XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

15 Avqust 2019 - 13:16

ATAMBAYEVİN OĞLU HAKİMİYYƏTƏ ULTİMATUM VERDİ:“Ölkədən qaçmaq niyyətində deyiləm, tərəfdarlarımızla əlaqə yaradırıq” – Müsahibə  

Qırğızıstanın həbsdə olan keçmiş prezidenti Atambayevin 26 yaşlı oğlu Kadır Türkiyədə təhsil alıb, dörd il əvvəl “Millətin oyanışı. İqtisadi passionarlıq nəzəriyyəsi” elmi əsərini çap etdirib. 

Kadır atasına görə baş vermiş bəlli olaylarla bağlı bu günlərdə “Novıye litsa” qəzetinin qırğız variantına müsahibə verib. “Kloop” saytı həmin materialın rus variantını hazırlayıb. Müsahibəni Strateq.az-ın oxucularına təqdim edirik:

____________________________________  

 

“Atambayevin evinə hücum planlaşdırılmış təxribatdır”

 

– Mən avqustun 7-8-də anamla birgə İssık-Kulda dincəlirdim. Köy-Taşdakı hadisələrdən xəbər saytlarında göründüyü gün xəbər tutdum. Bu bizim üçün ilk fors-major durum deyildi, 2010-cu ildə bənzər durum olmuşdu. Atambayevlər mətin insanlardır, atam bizə təslim olmamağı öyrədib, buna görə də soyuqqanlılığı saxlayırıq. Mən əminəm ki, bu, ciddi planlaşdırılmış fitnəkarlıqdır, amma bu planda düşünülüb ki, … atamın üzərinə yıxmaq üçün maksimal sayda qurbana səbəb olsun.

Mən öyrəndim ki, onlar şahidi məcburi gətirmək üçün səhər 5-də  gəlməliydilər, amma axşam 8-də gələndə burada xeyli sayda mülki adam olub. Qadın və uşaqları həyətə buraxarkən atam düz yarım saatlığa həyətə çıxıb. Hakimiyyət məhz bu zaman hücum təşkil edib, bu, tam əndazəsizlikdir. Hücuma başlamaq üçün yeri mərkəzi darvazaları seçiblər və bu bildirir ki, qaçan mülki şəxslər belə, ya elə, xüsusi təyinatlılarla toqquşublar. Yəni qadın və uşaqlar daxil olmaqla bütün tərəfdarlarımız şəraitin girovu olublar.

Onlar evin başqa qapılarından girsəydilər, onda səhər 5-də onları heç kim görməzdi də. Burada adam əvvəlkindən xeyli az idi. Onlar münaqişə törədəsi yeri seçiblər. Di özünüzü qohumları burada qalan Köy-Taş sakinlərinin yerinə qoyun. Onlar Atambayevdən daha çox girov düşmüş qohumlarının xatirinə xilas etməyə gediblər. Adamları bir-birinə salışdırıblar.

Həm də burada xüsusi təynitalılar, məhz hücum dəstəsi 20 nəfərdən çox deyildi. Sonradan isə DMTK ikinci, ya üçüncü gün 40 ədəddən çox odlu silahın itdiyi haqda məlumat verib, yəni bu, döyüşçülərdən iki dəfə çox idi. Yəni onlar istəyirdilər ki, tərəfdarlarımız silah əldə etsinlər, amma atam əlüstü əmr elədi ki, onları geri – paqonlulara qaytarsınlar. Atamı dövlət mühafizəsinin işçiləri qoruyurdular və bu, ağlasığmaz  vəziyyətdir ki, DMTK-nin “Alfa” xüsusi təyinatlısı dövlət mühafizəsinin qoruduğu evə hücuma gedir. Və belə çıxır ki, təkcə paqonluları xalqa deyil, həm də DMTK işçilərini DMTK-nin başqa işçilərinə  salışdırıblar. Mənə elə gəlir ki, dövlət mühafizəsi işçiləri atamı qorumaq üçün mümkün hər şeyi etməliydilər.

 

“Atambayev heç kimə atəş açmayıb”

 

-Atam deyirdi ki, ancaq o, atəş açıb, lakin əminəm ki, heç bir atəş açmayıb. Mən evə yetişməyi bacaran kimi ikinci və üçüncü mərtəbənin keçidlərini yoxladım, heç bir qan izi tapmadım. Bir xüsusi təyinatlını sinəsindən yaraladıqlarından çıxış etsək, onda hansısa qan izi qalmalıydı. Qum dolu kisələr də zədələnməyib. Və nəhayət, güllə dəymək üçün möhkəm bənd edilmiş ikiqat metal hasardan keçməliydi. Yəni praktik mümkün deyildi ki, atam kimisə yaralasın, ya da öldürsün. Çox güman ki, bu ya biz tərəfdən təsadüfən, ya da planlaşdırılmış  fitnəkarlıq üzündən onlar tərəfdən olub. Qanı biz deyil, onlar istəyirdilər. And içə bilərəm ki, onun (atamın) (haçansa) atəş açdığını görməmişəm. Olub ki, başqa prezidentlər necəsə bir bıçaq hədiyyə ediblər, amma onlardan nə vaxtsa istifadə etdiyini xatırlamıram. Onda velosipeddən hədəfə atəş açmaq maniyası yox idi (Türkmənistan prezidentinə işarə olunur-tərc.).

Evdə birinci mərtəbədən ikinciyə keçiddə qan izi var, ikincidən üçüncü mərtəbəyə keçiddə isə yoxdur. Atam məhz üçüncü mərtəbədə idi. Mən bilirəm ki, (xüsusi təyinatlıya) atəş açacağını deyərkən blef edirdi.

 

“Xüsusi təyinatlının ölümünə görə təqsir hakimiyyətin boynundadır”

 

-Mən hesab edirəm ki, xüsusi təyinatlı Usen Niyazbəyovun həlakına atamın dəxli yoxdur. Mən düşünürəm ki, başqasının günahını üzərinə götürmək məqsədilə özünə böhtan atır. Həlak olmuş xüsusi təyinatlının ailəsinə başsağlığı vermək, həm də demək istəyirəm ki, onun ölümünə görə təqsir Atambayevin deyil, hakimiyyətin üzərinə düşür. Atam iyulun 31-də bildirmişdi ki, bu məsələyə nöqtəni məhkəmə qoymalıdır. Atam dəfələrlə deyib ki, ölkədən getməyə hazırlaşmır və onu Sapar İsakov, ya da Kubanıçbek Kulmatov kimi elə-belə istintaq təcridxanasına qatmazlar. Lakin xüsusi təyinatlıya evimizə necə hücum etmək əmrini vermək kökündən yanlış qərar idi…

 

“Hakimiyyət qorxutma siyasətinə başlayıb”

 

-Bu durum bizi səfərbər edib, biz tərəfdarlarla əlaqəyə giririk. Anladığım qədər, hakimiyyət indi qorxutma siyasətinə başlayıb. Bu hadisələr zamanı təkcə tərəfdarlarımız deyil, həm də durumdan yararlanmaq istəyən marginallar çıxmışdılar. Və indi istədikərini deyə, kimi istəsən, ittiham edə bilərlər ki, azadlığa çıxsınlar. Adamları DMTK İstintaq Təcridxanasında iki ay saxladıqdan sonra onlar Batukayev işinə görə atama qarşı ifadə verməyə başlayıblar. İndi də eynilə belə olacaq: onları da təcridxanada saxlayacaqlar, bundan sonra istənilən kağıza qol çəkəcəklər.

Atam deyirdi ki, məhkəmənin qərarını qəbul edər, çünki anama təzyiq bütün sərhədləri keçmişdi. Hər şey belə yalandan təqdim olunanda, guya o, boz kardinal idi, (Atambayevin dönəmində məhkəmə islahatına görə məsul) Manas Arabayevlə  necəsə qarşılıqlı fəaliyyətdə idi – hamısı sayaqlamadır.

Hücumun ilk günündə qardaşım Seyitin ayağında iki barmağı sınıb. Mən bilirəm ki, qardaşlarım sirr saxlamaq haqda imza ediblər. Onlara qarşı cinayət işinin olub-olmadığını deyə bilmərəm. Hakimiyyət anama qarşı nəsə uydura bilibsə, onda bunu qardaşlarıma, mənə, bütün ailəmizə qarşı da asanlıqla edə bilər. Bu, Kokandsayağı (Özbəkistanda şəhər-tərc.) qisasdır.

Çoxları bumeranq effektindən danışırlar, guya Atambayev bunu haqq edib, amma hesab edirəm ki, başqasının fəlakətinə sevinmək xeyir gətirməz. Budur, deyirlər ki, guya siz o vaxt “Sentyabr”ı (telekanal-tərc.) bağladınız, indi “Aprel” telekanalını bağlayıblar. Amma yadımdadır ki, Asılbek Jeenbekovun (Qırğızıstanın indiki prezidentinin kiçik qardaşı-tərc.) özü o zaman “Sentyabr”a qarşı iddia qaldırmışdı. Guya ona böhtan atıblar, orada ekstremist materiallar var – nəsə belə bir şey. Siz düzgün adamları iblisləşdirirsiniz. Atamın səhvi sadəlövhlük idi.

 

“Atambayev ölkəni energetik və ideoloji müstəqilliyə gətirib”

 

-Mən Qırğızıstanda ədalətə inanıram, çünki baş verənləri gizlətmək, bir də ört-basdır etmək alınmaz. İnsanlar 7-8 avqust və onun səbəbləri haqda həqiqəti danışacaqlar. Düşünürəm ki, atam gec, ya tez azadlığa çıxacaq. Və onun hətta səhvləri olubsa da, ölkə üçün edilənlər bunu dəfələrlə üstələyir. Məsələn, energetik müstəqillik, ideoloji müstəqillik. Elə Köçəri Oyunları. İnkişafın ilk institutları, AİB-ə girmək, rəqəmsal transformasiya, infrastruktur layihələri. Bunları silmək alınmayacaq. Həbsxanada atam əyləşməməlidir, zaman keçdikcə bunu daha çox adam anlayacaq.

Bütün bunlar bizdə çox ağır şəkildə baş verib, amma mən qisas tələb etmirəm. Mən ədalət tələb edir və başa düşürəm ki, tez, ya gec, bu olacaq.

 

“Atam bizə siyasətə baş qoşmağı yasaqlayıb”

 

-Mən ölkədən heç hara qaçmaq niyyətində deyiləm. Mən Aydarçik (Akayev), mən Maksim (Bakiyev) deyiləm, mən bu ölkəni talan  etməmişəm.

Çalışırıq evi bərpa edək, o, indi acınacaqlı vəziyyətdədir. Nə mənim, nə də anamın başqa mülkü yoxdur. Mən burada (evdə) olmalıyam, mən burada yaşamalıyam. Bura mənim əcdadlarımın torpağıdır. Bir də yaşamağa yerimiz də yoxdur, bura yaşaya biləcəyimiz yeganə mülkdür. Mən evi tərk etmək istəmirəm.

Düşünürəm ki, atama layiq oğul olmuşam. Çoxları bütün bu illər boyu ailəmizin  bir çox üzvləri haqda heç eşitməyiblər, tanımayıblar da. Atam siyasətə qoşulmağı bizə qəti qadağan edib. Atam bir zamanlar məni Almaniya kansleri Angela Merkellə görüşə dəvət etmişdi, mən alman tarixiliyinin böyük fanatıyam. İndi biliyin iqtisadiyyata necə yayıldığı ideyasını inkişaf etdirdiyim ikinci kitabı yazıram. Mən doktorantura planlaşdırmışam, (universitetlərdən) dəvətlərim var. Mən Qırğızıstanın gələcəyi üçün atamın baxışını qismən qavramağa çalışmışam, çünki ilk dəfə onun dönəmində inkişaf institutu meydana çıxıb, dövlət sənaye sektorunu dirçəltməyə başlayıb. Və düşünürəm ki, ölkənin gələcək inkişafını necə gördüyümüz haqda çox şey danışa bilərdi.

Atam haçansa bizdən söz alıb ki, siyasətə qoşulmayaq, amma, görünür, ata, bağışlayın, çünki vədi pozmağa vadar olacağam, ona görə ki, susmaq və baş verən əndazəsizlikləri seyr etmək çox ağrılıdır. Qəlbim tələb edir ki, bunu, heç olmasa, necəsə ifadə edim.

Tərcümə Strateq.az-ındır.