XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

07 May 2015 - 05:41

Zaur Əkbər: “Bu tip ölkələrdə insanların narazılığı iqtisadi çətinliklər başlayanda ortaya çıxır”

Müsahibimiz tanınmış ictimai-siyasi fəal, Gənclərin Atlantik Əməkdaşlığı Assosiasiyasının rəhbəri Zaur Əkbərdir.

– Zaur bəy, sizdən və eləcə də başqa iddialı gənclərdən tez-tez hakimiyyətə müxalif olan siyasətçilərin əleyhinə tənqidi fikirlər eşidirik. Səbəb nədir?

Səbəb çox sadədir. Neçə illərdir ki, eyni siyasət və ritorika davam etməkdədir. Yeni nəsilin bu cür tənqidi fikirlərlə çıxış etməsi də normal qarşılanmalıdır. çünki yeni nəslin ideya və proseslərə yanaşması çox vaxt ənənəvi siyasətlə üstüstə düşmür. Bilirsiz, ətrafımızda olan hər bir şey hər gün dəyişir. Məsələn, biz 10-20 il bundan qabaq geydiyimiz kostyumun, ayaqqabının dizaynı və keyfiyyəti eynidirmi? Əlbəttə ki, xeyr! Siyasi proseslər də bu cür olmalıdır. Strategiya və qarşıya hədəflər qoyulanda insanların zövqü və istəyi mütləq nəzərə alınmalıdır. Əks təqdirdə, insanlar şablonlaşmış və dəfələrlə istifadə edilmiş layihələrdə iştirakdan imtina edəcəklər. Ona görə də bu cür tənqidləri səmimi qəbul edib nəticə çıxartmaq lazımdır. Yox, əgər bu tənqidlərə qarşı kimlərsə dözümsüzlük göstərib özlərinin hamıdan ağıllı olduğunu sübut etməyə çalışacaqlarsa, heç bir dəyişiklik olmayacaq və sonda da itirən ümumilikdə cəmiyyət və dövlət olacaq. Bu, həm də bizim kimi yeni nəslin ictimaisiyasi fəallarına aiddir.

Bu il keçiriləcək parlament seçkilərində namizədliyinizi irəli sürəcəksiniz?

Bu haqda, hələ ki, düşünməkdəyəm. Bununla bağlı ətrafımda olan dostlarımla geniş müzakirələr və məsləhətləşmələr aparıram. Ancaq istənilən halda qərarı özüm verəcəm. Qərar verməyəsə hələ tələsmirəm.

ölkədə bu qədər problemlər var, ancaq xalq gözə dəymir. Niyə? Xalıq nə iqtidarın, nə müxalifətin, nə də özünü müstəqil sayanların arxasınca gedir. Heç səbəbini araşdırmısınızmı?

Bəzən biz hamımız xalqın çox passiv və baş verənlərə qarşı laqeyd olmasından gileygüzar edirik. Aydındır ki, bunun obyektiv səbəbləri var. ölkədə mövcud olan mahiyyətsizlikdən doğan bir idarəçilik sitemi formalaşıb və bu sistem daim insanları qorxu altında saxlamaqla öz çirkin niyyətlərini həyata keçirir. Ancaq heç də düşünmək doğru deyil ki, xalqın, ümumilikdə götürdükdə, baş verənlərdən xəbəri yoxdur. Məşhur bir ifadəni heç vaxt unutmaq lazım deyil: “Xalqın gözü tərəzidir”. Görünür, bugünkü reallıqda hələlik Azərbaycan xalqı nələrisə göz önünə alıb dözə biləcək gücdədir. Ancaq bu, əbədi bir dözüm deyil, bunun da bir sonu vardır. Son iki ildə ölkə daxilində baş verənlər insanlarımızın gözünü xeyli dərəcədə açıb. Xüsusilə də, son devalvasiyadan sonra insanlar daha çox praqmatik və gələcək haqqında düşünməyə başlayıblar. Bilirsiz, biz neft ölkəsiyik. Bu tip ölkələrdə insanların narazılığı insan haqlarının pozulması, rüşvət və korrupsiyanın tüğyan etməsi fonunda deyil, daha çox iqtisadi çətinliklər başlayanda olur. Bu proses, demək olar ki, artıq bizim ölkədə də başlayıb. Mən hər zaman demişəm ki, bizim xalq kifayət qədər müdrikdir. O, zamanı gələndə özü hər şeyi yerbəyer edəcək. Ancaq bir şey də var ki, biz oturub nəyisə gözləməməliyik. Bununla paralel olaraq güclü şəkildə, bir cəmiyyət olaraq, təşkilatlanmalıyıq.

– Siyasətçi necə olmalıdır? Cəmiyyətdə belə fikir var ki, siyasətçilər yalançıdılar, onlar həqiqəti deyil, maraqlarına uyğun gələni danışırlar…

Hər bir siyasətçinin böyük, cürətli məqsədi və qarşısına qoyduğu hədəflərə çatmaq əzmi olmalıdır. Ola bilər ki, bu, həmin siyasətçi üçün bir dan ulduzu, əlçatmaz olsun. Ancaq istənilən halda onun missiyası və məqsədi siyasətçini bu istiqamətdə daim fəaliyyət göstərməyə və ətrafdakıları da bu prosesə cəlb etməyi ruhlandırmalıdır. Bu da hər bir siyasətçinin resursları və iş mühiti çərçivəsində olmalıdır. Uğur – hazırlıq və imkanın kəsişdiyi yerdə baş verir. Bundan başqa Azərbaycan kimi repressiv cəmiyyətlərdə uğur qazanmağın ən başlıca yolu insanlarla həddindən artıq səmimi olmaqdan asılıdır. Onları aldatmamaq, vəziyyəti onlara düzgün şəkildə izah etmək və gözləntiləri başa düşülə biləcək səviyyədə çatdırmaq lazımdır. İndiki halda insanlarla daha çox səmimi olanda daha çox dəstək qazanırsan, nəinki populist bəyanatlar verəndə…

Ramin Deko

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə