XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

01 May 2015 - 15:43

Əlabbas: “Yazı-pozunun əvəzində bu gün sənə bir quruş da verən yoxdu” – Müsahibə

“Yol yoxuşa diklənib”

May ayının 5-i, ədəbiyyatşünas Sabir Bəşirovun təbirincə desək, Azərbaycan ədəbiyyatının qızıl fonduna “Köhnə kişi” povesti ilə düşən yazıçı Əlabbasın doğum günüdü. Əməkdaşımızın bu münasibətlə hazırladığı müsahibəni “Strateq.az”ın oxucularına təqdim edirik.

Az qala 5 ildi , özünüz dediyiniz kimi, “yaralı ürəyinizin yazdırdığı”, qələminizdən kağızlara süzülən o həyati anları, bədii dildə desək, nəsr əsərlərinin çapını görmürük. Əlimizdə olan son kitabınız 2010-da nəşr olunan “Qaraqovaq çölləri”di. Niyə mətbuatdan uzaqsınız? Bizləri və oxucularınızı niyə yazdıqlarınızdan məhrum etmisiniz? Olmaya usandınız, yoruldunuz? Amma bildiyimiz, tanıdığımız Əlabbas bəy qələmdən əl çəkməz.

-Desəm, səbəblər sırasında siz sadalayanlar yoxdu, yalan olar, intəhası bu dünyanın daşı necə qoyulubsa, heç də hər çey göründüyü kimi deyil. Hətta göz önündə olanlar da. Azca diqqət türlü şeylər üzə çıxırır. İndi də… Hazırda əlimin altda çapa hazır üç kitabım var. Cavanlıq çağları və özünü oda-közə vurmağın ovaxtkı ləzzəti olsaydı, onları vaxt itirmədən oxucu ünvanına göndərərdim. Amma indi nə də varsa, bircə o istək yoxdu. Gənclik illərində o sualı heç vaxt özümə vermədim ki, niyə və kimin üçün yazıram. Amma bu gün tək yazı masasına əyləşməzdən qabaq deyil, elə vaxt-bivaxt özümə verdiyim ilk sual məhz odur: niyə yazıram? Əgər hamı da olmasa, lazım olan adamlar artıq səni tanıyırlarsa, qabında, qafanda olana bələddırlərsə və sən də bunu əlinin içi kimi bilirsənsə, onda məhz indiki mənzərə yaranır. Elə görünür, daha yazmırsan. Amma, gəl, o tərəfini də fikirləşək: mən heç yazmayan adamda da günah görmürəm. Məsələ, guya kitabın sayında, əsərin çoxluğundadı? O sözü də mən deməmişəm ha, az olsun, saz olsun. Bura o da əlavə olunsa ki, yazı-pozunun müqabilində bu gün sənə bir quruş da verən yoxdu, onda kimi qınaya bilərsən? Gözəl yazı insan idrakının ən zil və son pərdəsində yaranır. Belə olduğu halda əzab-əziyyətlə araya-ərsəyə gətirdiyin məhsul sənə az da olsa ağız şirinliyi, can rahatlığı gətirmirsə, onda belə çıxmır ki, bilə-bilə hambalçılıqla məşğulsan? Hamballar da ki, inadı qırılmış, mübarizə əzmi sönmüş, köləliyi könüllü şəkildə qəbul edən, bütün insani dəyər və hüquqlardan məhrum insanlardır. Son illərdə yazdığım “Qul” hekayəsini oxusan, bu söhbətə qulaq asmağa ehtiyac da qalmaz. Orda demək istəmişdim ki, ən azı zəmanənin öz tövr-halı insanı o yola itələyir. Cəmi şüurlu bəşər övladının birinci istəyi, ən azı, içindəki azadlığı qoruyub saxlamaqdı. Hekayənin qəhrəmanı da onu öz yazıları ilə qorumağa can atır, amma sonda tale onu qul bazarına aparıb çıxarır.

-Bildiyim qədər, hər bir ədəbiyyat nümunəsi nə qədər təfəkkürün, düşüncənin məhsulu olsa da, hər bir yazar gördüklərini, göz və ya qulaq şahidliyi etdiyi nəsnələri gətirir qələmə… Sirr deyilsə, hansı əsərinizin qəhrəmanı özünüzsünüz? Yaxud hansı əsərin süjet xəttinin bilavasitə iştirakçısı və ya şahidi olmusunuz?

-Siz məndən onu soruşmayın, soruşun ki, hansı əsərimin qəhrəmanı özüm deyiləm? Bu haqda publisist yazılarımda gen-bol bəhs etdiyimdən daha kimisə yormaq fikrində deyiləm, onuca deyə bilərəm ki, istənilən əsərdə sözün hər bir mənasında yazıçının özü var. İrili-xırdalı bütün hadisələr bu və ya digər dərəcədə onun şəxsən başına gələnlər, yaxud da eşitdiyi, gördüyü, şahidi olduğu, köhnə avazla deyilmiş olsa belə, yaradıcılıq süzgəcindən keçirərək özününküləşdirdiyi olaylardı. Əsər bunsuz necə ətə-qana dola bilər? O hadisələrin içində olmaya-olmaya oxucunu necə inandıra bilərsən ki, həqiqət anı hardadı? Hətta sıradan olan bir teleaparıcının məsələyə ani müdaxiləsi hər şeyin rəngini, məcra və axarını bircə anda dəyişə bilirsə, hadisə və surətlərin müəllifi və Allahdan aşağı yaradıcısı olmağın özü görün nə deməkdi… Yox əgər heç nəyə münasibət bildirmədən istənilən bir hadisə və əhvalatı danışırsansa, onda da azından bir nağılçı qismində iştirakçıya çevrilirsən. Dəxli yoxdu gözə göründün-görünmədin, sən orda, əstəfürullah, həm hər yerdə olan, həm də heç yerdə olmayan Tanrı kimisən.

-“Cadugər” adı ilə qələminizdən dünyaya gələn əsər dövrün tələbi ilə məcburiyyət qarşısında “Gümüşü gecələr” adı ilə çap olundu. Qələmi əlinizə alıb yazmaq istədiyiniz, amma nəyə görəsə çəkindiyiniz, qələmi yerə qoyduğunuz an olubmu? İndi fikir azadlığı varmı? Azad hiss edirsinizmi özünüzü?

-O vaxt o povestin yalnız adına etirazlar oldu. İnsafən, bircə vergülümə də toxunmadılar. Amma əvəzində kitab halında çıxan o yazıya o dövr üçün kifayət qədər sanballı hesab olunan qonorar (1800 m.) verdilər və onda oturub fikirləşdim: əgər gecə-gündüz işlədiyim və zülm çəkdiyim iki yerdən il ərzində vur-tut bir povestin gətirdiyi qədər qazanc əldə edə bilmirəmsə, yazı-pozudan niyə də möhkəm yapışmayım? O vaxt ev-eşiyim yox idi, yeddi il idi kirayələrdə idik, yoldaşım hər il yayda Duzdağa ayaq döyürdü və beş nəfərlik ailənin bütün ağırlığı tək mənim çiynımdə idi. Qəribədi ki, ən yaxşı, irihəcmli əsərlərimi o çətin illərdə, güzəranımızın ən agır vaxtlarında yazmışam.

İndi ad çəkmək istəmirəm, amma faktdı ki, istedadlı yazıçı dostlarımızın bir çoxu qələmi şura hökumətinin süqutu ilə tullayan ki, tulladılar. çünki həm nasir işi hər oğulun dözə biləcəyi bir iş deyil, adamdan məhrumiyyətlərə sinə gərmək, iradə və mətanət istəyir, həm də biz, mən və mənsub olduğum səksənincilər nəslı, süfrə başına yığılanda (90-cı illər) artıq onu yığışdırırdılar.

Sualınızın növbəti hissəsinə gəldikdə, deyim ki, indı kim nə istəyir, yazır. Ağzına gələni yazanlar da az deyil. Məndə elə olmayıb ki, nədənsə çəkinib qələmi yerə qoyum. Bu gün olsa-olsa bədii ədəbiyyat özünün əbədi və əzəli missiyalarından daha çox birini – oxucunun bədii zövqünü formalaşdırmaq missiyasıni yerinə yetirməklə məşğuldu. Bu baxımdan sözügedən sahədə fikir azadlığının olduğunu kimsə dana bilməz. Faktdır ki, çoxdandır qəzet-jurnal səhifəsi ağ çıxmır. Sonradan dərsi verilənlər isə yazıçı yox, daha çox gündəlik mətbu orqanlar və dövri nəşrlərdə çalışan publisistlər, daha dəqiqi, jurnalist ordusunun əsgərləridi.

Qırx ilə yaxındır ki, ədəbiyyat adlı bir yurd-yuvanın, bir ocağın sakinisiniz. ümid yeri bilib ucalığına söykəndiyiniz, ocaq yeri bilib od-alovuna isindiyiniz ədəbiyyatdan bəkləntiniz, umacağınız nədir? Nəyi arzuladınız, nəyi istədiniz ki, bu ucalığa gedib çatdınız? Bugünkü gündə gəlib çatdığınız məqamdan razısınızmı?

-Əslində umacaqlarımı dedim. İndiki halda mənim istəyim nə ola bilər axı? Hər bir insana olduğu kimi, yazıçıya da öz layiq olduğu halal haqqı verilsin. İnanın ki, yaxşı əsərl
ər də onda yaranar. İndi baxın: əsəri yazırsan, bir əziyyyət, onun elektron variantını hazırlayırsan, ikinci əziyyət, korrektə-redaktə də o biri yandan, sonra gəlir çap problemləri… Kitabı ən azı yenidən bir dəfə oxumalısan, pul tapıb onu nəşr etdirməlisən. Tutaq ki, lap bunu da elədin. Bəs sonra? Sonra da tirajı aparıb evin bir küncünə yığıb yavaş-yavaş onu dost-tanışa paylamaq qalır. Bunun da adına faydasız əmək deyirlər. Bundan başqa nəyəsə əli və imkanı çatmayan Azərbaycan yazıçısının bugünkü həyat və fəaliyyəti ən yaxşı halda bundan ibarətdi.

İndi çatdıqlarım heç də arzuladıqlarım deyil. Hayıf ki, mən istədiyimi yox, olsa-olsa bacardığımı eləyə bildim. Səbəb, bəlkə də, daha çox o oldu ki, zamanın çarxı yenicə çap olunmağa, söz deməyə hazırlaşdığımız bir vaxtda döndü, ictimai-siyasi sistem çökdü, külli-aləm kimi mizan-tərəzi də dəyişdi. İlahi nizamın hökm sürdüyü söz-sənət dünyasındakı çalxantılar son iyirmi ilin içində milli və mənəvi-etik dəyərləri heç-puç elədi. Bədii ədəbiyyatın obyekti olan insanın iç dünyası unuduldu, əvəzində cəmiyyəti ciddi ideyalardan məqsədli şəkildə yayındıran, oturuşmuş dədə-baba əxlaqına zidd əsərlər təblığ olunmağa başladı, on haldan doqquzunda naturanın bədiyyatı, hadisəçiliyin isə lirik-psixoloji üslubu üstələdiyi və artan xətt üzrə inkişaf edən bu proses nəticəsində həm də son bir əsr ərzində formalaşmış nəsr dilinin yerini moltanı dili tutdu. Nəzarətsizlik ucbatından indi bütün FM-lər də, telekanallar da o dildə danışır, qəzet və kitabların əksəriyyəti o dildə çıxır.

Burda söhbət 2000-ci ilə qədər və ondan sonrakı dövrün ədəbi-bədii prosesindən gedir. Hə qədər qəribə olsa da, Azərbaycan ədəbiyyatının zinəti sayılan yüksəkəyarlı nəsr nümunələrinin böyük əksəriyyəti məhz sözügedən dövrə qədər mövcud olan köhnə nəsr mexanizmi ilə yaradılıb.

Əgər dediyiniz kimi, bir nasir olaraq mən bu gün hansısa ucalıqda qərar tutmuş kimi görünürəmsə, hərçənd heç də belə düşünmürəm, bunu yalnız Yazıya ilahinin lütfü və qisməti kimi baxmaqla, ona bu yolda əvəzedilməz bir vəsilə və canlı kimi yanaşmaqla, bu xalqın yüksək mənəvi dəyərlərinə az-çox işıq tutmaqla nail olmuşam. O da əgər olmuşamsa…

-Gənclər, çağdaş ədəbiyyat haqqında düşüncələriniz və onlara tövsiyələriniz?

-Nə qədər kədərli olsa belə, artıq illərdi özümü gənclərin sırasında görmürəm. Deməklə deyil, çox şeylər daha arxada qalıb. Yaş iyirmi deyil, iyirmi beş deyil, yol yoxuşa diklənib. Elə bil ağır yazıçı qılıncının altından iyirmi-iyirmi beş yaşda keçdiyim o yazıları – “Köhnə kişi”ni, “Gözmuncuğu”nu, “Cadugər”i yazan mən olmamışam. Hərdən düşünürəm ki, o vaxt o ideya-məzmun, o cür yoğurub-yapma hardan ağlıma gəlib, görəsən? Bu sözü məndən adıçəkilən əsərləri yazdığım yaşdakı həmkarlarım haqda suala cavab istənildiyinə görə deyirəm. İstedadlı gənclər var, çoxdu onlar. Hiss olunur ki, dünya ədəbi arenasına çıxmaq imkanları da az deyil. Aralarında dil bilənləri, əcnəbi ölkələrin ədəbi orqanlari ilə əlaqədə olanları var, müxtəlif layihələr çərçivəsində işbirliyi yapırlar. Bu, əsas verir ki, gələcəyə və gənclərə ümidlə baxasan. Onlar haqda başqaları üçün də maraqlı olan fikir və iradlarım var, amma kimsə buna yekəxanalıq, kimsə özündən müştəbehlik kimi baxır deyənə, telefonla əlaqə saxlamaq mənə daha rahatdı. Kənan Hacı, Alpay Azər, Natiq Məmmədli, Mübariz örən, Fərid Hüseyn, Ayxan Eyvaz, Kəramət Cavid Zeynallı, Səxavəıt Sahil, Fariz Yunisli vaxtaşırı zəngləşdiyim və izlədiyim imzalardı.

-60 yaşın astanasında, 58 yaşın zirvəsində Əlabbas bəy geriyə baxanda nələri görür? Giley-güzarınız varmı? Qazandığınız və itirdikləriniz nə olub bu ömür-gün yolunda?

-Ədəbiyyata mənimlə bahəm gələn səksənincilərin artıq hamısı altmış yaş ərəfəsindədi. Onunla vidalaşanlar da var, qarşılamağa hazırlaşanlar da. Yaşın elə bir vaxtı gəlib çatıb ki, qəribə görünsə də, kimsədən seçilməməyə, böyük yazıçı ordusuna qovuşub gözdən itməyə çalışırsan. Tək yazıçı ordusunamı? Deyərdim ki, yox. Elə hamıya. Amma bu yaşın ən əlahiddə özəlliyi və qəribəliyi həm də orasındadı ki, gözlərin zəifləyən vaxtında tək keçib gəldiyin yaradıcılıq yolunu deyil, ymumiyyətlə, arxada qalanları, olub-olanları həmşəkindən daha aydın, necə deyərlər, qara şumda qara quzunu seçən tək görürsən.

O şeyləri ki, mən qazanmışam, onları təkcə istedadla əldə etmək olmur. Qətiyyət, iradə, inadkarlıq, mübarızə əzmi, döyüş ruhu olmadan hansı qazancdan söhbət gedə bilər? Giley-güzara gələndə isə, dediyim kimi, haqqı verilməyənlərdən biri və bəlkə də, birincisi yazıçıdı. Aktyor heç olmasa seriallara çəkilməklə, jurnalist qəzetçiliklə, müğənni toy ziyafətləri ilə çörək qazanır. Bəs yazıçı? Dövlət öz ziyalısına cahib çıxmalıdı. Daha üç çap vərəqi həcmində povestə iyirmi altı manat verməklə yox… Sadəcə, ayıbdı. Bu barədə diqqətini hər zaman hiss etdiyim gözəl və usta publisist Xalid Kazımlının “Köşə qiymətinə povest” qeydləri də var.

-Gözümüz, qulağımız öyrəşib, adətən bu cür məqamlarda qarşı tərəfdən sorulan soru, gələcək nəslə arzunuz nədir, olur. Mənsə tamam fərqli bir sualla bu söhbətə son qoymaq istərdim. 58 yaşlı Əlabbasa arzunuz nədir? özünüz özünüzə nəyi arzu edərdiniz? Nələri görmək istərdiniz özünüzdə?

-Bir yazımda dediyim kimi, roman yazmağın süpürgəçilik qədər də hörməti qalmayıbsa, başqa yol yoxdu, səbirli olsun, yalnız səbirli…

Söhbətləşdi: Aysu Cavanşirqızı




Yuxarı Əvvələ Ana Səhifə