bilgəliyinin sonu və Batı bilgəliyinin başlaması kimi dəyərləndirirlər. Mənsur Həllac X və Şəhabəddin Söhrəvərdi XII əsrdə edam edildilər. Fəqihlər ”Quranın sünnətə olan ehtiyacı sünnətin Qurana olan ehtiyacından daha artıqdır” deyirdilər. Bu zehniyyət Quranı elmi ölçülərlə anlamanın önündə əngəl idi. Quranı anlamaq üçün uydurulmuş saxta hədislərdən də imdad dilənməli idi! Onlara görə sünnət sadəcə Quranın açıq bəyanlarının kəşfində bizə yardımçı olmur, həm də namaz, oruc, zəkatın miqdarı və bu kimi durumları da aydınlığa qovuşdurur. Fəqihlər hesab edirdilər ki, Quranı və onun toxusunu və vəhyi ehtiva edən tarixi olayların kontekstini anlamaqda bizə yardımçı olacaq tək imkan sünnətdir. Peyğəmbərin vəfatından təqribən 250 il sonra hədislərin kitablaşdığını nəzərdən qaçırmamalıyıq.

 

 

İslam mərifətşünaslığının birinci qaynaqları

 

 

– İslam mərifətşünaslığının ölçüləri və qaynaqları nələrdir və fərqli coğrafiya və kültürəl ortamlarda bunlar bir-birini necə etkiləyiblər?

 

– İslam mərifətşünsalığının birinci qaynağı Quran və ikincisi peyğəmbərşünaslıq və ya Peyğəmbərin örnək davranışları və uyqulamalarıdır. Üçüncü qaynağı İslam alimlərinin icması, yəni ortaq qərarlarıdır. İslamın dəyişik coğrafiyalara yayılması icma ehtiyacını doğurmuşdur. Quranda və sünnətdə olmayan durumlarla qarşılaşırkən “nələr etmək lazımdır” sualına icma cavab verməyə çalışmışdır. İslamşünaslığın dördüncü və sonuncu qaynağı əqli qiyas idi. Yəni yeni durumla qarşılaşırkən bu yeni durumu Quranda və sünnətdə keçən durumlarla qiyaslayaraq bir sonuc çıxarma. Məsələn, içki içmək və həşiş çəkmək arasındakı bənzərliklər və ayrıcalıqlar üzərinə bu uyqulamalarla bir sonuca varmaq gərəkirdi. İcma İslamın bütün məzhəb və məktəblərində olmasa da, qiyas demək olar ki, hamısında mövcuddur. Fəqihlərin çoxu qiyası müdafiə ediblər. Əbu Hənifə kimi xoşgörülü böyük İslam bilgəsi ən gözəl olanı tərcih etmək anlamında olan “istihsan” qavramını da İslam düşüncəsinə gətirmişdir.

 

“Dindirir əsr bizi – dinməyiriz…”

 

– Qərbdəki gəlişmələrə ilk təpki müsəlman ölkələrində necə ortaya çıxdı?

 

– Bilirsiniz, Qərbdə XVI əsr renessans, XVII əsr rasionalizm, XVIII əsr aydınlanma və intellektualizm, XIX əsr siyantizm və elmi inqilab dövrləridir. Bütün bu dövrlərdə müsəlman ölkələri sərt yatmış və uyqulamaya qoyulacaq heç bir düşüncə və yenilik istehsal etməmişdir. Rasionalizm texnik ağlı ehtiva edir. Ağlın texnoloji istehsal qabiliyyətidir. İntellektualizm isə ağlın öz işığına bürünməsi, yəni nəzəri bilgilər istehsal edərək ağlın önündə geniş üfüqlər açmaqdan ibarətdir. Qərb renessans, rasionalizm və aydınlanma dövrünü yaşarkən İslam şərqi öz qaranlıq dünyasında uyumuşdu. Lakin Qərbdəki gəlişmələr birdən Şərqə də təsir etməyə başladı. XVIII yüzildə modern elm və dünya şərtlərinə görə şəriəti diriltmə hərəkətləri ortaya çıxdı.

 

– Bu, nə deməkdir, şəriət ölmüşdümü ki, dirildilsin?

 

– Aydınlanma çağı Qərbdə də şəriətlə modern ölçülərlə qarşılaşaraq meydana çıxdı. Bütün aydınlanma hərəkətlərinin əsasında ağlın dinə olan münasibəti durur. Qərbdə belə olduğu kimi, Şərqdə də ona bənzər durumlar ortaya çıxdı. Yəni yüzillər davam edən şəriət yasaları ağlın önündə əngəl olmuşsa, onun mühakimə olunması lazımdı. XVIII yüzilin ən böyük İslam mütəfəkkiri və şəriəti diriltmə adamı Şah Vəliullah Dehləvidir. Dehləvi XVIII yüzil ”İslami diriliş” hərəkətinin atası olaraq bilinir. Onun ehyaçılıq və ya diriliş anlayışı şəriət təfəkkürü ilə təsəvvüfün tərkibindən ibarət idi. Onun diriliş anlayışı eyni çağda Ərəbistanda ortaya çıxan aşırı sağçı və hədisbaz vəhhabizmlə fərqlənməkdə idi.

 

 

Aqressivlik ərəb dünyagörüşünün bir özəlliyidir

 

 

– Vəhhabi və Dehləvi hərəkətləri arasındakı fərq haradan qaynaqlanırdı, ikisinin də qaynağı Quran deyilmi?

 

– Birinci fərq iqlimlərindən və iki sosial və tarixi mühitdən qaynaqlanırdı. Ömrü boyu susuzluq çəkən və quraq ərazilərdə yaşayan ərəb sosial psixologiyasında yaşıl və yumşaq düşüncələrə yer olmamışdır. Aqressivlik ərəb dünyagörüşünün bir özəlliyidir. İslamın aqressiv və geriçi təfsiri olan vəhhabizm belə qumsal iqlimdə və aqressiv ərəb qəbilələri arasında doğuldu. Tarixi psixologiyasında əməvi nifrəti daşıyan topluma xitab edir və bu nifrəti körükləyirdi. Hər bir düşüncə və sosial ənənə öz coğrafi şərtlərindən təsirlənər. Vəhhabizmdəki aqressivlik, tolerantsızlıq ərəb tarixi sosial psixologiyasının XVIII yüzildə ideologiyalaşmasıdır. Bir an düşünün, vəhhabizmi Hindistanda, Yaponiyada, Avropada həyata keçirmək üçün, öncə bu ölkələrin bütün meşələrini və sularını, dəniz və göllərini yox etmək lazımdır. Çünkü vəhhabilik öz sistemini qumsal və çöl psixologiyası üzərinə qurmuşdur. ”Səhabələr necə davranmışsa, o şəkildə davranmaq lazımdır” zehniyyətini müdafiə edən sələfilik, səhabələrin qumsal iqlimin insanları olduqlarını unudar. Müsəlman olmaq üçün səhabələrə-filana gərək yoxdur, toplumla, gələcək və tarixlə dialoq edən vəhyin kitabına, yəni Qurana və bir də ağla ehtiyac vardır. İslam Hindistana girmədən öncə də Hindistanda böyük mənəvi prinsiplər və tolerantlıq təcrübələri var idi. Lakin İslamın doğulduğu Ərəbistan çöllərində daha öncədən belə mənəvi və əxlaqi təcrübələr toplusu mövcud deyildi. XVII yüzildə müsəlmanlaşan moğolların iqtidarı Hindistanda sona çatmaqda və İngiltərə müstəmləkəçiliyinin ayağı bu ölkəyə açılmaqda idi. Belə bir dönəmdə Dehləvi siyasi və fiqhi sahələr olaraq iki güclü mərcə qurmaq istədi. Onun fikirlərinə görə, bu iki mərcə İslamı qorumalı idi. Siyasi mərcəiyət üçün o, “zahir” sözünü ortaya atdı. İcraatdan və siyasi düzəndən, həm də şəriətin tətbiqindən bu mərcə məsul olmalı idi. Şəriət işlərində xilafətə qarşılıq da o, “batin” təbirindən istifadə etdi. Batin mərcəiyəti toplumun dini rəhbərlərinin hidayətindən məsul idi. Dehləvi özünü də bu cərgədə görürdü. Yəni siyasilərə öyüd vermə və onlara İslami doğruları açıqlama məqami kimi bir vəzifə. Günümüz qavramları ilə açıqlarsaq, siyasilərin dini məsələlər üzrə müşaviri.

 

Hazırladı:

SelBa

Strateq.az

 

(Ardı var)