– Təlimlərdə iştirak edən hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti və döyüş ruhu barədə nə deyə bilərsiniz?
– Hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti yüksəkdir və daim artmaqdadır. Şəxsi heyətin ideologiyası, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik, yüksək əxlaq və vətənpərvərlik prinsiplərinə əsaslanır. Yüksək mənəvi ruh ilk növbədə, Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrə birbaşa rəhbərlik edilməsinin, göstərilən qayğının, diqqətin və şəxsi heyətin xalqına və dövlətinə, öz komandirlərinə və silahlarına olan inancının və sevgisinin nəticəsidir.
Ordu inkişafının ümumi islahatları çərçivəsində, şəxsi heyətin tərbiyəsinə xüsusi yer verilir və bütün idarəetmə orqanları tərəfindən ciddi, sistemli və planlı işlər aparılır. Hərbçilər davam edən islahatların nəticələrini hiss edirlər və onların həyata keçirilməsində iştirak edirlər. Ordu rəhbərliyi, Müdafiə Nazirliyi, Baş Qərargah rəisi və digər vəzifəli şəxslərin simasında islahatların aparılmasını dəqiq şəkildə təşkil edir, ciddi şəkildə yerinə yetirir və həyata keçirilməsinə nəzarət edir.
Bu gün dövlət Ordu üçün lazım olan hər şeyi edir. Maddi-texniki vəziyyətin möhkəmləndirilməsi ilə yanaşı, hərbi qulluqçulara tətbiq olunan müxtəlif müavinət ödənişləri və imtiyazların sosial paketi genişlənir. Hərbi qulluqçuların, onların ailələrinin, həmçinin şəhid və yaralı ailələrinin yaşayış, tibbi təminat və digər aspektlərdəki problemləri öz həllini tapır. Son 3-4 il ərzində hərbi şəhərciklərin və bazaların 80%-dən çoxu yenidən qurulub və əsaslı təmir edilib, onlar müasir tələblərə cavab verir. Ordunun bütün infrastrukturunu tam əhatə etmək üçün bu işlər bu günə qədər sürətlə davam edir.
Eyni zamanda, Ordunun hərbi arsenalı da yenilənir, texnoloji baxımdan inkişaf edən ölkələrdən ən son hərbi texnika və silahlar alınır. Müasir silah və avadanlıqların olması mühüm göstəricidir. Lakin şəxsi heyətin bacarıq, peşəkarlıq və vətənpərvərliyi də az vacib deyil. Bu gün Azərbaycan ordusunun 70%-dən çoxu peşəkar hərbçilərdən ibarətdir. Biz diqqətimizi peşəkarlığa yönəltmişik. 2016-cı ilin apreli də, 2018-ci ilin may ayındakı Günnüt əməliyyatı da bizim haqlı olduğumuzu göstərdi.
Qoşunların həyat fəaliyyətlərinin daha yaxşı təmin edilməsi və şəxsi heyətin təsərrüfat işlərində istifadəsinin istisna edilməsi məqsədilə mülki işçilərin sayı artırılır.
Yaşayış şəraitinin və tibbi təminatın yaxşılaşdırılması sayəsində biz əvvəllər bəzi narahatlıqlara səbəb olan yoluxucu və digər xəstəliklərin səviyyəsini kəskin şəkildə azaltmışıq. Pediküloz, tuberkulyoz, pnevmoniya və digər xəstəliklər yalnız tək halda, özü də bəzən baş verə bilər. Bu, dövlətin Orduya göstərdiyi diqqət və qayğı sayəsində mümkün olub. Bütün bunların hamısı bütövlükdə, böyük müsbət təsirə malikdir və mənəvi-psixoloji vəziyyətin, o cümlədən döyüş ruhunun yaxşılaşmasına, intizam səviyyəsinin, qanun və qaydanın yüksəlməsinə, hərbi kollektivlərin gücləndirilməsinə daha da kömək edir.
– Sosial şəbəkələrdə bəzi insanlar tərəfindən müvəffəqiyyətləri aşağı qiymətləndirməyə və guya Orduda mövcud olduğu iddia edilən problemləri şişirtməyə, onun rəhbər heyətinə ləkə atmağa cəhd edirlər. Cənab general-leytenant, onlara nə cavab verərdiniz?
– Hər şeydən əvvəl, qeyd etmək istəyirəm ki, xidmətin spesifik xüsusiyyətlərinə baxmayaraq, Ordu ictimaiyyət üçün açıqdır. Biz digər dövlət orqanları, beynəlxalq, humanitar, ictimai, qeyri-hökumət və digər təşkilatlarla yaxından əməkdaşlıq edirik. Müdafiə Nazirliyi ilə müxtəlif təşkilatlar arasında birgə fəaliyyət üçün illik planlar hazırlanır. Açıqlıq nümunəsi müntəzəm olaraq valideynlərin və ailə üzvlərinin iştirakı ilə keçirilən açıq qapı günləridir, burada Müdafiə Nazirliyinin rəhbərliyi, bütün səviyyələrdən olan komandir-rəis heyəti təklif və şikayətləri nəzərdən keçirir və mövcud problemləri həll edirlər. Bu həm arxada, həm də müdafiənin ön xəttində yerləşən hərbi hissələrə eyni dərəcədə şamil olunur.
Mən müsbət inkişafı olan Ordu fəaliyyətinin digər aspektlərinə də toxuna bilərdim. Bu gün Azərbaycan Ordusunda heç bir həll edilməyən məsələ yoxdur. Bununla yanaşı, diqqətinizi çatdırmaq istəyirəm ki, bəzi insanlara və ya insanların dairəsinə bizim müvəffəqiyyətlərimiz rahatlıq vermir. Onlar hər yerdə yalnız neqativ görürlər. Onların mahiyyəti budur. Dəfələrlə artırılan itkilər, şişirdilən xəyanət faktları, iddia edilən köhnə hərbi texnika satınalmaları, korrupsiya sxemləri barədə uyğun olmayan və yalnış məlumatlar, ordu rəhbərliyini birbaşa təhqir etmək və s. ölkənin müdafiə və təhlükəsizliyinə görə məsuliyyət daşıyan əsas strukturlardan birinin nüfuzuna xələl gətirmək cəhdindən başqa heç bir şey deyil.
Bu prosesdə iştirak edən, dövlət, xalq və qanun əleyhinə fəaliyyətlərinə görə Azərbaycandan qaçan ekspertlər, ucuz bir avtoritet qazanmaq istəyirlər. Xaricdə qrantlar və sədəqələr, o cümlədən erməni lobbisi hesabına yaşayanlar, məqsədyönlü şəkildə Orduya və davam edən islahatlara böhtan atırlar. Açıq şəkildə düşmən təbliğatı aparan, əksər hallarda “sensasiyalı məlumatları” Ermənistanın xüsusi xidmət orqanlarının dezinformasiyasından, həmçinin zamanında özünü xalq və ordu qarşısında biabır edən ölkəmizdəki züy tutanlardan əldə edərək, düşmən dəyirmanına su tökürlər.
Mən sosial şəbəkələrdə ordu mövzusu ilə bağlı bütün müzakirələri qərarlı, birmənalı şəkildə qınayıram və bir daha bu şəxsləri bu cür təxribatçı fəaliyyətlərini dayandırmağa çağırıram.