XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 21:49

“Heydər Əliyev dedi ki, evin olandan sonra xanımın deyəcək…” –Sabiq nazirdən maraqlı açıqlamalar (VİDEO)

Misir-Merdanov-yy

 

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov maraqlı açıqlamalar verib. Strateq.az APA-ya istinadən sabiq nazirin fikirlərini təqdim edir:

 

***

 

…Uşaqlıq, gənclik illərini yadıma saldınız… O dövrdə ictimai münasibətlər, insanlar arasında münasibətlər, insanların müəllimə, təhsilə münasibəti indikindən çox fərqli idi. Məsələn, siz dediyiniz 1960-cı illərə qədərki dövrdə cəmiyyətdə müəllimin hörməti çox yüksək idi. Mən Salah kənd 7 illik məktəbi qurtarmışam, sonra bizim kənddən 4 kilometr aralıda olan Polad kənd orta məktəbinə getmişəm. O dövrdə kənd yerində əmək haqqını pulla alan yeganə şəxs müəllim idi və o, maaşını vaxtlı-vaxtında alırdı. Kolxozda işləyənlərə isə əməkhaqqı, əsasən, natural şəkildə, ildə bir-iki dəfə isə pul şəklində verilirdi. Biz tərəfdə ona donluq deyirdilər. Yəni  kolxozda işləyən kəndli ancaq maaş aldığı vaxt özünə, həyat yoldaşına, uşağına paltar ala bilərdi. Mənim fikrimcə, o zaman, əlbəttə, insanlar arasındakı münasibət daha səmimi, daha sağlam, daha möhkəm idi. Müəllimlərə ehtiyac bir tərəfdən ona görə çox idi ki, onlar insanlara, uşaqlara bilik verirdilər, digər tərəfdən isə, belə deyək, pul həmişə vacib amildir və pul yalnız onlarda olurdu. Hər hansı bir kolxozçunun, kəndlinin pula ehtiyacı olsa idi, hökmən, müəllimin qapısını döyməli idi. Cəmiyyətdə nağd pulla əməliyyatlar artdıqca, elə bil bu dəyərlərə hörmət də, təəssüf ki, azalmağa başladı.

 

…Niyə çətin şəraitdə təhsilə maraq daha güclü idi?… 1970-ci illərin əvvəlləri olardı, mən onda universitetdə adi müəllim idim. Heç dekan müavini də işləmirdim. Yay vaxtı idi-avqust ayı, qəbul imtahanları dövrü idi. Biz qəbul imtahanlarına qalmışdıq. Dedilər ki, bəs sabah, ölkənin birinci şəxsi, yəni Heydər Əliyev- Ulu Öndər universitetə gələcək. Hamı, əlbəttə, çox ciddi hazırlaşırdı, rektor, partkom, fakültə dekanları… Biz də həmin  gün böyük bir auditoriyada oturub müəllim kimi yazı işlərini yoxlayırdıq.

 

Birdən Heydər Əliyev nazirlərlə və  başqa yüksək vəzifəli şəxslərlə birlikdə içəri girdi. Mən Heydər Əliyevi yaxından, təqribən, bir-iki metr məsafədən ilk dəfə onda gördüm. 

 

Soruşdu ki, nə probleminiz var? Müəllimlərdən biri cavan adam idi,  dedi ki, mənim otuz neçə yaşım var, iki uşağım var, elmlər namizədiyəm, evim yoxdur. Hamı, xüsusən də, rektor, prorektorlar şok vəziyyətinə düşdülər…

 

Ancaq o müdrik kişi elə bir müdrik cavab verdi ki, hamıya dərs oldu. Heydər Əliyev dünyanın 10 nəfər dahisinin adını çəkdi ki, elm əsərlərini yazanda onların nə evləri olub, nə də evlərində işıqları… Yəni o şəraitdə işləyə-işləyə dahi olublar. Ancaq Ulu Öndər əlavə etdi ki, buna baxmayaraq, mən istəyərdim, bizim müəllimlərin hamısının yaxşı evi olsun. Yaxşı evin də olanda xanımın deyəcək ki, buna yaxşı çilçıraq lazımdır, mebel lazımdır…

 

Yəni Heydər Əliyev elə bir müdrik cavab verdi ki, hamıya xoş oldu, hər kəs o cavabdan çox razı oldu. Yəni o da var, bu da var. Bu xatirəmlə mən Sizin: “Niyə çətin şəraitdə təhsilə maraq daha güclü idi?” sualınıza, müəyyən qədər, cavab verməyə çalışdım.

 

…Məktəb illərində qazandığım zəhmətkeşlik, əməksevərlik kimi keyfiyyətlərin bəhrəsini indi də görürəm. Təvazökarlıqdan uzaq olsa da, orta məktəbdə oxuyanda mənim atam kənddə ən yüksək vəzifəni daşıyan adam idi – kolxoz sədri idi. Ona baxmayaraq, mən ailədə böyük övlad olmuşam, bizim heç birimiz  heç kəsdən heç zaman seçilməmişik. Camaatın uşağı ilə bərabər gedərdik-gələrdik.  Oxumaqdan əlavə həyətyanı sahəmizdə, qapımızda gözəl ağaclar əkirdim,  becərirdim. Anam indi də danışır ki, ali məktəbdə oxuyarkən qışda tətilə gedəndə evimizin bütün işlərinə kömək eləmişəm. Bütün bunlar, əlbəttə ki, könüllü idi. Hətta mən ali məktəb tələbəsi ikən yayda kəndə gedəndə kolxozçulara qoşulub ot biçiminə və digər işlərə gedirdik. Nəinki mən, bacılarım, qardaşlarım da oradan əmək haqqı almışıq, ailəmizə müəyyən qədər kömək də eləmişik. Tam könüllü. İndi mənim nəvələrim var, Allah hamıya qismət eləsin, uşaqlar böyüyüb. Evdə heç bir zaman nə atam, nə anam deməyib ki, bala, dur dərsini oxu, dərslərini hazırlamısan, məktəbə hazırsan?

 

O işlər, elə bil ki, adət halını almışdı. Biz bilirdik ki, oxumaq lazımdır. Allah hamının keçənlərinə rəhmət eləsin, mənim nənəm bizim yanımızda idi – atamın anası, görürdü ki, kitab oxuyuruq, deyirdi ki, ay bala, get, filan işi gör. Deyirdim, ay nənə, mən dərs oxuyuram axı. Deyirdi kitabını ver, qoy bacın oxusun, sən işini gör.

 

…Atam səhər gedərdi işə, gecə qayıdardı. Bütün ağırlıq, ailənin işi tək anamın üstündə idi. Biz  6 uşaq olmuşuq… Eyni zamanda evimiz həmişə qonaqlı-qaralı olub. O yükün də hamısı anamın boynuna düşüb. Və anam dinməz-söyləməz bütün bu işləri yoluna qoyub. İndi 90 yaşı olacaq anamın. Allah hamının anasının canını sağ eləsin. Ailənin idarə olunma sistemini özü qurub, öz sakitliyi ilə. Heç kəsin işinə müdaxilə eləmədən… Yalnız və yalnız özünün analıq vəzifəsini şərəflə yerinə yetirib, 6 övlad böyüdüb, onların böyüyü mənəm, 70 yaşı haqlamışam, digərləri də hərəsi böyük bir ailənin sahibidirlər…

 

…Mən istəyirəm, özümə borc bilirəm ki, bir neçə müəllimimin adını çəkəm. Məsələn, mənə orta məktəbdə yazıb-oxumağı öyrədən Gülxanım müəllimə olub. Allah rəhmət eləsin, çox xanım-xatın qadın idi. Bizim ailənin övladlarına, Yanıqpəyə kəndinin bütün adamlarına yazıb-oxumağı Gülxanım müəllimə öyrədib. Biz indi Qərbi Azərbaycan deyirik, o zamankı Ermənistanda bizə münasibət nə qədər mənfi olsa da, Gülxanım müəlliməyə  Ermənistanın əməkdar müəllimi adını verməyə məcbur olmuşdular. Mən bu gün riyaziyyat müəllimim Mürsəl Budaqovu çox böyük hörmətlə xatırlayıram. O da İrəvanda Pedaqoji İnstitutun riyaziyyat fakültəsinin Azərbaycan bölməsini  bitirmişdi. Bütün Qaraqoyunlu dərəsində Mürsəl Budaqov çox savadlı  riyaziyyat müəllimi kimi  ad qazanmışdı. Onun zəhməti, müəllimliyi, ziyalılığı hesabına məzunların böyük bir qrupu riyaziyyatçı oldu və bu gün də riyaziyyatçı kimi işlərini davam etdirirlər. 1988-ci ildə Mürsəl müəllim orada yaşayan digər azərbaycanlılar kimi, Azərbaycana gəlməli oldu. Bakı şəhərinin Binəqədi rayonunda yenə riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirdi… Yəni, insan, doğrudan da, gərək, anadan müəllim kimi doğulsun. Mürsəl müəllimə nə iş və ya nə qədər əmək haqqı təklif eləsən də, o, başqa bir peşənin sahibi ola bilməzdi. Çünki anadangəlmə riyaziyyat müəllimi idi. O baxımdan mən də  bu peşədən əl çəkə bilmərəm. Bu gün də hər həftənin ikinci günü saat 10-da Bakı Dövlət Universitetinin magistrləri gəlir, mən onlarla görüşürəm və onlarla öz övladlarım kimi məşğul oluram. Bilirsiniz, indi də biz ona çalışmalıyıq ki, uşaqlar müəllimin yanına zorla yox, onu sevə-sevə, ona öz atası, anası, ən yaxın adamı kimi münasibət bəsləyə-bəsləyə getsinlər. Əmin olsunlar ki, müəllimdən nə isə götürəcək və inkişaf edəcəklər…

 

…Müəllim olmayan müəllimi tam dərk edə bilməz… Mənim atam 1938-ci ildə İrəvanda pedaqoji məktəbi bitirib, orada müəllim kimi işə başlayıb. Düzdür, sonradan başqa işə keçib, müəllim olub, məktəb direktoru olub, kolxoz sədri işləyib. Onun müəllimlərə xüsusi münasibəti var idi. Bayaq adını çəkdiyim Mürsəl Budaqov, yaşı səksəni haqlasa da, atamın yas yerinə gəlmişdi. O atam haqqında danışarkən dedi ki, Cumayıl olmasa idi, ermənilər məni həbs elətdirmək istəyirdilər. O mənim arxamda durdu, bizim tərəfdə elin-obanın liderləri həmişə müəllimə böyük hörmətlə yanaşıblar. Ona görə də, indi, məsələn, balaca bir kənddən, mən sizə deyim ki, 30-a yaxın alim çıxıb, onların arasında 7-8 nəfər professor var. Halbuki, 100-120 il bundan qabaq, həmin kənddə məktubu yalnız bir adam oxuya bilirmiş. Qısa müddət ərzində təkcə bölgədə yox, bütövlükdə Azərbaycanda böyük inkişaf gedib. Bunlar hamısı müəllimə, təhsilə olan münasibətlə bağlı olub.

 

…Dediyiniz kimi, müxtəlif vəzifələrdə çalışmışam. Hər vəzifənin özünə uyğun həyat dərsi olub.

 

Məsələn, 1970-1972-ci illərdə aspiranturada təhsil almışam. O dövrün öz dərsi olub, çalışmışam ki, dissertasiya işi yazam, sırf elmi işlə məşğul olum, məqalələrim çap olunsun. Mənim özümün də, atamın-anamın da əsas arzusu olub ki, tez alim olum, dissertasiya müdafiə edim. Deyək ki, ondan sonra müəllimlik məsələsi olub ki, hansı kafedrada, harada işləməlisən, hansı dərsi deməlisən, necə deməlisən. Sonra, müxtəlif vəzifələr, vəzifənin müxtəlif pillələri olub.

 

Məsələn, düşünürəm ki, əgər mən universitetdə 12 il böyük bir fakültənin dekan müavini işləməsəydim, mənim sonrakı karyeram ola bilməzdi. Mən özümü universitet kollektivinə fakültənin dekan müavini olaraq, tanıda bilmişəm, təqdim edə bilmişəm, hörmətini qazanmışam. O zaman o fakültənin dekanı, Allah qəni-qəni rəhmət eləsin, Azərbaycanın çox böyük riyaziyyatçısı Arif Babayev idi. O, əsasən, belə deyək, camaatın arasında olurdu, amma əsas yük, ağırlıq, hamı deyir ki, mənim üzərimə düşürdü. O dövrdən məni universitetdə tanıyıblar. Eyni zamanda, mən o zaman da, bu zaman da, heç vaxt auditoriyada dərs demək işindən ayrılmamışam. Bilirsiniz, bu iş peşəkar bir işdir. Məsələn, tarçalanı 10 il, bəlkə də 5 il ifadan uzaqlaşdırsan, onun barmaqları, yəqin, o simin üzərində elə hərəkət eləyə bilməyəcək. Ona görə də bu peşənin daim içərisində olmalısan.

 

Məsələn, əgər mən Təhsil Nazirliyində 3 il şöbə müdiri, idarə rəisi və nazir müavini olmasaydım, əlbəttə, mənim üçün sonra təhsil naziri olmaq çox çətin olardı. 1998-ci ildə Ulu Öndər məni nazir vəzifəsinə təyin edəndə o yaxşı bilirdi ki, mən bu müəssisədə işləmişəm, bütün tərcümeyi-halımı çox yaxşı bilirdi. Nazirliyə gələndə mənim üçün  o qədər də çətin olmadı. Çünki kollektivi də bir az tanıyırdım. Bu iş də mənim üçün yeni deyildi. Ancaq mən xüsusi vurğulamaq istəyirəm ki, əgər sən bu işlərə pillə-pillə davam edib gedirsənsə, o əlbəttə, millət üçün də, dövlət üçün də daha faydalı olar. Onu da deyim ki, indi Sovet dövrünün bəzi məqamlarını biz bəyənmirik, pisləyirik və s. Ancaq etiraf eləmək lazımdır, Sovet dövrünün özünün çox müsbət keyfiyyətləri var idi.

 

Məsələn, o dövrdə hər adamı raykom katibi qoymazdılar. Yəni indiki icra başçısı. Onun üçün müəyyən pillələrdən keçmək lazım idi. Müəyyən biliklərə nail olmaq… Yəni belə olsa, ağrılar daha az olar, mən, şəxsən, belə düşünürəm.

 

…Mənim 3 övladım var. İndi oğlum artıq 40-ı keçib, qızlarım böyüyüb. 7 nəvəm var, Allah hamıya qismət eləsin. Həyatımda, tam məsuliyyətlə deyirəm, heç bir zaman heç kəsdən seçilməməyə çalışmışam. Məsələn,  heç kəs bilməyib ki, Misir Mərdanovun – təhsil nazirinin oğlu filankəsdir və filan hərəkətləri elədi. O adi adam kimi olub. Hətta bir-iki dəfə məndən soruşublar ki, oğlum harada işləyir… Demişəm ki, mən dekan müavini olanda harada işləyirdisə, elə həmin yerdə də işləyir. Üç bacı, üç qardaşıq. Bacılarım, qardaşlarım da elə mən nazir olandan  indiyə qədər, nə işdə işləyiblərsə, qurtaranda da həmin işdə işləyiblər. O 15 il ərzində birinin bir rütbəsi belə qalxmayıb. Yəni biz bu yolla getmişik. İndi də yenə bacılarım, qardaşlarım  həmin iş yerlərində işləyirlər.

 

Mənə elə gəlir ki, yol bütöv olmalıdır, düz olmalıdır ki, o yolu gedə biləsən. Açığını deyim ki, bu illər ərzində mən cəmiyyətimizdən, dövlətimizdən, dövlətimizin rəhbərliyindən çox razı qalmışam və bu gün də çox razıyam. Allahıma şükür edirəm. Hər zaman hara getmişəmsə, çox böyük hörmət görmüşəm. Məsələn, indi bir yerdə mağazaya girirəm, hamıdan hörmət görürəm. Görürsən, hamı geriyə çəkilir, yol verir. Ondan böyük hörmət, izzət, sərvət yoxdur. Məsələn, bu gün məndən vəzifədə böyük adamlarla bir yerə  gedəndə görürəm ki, mənə daha yaxşı münasibət var. Bu mənə deyir ki, sənin vaxtında çəkdiyin zəhmət, əziyyət boşuna getməyib. Mən bununla fəxr edirəm. Həyatımdan da razıyam. Ailə üzvlərimdən də razıyam. İndiki işimdən də çox razıyam. Özünüz də gördünüz ki, bir dəqiqəmiz, demək olar ki, boş keçmir. Mən artıq 3 ilə yaxındır ki, Akademiyanın Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində işləyirəm. Ora keçməyim də elə hamar oldu ki… Çünki vaxtilə orada işləyən adamların böyük əksəriyyətinin müəllimi olmuşam və yaxud da mən universitetdə işləyəndə orada çalışan adamlar olub. Bir qismi yaşda məndən böyük olsa da, çox böyük hörmətlə, izzətlə işləyirik və inanırsınız, heç bir an da yoxdur ki, boş olsun. Zorla çatdırırıq işi.

 

…Təhsil tariximizin öyrənilməsini və yazılmasını mənə Ulu öndər Heydər Əliyev tövsiyə edib. Mən baxdım ki, təhsilimizin tarixi barədə bizim, doğrudan da,  çox az məlumatımız var. Elə o zamandan da başladım kompüterdə yazmağı öyrənməyə. Müəyyən adamlarla məsləhətləşdim. Müəllifi olduğum “Azərbaycanın təhsil tarixi”  adlı dördcildliyin, “Azərbaycanın təhsil nazirləri” kitabının, ümumiyyətlə, ziyalılıq tarixinin araşdırılmasına aid əsərlərin işıq üzü görməsi bu tövsiyəyə əməli cavabdır.

 

…Heydər Əliyev mənə tapşırıq verdi ki, onun 1969-cu ildən Azərbaycandan kənarda təhsil almağa göndərdiyi məzunlarla  görüşünü təşkil edim.  1998-ci il avqustun 30 da indiki Heydər Əliyev Sarayında  həmin tarixi görüş baş tutdu. Ulu Öndər  orada elə bir çıxış elədi ki, bu gün də mən o çıxışa qulaq asanda kövrəlirəm. Həmin il sentyabrın  sonunda biz Müstəqil Azərbaycanın ilk Müəllimlər qurultayını keçirdik. Mən  bir  saatlıq böyük bir məruzə hazırlamışdım. Heydər Əliyev əvvəldən-axıra kimi qurultayda iştirak etdi. Mənim məruzəmi bəyəndi və özü  də tarixi bir çıxış elədi. Sonra fasilə oldu. Mühafizəçilər onu əhatəyə alanda Heydər Əliyev dedi ki, məni müəllimlərdən qorumaq lazım deyil. Bir anın içində  müəllimlər onu üzük qaşı kimi əhatəyə aldılar. O şəkilləri müəllimlər  indi də ən gözəl xatirə kimi saxlayırlar, mən də həmçinin…

 

…Heydər Əliyev haqqında çox yazılır, yazılacaq da.  Amma onun müəllimlərə və şagirdlərə olan münasibəti,  görüşlərdəki məqamların hər biri bir tarixi hadisədir. Mənm bütün bunları   həyatımın ən qiymətli anları hesab edirəm…

 

….Mən universitetdə prorektor idim. Xalq Cəbhəsinin dövrü idi. Rektorumuz Firudin Səməndərov idi. Universitet arxivinin müdiri Qafurova familiyalı bir xanım mənə zəng vurub dedi ki, müəyyən adamlar gəlib Heydər Əliyevə aid qovluğu axtarırlar. Doğrusu, mən bilmirdim ki, arxivdə belə bir qovluq ola bilər. Dərhal sürücümə dedim ki, bu xanımla get, o qovluğu gətir. Qovluqda mən nələr gördüm?… Heydər Əliyevin Naxçıvanda Pedaqoji İnstitutu  bitirməsi barədə attestatın əsli, universitetə qəbul olunarkən rektorun adına  yazdığı ərizə… Qəbul imtahanında bir fəndən “dörd” veriblər. Bununla bağlı Heydər Əliyevin Cəfər Xəndana yazdığı apelyasiya şikayəti, buraxılış imtahanları, diplom müdafiəsi ilə bağlı sənədlər… Mən rektor təyin olunanda onların hamısını Heydər Əliyevə verdim, bu barədə  “Heydər Əliyev və Bakı Dövlət Universiteti” adlı bir kitab da yazdım. Həmin anları həyatımın ən qiymətli anları hesab edirəm…

 

… Ola bilər ki “ Azərbaycan təhsil tarixi” adlı dördcildliyə bu gün  yetəincə qiymət verilmir. Amma mən düşünürəm ki, 100 il sonra onları arxivlərdən əl-əl axtaracaqlar. İndi biz bu anları yaşayırıq. Lakin onlar hələ tarixiləşməyib. Hadisələr tarixiləşəndə ona daha çox qiymət  verirlər. Həmin dördcildlikdə ən ciddi faktlardan biri odur ki, biz təkcə, indiki Azərbaycan ərazisindəki təhsil tarixini verməmişik, indi Ermənistan adlanan ərazidə, Gürcüstanda, Dağıstanda, Cənubi Azərbaycanda təhsil alan azərbaycanlılar haqqında, onların təhsil tarixi, bu prosesdə müstəsna xidməti olan şəxsiyyətlər haqqında geniş məlumat vermişik. Məsələn, bu gün çoxları bilmir ki,  Azərbaycanda ilk dəfə ibtidai siniflər üçün “Riyaziyyat” dərsliyini dahi Üzeyir Hacıbəyov yazıb. Biz “Azərbaycanın təhsil tarixi” dördcildliyində  Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, İsmayıl bəy Qasprinski, Hacı Zeynalabdın Tağıyev  və başqaları haqqında, eləcə də onların yaratdıqları məktəblər haqqında geniş məlumat vermişik.

 

… Təhsil naziri oldum və bu vəzifədən çıxdım, nə dəyişdi, nə dəyişmədi? Bu sualı mənə çox verirlər. Ümumiyyətlə, hamımız bir həqiqəti dərk eləməliyik, təhsil elə bir sahədir ki, orada qısa müddətdə ciddi dəyişiklik etmək çox çətindir. Mən üç ilə yaxındır ki, o vəzifədən çıxmışam. Yeni nazir gəlib. Allah onun işini uğurlu eləsin. Bu yaxınlarda mən bir mərasimdə idim. Gördüm ki, indiki nazirimiz gəlib dayanıb. Dəvət elədim. Yanaşı oturduq. Və bizim yanaşı oturmağımızı çoxları qısqanclıqla qarşıladı. Biz çox yaxşı söhbət elədik. Tez-tez görüşürük. Mən ona öz övladım kimi baxıram. Çox tərbiyəli bir oğlandır. Və məni vəzifədən çıxardan gün ilk onu təbrik edən mən olmuşam. Üç il ərzində ona demək ki, təhsil sahəsində ciddi bir yenilik elə, onu gözləmək doğru bir şey deyil.

 

…Şəxsən mənim üçün nə dəyişdi? Mən getdim başqa bir müəssisəyə. Əlbəttə, desəm ki, heç bir hiss keçirmədim, bu, düzgün olmazdı. 15 il  işlədiyin bir müəssisədən, iş yoldaşlarından ayrılmaq o qədər də asan məsələ deyil. Amma, eyni zamanda, hamı bilməlidir ki, vəzifə heç kəs üçün  daimi deyil. Bir gün gələn adam bir gün də getməlidir. Və mən o gedişi 2-3 il qabaq gözləyirdim.  Mən buna tam təbii baxsam da, elə bil bir istəyim qaldı ki,  görəsən, bu 15 il ərzində bizim qurduqlarımız, yaratdıqlarımız, həyata keçirmək istədiklərimiz davam edəcəkmi? Məni ən çox düşündürən o idi…

 

…İki  həftə sonra bu vəzifəyə gəldim. Bu vəzifədə də o vaxtdan bu vaxta kimi işimi davam etdirirəm. Məsələn, bir həftəlik iş rejimimi deyim… Hər həftənin ikinci günü magistrlərim gəlir, onlarla məşğul oluram. Üçüncü gün institutun elmi seminar günüdür. Bu seminarda bizim institutun əməkdaşları ilə yanaşı, müxtəlif təhsil müəssisələrində çalışan, elmdə sözü olan, eləcə də, xaricdən gələn riyaziyyatçılar iştirak edirlər. Hər həftənin dördüncü günü rəhbəri olduğum  “Optimal İdarəetmə mərkəzi”nin seminarı olur. Beşinci gün riyaziyyat üzrə namizədlik və doktorluq dissertasiyaları üzrə Müdafiə Şurasının iclas günüdür. Mən həmin şuranın sədriyəm. Beləliklə, həftə tam doludur. Özümsə, bilavasitə, Azərbaycanda riyaziyyatın inkişafı tarixi ilə məşğul oluram. Araşdırmışam ki, indiyə kimi Azərbaycanda 150-yə qədər riyaziyyat üzrə elmlər doktoru olub. Bu gün bizim riyaziyyatçılardan 40 nəfərə yaxını Türkiyədə işləyir. Qardaş ölkədə riyaziyyatın inkişafı birbaşa onların fəaliyyəti ilə əlaqədardır. Azərbaycan  riyaziyyatçıları Meksikada, Amerikada, Yaponiyada, Almaniyada, dünyanın müxtəlif ölkələrində çalışırlar. Biz istəyirik ki, onların gücündən istifadə edib Azərbaycanda riyaziyyat elmini daha da inkişaf etdirək. Prezident İlham Əliyevin dediyi kimi, bizim hədəfimiz odur ki, yaxın gələcəkdə Azərbaycan regionda elmin lideri olsun.

 

Bu üç ilin ərzində bir neçə uğurumuzu qeyd etmək istəyirəm. Dünyada alimin, elmin qiymətini verən ən tanınmış agentlik “Thomson Reuters” agentliyidir. Bu günə qədər Azərbaycandan yalnız bir elmi jurnal həmin agentliyin siyahısında idi. O da BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun buraxdığı jurnal. Bu yaxınlarda bizim Riyaziyyat və Mexanika İnstitutunun, yəni Azərbaycan Riyaziyyat Cəmiyyətinin jurnalı da həmin siyahıya daxil oldu. Bu, çox böyük bir uğurdur.

 

Beynəlxalq “Scopus” agentliyi Azərbaycanda bir qiymətləndirmə keçirib.  Qiymətləndirmənin nəticələrinə görə, Azərbaycana  7 mükafat təqdim  olunub.  1-ci nominasiyada Fizika İnstitutuna və bizim instituta mükafat verildi. Universitetlərdə aparılan elmi-tədqiqat işlərinə görə Bakı Dövlət Universitetinə və Texniki Universitetə mükafat verildi. Jurnallar arasında isə bizim institutun jurnalı mükafat alanlar siyahısında oldu.

 

…Ailə  həyatına gəldikdə, 40 ildən çoxdur ki, bərabərik. Mən özümü uğurlu adam hesab edirəm. Elə 70 yaş yaşamağın özü hər kişinin işi deyil. Atamın, anamın dəstəyi, daim mənə arxa durmaları olmasaydı, yəqin ki, mən bu uğurları qazana bilməzdim. Ailəm və vəfalı həyat yoldaşım həmişə mənə dəstək olub. Əslinə qalsa, bəlkə də o, elmi işlə məşğul olsa idi, çox böyük uğur qazana bilərdi. Lap gəncliyindən çox bilikli  və bacarıqlı xanım olub. Tibb texnikumunu fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirib. Ancaq ailə qurandan sonra o özü belə bir qərar qəbul edib ki, mən indi ailəmə və həyat yoldaşıma xidmət eləməliyəm. Çox yerə dəvət etsəm də, o, uşaqların, eləcə də nəvələrin tərbiyəsi ilə məşğul olmağı üstün tutub. Bu gün də belədir. O, daim mənim arxam, dayağımdır. Bir yerimiz ağrıyanda onun üstünə yüyürürük. Yeməyimizi, əsasən, evdə balalarımızla yeyirik. Bütün bunları mən ən böyük xoşbəxtlik hesab edirəm. Çox gözəl bacılarım, qardaşlarım var. İndi daha tez-tez görüşürük. Açıq deyim dəəvvəllər belə idi ki, məni əhatə edən adamlar, bəlkə də, özlərinin xeyrinə çalışaraq, elə bir təbəqə düzəltmişdilər ki, qardaş-bacım mənə yaxın düşə bilmirdi. Hətta o zaman oğlum deyirdi ki, ata, sonra bunlar sənə yaxın gəlməyəcək. O zaman mən onu qınayırdım ki, a bala, mən  işləyirəm, dövlətin işidir axı… Ancaq indi hiss edirəm ki, qardaş qardaşdır, bacı bacıdır, həyat yoldaşı həyat yoldaşıdır. Hərəsinin öz yeri var… Mən bu yolu artıq keçmişəm. Gənclərə tövsiyəm budur ki, dost da sağ olsun, ətraf da sağ olsun, ancaq sonda insana qalan onun atasıdır, anasıdır, övladıdır, həyat yoldaşıdır, bacısıdır, qardaşıdır. Qoy bunu unutmasınlar.