XƏBƏR LENTİ

08 Dekabr 2019
07 Dekabr 2019

Digər Xəbərlər

04 Oktyabr 2019 - 16:03

PUTİNİ KREMLDƏN QOVMAĞA GEDƏN AĞ ŞAMANI DƏLİ ÇIXARTDILAR:“Rusiyada hakimiyyəti qara qüvvələr ələ keçiriblər” – Müsahibə

 

Polskie Radio(Polşa), 03.10.2019

 

Yakutiyalı şaman Aleksandr Qabışev 2019-cu ilin martında “qara qüvvələrin törəməsi” saydığı “Putini qovmaq ayini” keçirmək üçün Moskvaya yollanıb. Paqonlular sentyabrın 19-da şamanı dəstəsinin Buryatiya və İrkutsk vilayətinin sərhədində qurduğu düşərgədə həbs ediblər və zorla əvvəlcə Ulan-Udeyə, sonra psixiatriya dispanserinə yerləşdirdikləri Yakutska gətiriblər. Şərqi Avropa Araşdırmaları Mərkəzindən Rusiya məsələləri üzrə ekspert Anna Labuşevskaya Rusiya hökumətinin şamanın yürüşünə reaksiyasını Polşa Radiosunun efirində şərh edib.  

 

-Yakut şamanın adı hansısa bir müddətdə ağızlarda dolaşırdı. Necə alındı ki, o, sosial şəbəkələrin ulduzu oldu?

-51yaşlı Aleksandr Qabışev Yakutskda universitet bitirib. O, tarixi öyrənib, amma belə də tarixçi olmayıb. Gözətçi və ocaqçı işləyib. Bir zamanlar ailəsini itirərək həyati zədə alıb. Bundan sonra, iddia etdiyi kimi, ona vəhylərin nazil olduğu meşədə yaşayıb, sonra özündə şaman gücü duyub. Qeyd etməyinə dəyər ki, Yakutiya şamançılıq ənənələrini qoruyan bölgə kimi qalır, bax, buna görə insanın özündə şaman gücünü duymağa başladığı hadisə burada olduqca adi bir şeydir. Şamanların insanın bu dünyada necə yaşamalı olduğunu öyrəndikləri əcdadlarına güclü bağlılıqdan ibarət olan gücü haqda nələr demək olmaz… Və bu biliyi öz tərəfdarlarına verirlər. Şamanlar həm qara, həm də işıqlı güclərlə, müxtəlif qüvvələrlə əlaqə qurmaq iqtidarındadırlar. Aleksandr Qabışev iddia edir ki, işıqlı magiyanın təmsilçisidir.

Bu əhvalatda Vladimir Putinin adı hansı anda meydana çıxıb?

-Aleksandr Qabışev bu ilin martında o qədər qüdrətli güc duyub ki, Kremldə cəmlənmiş, Rusiyaya zülm edən və rusiyalılara azadlıqdan həzz almaq imkanı verməyən qara qüvvələrə qarşı durmaq iqtidarındadır. Aleksandr Qabışev bundan sonra piyada yürüş elan edərək bildirib ki, 2021-ci ilin avqustunda Yakutskdan Moskvaya getmək niyyətindədir. O bununla yanaşı bildirib ki, yolboyu Rusiyanın siyasətinin necə görünməli olduğu və siyasilərin ölkəni necə yönəltməli olduqları haqda adamlara moziə edəcək. Nəzərdə tutulurdu ki, bu yürüşün böyük finalı, Qabışevin sözlərinə görə, ta Putinin sürgününə qədər qara qüvvələrin ələ aldıqları şeytanları Kremldən qovmaq ayini olacaqdı. Yəni şaman Qabışevin işıqlı magiyası Kremlin qara magiyasına qarşı durmalıydı ki, Rusiyanı təmizləyərək onu demokratiya və azadlıq məcrasına yönəltsinlər. Qabışevin fikrincə, hakimiyyətin bir əldə bu qədər uzun müddət saxlanması bu prinsiplərə qarşıdır. Rusiyalıların çoxu bu fikri bölüşür, bu il müşahidə etdiyimiz çoxsaylı etirazlar bundan danışır.

-Adamlar yakut şamanın ideyasına necə reaksiya veriblər?

-Qabışevin yürüşü martdan davam edirdi. Onu çox böyük məsafəni qət etmək gözləyirdi. O, Çitaya, Cənubi Sibirə çatanda artıq belə formada azadlığa basqıya və korrupsiyalaşmış hakimiyyətə qarşı çıxış etmək ideyasını görkəmli sayan bir neçə tərəfdarı var idi. Onlar ikitərəfli avtoyollarla gedirdilər, sürücülər onların yanında dayanır, Qabışevlə söhbət edir, ideyaları ıilə  tanış olurdular. Bu yürüş hansısa bir anda daha çox Qabışevi əsil ulduz edən sosial şəbəkələrin sayəsində geniş səs-küy qazandı. Məsələn, onun özünün yürüşün necə irəlilədiyindən danışdığı yutub kanalı var idi. Onun çarxları bir milyondan çox baxış yığıb. Bu, Rusiya miqyasında o qədər də çox deyil, amma artıq gözə dəyəndir. O cümlədən hökumət üçün. Çitada mitinq təşkil olunmuşdu, Qabışev və tərəfdarları mitinqin gedişində onları dəstəkləyən yerli əhali ilə görüşüb. Bu, hökumətə lap xoş gəlməyib. Şaman sentyabrda Buryatiyanın paytaxtı Ulan-Udeyə çatanda böhran başlandı. Orada Putinin tərəfdarı bir neçə buryat şaman onun yoluna çıxıb və  baş-gözü sağ ikən geri dönməyi təklif edib, dönməsə, onu öz magiyaları ilə məhv edəcəklərini deyiblər. Qabışev onların nəsihətinə uymayıb, yoluna davam edib və sentyabrın 19-dan 20-ə keçən gecə silahlı-maskalı adamlar onun düşərgəsinə basqın edib, şamanı gecəyarısı öz çadırından sürüyüb çıxardıb və naməlum istiqamətdə aparıblar. Növbəti gün bəlli olub ki, o, ekstremist qruplaşma təşkil etmək ittihamı üzrə saxlanılıb. Bu, çox ciddi ittihamdır və buna görə bir neçə illiyə koloniyaya düşmək olar. Yekunda Qabışev psixiatrik müayinədən keçməli olduğu Yakutska çatdırılıb. Bu, özgə cür düşünənlərə münasibətdə tam qədim sovet ənənəsidir. Nəticədə ilk konsultasiyadan əlüstü sonra yaşayış yerindən uzaqlaşmayacağı haqda qol kağızı alandan sonra şamanı azad ediblər.

-Rusiya hökumətinin reaksiyasını necə dəyərləndirirsiniz? Doğrudanmı, Kremldə yakut şamandan qorxublar?

-Bu, rasional baxımdan önləyici hərəkət idi. Rusiya hakimiyyəti sərbəst düşüncənin təzahürünü xoşlamır. Onlar şamanın yürüşünü Moskvadan uzaqda rezonans əldə etməzdən əvvəl durdurmaq istəyiblər.

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə