XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

04 Mart 2015 - 16:42

“Fərqliliklərimizə kültürəl zənginlik olaraq baxmağımız lazımdır”

Telman Nüsrətoğlu: “Bir millət hafizəsini itirərsə, kimliyini də itirmiş olar”

Son zamanlar müxtəlif KİV-lərdə bəzi ziyalı və ictimaiyyət xadimlərimizin tariximizi mühakimə etdiklərinin şahidi oluruq. Əsasən tarixi şəxsiyyətlərimizi hədəfə alan bu müzakirələr bəzən kəskin mübahisələrlə yadda qalır. Tarixə fərqli münasibətlərimiz bizim bir millət kimi ortaq tarixi şüurumuzun formalaşmamasından xəbər verir. Görəsən, hələ də oturuşmamış tarixi şüurumuzla hara gedirik və bu ayrılığın qarşısını necə ala bilərik?

İstanbul Universitetinin tədqiqatçısı, həmyerlimiz Telman Nüsrətoğluyla söhbətimiz məhz bu mövzu ətrafında oldu.

-Telman bəy, bir tarixçı kimi sizin fikirlərinizi öyrənmək maraqlı olardı. Azərbaycanda aparılan bu müzakirələrin səbəbi nədir? ümumiyyətlə bir xalqın formalaşmasında onun tarixi şüurunun nə qədər əhəmiyyəti var?

-Bir insanın başarılı, güclü olması, hər çətinlik və sınaq qarşısında çarə tapması üçün hafizəsi nə qədər önəmlidirsə, millətlərin də həyatında tarix şüuru , tarixi hafizə o qədər önəmlidir. Bir millət hafizəsini itirərsə kimliyini də itirmiş olar. Milli kimliyini itirmiş millətlər isə yox olmağa məhkumdur. Adətən müstəmləkəçi güclər bir milləti işğal etdikdən sonra onun tarixiylə oynamağa başlarlar. çingiz Aytmatovun manqurtlaşma heykayəsini bilirik. Hafizəsi itmiş və ya saxtalaşdırılmış bir millət dostunu düşmənindən ayırd edə bilməz. Və daha sonra da dilini, kültürünü, inancını itirir. Assimilasiya, dönüşdürmə siyasətləri də öncə tarix anlayışıyla başlar. Hədəf olaraq seçilmiş millətin milli kodları, tarixdən süzülüb gələn xarakteristik özəllikləri, təmayülləri öyrənilir və ona uyğun olaraq müstəmləkəçi təhsil, mədəniyət siyasəti formalaşdırılır. Baxın, çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra bir neçə araşdırma quruluşu, cəmiyyətlər vasitəsiylə demək olar ki, bizim bütün bölgələr üzrə tarixi, etno-demografik, dini, kültürəl xəritəmizi tərtib edib ona görə davranıblar. Nəsillərlə nəsillər arasındakı əlaqənin davamı üçün, milli nihilizmə yuvarlanmamaq üçün tarix şüuru çox vacibdir.

-Uzun illər rus əsarətində yaşayan Azərbaycan xalqının, təbii ki, tarixi şüuru da düzgün formalaşdırılmadı. Sovet tarixçiliyinin öyrətdiyi tarix fəlsəfəsi xalqımızı türk etnosundan ayrı şəkildə göstərdi və dolayısıyla əsrlər boyu kimlərinsə əsarətində yaşadığımız bizə təlqin olundu. Sovet ideologiyasının öz mahiyyətinə uyğun təlqinləriylə tarixdə yaşamış qaçaq, quldurları ən böyük qəhrəmanlarımız kimi tanıdıq. Sizə elə gəlmir ki, korrupsiyaya və dövlət əmlakını dağıtmağa meylliliyimiz məhz bu dünyagörüşünün ruhumuza hakim olmasından doğur?Sovet izlərini tarixi şüurumuzdan təmizləmək üçün nə etməliyik?

-Haqlısınız. Məncə, problemin kökünü araşdırmaq üçün bir az daha geriyə- çar Rusiyası dövrünə getmək lazımdır. Bizim bütün tarix konsepsiyamız həqiqi milli hafizəmizə uyğun olaraq yenidən formalaşdırılmalı, Quzey və Güney Azərbaycan coğrafiyasının tarixi ümumtürk tarixi kontekstində işlənməlidir. Bu coğrafiyada dövlətlər qurub dövlətlər yıxan əsas aparıcı etnos, təbii ki, türk etnosudur. Niyə bizim insanımıza bütün Asyanı, Avropanı titrədən hunlar, avarlar , göytürklər, səlib yürüyüşlərinin önündə dim-dik duran, Anadolunu islamlaşdıran səlcuqlular öz şanlı tarixinin bir hissəsi olaraq öyrədilməməlidir.? Babürlər də , şeybanilər də , səfəvilər də , osmanlılar da bizim tariximizdir. Biz türk tarixinə bir bütün olaraq baxa bilmədiyimiz üçün Qarabağ məsələsini, erməni məsələsini də düzgün qavraya bilmirik. Erməni bir proje dövlətdir, bəs bu projenin müəllifi kimdir, onun hədəfləri nədir? Erməni problemi Anadoluda bir cür, Qarabağda başqa cür olmur ki. Bu məsələ əsrlərə yayılmış olan rus-türk mübarizəsində bir elementdir. Bu məsələni anlamaq üçün Rusiyanın mərkəzi dövlətə doğru irəliləyiş sürəcini, xarici siyasət doktrinasını bilmək lazımdır. Ta Həştərxan, Kazan xanlıqlarının işğalına gedib çıxmaq lazımdır. çar Rusiyası Xəzəri, Qaradənizi, Baltiki bir iç dənizi halına gətirmək istəyirdi. Xəzərdə də, Qaradənizdə də buranın əsli unsuru olan türk gücünü qarşısında buldu. Yaxşı ki, müstəqil olduqdan sonra tariximiz üzərindəki qadağalar da ortadan qalxdı. Ən azından Azərbaycanda erməni məsələsinin kökləriylə bağlı bir neçə dəyərli araşdırma əsərləri ortaya qoyuldu. Biz rus dövlətinin Pyotrdan başlayaraq bölgədə xristiyanlarla, ermənilərlə necə işlədiyni, burada ikinci, üçüncü xristiyan dövləti qurmaq istədiklərini, Bakının bir erməni paytaxtı halına gətirilməsini belə düşündüklərini bildik. Ruslar Azərbaycan coğrafiyasını işğal etdikdən sonra durmadılar, onların hədəfi həm də Anadoluyudu, İstanbuldu. Ona görə də erməni dövlətini İrəvan xanlığı torpaqlarında qurdular. Bilirsinizmi, Azərbaycan xanlıqlarını işğal etdikdən sonra Rusiya kütləvi şəkildə bölgəyə rusları köçürməyə başladı, xristianlaştırma, kültür asimilizasiyası siyasəti də sürətləndi. Demək olar ki, bütün Qafqaz valiləri, işğal ordusunun generalları Qafqazda Pravoslav Xristianlığını Bərpa Cəmiyyətinin üzvləri olublar. Rusiya sadəcə Mil-Muğan projesiylə 1 milyondan çox rusu bölgəyə yerləşdirmək istəyirdi. Əgər o iş həyata keçirilmiş olsaydı, Allah qorusun, indi Ukraynadakı proseslər bizdə də başlamışdı. Baxın, sovet dövründə də çar Rusiyasının başlatdığı müsəlman- türk əhalisinin tarixi torpaqlarından köçürülməsi, oraların erməniləşirilməsi işi davam etdi. Bu məsələdə rus çizgisində heç bir qırılma olmadı. çünkü hədəf daha böyükdü. Bütün bunlar bir bütün halında yenidən yazılmalı və gələcək nəsillərə anlatılmalıdır.

-Türk dünyasının əsarətdə qalması və yalnız Türkiyənin öz ayaqları üzərində durması istər-istəməz bizim bir çox şeyləri onlardan öyrənməmizə yol açır. Nə yazıq ki, Türkiyə tarixçiliyinə hakim olan nəzəriyyə də subyektivdir. Əksər hallarda türklükdən çox, osmançılığı təbliğ edir. Məsələn, Səvəfi-Osmanlı münasibətlərində tarixi proseslərə yanaşmada bunu daha aydın bir şəkildə hiss edirik. Müasir cəmiyyətimizə yeni tarixi baxış gətirməyə çalışan ziyalılarımız da əsasən Türkiyənin təsirindən çıxa bilmirlər…

-Məncə, Türkiyə tarixçiliyinə hakim olan nəzəriyyəylə bağlı fikirlərinizdə bir az subyektivlik var. Bu gün mən sevinirəm ki, ümumtürk tarixinin yazılmasında
böyük xidmətləri olan Zeki Velidi Toqan, İ. Kafesoğlu kimi nəhəng tarixçilərin İstanbul universitetində qurmuş olduğu ümumitürk tarixi kafedrasında doktora tələbəsi olmuşam. Və bu gün tarix elmində söz sahibi olan ordakı xocalarımız həmişə bizlərə Türk tarixinə bir bütün olaraq baxmağı, obyektivlik, elmilik prinsiplərindən sapmamağı öyrədiblər. Türk tarixi təkcə Osmanlı-Səfəvi münasibətlərindən ibarət deyil. Və yaxud da belə deyək; bu münasibətlərdən yazan bir və ya iki tarixçinin subyektiv mülahizələrinə görə belə qənaətə gəlmək düz deyil. Fərqli baxış bucaqları həm Azərbaycanda, həm də Türkiyədə var. Yadımdadır, mən bir dəfə Şah İsmayılın Azərbaycan coğrafiyasında sünnü müsəlmanlara qarşı böyük qətliamlarla müşaiyyət olunan məzhəb təməlli dərin ayrışmanı da bərabərində gətirən, İslamın əsli qaynaqlarıyla da ziddiyət təşkil edən bəzi icraatlarını tənqid etdiymdə elmi rəhbərim Şah İsmayılın Türk kültürünə, dövlətçiliyinə töhfələrini əsas gətirərək məni tənqid etmişdi. Bu məsələdə fərqli mövqelər, ayrışmalar olduğu üçün mən dövrün reallıqlarını, ideolojik konsepsiyalarını da nəzərə alaraq prosesləri anlamağın və bir daha o səhvlərə düşməmək üçün ibrət almağın tərəfdarıyam. Unutmayaq, tarix eyni zamanda ibrət almaq üçündür. Şah İsmayılın bir Türk şairi kimi sadəcə yaradıcılığıyla bağlı Türkiyədə onlarla müdafiə işləri görmüşəm. Ona Anadoluda nəzirələr yazan, özünə ustad bilən şairlər az deyil. Mənim bu məsələdə Osmanlıya simpatiyayla baxmağımın əsas səbəbi bu millətin, bu ümmətin yüksəlişini həyata keçirməsi, üç qitəyə hakim olmasıdır, atlarının, toplarının üzü Avropaya çevrili olmasıdır. Böyük bir coğrafiyada xristianların islamlaşmasını təmin edib, onlarla savaşıb, oralara fəth yolçuluğuna çıxıb. Mən Nadir şaha ona görə rəğbət bəsləyirəm ki, bu gün də əsas problemlərimizdən biri olan məzhəb fərqliliyinin ortadan qaldırılması istiqamətində ardıcıl səy göstərib. Bu gün Türkiyədə də, Azərbaycanda da, məncə, ehtiyacımız olan dərin birliyi nəzərə alaraq söz söyləməli, əsərlər yazmalıyıq.

-Osmanlıların türk yüksəlişində rolunun olduğunu deyirsiniz. Tarixin isə bizə öyrətdiyi həqiqətlər var. Belə ki, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin paytaxtları indi başqa etnosların nəzarətindədir. Məsələn, Diyarbəkiri götürək. Vaxtilə Ağqoyunluların mərkəzi şəhəri olan bu yer hazırda kürd separatçılarının istinad nöqtəsinə çevrilib. Bəzi mülahizələrə görə, bunun səbəbi Osmanlının Səvəfi ilə öz arasında bufer zona yaratmaq niyyətindən doğub. İrandan gətirilən sünni kürdlər tarixi türk torpaqlarına yerləşdirilərək yerli əhali sıxışdırılıb. Nəticədə bugünkü Türkiyə belə Osmanlının antitürk siyasətinin bədəllərini ödəyir. Bu fikrə münasibətiniz?

-Bu suala cavab vermədən öncə bəzi tarixi bilgiləri dəqiqiləşdirmə ehtiyacı hiss etdim. Tarixin hikmətini anlamaq üçün ilk öncə bütünlük prinsipinə sadiq qalınmalı və haqqında söhbət açılan dövrün ictimai, siyasi xəritəsi qaynaqların qarşılaşdırılmasıyla obyektiv bir şəkildə çizilməlidir ki, hər şey aydın olsun. Bir də dövrün hakim güclərinin ideoloji, dini idrakları, meylləri, siyasət konsepsiyalarını bilmək çox vacibdir. İlk öncə Anadolunun türkləşdirilməsi məsələsinə toxunmaq lazımdır. Biz bilirik ki, əsasən 1048-ci ildə Hasanqala qələbəsindən sonra Türkmənlər Anadolu coğrafiyasına yayılmaya başlayıblar, 1059- da artıq Sivas və Malatyanı ələ keçiriblər. Daha sonra isə Qeysəri və Konya fəth edilib. Anadolunun türkləşdirilməsi prosesində türkmən axınları Bizansın ciddi müqavimətiylə qarşılaşırdı və vaxtaşırı olaraq türkmənlər Bizans hücumları qarşısında Qafqaza çəkilmək məcburiyətində qalırdılar. Lakin Səlcuqluların 1071 Malazqirt zəfərindən sonra Bizansın dirənişi qırıldı, sonra da demək olar ki bütün Anadolunun qapıları türkmənlərin üzünə açılmış oldu. Anadolu coğrafiyası beləcə türkləşdirildi. Ancaq o dövrlərdə Silvan və Diyarbəkirdə bir kürd əmirliyi vardı. Bu Mervani əmirliyi şiə Buveyhilərə tabe olan sünnü bir bəylikdi. Səlcuqlular Anadolunu fəth etdikdən sonra bu sünnü Mərvani bəyliyinə toxunmadılar, hətta Faruk Sumer Malazqirt savaşında 10 minə yaxın kürdün də Səlcuqlu ordusunun tərkibində Bizansa qarşı savaşdığını qeyd edir. Ətrafdakı şiə ərəb əmirliklərinə və Bizansa qarşı o dövrdən etibarən kürdlər Türklərlə birlikdə hərəkət etdilər. Yəni, demək istəyirəm ki dövrün bütün mübarizələrində din aparıcı bir faktor kimi qarşımıza çıxır. Yəni, kürd -türk ittifaqının təməlində din amili mühüm rol oynayıb. Osmanlı dövründə etnik kimlikdən çox, camaat tanımı (məfhumu-Heydər Oğuz), dini duruş, dövlətə itaət qavramları əsas rol oynayıb. Bir də onu da deməliyəm ki, Osmanlıda etnik kimlik məsələləri çox qarışıq məsələlərdir. Doğuda, güney-doğuda bir çox türkmən aşirətlərinin “ekrad –ı türkmən”, yəni, “türkmən kürdləri” camaatı olaraq qeydiyyata alındıqlarını bilirik. Tarixi prosesləri bir bütün olaraq ələ alarsaq, deyə bilərik ki, Teymur Ağqoyunlu Kara Yülükə əmirlik fərmanıyla Diyarbəkir və ətrafını verdiyində artıq oralar bir türkmən bölgəsiydi. Kürd aşirətlərinin də hakim türk-İslam kültürünün, hakimiyyətinin təsiriylə sürətli bir şəkildə türkmənləşməsi prosesi gedirdi. Mən belə bir bufer etnik zona yaradılması , Osmanlının antitürk siyasəti yürütməsi fikrini bölüşmürəm. Əgər belə bir şey olsaydı, Ağqoyunlu, Qaraqoyunlu dövründə, Ağqoyunluların Teymurla ittifaq içində olduğu dövrlərdə onlara qarşı belə demoqrafik siyasət yürüdülərdi. Ancaq Ağqoyunlular dövründə Elxani, Moğol saraylarından şiə alimlər bu türkmən dövlətinə sığınaraq burada dini fəaliyətlərini sürdürməyə başlayınca Diyarbəkir və ətrafında şiə təsiri də yayılmaya başladı və daha sonra Səfəvilərdə şiəlik rəsmi dövlət ideologiyası halına gəlincə Osmanlı o coğrafiyanı təhdid olaraq görməyə başladı. Əlbəttə, Səfəvi bir türk dövlətiydi, onun da bir imperial vizyonu vardı. İki imperial vizyon-dini -kültürəl dünyagörüş toqquşdu . Bir də nəzərə almalıyıq ki, dönəmim ən böyük super gücləri də türklərin qurduğu dövlətlərdi. Və rəqabət də təbii olaraq onların arasında gedəcəkdi. Bundan əlbəttə ki, bütün coğrafiyalarda türkmənlər ziyan gördü. Bu gündən baxanda bu məqam türk tarixinin ən ağrılı, bölünməyə, məzhəb ayrışmasına səbəb olan nöqtəsidir. Mən deyirəm ki, o günün şərtlərini nəzərə alaraq tarixi anlamaq və bu günün şərtlərində də ibrət almaq lazımdır. Biz bölündükcə zəifləmişik-etnik təməlli də, ümmət təməlli də. Biz güclü olmadığımız üçün bu qədər problemlərlə qarşılaşmışıq. Türkiyənin terror probleminin də , Azərbaycanın Qarabağ, Qərbi Azərbaycan, türk dünyasının başqa problemlərinin də yeganə
həlli dildə, dində, fikirdə, düşüncədə bir olmaqdan, bütünləşməkdən keçir. Kürdlərin əksəriyəti də, məncə, böyük oyunun fərqindədirlər. Amerika, Avropa onların qara qaşına, qara gözünə aşiq olduğu üçün kürdlərə dəstək vermir, türkü zəiflətmək siyasəti yürüdürlər. ümumiyətlə bu gün İslam dünyasının, müsəlman ümmətinin qardaşlıq təməlində bir olmasına, güclünün ətrafında birləşməsinə ehtiyacı var.

-Şah İsmayıl haqqında bizdən fərqli olaraq Türkiyədə bir çox türkülər meydana gəlib. Məsələn, “Açılın, qapılar, şaha gedəlim”, “Bu gün bizə şah gəldi” və s. kimi. Bu folklar nümunələri də əslində Şah İsmayıla o torpaqlarda özləmi göstərir. Osmanlı öz əhalisinə necə münasibət bəsləyirdi ki, xalq Şah İsmayıl özləmiylə yaşayırdı?

– Şah İsmayıl Anadoluda çox böyük tərəfdarlar kütləsi olan, şeirlərinə nəzirələr yazılan şair və dövlət adamı idi. Bu misralar Osmanlı idarəsindən, məmurlarından narazı olan bəzi qızılbaş türkmən gruplarının olan simpatiyasını əks etdirir. Onun sadə və duru bir türkçəylə şeirlər yazması və Osmanlıdan narazı olan türkmənləri öz tərəfinə çəkməkdəki diplomatik qabiliyəti də bu heyranlıqda ciddi rol oynayıb. Nəzərə alaq ki, ələvilik Şah İsmayılla Anadoluda kimlik qazandı. 1511-ci ildəki Şahqulu üsyanı kimi Osmanlıya qarşı başlanan bir çox üsyanlarda Anadolu qızılbaşlarının əsas ilhamvericisi Şah İsmayıl idi. Ondan ilhamlanaraq “açılın qapılar, şah gələcək” yazırdılar. Anadolu və Rumeliyə yayılan bir çox üsyanda Şah İsmailin xəlifələri xalqdan Şah İsmayıla biət etmələrini, üsyançılara dəstək vermələrini istəməktəydi. Bütün bu qızılbaş üsyanlarını yatırtdığı üçün Osmanlıya qarşı onlarda kin və qəzəb vardı.

-Son olaraq türkləri tarixi şüurları ilə parçalamağa çalışan siyasətə qarşı nə etməliyik?

– Fərqliliklərimizə kültürəl zənginlik olaraq baxmağımız lazımdır. Dünyada elə bir millət yoxdur ki bu qədər ciddi, taleyüklü proseslərin cərəyan etdiyi bütün coğrafiyalarda var olsun. Balkanlardan, Yaxın Şərqdən Orta Asyaya, çinə qədər hər yerdə Türk milləti var. Və Allaha çox şükür ki, türklərin böyük əksəriyəti eyni dinin, inancın daşıyıcılarıdır. Biz təhsil sistemimizi, tarix, din konsepsiyamızı birləşdirici nüansların üzərində quraraq millətinə, dininə bağlı insan yetişdirdiyimizdə bütün xırda ziddiyətli nöqtələr öz-özlünə yox olub gedəcək. Bir də bizi dini, kültürəl təməldə parçalayaraq öz təsirləri altında saxlamaq istəyən qonşu dövlətlərin də varlığını unutmamalıyıq. Doğru bir tarixi şüur bizə həm özümüzü, həm də düşmanlarımızı tanımağa kömək edəcək.

Söhbətləşdi: Heydər Oğuz




Yuxarı Əvvələ Ana Səhifə