XƏBƏR LENTİ

20 Noyabr 2019
19 Noyabr 2019

Digər Xəbərlər

04 Noyabr 2019 - 18:01

“Qadın şahmatçılarımızın nailiyyəti indiyəqədərki qələbələr arasında ən qeyri-adisidir” –Mahir Məmmədov

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovun “Report”a müsahibəsi verib. Müsahibəni təqdim edirik:

– Azərbaycanın qadınlardan ibarət komandası Avropa çempionatında bürünc medal qazandı. Bu kollektivin çıxışını necə qiymətləndirirsiniz?

– İndiyədək Azərbaycanın yeni tarixində belə nailiyyət olmamışdı. Həqiqətən də, bunu heç kəs gözləmirdi. Çünki biz Avropa çempionatının reytinq favoritləri sırasına daxil deyildik. Yarış öncəsi ən yüksək reytinqli qadın şahmatçımız Günay Məmmədzadənin 2427 xalı, digərlərinin isə 2400-dən aşağı xalı var idi. Hərçənd, qadın şahmatında super reytinqlilər 2500-dən yuxarı xalı olanlar sayılırlar. Lakin uzun illərdir bu komandanın püxtələşdiyini, yüksəldiyini və inkişaf etdiyini görürdük. Məmmədyarova bacılarından Zeynəb oynamasa da, komandanın yanında idi. Onun özü də kollektivdə birliyin, milli ruhun möhkəmlənməsinə həddindən artıq kömək edirdi. Peşəkar nöqteyi-nəzərindən Zeynəbin həm bacısı Türkana, həm də digərlərinə köməyi şübhəsiz idi. Bununla belə, komandanın startı çətin alındı. Müəyyən uğursuz matçlar oldu. Lakin şahmatçılarımız çempionatın ikinci yarısını, doğrudan da, gözlədiyimizdən gözəl keçirdilər. Əslində onlar əvvəlki illərin məntiqini təsdiqlədilər. Artıq gözlənilməz məğlubiyyətlər tam aradan qaldırıldı. Rusiya və Gürcüstanla çox maraqlı görüşlər keçirdilər. Sonda isə Ermənistanı məğlub etdilər.

– Avropa çempionatının bürünc medalının ermənilər üzərində qələbə sayəsində qazanılması bu nailiyyətin dəyərini artırmır?

– Əlbəttə, bu da vurğulanası və diqqət yetiriləsi məqamdır. Hələ çempionatın püşkü atılmamışdan Ermənistanla düşəcəyimizi bilirdik. Çünki başqa variant yox idi. Əlbəttə, bir gün əvvəl kişilərdən ibarət yığmamızın Ermənistana uduzmasından sonra qadın şahmatçılarımızın qalib gəlmələri simvolik məna daşıdı və bizə məğlubiyyət acısını unutmağa, onun yarasının tezliklə sağalmasına bir qədər kömək etdi. Bu, Azərbaycanın qadın şahmatının illərdir yüksəlişdə olduğunu nümayiş etdirdi. Komandamız yüksək səviyyədə oynamağa qadir olduğunu nümayiş etdirdi. Qazanılan nailiyyət indiyədək əldə olunmuş qələbələr arasında ən qeyri-adisidir. Düzdür, 1992-ci ildə də bürünc medal qazanılıb. Lakin o, Avropa çempionatlarının başlanğıcı idi və qadınlardan ibarət komanda anlayışı o qədər də formalaşmamışdı. Komandalar iki oyunçudan ibarət heyətlə çıxış edirdilər. Mən həmin komandanın lideri İlahə Qədimova ilə söhbət etdim. İlahə xanım o illəri yada salarkən bildirdi ki, heyətə Firuzə Vəlixanlıdan başqa bir qadın şahmatçı da cəlb etmək olardı. Lakin üçüncü şahmatçı olmadığı və müstəqilliyimizin ilk illərində Avropa çempionatına o qədər də məsuliyyətli şahmatçı göndərilmədiyi üçün ikisi getmişdi. Elə onlar da 3-cü yeri tutmuşdular. İndiki qələbə isə tamamilə başqa əhəmiyyətə malikdir. Artıq Avropa çempionatları müntəzəm keçirilir.

– Bəs həmin vaxt Aynur Sofiyeva niyə getməmişdi?

– Düzdür, o illərdə Aynur xanım aktiv çıxış edirdi. Sofiyeva həmin vaxt doğrudan da İlahə Qədimova və Firuzə Vəlixanlı ilə bərabər lider şahmatçımız idi. Nəyə görə getmədiyini isə dəqiq bilmirəm.

– Kişi şahmatçıların çıxışlarından da danışmağınızı istərdik. Teymur Rəcəbov bu il yalnız FIDE-nin rəsmi turnirlərində çıxış edəcəyini açıqlamışdı. Lakin o, Avropa çempionatına qatılmadı. Bu, nə ilə əlaqədar idi?

– Onun Avropa çempionatında iştirak etməməsinə biz də məyus olduq. Hərçənd, Rəcəbov sentyabrda Dünya Kubokunun qalibi olmaqla, özünün və Azərbaycan şahmatının ən böyük qələbəsini qazandı, pik nöqtəyə çatmaqla bizi xoşbəxt etdi. Özünün dediyinə görə, həddindən artıq yorulub. Biz ona inanmaya bilmirik. Bu səbəbdən, Teymura istirahət verməli olduq.

– Düşünmürsünüz ki, Rəcəbov Dünya Kubokunu qazanmaq kimi ciddi bir tapşırığın öhdəsindən gəldiyi üçün Avropa çempionatına qatılmaq istəmədi?

– Xeyr, fərdi və komanda yarışları arasında fərq var. Biz illər boyu komanda yarışlarında daha çox uğurlu idik. Baxmayaraq ki, Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov fərdi yarışlarda ən yüksək səviyyədə oynayırlar. Lakin komanda kimi uğurlarımız olub. Ona görə də bu cür yarışlara yanaşmamız daha nikbin, optimisdir. Əlbəttə, bu üzdən Teymurun da oynamasını istəyirdik. Amma həyat bununla bitmir. Qarşıda başqa yarışlar, gələn ilin avqustunda Rusiyanın Xantı-Mansiysk şəhərində Ümumdünya Şahmat Olimpiadası var. Kişilərdən ibarət komandamızın orada ən güclü heyətlə uğurlu oynayacağına ümidvarıq.

– Bəs Şəhriyar Məmmədyarovun gözləniləndən zəif çıxış etməsi və Zeynəb Məmmədyarovanın heyətdə yer almaması barədə nə deyə bilərsiniz?

– Şəhriyarın bundan da zəif çıxış edə biləcəyini fikirləşirdim. Çünki FIDE-nin yeni sıx təqvimi, top-şahmatçıların qatıldığı çoxlu sayda yüksək səviyyəli kommersiya məqsədli turnirlər Məmmədyarovun idman formasına və motivasiyasına təsir etməyə bilməzdi. Doğrudan da çox oynayırlar. Məsələn, “Grand Chess Tour” FIDE-nin rəsmi yarışı sayılmasa da, çox mötəbər, arıcıllıqla davam edən turnirlər silsiləsidir. Sonra FIDE-nin Qran-prisi var, hansı ki, Şəhriyara İddiaçılar Turnirinə vəsiqə şansı verir. Artıq Teymur bu hüquqa yiyələnib. Həmçinin, Şəhriyarın digər öhdəlikləri var. Bu sıx qrafik də onun çıxışına təsir edir. Bilirəm ki, 2-3 aya, hətta yarım ilə evinə gəlib çıxa bilmir. Əfsuslar olsun ki, bu, yüksək səviyyədə çıxış edən şahmatçının həyat tərzidir. Bacısı Zeynəb Məmmədyarovaya gəlincə, bizdə dilemma vardı – son vaxtlar Ülviyyə Fətəliyeva çox yaxşı oynayır və Dünya Kubokuna vəsiqə almışdı. Qadınlardan ibarət yığmada 1 yer qalmışdı və ora hər iki bacı – həm Türkan, həm də Zeynəb layiq idi. Federasiya və ailə daxilində ortaq məxrəcə gəldik ki, Avropa çempionatında Türkan oynayacaq, Zeynəb isə yanlarında olacaq. Bu taktika özünü doğrultdu. Ümumiyyətlə, həm şahmatçılar, həm onların şəxsi məşqçiləri, həm də Fikrət Sideifzadə ilə Cahangir Ağarəhimovun daxil olduğu məşqçilər qrupu özlərini yaxşı göstərdilər, gözəl iş üslubunu təsdiqlədilər ki, nəticədə müsbət nəticə qazanıldı. Şadam ki, Azərbaycanın qadınlardan ibarət milli komandası aparıcı şahmat ölkələri tərəfindən tanınan, rəqiblərində qorxu yaradan qüvvəyə çevrilib. Yeni tariximizdə bu fikirlə yaşamaq mənim üçün xoşdur.

– Artıq komanda yarışları üçün əcnəbi kapitana ehtiyac yoxdur?

– Xeyr, mən elə demədim. Sadəcə, öz kollektivimizin pis işləmədiyini söyləyirəm. Son vaxtlar müşahidə edilən tendensiya bizi sevindirməyə bilməz. Gənc şahmatçılarımız da yenidən özlərini göstərirlər. Bir ara süstlük vardı, ancaq son 2–3 ildə uşaqlarla gənclər Avropa və dünya çempionatlarında silsilə qələbələr qazanmağa başlayıblar. Bu tendensiya Azərbaycanda şahmatın inkişafının yeni mərhələyə keçməsinin sübutudur. Hazırda yerli mütəxssislərimiz var, yetişir. Ancaq bu, o demək deyil ki, xarici mütəxəssislərə ehtiyacımız yoxdur. Məsələn, Rəcəbov gizlətmir, o, Vladimir Çuçelovla işləyir. Çuçelov hazırda aparıcı şahmat mütəxəssislərdən biridir. Həm Teymurun, həm də Aniş Girinin məşqçisidir. O, belə səviyyədə iki şahmatçıya kömək etməyə və lazımlı olmağa güc tapır. Günay Məmmədzadə dünyanın lider şahmatçılarından biri ilə çalışır. Bu, komandanın sirri də ola bilər. Amma mən kiminlə işlədiyini bilirəm. Baxmayaraq ki, bu işə yerli şahmatçılarımız da cəlb ediliblər.. Dünya şahmat təcrübəsini kənara qoymaq olmur. Ancaq yerlilərlə işləmək, bu işdə yalançı vətənpərvərlik axtarmaq düzgün olmaz. Dünyada yaxşı mütəxəssislər, praktika var. Bunlardan istifadə olunur.

– Bu ilin sentyabrında Teymur Rəcəbov Dünya Kubokunu qazandı, ötən ay 14 yaşlı Aydın Süleymanlı dünya çempionu oldu, indi isə qadınlardan ibarət milli Avropa çempionatında bürünc medal əldə etdi. 2019-u şahmat üçün çox uğurlu saymaq olar?

– Çox maraqlı proses gedir. Şəhriyar Məmmədyarov bu ilin iyulunda Riqada keçirilmiş FIDE Qran-prisində qalib oldu. Avqustda Slovakiyanın paytaxtı Bratislavada yeniyetmələr arasında şəxsi Avropa birinciliyində şahmatçılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 5 medal əldə qazandılar.

– Bütün bu uğurlarda sizin FIDE-nin vitse-prezidenti olmağınız nə kimi rol oynadı?

– FIDE-nin vitse-prezidenti olmağımın bu nailiyyətlərlə birbaşa bağlılığını görmürəm. Lakin Azərbaycanda gedən proseslər, şahmatımızın inkişafı, Prezident İlham Əliyevin diqqət və qayğısı öz bəhrəsini verir. Məsələn, Aydın Süleymanlını çempion olması münasibətilə həm cənab Prezident, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva təbrik etdilər. Bu, böyük stimul, həddindən artıq motivasiyadır. Süleymanlı bundan sonra daha yüksək nailiyyətlər qazanmaq üçün əlindən gələni edəcək. Əlbəttə, bu prosesdə həm federasiya, həm də valideynlərin iştirakı təmin olunmalıdır. Uğurlar qeyd etdiyim məqamların nəticəsidir. Vitse-prezidentliyimlə əlaqə görmürəm.