Strateq.az Ordu.az-a istinadla Raket və Artilleriya Qoşunlarının komandanı general-mayor Zahid Hüseynovun müsahibəsini oxucularına təqdim edir:
– Cənab general-mayor, tabeliyinizdə olan qoşun növlərinin bugünkü döyüş hazırlığı, silahlanması və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti haqqında məlumat verməyinizi xahiş edirəm.
– Son beş il ərzində Raket və Artilleriya Qoşunlarının silahlanmasının əsasını yeni texnikalar təşkil edir. Əvvəlki illərlə müqayisədə bütün minaatan batareyaları, toplar və raket qurğuları komanda idarəetmə maşınları ilə təchiz olunub. Minaatan batareyalarımız təkcə idarəetmə dəstləri ilə yox, həm də gecəgörmə cihazları ilə də komplektləşib. Eyni zamanda silahlanmamıza ən müasir özüyeriyen toplar, reaktiv silahlar, operativ taktiki raket qurğuları da daxil edilib. Bütün avtomobil texnikaları da yenilənib.Bu gün Azərbaycan Ordusu 90-cı illərin əvvəllərindəki ordu deyil. İndi cənab Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində qoşunlarımızın istifadəsində olan bütün texnikalar, silahlar, toplar yenilənib. Biz bununla kifayətlənmirik, indi bütün yedəklənən topların komanda idarəetmə maşınları ilə təchiz olunması üzərində işləyirik. Biz silah və texnikalarımızı gizlətmir, paradlarda, təlimlərdə bütün dünyaya nümayiş etdiririk.
Bu gün biz qarşıya qoyulan istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə hazır və qadirik. Şəxsi heyətin mənəvi-psixoloji durumu da yüksək səviyyədədir. Döyüş hazırlığı ilə yanaşı, hər bir zabitin qarşısında duran ən ümdə vəzifələrdən biri də şəxsi heyətin Vətənə sədaqət, dövlətçiliyimizə bağlılıq ruhunda formalaşmasıdır. Ordu mənsubu kimi, böyük fəxrlə deyirəm ki, bu gün möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa hər an hazır və qadir olan güclü ordumuz var.
– Yeni silah və texnikalar bu günlərdə keçirilən geniş miqyaslı təlimlərdə sınaqdan necə keçdi?
– Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, bu günlərdə keçirilən geniş miqyaslı təlimlərdə qarşıya qoyulan vəzifələri tam həcmdə icra edərək, irimiqyaslı döyüş əməliyyatlarını uğurla yerinə yetirdik. Təlimdə nümayiş etdirdik ki, tabor hücumda olarkən onu atəş vasitələri ilə dəstəkləmək üçün reaktiv qurğulara, özüyeriyən diviziona, helikopterlərə, təyyarələrə, minaatan batareyalara, həmçinin odsaçan qurğulara, taktiki raket qurğularına, “Smerç” və “Qasırğa”ya sahibik. Bundan başqa, Azərbaycan Ordusunun arsenalında operativ taktiki raketlər, LORA, “Polonez”, “Ekstra”, yeni “Msta-S” özüyeriyən qurğularımız, “Vena” yeni özüyeriyən artilleriya qurğusu da var. Daim saz və döyüşə hazır toplarımız, həmçinin işlək vəziyyətdə olan avtomobillərimiz, yeni komanda idarəetmə maşınlarımız da ordumuzun gücündən xəbər verir. Bu maşınların hamısı məxfi rejimdə işləyir və onlara qarşı heç bir bloklanma qoyula bilməz. Bir daha vurğulamaq istəyirəm ki, bizim kifayət qədər yeni silah və texnikalarımız, həmçinin hücum edən qoşunları dəstəkləməyə güclü qüvvəmiz var.
– Məlum olduğu kimi, müasir dövrdə müharibə sosial şəbəkələrdə də aparılır. Döyüş meydanında Azərbaycan əsgərinə məğlub olan düşmən, kütləvi informasiya vasitələrində qeyri-obyektiv və uydurma məlumatlar yayaraq, nüfuz qazanmaq istəyir. Belə məlumatlar sırasında guya Azərbaycan tərəfinin Rusiyadan köhnə, keyfiyyətsiz silah-sursat və texnika alması da yer tutur. Buna münasibətiniz necədir?
– Azərbaycan Ordusunun və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlarda nümayiş etdirilən silah və texnikalar bu danışılanların yalan və uydurma olduğunun əyani sübutudur.
Həmin paradlarda 240-dan çox hərbi texnika, gəmi, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olundu. Nəinki paradlarda iştirak edən 100-dən çox xarici ölkə nümayəndələri, bütün dünya ordumuzun güc və qüdrətinin şahidi oldu. Həmçinin mütəmadi olaraq keçirilən genişmiqyaslı təlimlərdə biz bütün texnikalarımızı, silahlarımızı sınaqdan keçirir və yoxlayırıq. Elə bir texnika və ya silah olmayıb ki, keyfiyyətsiz olsun.
Onların hər biri təyinatı üzrə müsbət nəticələr verir. Ona görə də danışılan yalan şayiələrə fikir vermək lazım deyil. Verilən son statistik məlumatlara görə, ordumuz 130 dövlətin silahlı qüvvələri arasında 50 parametrə görə 53-cü yerdə qərarlaşıb. Hərbi gücümüzü, ordumuzun döyüş qabiliyyətini müdafiə və təhlükəsizlik sahəsində ixtisaslaşan nüfuzlu beynəlxalq təşkilatlar, hətta düşmənlərimiz də təsdiqləyir. Bu faktlar bir daha göstərir ki, qeyri-obyektiv, həqiqətə uyğun olmayan qərəzli fikirlər Azərbaycan Ordusunu nüfuzdan salmağa yönəlib. Düşmən təbliğatına dəstək vermək məqsədilə absurd fikir deyənlər bilsinlər ki, Azərbaycan Ordusunun uğur və nailiyyətlərinə kölgə sala bilməyəcəklər.
Yeri gəlmişkən, bir insanın şəxsiyyətinə yaraşmaz ki, öz dövlətini pisləsin. Xarici dövlətdə oturub dövlətimiz, ordumuz əleyhinə yalan, böhtan danışmaq heç bir azərbaycanlıya yaraşmır. Bunlar millətimizə xas olan xüsusiyyətlər deyil. Biz döyüşən, Vətəni uğrunda qəhrəmanlıqlar göstərən, şəhidlər verən cəsur xalq kimi tanınırıq. Biz heç zaman satqın olmamışıq, hər sözü mərdi-mərdana üzə demişik. Kimlərinsə arxasında gizlənib mənbəyi bilinməyən yalan informasiyalar alıb, dövlətə qarşı çıxış etmək mənəviyyatsızlıqdır. Azərbaycan hamımızın Vətənidir. Dövlətçiliyimizə sadiq olmaq, ölkəmizin mənafeyini hər şeydən üstün tutmaq hər birimizin mənəviyyat borcudur.