XƏBƏR LENTİ

07 Aprel 2020
06 Aprel 2020

Digər Xəbərlər

28 Dekabr 2019 - 13:20

“Ali Baş Komandanın göstərdiyi etimadı doğrultmağı özüm üçün ən vacib vəzifə hesab edirəm”- Məhərrəm Əliyev (MÜSAHİBƏ)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev son illərdə ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyətinin, şəxsi heyətinin peşəkarlığının və mənəvi-psixoloji hazırlığının gücləndirilməsi istiqamətində görülən işlər barədə AZƏRTAC-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

– Əvvəlcə, Sizi yeni vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirik. Zəhmət olmasa, əmək fəaliyyətiniz barədə qısaca məlumat verərdiniz.

– Xoş sözlərə görə Sizə təşəkkür edirəm. Xidməti fəaliyyətim haqqında geniş danışmağa ehtiyac görmürəm. Lakin oxucuların marağını nəzərə alaraq, məlumat vermək istərdim ki, 1973-cü ildən 2007-ci ilədək polis orqanlarında xidmət etmişəm, Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon polis idarələrində rəhbər vəzifələrdə çalışmışam.

1993-cü ildən 2007-ci ilədək Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişəm. 2007-2011-ci illərdə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışam. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, 2017-ci ildə Azərbaycan Respublikasının Ədliyyə nazirinin müavini vəzifələrinə təyin edilmişəm.

Cari il noyabrın 29-da Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşam və mənə “general-polkovnik” ali hərbi rütbəsi verilib.

Onu da qeyd etmək istərdim ki, bu illər ərzində hansı sahədə çalışmağımdan asılı olmayaraq, dövlətçiliyimizin möhkəmlənməsi üçün bilik və bacarığımı əsirgəməmiş, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən hər zaman qürur duymuşam.

– Bu vəzifəyə təyin edilərkən Silahlı Qüvvələrin Ali Baş Komandanı qarşınızda hansı tapşırıqları qoyub?

– Öncə qeyd etdiyim kimi, Ali Baş Komandanın mənə göstərdiyi etimadı doğrultmağı özüm üçün ən vacib vəzifə hesab edirəm.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçularla son görüşlərinin birində qeyd etdiyi kimi, “Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır… Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək”. Ali Baş Komandanın bu sözləri Silahlı Qüvvələrimizin inkişafının və möhkəmlənməsinin əsas istiqamətlərini və hədəflərini tam ifadə edib.

Bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, qüdrətli ordu quruculuğunun həyata keçirilməsi, müdafiə sənayesinin genişləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsal edilməsi, Azərbaycan Ordusu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yüksəldilməsi kimi tapşırıqlar durur.

Son illər ərzində Silahlı Qüvvələrdə bu istiqamətdə çox ciddi və əhəmiyyətli işlər görülüb, müdafiə qabiliyyətimizin artırılması, şəxsi heyətin peşəkarlığının və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, yeni hərbi hissə komplekslərinin istifadəyə verilməsi, hərbi qulluqçuların mənzil təminatının yaxşılaşdırılması sahəsində böyük nailiyyətlər əldə olunub.

2016-cı ilin aprel döyüşləri zamanı düşmənə sarsıdıcı zərbələrin endirilməsi nəticəsində Ermənistan tərəfinin atəşkəs rejiminin bərpası üçün israrlı müraciətlər etmək məcburiyyətində qalması, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində əldə olunmuş Günnüt zəfəri, həmçinin Azərbaycan sərhədçilərinin 2019-cu ildə Qazax rayonunda Babakar istiqamətində əldə etdikləri ciddi uğurlar Silahlı Qüvvələrimizin real qüdrətinin mühüm nümayişi olubdur.

Hesab edirəm ki, bundan sonra da bu işlər daha yüksək müstəvidə davam etdiriləcək, Ali Baş Komandanımızın hər bir əmrini icra etmək üçün Silahlı Qüvvələrimizin daimi döyüş hazırlığı tam təmin olunacaqdır.

– Xidməti fəaliyyətinizə başladıqdan sonra hansı qurumlarla görüş keçirmisiniz?

– Dekabrın 13-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin illik hesabat müşavirəsində iştirak etmişəm. Hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin və Sərhəd Nəzarətini komandanlarının məruzələri dinlənilib, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev geniş məzmunlu hesabat məruzəsi ilə çıxış edib.

Müşavirədə dövlət sərhədlərinin etibarlı mühafizəsi, dəniz sərhədlərinin təhlükəsizliyinin və sərhəd sularında sərhədboyu rejimin təmin edilməsi, dövlət sərhədindən buraxılış məntəqələrində effektiv sərhəd nəzarətinin həyata keçirilməsi, hərbi hissə və birləşmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində görülmüş işlər təhlil olunub, xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi tədbirləri geniş müzakirə edilib.

Qeyd etmək istərdim ki, son illər ərzində Azərbaycan Ordusu ilə bərabər Dövlət Sərhəd Xidmətində ciddi inkişaf prosesləri həyata keçirilib, struktur islahatları aparılıb, peşəkar sərhədçi kadrların hazırlanması, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizə imkanlarının genişləndirilməsi, dənizdə sərhəd təhlükəsizliyinin təminatı və karbohidrogen ehtiyatlarının hasilatı və daşınması infrastrukturun mühafizəsi, çevik qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir silah və döyüş texnikası ilə təmin edilməsi, sərhəd keçid məntəqələrində sərhədkeçmə prosedurlarının sürətləndirilməsi istiqamətlərində önəmli nailiyyətlər əldə olunub.

Eyni zamanda, hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Ermənistan Respublikası ilə dövlət sərhəd xəttinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin müdafiə və mühafizə altına götürülməsi hesabat ili ərzində Azərbaycan sərhədçilərinin xidməti-döyüş fəaliyyəti üçün ən vacib hadisə olub. Azərbaycan sərhədçiləri Ali Baş Komandanın bu tapşırığını böyük ruh yüksəkliyi ilə icra etmiş və təmas xəttində ciddi uğurlar əldə ediblər.

– Dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının inzibati ərazilərindən keçən hissəsinin mühafizəsinin Müdafiə Nazirliyindən Dövlət Sərhəd Xidmətinə təhvil verilməsi məsələsinə münasibətinizi bilmək maraqlı olardı.

– Qeyd etdiyiniz istiqamətdə dövlət sərhədinin keçdiyi təmas xəttində xidməti-döyüş fəaliyyətinin həyata keçirilməsi vəzifəsinin Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qəbul olunub. Ali Baş Komandanın qərarı isə müzakirə edilmir, mütləq qaydada icra olunur. Hesab edirəm ki, bu qərarın qəbul edilməsi ilə Azərbaycan sərhədlərinin tam mühafizə altına götürülməsinin, yəni, işğaldan azad edəcəyimiz Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən keçən Azərbaycan–Ermənistan dövlət sərhəd xəttində, həmçinin Fizuli, Cəbrayıl və Zəngilan rayonları ərazisindən keçən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsində üçrəngli dövlət bayrağımızın ucaldılması prosesinə başlanılıb. Həmçinin bu qərar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəlib.

Bu istiqamətdə görülən bütün işlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ciddi nəzarətindədir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində “Qazax” əlahiddə sərhəd diviziyasının yaradılması isə bu sahəyə verilən önəmin daha bir göstəricisidir.

Hazırda Qazax və Ağstafa rayonları ərazisində dövlət sərhədinin müdafiəsi və mühafizəsinin təşkili, müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması istiqamətində mühüm işlər görülür. Hesabat müşavirəsində bu işlər ətraflı müzakirə olunub, həmçinin ictimaiyyətə bu barədə geniş məlumat verilib.

Təkcə onu qeyd etmək kifayətdir ki, çox qısa müddət ərzində bütün sərhəd döyüş məntəqələri tam yenidən inşa olunub, 3 yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üçün yeni təhlükəsiz sədlər və yollar salınıb, şəxsi heyətin xidməti və yaşayış şəraitinin yaxşılaşdırılması üzrə ciddi işlər görülüb.

Düşmən təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 kilometr məsafədə irəli çəkilməsinə, nəticədə Gürcüstandan Ermənistana gedən qaz xəttinin, həmçinin qaz kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.

Həmçinin qeyd etməliyəm ki, “Qazax” əlahiddə sərhəd diviziyasında həyata keçirilən təmir-tikinti işlərinə baxış keçirmək, şəxsi heyət üçün yaradılan şərait və xidmətin xüsusiyyətləri ilə tanış olmaq məqsədilə Hərbi məsələlər şöbəsinin bir qrup əməkdaşları dəfələrlə həmin əraziyə ezam olunublar. Bütün bu istiqamətdə görülən müsbət işlər Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə olunub.

– Sonda bir hərbi qulluqçu kimi Silahlı Qüvvələrə nə arzu edərdiniz?

– Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsin heyətini, onların ailə üzvlərini və yaxınlarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında böyük qələbə sevincini yaşamalarını arzulayıram.