XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

11 Mart 2020 - 10:40

Deputat Qüdrət Həsənquliyev:"Prezidentin yeni parlamentdən gözləntiləri çoxdur" - MÜSAHİBƏ

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Axar.az-a müsahibəsini oxucularımıza təqdim edirik:

– Azərbaycanda ilk dəfə parlament azlığını təmsil edən deputat Milli Məclisin sədr müavini seçildi. Bununla yanaşı, bəzi bitərəf deputatlar da komitə sədri oldular. Bunun daha geniş çevrəni əhatələyəcəyi gözləntisi də vardı. Bu prosesi necə qiymətləndirirsiniz?

– Parlamentdə ikinci ən çox deputatla təmsil olunan partiyanın (Vətəndaş Həmrəyliyi Partiyası 3 deputatla təmsil olunur – Sabir Rüstəmxanlı, Rafael Hüseynov və Fəzail İbrahimli – red.) nümayəndəsinin sədr müavini və komitə sədri, digər partiya təmsilçilərinin bəzilərinin komitə sədrlərinin müavini təyin olunması bir yenilikdir və çox mütərəqqi haldır. Bu, Milli Məclisin çoxpartiyalılıq prinsipi əsasında fəaliyyətinə dair qanunvericiliyin tələblərinin icrası, siyasi islahatların başladılmasıdır və mütləq siyasi sistemin inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Prezident parlamentdəki çıxışında qeyd etdi ki, Milli Məclisin müvafiq komitələri qanunların icrasına nəzarət etməlidir. Bu və xüsusilə dövlət büdcəsinin vəsaitlərindən istifadəyə nəzarət etmək məqsədilə Büdcə komitəsinin yaradılması və deputatların bu prosesdə birbaşa iştirakı daha məqsədəuyğun olardı. Dünyanın bir çox ölkələrində parlamentdə Büdcə komitəsinə müxalifət nümayəndəsi rəhbərlik edir. Büdcə vəsaitlərindən səmərəli istifadə üçün belə bir komitənin yaradılması son dərəcədə zəruridir.

– Parlamentdə belə bir situasiya var: vitse-spikerlər həm də komitə sədrləridir. Sizcə, bu iki vəzifənin eyni deputata verilməsi həmin vəzifələrin icrasında problem yaratmayacaq ki?

– MM sədrinin müavinlərinin həm də komitə sədri olması təcrübəsinə, məncə, son qoymalıyıq. Belə çıxır ki, müavinlərin ya işi yoxdur, ya da çox azdır. Əslində komitələrlə iş müavinlər arasında bölünməlidir. 15 komitənin olmasını nəzərə alsaq, hər müavin beş komitənin işinə nəzarət etməlidir. Düşünürəm ki, Milli Məclisin komitələri haqqında yeni qanun qəbul olunmalı, bəzi komitələr birləşdirilməli, daha zəruri istiqamətlər üzrə yeni komitələr yaradılmalıdır. Bu məsələlər zamanla tərəfimizdən qaldırılacaqdır.

– Parlamentdəki bu dəyişiklik digər hakimiyyət qollarına da təsir edə bilərmi? Hansısa müxalif baxışları ilə seçilən gənc fəalın icra və yaxud digər strukturda təmsilçiliyinə necə baxırsınız?

– Dövlət və hökumət başçısı müxalif düşüncəli hər hansı siyasətçinin fəaliyyətinə ehtiyac hiss edərsə, onu icra orqanına dəvət edə bilər. Bu, sivil dünyada qəbul olunmuş bir haldır. Həmin şəxs dəvəti qəbul edərsə, mən bu məsələdə hər hansı problem görmürəm və bunu yalnız alqışlayaram.

– Siz ən fəal, ictimaiyyətlə işləməyi bacaran və ciddi təkliflərlə çıxış edən deputatlardan biri, ölkənin aparıcı siyasi partiyalarından birinin rəhbərisiniz. Sizin parlamentdə komitə sədriliyinə namizədliyinizin irəli sürüləcəyi barədə ictimai rəy vardı…

– Əslində, komitə sədrinin müavini təyin olunmağım mənim üçün sürpriz oldu. Çünki parlament çoxluğu bu barədə mənimlə hər hansı ilkin söhbət etməmişdi. Təklif məni qane etdiyindən, etiraz etmədim və məni müdafiə etmiş hər kəsə öz minnətdarlığımı bildirirəm, onların etimadını doğrultmağa çalışacam.

Mən parlament fəaliyyətinə başladığım gündən Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvü olmuşam və vəzifəmi layiqincə yerinə yetirməyə çalışmışam. Bizim komitənin sədri Əli Hüseynlinin sədrin 1-ci müavini təyin olunması həm də komitəmizin fəaliyyətinə verilən yüksək qiymətdir. İnşallah, biz komitənin yeni seçiləcək üzvləri ilə birlikdə hüquqi islahatların aparılması istiqamətində işlərimizi daha geniş miqyasda davam etdirəcəyik.

– Parlamentdə müstəqil Azərbaycan tarixi üçün daha bir ilk də yaşandı: Milli Məclisin sədri xanım oldu…

– Parlament sədrinin qadın olması çox yaxşı nümunədir. Hökumətdə də qadınların sayının artırılmasına ehtiyac var. Nəzərə alın ki, Sahibə xanım böyük parlamentar təcrübəsi və diplomat bacarığı olan bir siyasətçidir. Kollektivlə işləməyi bacarır və deputatların böyük hörmətini qazanmışdır. Hesab edirəm ki, YAP uğurlu seçim edib. Onun seçilməsində qadın olması bəlkə də sonuncu faktordur.

Qadınların irəli çəkilməsinə gəldikdə isə, böyük Cavid deyirdi ki, bəşəriyyət qadınla yüksələcək.

– Prezident İlham Əliyev Milli Məclisdə geniş çıxış etdi. Sizcə, əsas vurğu nə idi? Prezidentin yeni parlamentdən gözləntiləri nələrdir?

– Prezidentin hər il parlamentdə bu cür illik məruzələrlə çıxış etməsinə böyük ehtiyac var. Bunun qanunvericiliyə salınması vacibdir. Prezidentin çıxışı geniş və əhatəli idi. Təklif edərdim ki, bizim deputatlar həmin çıxışa ya yenidən qulaq assınlar, ya da mətnini təkrar oxusunlar. Prezidentin və xalqımızın yeni parlamentdən gözləntiləri çoxdur. Hazırda ölkəmizə qarşı böyük bir mənəvi terror başladılıb. Bu məqsədlə əxlaqsız insanlardan istifadə olunur. Əxlaqsızlığı təbliğ etməklə dini ekstremizmin yayılması üçün münbit şərait yaradılır. Prezident dünyəvi dövlətçiliyimizə, siyasi sabitliyə qarşı ola biləcək təhdidlərdən, insanlarımızı narahat edən digər məsələlər və onların aradan qaldırılması istiqmətində görülən və görüləcək işlər barədə danışdı. Parlament qarşısında ciddi məsələlər qaldırdı. Siyasi sistemdə aparılacaq islahatlar, siyasi partiyaların rolunun artırılması istiqamətində görüləcək işlərin anonsunu verdi. Çox istərdim ki, parlament böyük keçid dövrünü yaşayan ölkəmizdə quruculuq işlərinə öz töhfəsini versin, güclü iqtisadiyyata malik hüquqi dövlət qurmaq üçün zəruri qanunlar qəbul edə bilsin…

Axar.az




Yuxarı Əvvələ Ana Səhifə