XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

11 May 2015 - 23:06

Azər Qasımlı: “Regionda geopolitik daşlar yerindən oynayacaq”

azerqasimli.jpg

Strateq.azın suallarını ReAl Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı cavablandırır.

Azər bəy, qarşıdan parlament seçkiləri gəlir. ReAL-ın seçkilərə hazırlıq işləri necə gedir?

ReAl hərəkatdan partiyaya çevrilir. Hələlik əsas diqqətimiz bunadır. Doğrudur, bu proses istədiyimiz səviyyədə getmir, ancaq bunun da obyektiv səbəbləri var – Azərbaycanda siyasi meydan, siyasi sistem get-gedə qapanır. Buna baxmayaraq, biz tələsmədən, asta-asta hədəfə doğru irəliləyirik. Yəni, həm təşkilatlanma, həm də paralel olaraq parlament seçkilərinə hazırlıq işləri aparılır. Yaxın bir ay ərzində parlament seçkilərində iştirak edəcək namizədlərimizin ilkin siyahısını müəyyənləşdirəcəyik. Bu ilin avqust-sentyabr ayında isə həm partiyanın təsis qurultayını keçirəcək, həm də tam və yekun siyahını ictimaiyyətə təqdim edəcəyik.

– Belə məlumat yayılmışdı ki, ReAl mayın 28-də partiyaya keçidini elan edəcək. İndi isə avqust-sentyabrda qurultayınızın olacağını söyləyirsiniz…

– Biz öncədən iki tarix müəyyənləşdirmişdik: ya 28 may, ya da parlament seçkilərinin əvvəli. Vəziyyəti dəyərləndirib, ikinci variantın üzərində durduq. Qurultayı, çox böyük ehtimalla, sentyabr ayında keçirərik. çünki bu, parlament seçkiləri ərəfəsində prosesə əlavə stimul qatacaq.

– Partiyanın rəhbər strukturlarını necə formalaşdırmağı nəzərdə tutursunuz? İlqar Məmmədova alternativ namizədin irəli sürülməsi gözlənilirmi?

Sədrliyə namizədlə bağlı nəsə demək hələ tezdir. Partiyanın gələcək struktruyla bağlı isə onu deyə bilərəm ki, Azərbaycanda fəaliyyət göstərən mövcud partiyaların ənənəvi strukturlarından fərqli format seçəcəyik. Nizamnamə layihəmizə görə, partiyanın sədri qurultayda deyil, məclisdə gizli səsvermə yoluyla seçiləcək.

Sədrin neçə dəfə seçilmək şansı var? Yoxsa sizdə də bu müddətsizdir?

Belə bir müddəa yoxdur. Sadəcə, sədr dörd illik müddətinə seçilir.

ReAl siyasi arenaya çıxandan sonra cəmiyyətə bu fikir aşılandı ki, hədəf 2015ci il parlament seçkiləridir. Bu gün isə ReAl meydanda görünmür. Sizin seçki iliniz olsa da, canlanma duyulmur…

Düzdür, biz 3 il öncə Cümhuriyyət Forumunu keçirəndə əsas hədəfimizin 2015-ci il parlament və 2018-ci ilin prezident seçkiləri olduğunu qeyd etmişdik. Ancaq buna baxmayaraq, bizim 2013-cü ildə prezident seçkilərində də iştirak etmək cəhdimiz oldu. Əslində isə belə bir planımız yox idi…

Plan yox idisə, niyə iştirak edirdiniz?

Gənclərin, yeni nəslin ReAla meyli get-gedə artırdı. Ona görə 2013-cü ildə İlqar Məmmədovun namizədliyini irəli sürdük. Bütün hallarda 2013-cü ildə hədəfimiz seçkiləri udmaq idi.

Maraqlıdır… Hətta udmaq fikriniz var idi?!

Bəli, seçkilərə qatılan komanda yalnız qələbəni düşünməlidir.

Necə düşünürsüz, İlqar Məmmədovu qeydiyyata alsaydılar, o zaman müxalifətin ən böyük birliyi sayılan Milli Şuranın vahid namizədi Cəmil Həsənlini də məğlub edərdimi?

Biz bunu dəfələrlə demişik ki, İlqar Məmmədov indiki iqtidara alternativ olan ən uyğun namizəd idi. Hesab edirəm ki, digər namizədlərdən daha çox səs toplaya bilərdi. Yeni bir şəxs idi, müəyyən təbəqələrə, ilk növbədə, gənclərə impuls verə bilərdi.

İlqar Məmmədovun namizədliyi üçün yeni nəsildən sifariş aldığınızı deyirsiz. Ancaq həmin dövrdə sosial şəbəkələrdən də görünürdü ki, imzatoplama kampaniyasını belə, çox çətinliklə keçirirsiniz…

İmzatoplamada hansısa çətinliyimizin olduğunu söyləməmişik. İmzaları 8 gün ərzində topladıq, bir gün də yoxlamaya vaxt getdi. 43 minə yaxın imza topladıq. Halbuki qanunvericiliyə görə, 20 gün vaxtımız olmalıydı. Ancaq İlqar Məmmədovu çox gec qeydə aldılar. Azərbaycan iqtidarı bizə az vaxt qalması üçün hər şeyi edirdi. Ancaq buna baxmayaraq, imzaları tolaya bildik. Bu prosesdə çox adam ReAl-a yardım etdi. Bir məsələni də qeyd edim ki, Azərbaycanda seçkilər tarixində ilk dəfə, Qərbdə olduğu kimi, könüllülər, heç bir siyasi təşkilatın üzvü olmayanlar bu prosesdə fəal iştirak etdilər. Bu da müəyyən mənada yenilik idi. Məsələn, bir gün ərzində tanımadığımız, ünsiyyətimiz olmadığı 600-dən çox insan qərargaha gələrək İlqar Məmmədov üçün imza atdı. Biz seçkilərdən öncə də ReAl-a marağın olduğunu hiss etmişdik. Ona görə də seçkilərdə iştirak haqda qərar verdik.

2013-cü ildə hədəfinizə çatmağa qoymadılar. Bəs bu il necə, işıq ucu görünür?

Bugünkü reallıqdan çıxış etsək, heç bir gözləntimiz yoxdur. 2014-cü ildə hakimiyyət siyasi meydanı, demək olar ki, aşağı-yuxarı tamamən qapatdı. Artıq Azərbaycanda azad media yoxdur, QHT sektoru tamamilə çökdürülüb, siyasi məhbusların sayı 100-ü ötüb, o cümlədən ReAl-ın İdarə Heyətinin iki üzvü həbsdədi, daha iki üzvü xaricə getmək məcburiyyətində qaldı… Bir daha qeyd edirəm, bu günün pəncərəsindən baxanda 2015-ci il parlament seçkilərindən nəsə gözləmirik. Ancaq bununla belə, bir nəfər də olsun ReAl-dan ayrılmayıb. Hətta tam əksinə, təşkilata yeni üzvlər gəlməkdədir. Bir sözlə, ReAl ayaqdadır, irəliyə baxır, ölkənin gələcəyini də işıqlı görür! Müvəqqəti çətinliklərə baxmayaraq, seçkilərə hazırlaşırıq.

Milli Şurayla birgə seçkilərə qatılmasanız da, onların hansısa namizədini dəstəkləmək ehtimalınız nə dərəcədədir?

Siyasətdə hər zaman ehtimal var. Hətta vəziyyət elə dəyişər ki, iqtidarla da dialoqa gedə bilərik. Məsələn, bu gün bizə çox güclü, əlçatmaz görünən hakimiyyət sabah gücsüz, çözə bilməyəcəyi problemlərin içində boğulan iqtidar səviyyəsinə də enə bilər. Yəni, istənilən zaman bu, baş verə bilər. Bu, təkcə dünya bazarında neft qiymətlərindən asılı deyil. Mən Azərbaycanın yerləşdiyi regionda gedən prosesləri nəzərdə tuturam. Bir tərəfdən Qərblə Rusiya arasında mövcud qarşıdurma, digər tərəfdən İranın Qərblə anlaşması və yaxın perspektivdə Avropanın iqtisadi partnyoruna çevrilməsi ehtimalı bizim regionda geopoloitik daşları yerindən oynadacaq. Sözsüz ki, bunun Azərbaycan iqtidarına da təsiri olacaq. Biz yalnız dünya bazarında iqtisadi faktorların deyil, o cümlədən siyasi faktorların da Azərbaycandakı proseslərə ciddi təsirinin olacağını nəzərə almalıyıq. Bir sözlə, ölkəmizdə siyasi dəyişikliklər qaçılmazdı və bu konteksdə siyasi davranış ehtimalları da çoxşaxəlidir. Lakin “qırmızı xətlər”i keçmədən, uzun müddətdir təbliğ etdiyimiz və qoruduğumuz prinsiplərimiz çərçivəsində biz fəaliyyətimizi quracağıq.

Ramin DEKO

Strateq.az