XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

10 Yanvar 2020 - 01:08

Rusiyalı şərhçi Putinin İrana dəstək verdiyini deyir:"ABŞ-a TABUT SELİ AXACAQ"

Rusiyanın tanınmış telejurnalisti və siyasi şərhçisi Maksim Şevçenko ABŞ-İran qarşıdurması nəticəsində Yaxın Şərqdə yaranmış təhlükəli durumla bağlı Minval.az-a eksklüziv müsahibə verib.

Strateq.az Musavat.com-a istinadla həmin müsahibəni təqdim edir:

 

– Dünən İran ABŞ-In İraqdakı hərbi bazalarına raket zərbələri endirib. Vəziyyəti necə qiymətləndirirsiniz, situasiya hansı nəticələrə gətirə bilər?

– Bu, müharibədir və müharibədə atəş açırlar. Amerikalılar bu müharibəni özləri başlayıblar. Onlar onu qızışdırır və genişləndirirlər. Bu, bütün region üçün – həm İran, həm İsrail, o cümlədən də Azərbaycan üçün ağır nəticələrə gətirə bilər. Əlbəttə, Azərbaycan bölgənin başqa ölkələri kimi, çətin ki, müharibəyə cəlb olunsun, ancaq nəticələrin ona təsirsiz ötüşməyəcəyi dəqiqdir.

Əgər İrana zərbə endirilməyə başlasa, o zaman bu zərbələr ölkənin şimal hissəsinə, Xəzərin İran sektoruna vurulacaq – harada ki, İranın neft-qaz yataqları var. Təbrizi vursalar, onda Azərbaycan qaçqınları qəbul eləməli olacaq. Aydındır ki, Azərbaycan öz bacı-qardaşlarından imtina etməyəcək.

Amerikanlar fars və azərbaycanlıların bu qədim sivilizasiya yurduna fəlakət və ölüm gətirəcəklər. Mən hesab edirəm ki, müasir ABŞ – XXI əsrin nasist Almaniyasıdır. Onlar özlərini faşistlər kimi aparırlar, fanatizm, ağılsızlıq əsiridirlər, imzaladıqları müqavilələri, götürdükləri öhdəlikləri militarizm, təkəbbür və şəxsi hakimiyyət naminə pozurlar. Buna başqa necə yanaşmaq olar ki?

İranın teokratik quruluşu heç də hamının xoşuna gəlməyə bilər. Ancaq obyektiv olaq. Nümunə üçün Azərbaycanı götürək. Doğrudur, ölkələr arasında hər şey sadə deyil. Ancaq Azərbaycan prezidenti Tehrana gedir, iki ölkə arasında adekvat diplomatik əlaqələr mövcuddur, sərhədlər açıqdır, sərbəst şəkildə maşınla İranla gedə bilərsən. O da doğrudur ki, Azərbaycan öz ərazisində hansısa dini təbliğatın aparılmasını istəmədiyini İrana anladıb. Elə İran da hər şeyi başa düşüb və o da Azərbaycanla münasibətləri pozmaq istəmir.

Azərbaycan dünyəvi, İran isə teokratik dövlətlərdir. Amma aralarında real problemlər yoxdur. İki ölkə bir çox məsələlərdə, o cümlədən Xəzər hövzəsi və başqa məqamlara bağlı anlaşır. Azərbaycan prezidenti İranın bütün əsas siyasətçiləri ilə görüşür. Ancaq budur, bir dövlət peyda olur və böhranları həll etmir…

Məsələn, İraqda böhran yarandı. Kimsə kimə atəş açdı. Və ABŞ böyük suveren bir dövlətin yüksək çinli məmurunu, İran xalqının qəhrəmanını öldürür. Onlar bilirdilər ki, kimi öldürürlər. Bunu da tam şüurlu şəkildə etdilər. Halbuki Qasım Süleymanini İraqın baş nazirinin dəvəti ilə orada diplomatik danışıqlar aparmaq üçün Dəməşqdən birbaşa reyslə uçub gəlmişdi. Bağdad hava limanına amerikanlar nəzarət edir, təhlükəsizliyi təmin edirlər.

Süleymaninin özünün İSİD-lə müharibə zamanı amerikalılarla geniş təmasları olub. İndi də onu öldürürlər. Dəlilik kimi bir şey. Dünya hələ də bu tapmacanı açmaq istəyir, çünki regional siyasət nöqteyi-nəzərincə qətlin heç bir rasional izahı yoxdur. İndi artıq məlumdur ki, Süleymani Tehranla Ər-Riyad arasında danışıqların iştirakçısı olub və Səudiyyə Ərəbistanı ilə problemlərin həlli ilə bağlı hansısa məktub aparırmış.

Amerikalıların elədiyi cəhənnəm terrorudur. Biz indi öz hərbi üstünlüyü ilə bəşəriyyətə qənim kəsilən bir ölkə ilə üz-üzəyik. Və belə görünür ki, bu dövlətin başında dini fanatlar durur. Mən bilmirəm, belə fanatlar İranda varmı? Ancaq mən iranlılarla böyük ünsiyyət təcrübəsinə malikəm və yadıma gəlmir ki, onlar mənə nəyisə təbliğ eləsinlər. Onlar çox nəzakətli, sənin inancına böyük hörmətlə yanaşan adamlardır.

ABŞ-da isə tam əksinədir. Orada Con Bolton fəal protestant fanatikidir – hansı ki, ikinci zühura və İsrailin də Yaxın Şərdə ikinci zühurda xüsusi rol oynadığına inanır. Onlar İncil əsasında yaşayır. Orada milyonluq protestant kilsələr var.

İndi bu dini fanatikilər ölkəsi hansıdır? Dini doktrinadan çıxış edib siyasi hərəkətlər edən ölkə ABŞ-dır, İran yox. Tehran İraqda, Suriyada, Livanda öz geosiyasi maraqlarını qoruyur. Həmçinin Güney Qafqazda baş verənləri diqqətlə izləyir. Bəs Birləşmiş Ştatlar nəyi rəhbər tutur? Qoy özləri izah etsin. Onlar sülh haqda özəl təsəvvürlərini, öz dini ölçülərini rəhbər tuturlar. Əsl fanatiklər də elə onlardır.

Hitler də öz fantaziyalarını əldə rəhbər tuturdu. O da insanları irqlərə bölür, deyirdi ki, alman milləti daha böyük qabiliyyətlərə malikdir və Almaniya dünyanın lideri olmalıdır. İndi biz bunu Vaşinqtondan eşidirik. İrandan və ya hansısa başqa ölkədən belə bir şey eşitmirik: bizdə seçilmiş insanlar yaşayır və ona görə bəşəriyyətin yerdə qalan hissəsini idarə etmək haqqına sahibik. “Yerdə qalan bəşəriyyət” bir-biri ilə anlaşır, qarşıdurmalar yaşayır, ancaq diplomatik üsullardan istifadə edir və müharibədən qaçmağa çalışır.

– Sizcə, Rusiya baş verənlərə necə reaksiya verəcək?

– Belə bir durumda Vladimir Putinin Suriyaya getməsi İrana dəstəkdir. Bu gün Türkiyə prezidenti Rəcəb Tyyib Ərdoğanın iştirakı ilə “Türk axını” kəmərinin açılışı olub. Bütün bu addımlar göstərir ki, Moskva Yaxın Şərqdə öz rolunu artıracaq. Putinin bu diplomatik gedişləri ABŞ-ın manevrləri üçün məkanı daraldacaq. Bu – Tehranın mövqeyinin nümayişkaranə şəkildə dəstəklənməsidir. Eyni zamanda, Putinin öz mövqeyini gücləndirmək yolunda atdığı mühüm addımıdır. Özü də “Türk axını” kəməri ilə İran qazı da nəql edilməlidir.

– İraq parlamenti ABŞ qoşunlarının ölkədən çıxmasına səs verdi. Bununla belə, Vaşinqton İraqdan çıxmaq niyyətində olmadığını bəyan etdi. Bu vəziyyətdə İran və ABŞ maraqlarının toqquşmasını gözləmək olarmı?

– Amerikalılar İran kimi bir rəqiblə Vyetnam müharibəsindən üzübəri rastlaşmayıblar. Vyetnam döyüşçüləri döyüşə ölümü veclərinə almayaraq gedirdilər. İranın şiə döyüşçüləri daha döyüşkəndir və bunu onlar Sədam İraqı ilə müharibə zamanı sübut ediblər. Amerikanlar sadəcə, kimə ilişdiklərini axıradək dərk etmirlər. Onlar elə bilirlər ki, işləri ərəblərlədir, ancaq bütün hörmətimə rəğmən, ərəblər vuruşa bilmirlər, iranlılar isə – tam ayrı məsələdir.

1982-ci ilin İranı 2020-ci ilin İranından güclü şəkildə fərqlənir. Bu dövlət iqtisadi sanksiyalar altında yaşasa da, müasir, ABŞ Hava Hücumundan Müdafiə (HHM) qüvvələrindən yayınan silahlar yaratmaq qabiliyyətindədir. Əgər amerikalıların itki verdikləri təsdiqlənsə, o zaman bu, o demək olacaq ki, ABŞ-ın HHM qüvvələri, eləcə də İsrail ABŞ HHM-i heç nəyə yaramır. İranlılar bununla göstərmiş olacaqlar ki, heç bir “Dəmir günbəz” onları xilas etməyəcək və İsraildəki nüvə mərkəzləri də zərbələrin hədəfi ola bilər.

Müharibə, sadəcə, mübarizə deyil. Həm də güc nümayişidir. Fikrimcə, amerikalılar çox güclü şəkildə fikrə gediblər. Onlar indi düşdükləri situasiyadan çıxmağa səy edirlər. Əgər onlar Tramp üçün “elektoral ssenari” üzrə hərəkət etmək istəyiblərsə, o zaman tələsiblər. Onlar Süleymanini gələn ilin aprelində öldürməli idilər ki, noyabr üçün, seçki məqamı üçün bu, apogeyə çataydı. Bütövlükdə ABŞ çətin vəziyyətdədir.

– Trampın ikinci müddətə prezident seçilməsi müharibə deməkdir. Bunu hamı bilir. O, yenə prezident ola biləcəkmi?

– Amerikalılar belə müharibələrə artıq adət ediblər. Axı bombalanan onların şəhərləri deyil. Onlar televizora baxıb görürlər ki, Vyetnam və yaxud İran, İraq bombalanır. Ancaq onlar bunu o vaxt hiss edəcəklər ki, ABŞ-a tabut seli axacaq. İranla müharibə variantında məhz bu cür olacaq.

 




Yuxarı Əvvələ Ana Səhifə