XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 17:41

“SEÇKİNİN SAXTALAŞDIRILMASINA NƏ EHTİYAC VAR?” –“Ölkəmizin xoşbəxt gələcəyi yuxarıdan aparılan islahatlardadır”

Strateq.az  Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir:

– Qüdrət bəy, bəzi insanlar internet üzərindən 9 fevral seçkilər günü seçiciləri vətəndaş qarşıdurmasına səsləyir. Belə bir halın baş vermə ehtimalı varmı?

– Bilirsiniz, siyasətçi reallıq hissini heç vaxt itirməməlidir. Siz dediyiniz çağırışı edənlər seçkinin fəlsəfəsini dərk etməyən insanlardır. Seçkinin mahiyyəti cəmiyyətdə baş vermiş dəyişikliyin hüquqi müstəvidə rəsmiləşdirilməsidir. Siz küçədə-bacada belə bir dəyişikliyi hiss edirsinizmi? O çağırışı edən insanlara bütün dünya üzrə 3-4 min adam qulaq asır. Onların da böyük əksəriyyətini iqtidar mənsubları və xaricdə yaşayanlar təşkil edir. Kimsə öz arzularını cəmiyyətə reallıq kimi təqdim etmək istəyirsə, bu, onun faciəsidir. Görün, son illər nə qədər bu kimi cəfəng çağırışlarla çıxış ediblər: “payızda bu olacaq”, yazda bu baş verəcək”… Kimdir onlara qulaq asan? Bəziləri acizliklərindən söyüş söyürlər. Onlara da özükimilərdən və ailə üzvlərindən başqa kimsə qulaq asmır. Təsadüfən qulaq asanlar da murdar sifətlərinə tüpürürlər. Xalqın onların çağırışlarına cavab vermədiyini görüb vətəndaşlarımızı təhqir edib aşağılayan bu nadürüst adamlar anlamırlar ki, sadə insanlar real vəziyyəti onlardan düzgün qiymətləndirir.

Hazırda ölkəmizin xoşbəxt gələcəyi yuxarıdan aparılan islahatlardadır. Anti-konstitusion yolla hakimiyyət dəyişikliyi cəhdi dövlətçiliyimizə son qoya bilər. Hansı ki, ermənilər də bunu istəyir. Xalqımız islahatların nəticələrini görür və iqtidardan bunun dərinləşdirilməsini istəyir. Bunu başa düşmək özünü siyasətçi hesab edən bir insan üçün bu qədərmi çətindir?

Seçkilər günü seçiciləri qanunsuz əməllərə, – bülletenləri oğurlayıb seçki məntəqəsindən kənara çıxarmağa, – çağıran adamlar anlamalıdırlar ki, qanunsuz yollarla hüquqi dövlət qurmaq olmaz. Nəzərə alsaq ki, DİN və DTX ölkədə iğtişaş cəhdlərinin qarşısını dərhal və qətiyyətlə almaq iqtidarındadır, onda təsir altına düşən 3-5 nəfər belə adam tapılacaqsa, onlar da inzibati qaydada cəzalandırılacaq. Həmin çağırışı edənlər isə belə sadə adamlara məhrumiyyətlər yaşatmaqdan başqa heç nəyə nail ola bilməyəcəklər. Kriminal və düşmən elementlərin sifariş etdiyi 2019-cu ilin 19 oktyabr hadisələrindən, daha doğrusu, avantürasından dərs götürülməlidir.

– Qüdrət bəy, seçki o adamların dediyi kimi saxtalaşdırılarsa, bu zaman camaat nə etməlidir?

– O adamlar məqsədyönlü şəkildə öz platformalarından yox, seçkinin saxtalaşdırılmasından danışırlar. Seçkinin saxtalaşdırılmasına hansısa ehtiyac varmı? Kim istəyibsə, namizədliyini irəli sürüb. DSK-ların əksəriyyətində isə namizədlər ucdantutma qeydə alınıb. Çoxlu sayda siyasətdən uzaq bu namizədləri hətta yaxın qonşuları belə tanımır. Artıq bu gün seçkilərin nəticələrini bəri başdan şübhə altına alan həmin adamların seçki təbliğatı apardığını, insanlarla işləməsini görürsünüzmü? Sözsüz ki, yox. Ona görə də siyasi demaqogiya ilə, yəni kütlənin geridə qalmış hissəsinin əhvali-ruhiyyəsinə uyğunlaşıb onlardan istifadə etməyə cəhd göstərməklə nəyəsə nail olmaq mümkün deyil. Hazırda özlərini yox, ölkəni düşünən müxalif siyasətçilər hakimiyyət ehtiraslarını boğmalı, qanunsuz yollarla və xarici dəstəklə yaxın perspektivdə siyasi hakimiyyətə gəlməyi əsas məqsəd kimi qarşıya qoymamalı, cəmiyyəti daha demokratik mülki cəmiyyət quruculuğuna, Qarabağ üçün fədakarlığa hazırlamalıdırlar.

Cəmiyyət inkişaf etdikcə, bizim xəyallarımızda qurduğumuz, Skandinaviya ölkələri kimi görmək istədiyimiz Azərbaycan gerçəkliyə çevriləcək. Qanlı Misir təcrübəsi bir daha təsdiq etdi ki, cəmiyyət hazır deyilsə hakimiyyəti dəyişməklə demokratik cəmiyyət qurmaq olmaz. Yaxşı olar ki, zamanında bu iqtidarı öyüb sonra nədənsə narazı qaldığı üçün hər şeyə istehza edib yersiz hırıldayan bəzi “Youtube”çular mənim bu müsahibəmi oxuyub, dünya təcrübəsini öyrənib, nəticə çıxarsınlar.




Yuxarı Əvvələ Ana Səhifə