XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

08 May 2015 - 18:47

“Elçibəyə dedim ki, səndən prezident olmaz”

Cabbar Cəlil Bəydillli: “Xoşbəxtliyi əzab içərisində yaşamışam”

Gənclik illərimdən tanıdığım, həmişə şəxsiyyətinə böyük sayqı duyduğum bir insan var – filologiya üzrə elmlər namizədi Cabbar Cəlil Bəydilli. Həmişə təvazökarlığıyla seçilən, kiçiklə kiçik, böyüklə böyük olan bu gözəl ziyalımızın 70 yaşı tamam olur. Keçdiyi bu ömür yoluna onunla bərabər nəzər salmaq üçün Cabbar bəyin qonağı oldum. çox səmimi şəraitdə keçən söhbətimizi oxucularla da bölüşmək istərdim.

– Salam, Cabbar bəy. Əvvəla, Sizin 70 yaşınızı kollektivimiz adından təbrik edirəm.

– çox sağ olun.

– İkincisi, istərdim ki, keçdiyiniz bu ömür yolu haqqında xatirələrinizlə, ədəbi və mədəni dünyagörüşünüzlə bizi də tanış edəsiniz. İlk öncə, bu sualdan başlayaq: 70 yaşına qədəm qoyan Cabbar Cəlil Bəydilli necə bir ömür sürüb?

– 70 il əslində ağır keçib. Əksər həmyaşıdlarımda olduğu kimi, rahat ömür yaşamamışam. Buna baxmayaraq, indi keçmişə nəzər salanda Əli Kərimin şeirlərindən birində keçən bu misranı xatırlayıram: “Bir zaman xoşbəxtdim, nə yaman Allah”. Allah Əli Kərimə rəhmət eləsin, onun bu misrası tez-tez beynimdə fırlanır.

– Nə zaman daha çox xoşbəxt idiniz?

– Mənim həyatım, doğrudan da, xoşbəxtliklə keçib. Orta məktəbi bitirdikdən sonra həmişə ziyalıların arasında olmuşam. Onlardan çox şeylər öyrənmişəm. Bir çoxlarının arzulayıb görə bilmədiyi insanların arasında yaşamaq ən böyük xoşbəxtlikdir. Allah bunu məndən əsirgəməyib. Tələbəlik illərində bu xoşbəxtliyi əslində əzablar içərisində yaşamışam. Yaşadığım dövr totalitar bir dünya idi. Bu gün də onun qalıqları var. Amma o dövr daha çətin idi. Mənim həmin dövrdə öz yaşıdlarım arasında ünsiyyət qura biləcəyim insanlar, demək olar ki, yox idi. Söhbət 1970-ci illərdən gedir. Totalitar bir dünyada içimdə başqa dünya yaşadaraq dolaşırdım. Orta məktəb illərində ən çox Türkiyə radiolarını dinləyirdim. Radio vasitəsilə türk dünyası haqqında çox şey öyrənirdim. Məsələn, Yunis İmrəni ilk dəfə bu radio vasitəsilə tanımışam. Və bundan sonra gözüm həmişə onun əsərlərini axtarıb. Sonradan araşdırmalarım vasitəsilə Yunus İmrəni daha yaxından tanıdıqca, anladım ki, bu şəxsiyyət tipi mənim ruhuma daha uyğundur. Beləcə, hələ uşaq yaşlarımdan içimə Türkiyə sevgisi dolmuşdu. Amma bu sevgini rayon yerində kiminləsə paylaşa bilmirdim. Sonra ali təhsil almaq üçün Bakıya gəldim. Əvvəl Teatr İnstitutuna sənəd verdim və qəbul oldum. Teatrşunaslıq fakültəsində oxudum. Fakültədə bir nəfər idim. Bütün müəllimlər yalnız mənə dərs deyirdilər. Naxçıvandan başlayan yalnızlığımın Bakıda da davam edəcəyini düşünürdüm. Allah rəhmət eləsin Rahib Hüseynovla Adil İsgəndərova, mənə universitetdə oxumağı məsləhət gördülər. Sənədlərimi götürüb universitetə gəldim. Universitetdə yavaş-yavaş elitar cəmiyyətlə tanış oldum. Mənə dərs deyən müəllimlərin hamısı məşhur adamlar idi: Nəriman Həsənzadə, Xaliq Əlmirzəyev, Aydın Məmmədov, Xəlil Rza kimi insanlardan dərs alırdım. Onların verdiyi dərslər sayəsində mən də vətənpərvər ziyalılar arasında öz yerimi tapmağa başladım. Milli dünyagörüşümün formalaşmasında odlu-alovlu nitqlər söyləyən Xəlil Rzanın misilsiz rolu olub. Tale elə gətirdi ki, aspiranturaya qəbul oldum. O vaxt Xəlil Rza orda işləyirdi. Bu böyük şair və fikir adamıyla çox yaxın münasibətlərimiz yarandı. Məni zorla evlərinə aparır və xüsusi qayğı göstərirdi.

– Sizi milli oyanış hərəkatına cəlb edən Xəlil Rza olmuşdu?

– Onun da böyük rolu vardı. Amma ən çox təsirləndiyim adam, Allah rəhmət eləsin, Əbülfəz Hüseyni idi. Mənə milli dəyərləri ən çox aşılayan bu adam olmuşdu. O, böyük alim və gözəl vətəndaş idi. Onun qədər ədəbiyyatı, türkçülüyü bilən, elmi potensialı olan ikinci bir adam tapmaq müşkül məsələ idi. Əbülfəz Hüseyninin həyatı faciəli idi. Rəhmətliyin ailə sarıdan bəxti gətirməmişdi. Mən ondan çox şeylər öyrəndim. Sonrakı dönəmdə Ədəbiyyat İstitutunda Xudu Məmmədovu, Şirməmməd Hüseynovu, Ağamalı Sadiqi tanıdım. Onlar böyük türkçülər idi. Mənim içimdə də türk ruhu vardı. Bu adamların sayəsində türklük ruhum daha da formalaşdı, cilalandı. O zaman bu adamlar ruslaşmaya qarşı öz əqli gücləriylə əməlli-başlı savaşırdılar. Mən də bu savaşın içinə girdim.

– Sizi həm də Elçibəyə yaxın adam kimi tanıyırıq. Bəylə tanışlığınız da o zaman başlamışdı?

– Bəli. O zaman rəhmətlik Elçibəy tez-tez tələbə yataqxanasına gəlir, söhbətlər aparırdı. Bəylə tanışlığım da bu görüşlər zamanı başladı. O da Əbülfəz Hüseyni ilə bir yerdə işləyirdi. Daha sonrakı dövrlərdə Elçibəylə daha yaxın münasibətlərimiz yarandı.

– Səhv etmirəmsə onunla kirvə idiniz…

– Doğrudur. Oğlumu Elçibəyin qucağına qoymuşam. Elçibəy elmi cəhətdən çox zəngin adam idi. özünü Azərbaycanın milli-azadlıq hərəkatına sərf etdi. Heyf ki, sonunda da pis komandanın güdazına getdi. Hakimiyyətə gələndən 2 ay sonra rəhmətliyin yanına getdim. Məndən niyə indi gəldiyimi soruşdu. Dedim ki, “bəy, gərək bu söhbətə qayıtmayaydıq, səndən prezident olmaz. Sən nahaq yerə bu postda əyləşibsən. Kim saldı səni bu oyuna?”

– Nə cavab verdi, bəs?

– Dedi ki, “bu da bir tale idi, yaşadıq, nə olacaq?”. Daha sonra nə istədiyimi soruşdu. Cavab verdim ki, “bəy, sənin yanına vəzifə dalınca gəlməmişəm. Gəlmişəm, deyəm ki, mən sizin taleyinizə acıyıram, onu yaxşı görmürəm”. Mənə iş təklif etdi. Dedim: “Nə istəyirsən? İstəyirsən ki, gedim isaqəmbərlərlə, pənahhüseynovlarla bir masa ətrafında oturum? Mən bunlarla işləyə bilmərəm. Mümkün deyil”.

-Niyə? Nə olmuşdu ki, İsa Qəmbərə?

– İsa Qəmbərə nə olmuşdu? Mən onu qəbul eləmirdim.

– Axı niyə qəbul eləmirdiniz? Səbəbi yox idi?

– Var idi, təbii ki. Onun hərəkatçılığı saxta idi. Bütün oyunları o qururdu. Demokratik qüvvələr arasında parçalanmalar, didişmələr… Hamısı onun əməlləri idi.

– Nə oyun qururdu? Konkret deyə bilmərsiniz?

– Heydər bəy, guya, sən özün bilmirsən?

– Yox, mən hardan biləcəm? O zaman Türkiyədə oxuyurdum.

– Oxusan da, bilirsən.

– Tutalım, mən bilirəm. Bir də bildiyimi Elçibəyin kirvəsinin verdiyi informasiyalarla zənginləşdirmək haqqım yoxdurmu? üstəlik, sizin xitab etdiyiniz adam mən deyiləm ki, Azərbaycan ictimaiyyətidir. İctimaiyyət isə çox şeyi bilməyə bilər.

– Azərbaycan ictimaiyyəti də bilir, narahat olma. Elin gözü tərəzidir. Ona görə də bu gün heç kim müxalifətə dəstək vermir. Nə qədər ki, müxalifətin vitrinində bu adamlar görünəcək, heç vaxt da dəstək verməyəcəklər. O ki qadı İsa Qəmbərin əməllərinə…, adamları bir-birinə vururdu. Elçibəyi nüfuzdan salıb hakimiyy
əti götürmək istəyirdi. O dövrün hakim komandasının dövlətçilik təcrübəsi olmayan, mənsəbpərəst adamlarını öz ətrafına toplamağı da bacarmışdı. İsa Qəmbərin təyin etdiyi kadrlara baxın, hamısı təmənnalı adamlar idi. Heç biri dövlətin taleyini düşünmürdü. Ona görə də həmin hakimiyyətin ömrü uzun sürmədi.

– Bəs, məqsədi nəydi?

– Nə olacaq? Hakimiyyət davası.

– Ətrafındakı adamlar kim idi?

– İsa Qəmbərin ətrafındakı adamlardan biri Tofiq Qasımov idi, digəri İsgəndər Həmidov. Bunların hər biri özünü prezident kimi görürdülər.

– O zaman belə bir sual yaranır: Elçibəy öz ayağının altını qazan bu adamlara qarşı niyə tədbir görmürdü?

– Yox, görə bilməzdi. Elçibəy o dairənin içində idi. Neyləyə bilərdi ki? Açığı, Elçibəyin xarakteri də başqa cür idi. O yaxşı ziyalı, elm adamı idi. Böyük politoloq, sosioloq idi. Zəngin informasiya bazası var idi. Şərq tarixini, ədəbiyyatını çox gözəl bilirdi. Amma ondan prezident olmazdı! Məhz buna görə də dedim ki, “niyə girdin bu oyuna? Sən prezident olmamalıydın”.

– Sizin indiyə qədər dedikləriniz hansısa fakta əsaslanmır. Şəxsən, şahid olduğunuz fakt varmı?

– Var. Məsələn, Elçibəy Kələkidə olanda İsa Qəmbər məni yanına çağırdı. Dedi ki, “Cabbar bəy, çox adamla Elçibəyə mesaj göndərmişəm. Amma konkret bir cavab almamışam. Sən onun dostusan. Aranızda yaxın münasibətlər olub. Get Elçibəyin yanına. Ona de ki, ya qayıdıb gəlsin Bakıya, ya da müxalifətin liderliyini mənə həvalə eləsin”. Bu sözləri deyəndən sonra 50 dollar çıxarıb mənə yol pulu da vermək istədi. Götürmədim. Dedim ki, “mən belə nalayiq təklifi Elçibəyə apara bilmərəm”.

– Cabbar bəy, bu yubiley müsahibənizdə qalmaqallı siyasət üzərində çox dayanmaq istəmirəm. Bəlkə söhbətin yenə əvvəlki axarına qayıdaq?

– Buyurun.

-çox sağ olun. Məni bir məsələ çox maraqlandırır. Siz ziyalılar içərisində yetişmiş adamsınız. özünüz də ziyalısınız. O dövrün ziyalıları ilə indiki ziyalılar arasında nə fərq var. Niyə sələfləriniz kimi cəmiyyətə təsir edəcək gücdə deyilsiniz?

(ardı var)

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə