XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

03 May 2015 - 08:40

Aslan Quliyev: “Tənqidimiz yaradıcılığa deyil, yazıçının maddi imkanlarına qiymət verir” – Müsahibə

“Sənətlə pornoqrafiya arasındakı sərhədin götürülməsinin qəti əleyhdarıyam”

Strateq.az-ın suallarını tanınmış yazıçı Aslan Quliyev cavablandırır

– Aslan bəy, sizi çağdaş nəsrimizin ünlü isimlərindən hesab edirlər. Amma ədəbi tənqidin istər Sizə, istərsə də mənsub olduğunuz ədəbi nəslə qarşı qısqanc münasibəti göz önündədir…

– Bizdə tənqid əsasən sifarişli və məqsədlidir. Onlar bir qayda olaraq yazılara yox, müəlliflərə münasibətlərini bldirirlər. Sənin yazılarını yox, imkanlarını qiymətləndirirlər. İmkanların yaxşıdırsa, tənqidçi üçün nəsə eləyə bilərsənsə, yazılarını araşdıracaq, tərifləyib göylərə qaldıracaq. Yox, imkanların tənqidçi üçün yaxşı heç nə vəd eləmirsə, əsərlərinə də elə belə qiymət verəcəklər: “Yaxşı heç nə vəd eləmir”. Rəhim Əliyevin, Əlabbasın, Eyvaz Zeynalovun əsərləri hələ də öz tənqidçilərini gözləyir. Mən bu haqda çox yazmaq istəmirəm. Sadəcə, istərdim tənqidçi qardaşlarım bilsinlər, barıtı əndazəsiz çox eləyirlər. Bizi aldatdınız, ədəbiyyatı oxucuların gözündən saldınız, bu sizin işiniz. Amma arada bir düşünün, bunca körükləyib şişirtdiyiniz yazılarla Biləcirədən o tərəfə keçə bilərikmi? Axı bunlar indi üçün yox, tarix üçün yazılır. Qalacaq axı.

– “Ağrı” adlı gözəl romanla gündəmə gəldiniz. Heyhat, o cür aktual əsərə münasibət bildirilmədi. Necə deyərlər, “Mumu”nu yazan Turgenyev, heykəl qoyulan Qoqol… Qəribə deyilmi?

-Mən «Ağrı»ya çox illərimi verdim. Deyirdilər, bu mövzuda yazılar yazılmır, romanlar yoxdur. Mən də bu mövzuda yazmağa başladım. Əsasən rus, erməni mənbələrini oxudum. Bir yazıçı, bir insan kimi tərəf saxlamadan, hadisələrə obyektiv qiymət verməyi qərara aldım. Bu haqda demək olar, yazılmır, danışılmır. Bu ədalətsiz iddialar, müharibələr, işğallar təkcə bizim minlərlə insanımızın həyatına son qoymayıb, təkcə torpaqlarımızın işğalı ilə nəticələnməyib. Həm də bizim xristian kimliyimizin üzərindən xətt çəkilib, böyük, zəngin bir mədəni irsi itirmişik. Azərbaycan ərazilərinin 80 faizindən çoxunda bizim xristian əcdadlarımız yaşayıblar. Hanı onların kilsələri, abidələri, yazılı mənbələri? Bu irsin, heç olmasa, milyonda bir fazinə sahib çıxmışıqmı? Heç olmaya bu boyda ağrı-acılardan sonra bu sahədə bir iş görə bilmişikmi? Yox. Görməmişik, görmək fikrində də deyilik. «Ağrı» az da olsa, bu boşluğu doldurmağa cəhddir. Ermənilər və onların havadarları tarixdə heç yerdə və heç zaman görünməmiş vəhşilikləri təkcə bu təkcə bu torpaqlarda yaşayan müsəlmanlara yox, bu torpaqlarda yaşayan xristian əcdadlarımıza qarşı da törədiblər. Bu cür aktual, bizim üçün mühüm, vacib olan məsələlərə münasibət bildirmək isə təkcə vətəndaşlıq yox, həm də vicdan məsələsidir. Təkrar edirəm, vicdan məsələsi! Bax, ədəbiyyatımızda bu çatışmır. Korluğunu çəkirik. “Ağrı” çap olundu. Sözün düzü, mən cəmiyyətdən də, ədəbiyyatdan da ayrı bir münasibət gözləyirdim. Amma elə bil qurbağa gölünə daş atıldı. Qəribədir, sanki bu romanın adını tutmağa qorxurlar.

– Hazırda günümüzü panoram edən gözəl əsərlər yazılır. “Azərbaycan nəsri”adı ilə dünya ədəbiyyatına çıxası nümunələr varmı bu gün, ya özümüzü aldadırıq?

– Dünyaya çıxardılası nəsr əsərlərimiz var. Dünyaya çıxmaq deyəndə hansısa yazıçının dünyanın hansısa ölkəsində kitabının çap olunmasını nəzərdə tutmuram. Kitab çap olundu, qaldı kitab dükanlarının bir küncündə. Toz basdı. Bu dünyaya çıxmaqdırmı? Bu kitablar təbliğ olunmalıdır, reklamı, yayılması təşkil olunmalıdır. Bax, buna bizim imkanlarımız çatmır. «Modern Azərbaycan nəsri» Amerikada, ingiltərədə çap olundu. Yaxşı. Bəs bizi neçə nəfər oxudu? Haqqımızda hansısa ədəbiyyat dərgilərində yazdılarmı? Məsələ budur. Mənim izlədiyim qədəriylə son illərdə xaricdə uğurla çap olunan və əsərləri yayılan, təbliğ olunan Kamal Abdulla və çingiz Abdullayevdir. Buna yalnız sevinmək lazımdır.

– Son illər şou-biznes və publısıstikada olduğu kimi, ədəbiyyatda da bir vulqar ab-hava hökm sürməkdədi. Qeyri-etik ifadələr, xoşagəlməz səhnələr, bir sözlə, xalqımızın əxlaqına yabançı amillərin gen-bol təbliğinə sanki bir canatım hiss olunur. Nədi bu? Mənəviyyatın aşınması, deqradasiya, ya?…

-Məni şou-biznes maraqlandırmaz. Oranın öz adamları var, öz sifətlərini və kimliklərini hər gün nümayiş etdirirlər. Ədəbiyyatda isə bu dedikləriniz vulqar ab-hava yox, gülməli mənzərə yaradır. Bizim nasirlərimizdə belə bir qənaət yaranıb ki, artıq bütün dağları aşıblar, bircə qalıb hər şeyi öz adıyla yazmaq. Yazdılarmı, Nobel mükafatı hüzurlarındadır! Xonçada gətirib bunlara verəcəklər. Heç nə verməyəcəklər! Belə yazmaq yazıçıya günü bulvar təsərrüfatını eşələyib yüngül və qeyri-ciddi yazılar oxumaq olan beş-on oxucu qazandıra bilər. Bundan o tərəfə gedə bilməzlər. Sənətlə pornoqrafiya arasındakı sərhəddin götürülməsinin qəti əleyhdarıyam.

– Əyalətdə yaşamaq nələrdə Sizə mane olub? Ya bəlkə, əksinə, şəhərdə yaşamamağınız nasir xoşbəxtliyinizdi?

-Əyalətdə yaşamaq mənə mane olmur. Zərrəcə də. Tam əksinə, səs-küydən, tozdan, tüstüdən uzaq olduğum üçün özümü xoşbəxt hiss eləyirəm.

-Əlahiddə vəziyyətdə sizə əcərlərinizdən tək birini özünüzlə götürmək ixtiyarı verilsəydi, seçiminiz hansı olardı? Niyə?

– Belə bir seçim eləyə bilməzdim. Hansısa bir yazıçının eləyə biləcəyinə də inanmıram.

-Oxucular sizi həm də adlı-sanlı tərcüməçi kimi tanıyırlar. Bu sahədə görülən işlərə yanaşmanız…

– Mən adlı-sanlı yox, adidən adi tərcüməçiyəm. İşimə məsuliyyətlə yanaşıram. Görülən işlərə də normal baxıram. İş olan yerdə, nöqsan da olacaq. Düzdür, ara-sıra bəzi özünü dağ başına qaldıran tənqidçilərimiz onun-bunun bostanına daş atırlar. Amma öz tərcümələrinə baxanda isə belə məlum olur ki, əsl daşlanmalı öz bostanlarıdır.

Söhbətləşdi: Aysu Cavanşirqızı




Yuxarı Əvvələ Ana Səhifə