XƏBƏR LENTİ

06 Dekabr 2019
05 Dekabr 2019

Digər Xəbərlər

23 Sentyabr 2019 - 19:24

Qüdrət Həsənquliyev yeni Konstitusiyanın qəbulunu istəyir:"PAYIZ SESSİYASINDA MƏSƏLƏ QALDIRACAĞAM" - Müsahibə

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Redaktor.az saytına müsahibə verib.

Müsahibənin birinci hissəsini Strateq.az oxucularına təqdim edirik:

 

– Con Boltonun vəzifəsindən istefa verməsinin Azərbaycana hansı təsirləri ola bilər? Bununla ABŞ-ın ölkəmizə diqqətinin azalacağını iddia edirlər.

– Azərbaycana diqqət azalmayacaq. Çünki Azərbaycan Rusiya və İranla sərhəd dövlətdir. ABŞ-ın hər iki ölkə ilə problemi var.

– 2020-ci ildə Azərbaycanda parlament seçkiləri keçiriləcək. ABŞ-ın regiona, ölkəmizə diqqəti azalsa, parlament seçkiləri ərəfəsində Rusiya və İranın fəallaşması mümkün ola bilərmi?

– Azərbaycan çalışır ki, həm Rusiya, həm də İranla  yaxın qonşuluq münasibətlərini qoruyub saxlasın. Düşünmürəm ki,  seçkilər ərəfəsində Rusiya və İran tərəfindən böyük təxribatlar olsun. Azərbaycan balanslaşdırılmış siyasət yürüdür. Dövlətlərin hər biri ilə  əməkdaşlığın davam etdirilməsində ölkəmiz maraqlıdır.  Ona görə də bu dövlətlərin siyasətində sağlam düşüncə üstünlük təşkil edəcəksə, Azərbaycana münasibətdə onların hansısa təxribatçı fəaliyyətə yol verəcəyini düşünmürəm.

– Bəs parlament seçkiləri ərəfəsində, daxili qruplaşmaların iqtidar daxilində və ümumilikdə siyasi sistemdə fəallaşması mümkündürmü?

– Daha əvvəllər də biz  blok şəklində seçkilərə qatılmışdıq. Payız sessiyasında ölkədə yeni konstitusiyanın qəbul olunması ilə bağlı məsələ qaldıracam. Ölkədə yeni konstitusiya qəbul olunarsa, yaxud konstitusiyaya dəyişikliklər edilərsə, proporsional seçki sistemi bərpa olunarsa, o halda partiyaların təmərküzləşməsi prosesi gedəcək. Rusiyada  üç-dörd partiyanın parlamentə düşmə imkanı var. Əminəm ki, bizdə də bu olacaq. Təbii ki, sağlam, konstruktiv mövqedə duran, əməkdaşlığa meylli, ölkə naminə bir-birinə güzəştə getməyi bacaran partiyaların blokları yaranacaq. Hazırda bizdə, səhv etmirəmsə, 55-57 partiya qeydiyyatdan keçib. O zaman Azərbaycanda maksimum 7-8 blok formalaşar ki, onların da 3-4-ü parlamentə düşə bilər. Bu da bizim siyasi sistemimizdə nizam-intizamın yaranmasına gətirib çıxarar. Bununla ölkədə siyasi sistem təkmilləşər və siyasi mübarizənin daha effektli olmasına yol açar.

– Ermənistanın daxilində gərginlik hökm sürür. Hazırda Ermənistanda olan vəziyyətin Azərbaycanın 90-cı illərdəki vəziyyətini xatırlatdığını deyirlər. Bəs niyə ölkəmiz bu gərginlikdən istifadə edib torpaqları geri almır?

– Bilirsiniz, mən indi müxalifət partiyasının rəhbəri kimi danışıram. Mənim, sözsüz ki, informasiyam məhduddur. Ola bilsin ki, iqtidarı bu addımı atmaqdan çəkindirən, bizim bilmədiyimiz nələrsə var. Amma mənim bildiyim odur ki, böyük nəticələr əldə etmək üçün böyük risklər lazımdır. Bu risklər olmayan yerdə böyük nəticədən söhbət gedə bilməz. Yəni oturub Ermənistanın nə vaxt dağılacağını və gedib Qarabağı müharibəsiz götürəcəyimizi gözləməyimiz, özünü aldatmaqdan başqa bir şey deyil. Ona görə də, Ermənistanda vəziyyətin gərginləşməsindən istifadə etməliyik. Azərbaycan çox yaxın vaxtlarda (2019-cu il çox əlverişlidir) bu istiqamətdə konkret addım atmalıdır. Biz hərbi yolla ən azından Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlarda Azərbaycanın suverenliyini bərpa etməli, işğalçıları ölkədən qovmalıyıq. Yalnız bundan sonra Dağlıq Qarabağın statusu məsələsində Ermənistan  konstruktiv mövqe tutacaq. Bu məsələdə mənim mövqeyim birmənalıdır.

– Xarici işlər nazirləri bu gün görüşür. Paşinyan isə verdiyi bəyanatları nə təkzib edib, nə də onlardan imtina edib. Azərbaycan tərəfi niyə bu görüşə qatıldı?

– Paşinyan sonradan açıqlama verdi ki, o bu mövqeni Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinə görə sərgiləyir. Guya, Azərbaycan Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olaraq qalacağını bəyan edir. Amma, guya, Ermənistan bəyan edir ki, Azərbaycanın da maraqlarının təmin olunacağı həll variantı tapmalıdır.

Paşinyan yalan danışır. Xarici İşlər Nazirliyi də gərək bununla bağlı dərhal açıqlama verəydi. Azərbaycan dəfələrlə bəyan edib ki, dünyada mövcud olan ən geniş muxtariyyət statusunu Qarabağa verməyə hazırdır. Bundan böyük güzəşt yoxdur. Dağlıq Qarabağ ermənilərinin maraqlarını bundan çox qoruyan mövqe ola bilməz.

İkincisi, ilkin mərhələdə Qarabağ Azərbaycanın tərkibində olduğu vaxtda, orada regionda marağı olmayan ölkələrin hərbçilərinin iştirakı ilə sülhməramlı qüvvələr də yerləşdirilə bilər.

Digər tərəfdən, Ermənistanla Dağlıq Qarabağın hər cür- mədəni, siyasi, iqtisadi əlaqələr qurmasına da qarşı deyilik. Ümumiyyətlə, sərhəd açılsa, o halda bizim Ermənistanla münasibətlərimiz bərpa olunacaq. İstənilən Azərbaycan Respublikasının vətəndaşı, o cümlədən Dağlıq Qarabağdakı erməni vətəndaşlarımız da Ermənitana gedib-gələcək. Biz tarixdə çox görmüşük ki, bir-biri ilə qanlı müharibələr etmiş ölkələr sonradan barışıblar və əmin-amanlıq şəraitində yaşayıblar. Gələcək nəsillər naminə bu edilməlidir. Amma, sözsüz ki, biz ermənilərin bizə qarşı etdiklərini unutmamaq şərti ilə bunu etməliyik. Bizim XİN hər dəfə onların bu cür yalan bəyanatlarından sonra açıqlama verməlidir. Əslində Ermənistandan qabaq Azərbaycan orada yaşayan ermənilərin maraqlarının qorunması və təhlükəsizliyi ilə bağlı mövqeyini ortaya qoyub. Amma hazırda Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddiasından imtina etməlidir. Həmin yüksək statusla Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı kimi yaşamalarına öz töhfələrini verməli və qoşunlarını bizim torpaqlardan çıxarmalıdırlar.

– Müdafiə naziri Zakir Həsənov müsahibəsində Ermənistana bu şəkildə mesaj göndərmişdi:“Biz sözümüzü döyüş meydanında deyəcəyik və biz müharibəni arzulayırıq”. Ermənistanın müdafiə naziri David Tonoyan Zakir Həsənovun müharibə arzusuna kinayəli şəkildə cavab verdi: “Qoy arzulasınlar, arzulamaq yaxşıdır”. Sizcə, “qoy arzu etsinlər” cavabı bizə çağırışdırmı?

– Əvvəla, mən dəfələrlə söyləmişəm: elə  vəzifələr var ki, orada peşəkar siyasətçilər təmsil olunmalıdır. Məsələn, Müdafiə naziri gündəlik xarici siyasətlə məşğul olmur. Bu adamı öyrətmək lazımdır ki, hər zaman eyni sözü desin. Başqa açıqlama vermək ona qadağan olunmalıdır. Z. Həsənov hər zaman bu söz deməlidir: “Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə hazırdır və Ali Baş komandanın əmrini gözləyirik”. Vəssalam!

– Yəni ictimaiyyətə görülən işlərlə bağlı məlumat verilməsin?

– Müdafiə naziri mən dediyimdən başqa söz deyəndə, çox böyük problemlər yaranır. Axırıncı müsahibəsində də dolayısı ilə Rusiyanı qıcıqlandıracaq bir açıqlama vermişdi (red.- “Sizi müdafiə edənlər arxanızda dura bilməyəcək”). Yaxşı olardı ki, Müdafiə naziri mülki şəxs olsun. Mən bunu dəfələrlə söyləmişəm. Özü də həmin şəxs peşəkar və hazırlıqlı siyasətçi olmalıdır. Amma peşəkar hərbçi bu vəzifəyə qoyulubsa, onun siyasi məsələlərlə bağlı danışmasına ehtiyac yoxdur. Ümumiyyətlə, yaxşı olardı ki, bizim xarici işlər nazirinin özü də açıqlama verməsin. Elə mətbuat xidmətinin rəhbəri, Prezident Adminstrasiyasında müvafiq şöbə ilə razılaşdırılmış açıqlamalar versin. Bu halda bizim işlərimiz daha yaxşı olar.