Uels Futbol Federasiyasının prezidenti Kiran O Konnorun “Report”a müsahibəsi verib. Müsahibəni təqdim edirik:
– Noyabrın 16-da Azərbaycan və Uels yığmaları arasında keçiriləcək AVRO-2020-nin seçmə oyunu ilə bağlı fikirləriniz necədir?
– Bu, bizim üçün çox vacib oyundur. Qalib gəlməliyik. Bizə mərhələ adlamaq üçün xallar lazımdır.
– Uzunmüddətli zədədən sonra yığmaya qayıdan Aaron Remsi və Qaret Beyl hazırda lazımi formadadırlar?
– Onların hər ikisi buradadır. Oynayıb-oynamayacaqları ilə bağlı qərarı baş məşqçi Rayan Giqqz verəcək. Nə dərəcədə hazır olduqları barədə isə fikir səsləndirə bilmərəm. Hər halda komanda ilə məşq edirlər. Hazırlıq səviyyələrini sabahkı oyunda biləcəyik.
– Uelsdəki qarşılaşmada çətinliklə qələbə qazanmışdınız. Yenə eyni hal təkrarlana bilərmi?
– Xeyr. Çünki bu, başqa bir oyundur. Sentyabrda Azərbaycan yığmasına qələbə topunu vurmaqda problem yaşamışdıq, amma bu artıq keçmişdə qalıb. Hər şeyi 90 dəqiqəlik mübarizənin yekunu göstərəcək.
– Bu, sizin Bakıya ilk səfərinizdir?
– Xeyr, ikincidir. İlk səfərim 2009-cu ilə təsadüf etmişdi. Həmin vaxt Uels yığması dünya çempionatının seçmə oyununda 1:0 hesabı ilə qalib gəlmişdi.
– O vaxtdan hansı dəyişikliklər müşahidə etdiniz?
– Öncə qeyd edim ki, həmin vaxt görüş daha böyük stadionda keçirilmişdi (Tofiq Bəhramov adına Respublika Stadionunda – red.). Hazırkı stadion (“Bakcell Arena”) isə düşündüyümdən daha balacadır. Amma bu daha yeni arenadır, əvvəl oynadığımızdan fərqlidir. Bakı isə təmiz və gözəl şəhərdir, hazırda çox müasirdir.
– Federasiya prezidentliyindən əlavə hansı işlə məşğul olursunuz?
– Bu vəzifəyə 2018-ci ilin avqustunda seçilmişəm. Hazırda təqaüddəyəm, çünki işləməyə vaxtım yoxdur. Fikrimi futbola cəmləmişəm. Bir növ həyatımı rahatlaşdırmışam.
– Federasiyanızın maddi imkanları necədir?
– Bizim “Bitish Telecom” kimi yeni sponsorumuz var. Teleyayımdan gələn gəlir kifayət qədər yüksəkdir. Varlı federasiya deyilik. Daha çox gənc futbolçuların yetişməsinə investisiya qoyuruq.
– Oyunla bağlı proqnozunuz necədir?
Biz udmalıyıq.
– Hansi hesabla?
– 1:0-a da razı olardim. Qolu neçənci dəqiqədə vurmağın fərqi yoxdur.