Didi Santoş Şirvanşahlar kompleksində görüşdə, 21.05.2019
Brahma Kumaris Ümumdünya Ruhsal Universitetinin Sankt-Peterburq Mədəniyyət-Maarifləndirmə Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Didi Santoş ilə 40 dəqiqəlik görüş və söhbətimiz əsnasında bir çox mənəvi dəyərlərini qeyb etmiş bu ölkənin sakini kimi anladım ki, tarixə və dünyaya İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Yəhya Sührəvərdi kimi böyük ruhsal ustadlar bəxş etmiş bu torpaqda bu gün ən çox çatışmayan Ruhun pak, təmənnasız, müdriklik dolu sevgisidir. Didi Santoş kimi ruhsal müəllimlərlə hətta qısa görüş də insanı bir anda dəyişdirir, daha aydın düşünürsən, insanlara daha təmənnasız və sevgiylə yanaşırsan…
Didi Santoş bu günlərdə Bakıda olub, xeyli tədbir keçirib. Onunla qısa müsahibəni oxucularımza təqdim edirik.
– Əziz Didi Santoş, Bakıya gəlişinizin məqsədi nə idi?
-Mən bu il Brahma Kumarisin Sankt-Peterburqdan və Rusiyanın başqa şəhərlərindn dinləyiciləri ilə birlikdə bizi uzun illərin hərarətli dostluq və işbirliyinin bağladığı Azərbaycan Qadınlar Cəmiyyətinin dəvəti ilə Bakıya gəlmişəm. Artıq on ilə yaxındır ailə dəyərlərinə həsr edilmiş birgə görüşlər, seminarlar, dialoqlar keçirməyə başlamışıq. Qadınlar Cəmiyyətinin o zamankı başçısı, keçmişdə Azərbaycan Dillər Universitetinin rektoru, qeyri-adi qadın Zemfira Nadir qızı Verdiyeva Brahma Kumarisin Maunt-Abudakı beynəlxalq mənzil-qərargahında (Hindistan, Racastan ştatı-red.) “Ağlın aramlığı” retritində iştirak edib… Belə ki, Azərbaycana hər gəlişim həmişə səmimi, sevən, bir-birini anlayan dostlarla görüşdür. Mən bu dəfə də dostlarla görüş xatirinə burada idim. Mayın 27-də qadınlar üçün son dərəcə dolğun “Gözəlliyin üç sirri” proqramı keçirildi.
İkincisi, səfər proqramına bakılıları insana öz ruhsal mahiyyətini daha dərindən anlamağa kömək edən qədim Raca-yoqanın əsasları ilə tanış edən master-klasslar daxil edilib.
Raca-yoqa insana özünü ruh – şüurlu, düşünən və duyan varlıq kimi duymağı təklif edir. Ruh özündə gizlənmiş bütün yaxşı şeyləri – paklığı, sevgini, xoşbəxtliyi … bəlirləmək üçün öz fiziki bədənini kostyum kimi geyinir.
Raca-yoqa meditasiyası praktikası bədəni müsbət enerji ilə doldurmağa, həyat tonusunu yüksəltməyə və bu qayda ilə təkcə mənəvi deyil, həm də fiziki sağlamlığı yoluna qoymağa yardım edir.
Bu praktika habelə qidalanmada faydalı vərdişlərlə – qayğı və sevgi ilə hazırlanan sağlam vegetarian qida işlətməklə bağlıdır. Raca-yoqa insana öz duyğu üzvlərinin, həmçinin düşüncə və hisslərinin ağası, “kralı” (“raca”) olmaqda yardım edir, siqaret çəkmək, alkoqol və narkotikdən istifadə, oyun, “kompüter” düşgünlüyü və s. kimi ziyanlı vərdişlərin təsirinə düşməyək deyə, iradənin gücünü möhkəmləndirir.
Nəhayət, üçüncüsü, məqsəd Beynəlxalq yoqa günü münasibətilə tədbirlərin keçirilməsində əməkdaşlığımızı təklif etmək idi. Azərbaycanda bunun təşkilatçısı kimi Hindistanın bu ölkədəki səfirliyi çıxış edir. Mayın 20-də Hindistan səfirliyində “Yoqa-terapiya: qədim ənənə və çağdaş praktika” mövzusunda görüş olub. Səfirliyin əməkdaşları, habelə Azərbaycanda yaşayan hindistanlılar və bu ölkənin çoxsaylı dostları tədbirə qatılmışdılar. Mayın 21-də isə İçərişəhər tarix-memarlıq qoruğu administrasiyasının yardımı ilə Şirvanşahlar sarayının yay zalında “Birlik, dinclik və tərəqqi üçün ruhsallıq” proqramı keçirildi.
– Bu böyük keçid dövründə yaşayan çağdaş insanların ruhsal inkişaf səyləri Sizi qane edirmi?
-Ruhsal səyləri hansısa xörəyin bişirilməsi ilə tutuşdurmaq olar. Deyək ki, siz kartof bişirməlisiniz. Resept çox sadədir: qazanı götürür, ona su tökür, duz, kartof atır, odun üzərinə qoyuruq, 10-15 dəqiqədən sonra isə odun üzərindən götürürük. Budur, vəssalam, kartof hazırdır! Amma tutaq ki, qazanı odun üzərinə qoyub telefonla danışmaq üçün bir dəqiqədən sonra mətbəxdən çıxmaq istəyirsiniz. Plitəni söndürür, çıxır, yarım saatdan sonra qayıdıb qazı təzədən yandırırsınız. Bir dəqiqə keçir və siz təzədən getmək istəyirsiniz, çünki sevimli televerilişiniz başlanır. Odu bir də söndürür, bir saatdan sonra isə mətbəxə qayıdır və plitəni yandırırsınız. Ya da siz hətta kartofu odun üstündə saxlayırsınız, amma od çox zəif yanır. Onda o nə 15 dəqiqədən sonra, nə bir, nə də iki saatdan sonra bişər. Kartof bişirmək onu qazdan götürmədən və qazı söndürmədən müəyyən vaxtda müəyyən gücü olan odda saxlamaq deməkdir. Ruhsal səylər də eynilə belədir: bu, ümumən çətin deyil, amma sizdən ardıcıllığı, inadı şüurlu şəkildə saxlayan sabitlik tələb edir. Bu şərtlər yerinə yetirilərsə, səylər istənilən nəticəni gətirəcək. Bu yoxdursa, nəticəyə çatılmaz.
Didi Santoş Qusar şəhərində görüş zamanı, 23.05.2019
Və burada məsələ çağdaş insanların səylərinin məni “qane edib–etmədiyində” deyil. Ruhsal səy şəxsi məsələdir, hər kəsin fərdi səyahətidir. Bəs mən nə edə bilərəm? Mən onlara “kartof hazırlamaq resepti”ndən danışa bilərəm. Və ən başlıcası – mən, sadəcə, özüm səmimi, bütün qəlbimlə ruhsal səylər göstərəcəyəm. Ola bilsin, onda öz yaşayışım, öz örnəyimlə başqalarını ruhlandıraram. Amma sonra hər şey onların öz əllərindədir…
–İnsanın ruhsal inkişafına hansı əsas maneələr əngəl olur?
-Bütün maneələrin kökü Raca-yoqa fəlsəfəsində “cismani şüur” deyiləndədir, yəni özümüzü birinci növbədə maddi, bioloji orqanizm kimi qavrayırıq. Hətta bununla yanaşı “mənim ruhum var”deyərkən də! Raca-yoqa bu iddiaya sıradakı qaydada düzəliş verir: yoq “mən ruhu olan bədənəm” əvəzinə deyər: “mən bədəni də olan ruham”. Bu nəyi dəyişir? Mütləq şəkildə hər şeyi. Prioritetlər dəyişilir. Tutaq ki, qidalanmaya aid məsələdə: mən, sadəcə, bədənəmsə, onda bədənə müəyyən vitaminlər, zülallar, yağlar, kalori gərəkdir. O zaman mən bu mülahizələri rəhbər tutaraq masamın üzərində nələr olacağını seçirəm. Əgər mən ruh, şüurlu, canlı, sevən varlıq, Uca Tanrının övladıyamsa, onda anlayıram ki, planetdəki başqa canlılar da mənim kimi yaşayış haqqı olan ruhlardır. Mənə sadəcə zülal və kalori gərək olduğuna görə başqa bir canlı varlığı həyatdan məhrum edə bilmərəm. Onda mənin masamın üzərində kimsə deyil, nəsə olacaq!
Bundan savayı, ruhsal inkişaf üçün bir neçə çox böyük maneəni ayırardım:
*Ruhsal tənbəllik. Ruhsal əzələləri də fiziki əzələlərin intensivliyi kimi oynatmaq gərəkdir. Adamlar var ki, səhərlər gimnastika etməyə tənbəllik edir. Onlara göründüyü kimi, hələlik hər şey ümumən uğurlu olduqca ruh üçün gimnastikaya girişməyən “ruhsal tənbəllər” də var.
*Ruhsal ekstravertlik. Biz başqalarına baxmağa, özümüzü onlarla tutuşdurmağa, özümüzün hazırlamadığımız düşüncələrlə qidalanmağa çox alışmışıq. İnternet, televizor… – bu gün insanın üzərinə informasiya şəlaləsi tökülür. Bizə ekspertlərin, həkimlərin, vəkillərin məsləhətləri təqdim olunur. Məsləhətlər, məsləhətlər… Bu məsləhətlər həmişə pis olmaya da bilər, amma qərar və hərəkətlərdə yalnız buna güvənmək cəngəlliklərə girmək deməkdir. Ruhsal təkmilləşməyə yol bildirir ki, öz duyğu üzvlərimi daxilimə yönəltmək üçün hər gün vaxt ayırıram. Özümün əzəli “mən”imə diqqət verməyə, Tanrının, bilgi Ümmanının, əbədi yol Yoldaşımın, necə ola bilcəyimi və bunun üçün nə etməli olduğumu bilən yeganə Varlığın mənə dediklərini dinləməyə başlayıram. Ruhsal inkişaf üçün sükut, təklik, konsentrasiya gərəkdir.
*Ruhsal “toxluq”. Əgər ruhsal səylərimdə artıq nail olduğuma ilişib qalıramsa, artıq bacardığımı düşünürəmsə, deməli, ruhsal tərəqqim dayanıb. Şagird şüurunu, qavrayışın təzəliyini, yenini kəşf etmək cəhdini həmişə saxlamaq önəmlidir. Brahma Kumaris Ümumdünya Ruhsal Universitetinin prezidenti Dadi Cankinin bu il 103 yaşı tamam olub. O bunun 80 ildən çoxunu ruhsal təhsilə və insanlara xidmətə həsr edib. Amma o hətta bu gün də əvvəlki kimi deyir: mən müəllim deyiləm, şagirdəm… Bu da onun fiziki və ruhi uzunömürlülüyünün təminatıdır.
– Hindistanı planetimizin ruhsal immunitetini qoruyan məkan sayırlar. Bu müqəddəs torpaqda hansı inkişaf yolunu keçdiyinizi bilmək oxucularımız üçün çox maraqlı olardı…
– Əlbəttə, qədimlərdə Bharat (hərfən: “nurla dolu”) adlanan və yalnız sonralar Böyük Moğolların müsəlman sülaləsinin idarəçiliyi dönəmində İndustan və ya Hindustan (Hind çayı vadisinin adına görə) adlandırılmağa başlayan torpaqda doğulmaq, böyümək, tərbiyə almaq – bunu böyük uğur saymaq olar. Bura qədimlərdə geniş, bərəkətli, çağdaş sərhədləri tanımayan, arilərin qədim sivilizasiyasının çiçəkləndiyi bir torpaq idi. Bəli, belə bir torpaqda doğulmaq və ərsəyə gəlmək uğurdur… Mənim şəxsi təcrübəmdən danışsaq, onda bu qədim torpağın özümə hopdurduğum, həmişə ruhuma və qəlbimə mənimsədiyim ən qədim mirası qarşılıqlı münasibətlərin gözəllyini anlamaqdır. Əlbəttə, çağdaş dünyada münasibətlərin bu gözəlliyini sual altına qoymaq olardı. Bu günki ailə, bu günki cəmiyyət idealdan çox uzaqdır. Amma yenə də doğmalığın məhz bu gözəlliyi, insanlar arasındakı münasibətlərin gözəlliyi hətta bu gün də mədəniyyətin özülündə durur. İşğalçıların basqınlarına, talanlara, zorakılığa, yoxsulluğa, yüzilliklər boyu ölkənin istismarına baxmayaraq qorunan, yüzilliklərlə aparılan bu olub.
İkincisi isə – bhakti və ya Tanrısallığa sadiqlik, sayğıdır. Bu bu gün yenə də köhnəlmiş xurafat, nə iləsə doqmatik görünə bilər, amma bu ehtiramın əsasında iki böyük keyfiyyət – sadəlik və minnətdarlıq var. Bu, Tanrının əzəməti və Zamanın qarşısında itaətdir, Tanrını və Zamanın bizə verdiklərini müdrikcəsinə qəbul etməkdir. Və bu həm də Tanrıya dərin, səmimi minnətdarlıqdır, təbiətə, Günəşə, suya, oda, hətta heyvanlara, hətta bir ana kimi səni südlə doyuran inəyə minnətdarlqıdır… Mən özüm kor-koranə inancın, keçmişin ənənələrinə düşüncəsiz riayətin tərəfdarı olmasam da, bu iki keyfiyyəti – itaət və minnətdarlığı – bu müqəddəs torpaqda doğulmağım sayəsində mənə nəsib olan xəzinə, altun hədiyyə sayıram.
Söhbətləşdi: Fərzuq Seyidbəyli
Strateq.az