XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

20 Mart 2020 - 02:31

Deputat Qüdrət Həsənquliyev:"Fövqəladə vəziyyət şəraitində ölkə daha yaxşı qorunar" - MÜSAHİBƏ

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev “Ovqat.com” saytına müsahibə verib. Həmin müsahibəni “Strateq.az”-ın oxucularına da təqdim edirik: 

 

– Qüdrət bəy, parlament yeni tərkibdə fəaliyyətə başladı. Növbədənkənar seçkilərdən əvvəl insanlarda Milli Məclisin tərkibində ciddi dəyişikliklər olacağına inam vardı. Çünki MM zamanın çağırışlarına cavab vermədiyi arqumentilə özünü buraxmış və növbədənkənar seçkilərə gedilmişdi. Bu da hər kəsdə tamamilə fərqli insanlardan təşəkkül tapan parlament formalaşacağına inam yaratmışdı. Seçki bitdikdən sonra isə sanki ictimaiyyətin ümidi doğrulmadı. Nə düşünürsünüz bu barədə? Seçki nəyə lazım idi və gözləntilər reallaşdımı?

– Parlamentin tərkibinin təqribən üçdə biri dəyişdi. Sizin kimi daha ciddi dəyişikliyin olacağını pronozlaşdıranlar da var idi. Mən də, səhv etmirəmsə, elə sizin sayta verdiyim müsahibədə demişdim ki, 30 faizdən 50 faizə qədər dəyişikliyin baş verəcəyi realdır. Amma hər halda indi təzə seçilənlərin – söhbət 41 adamdan gedir – arasından çox yox, 10-15 adam parlamentin fəaliyyətində aktiv olsa, daha keyfiyyətli qanunlar qəbul etmək mümkün olacaq.

Aktivlik yalnız çıxış etmək kimi başa düşülməməlidir. Söhbət həm də ondan gedir ki, onlar qanunların müzakirəsinə necə hazırlaşacaqlar? Beynəlxalq təcrübəni öyrənəcəklərmi? Azərbaycan reallıqları ilə beynəlxalq təcrübəni necə uzlaşdıracaqlar?

– Yeni deputatlarda o potensial varmı?…

– Mən çoxunu tanımıram. Hər halda içərilərində tanıdığım yaxşı hüquqşünaslar var. Bir neçə yaxşı iqtisadçının olduğunu da bilirəm. Tanımadıqlarımın içərisindən aktiv 5-6 nəfər də əlavə olsa, hər halda, yaxşı mənada əvvəlki parlamentdən fərqlənəcək.

– Əvvəlki parlament ona görə özünü buraxdı ki, zamanla ayaqlaşa bilmirdi. İndi bunlar zamanla ayaqlaşa biləcəklərmi?…

– Sizə açıq deyirəm, orada, iqtidarın dediyi kimi, təkcə zamanla ayaqlaşmaqdan söhbət getmirdi. Sadəcə iqtidar özü üçün daha əlverişli bir məqamda və vaxtda növbədənkənar seçkilər təyin etdi.

– Məqsəd nə idi?

– Məqsəd özü üçün daha əlverişli nəticələrə nail olmaq idi.

– Hakimiyyət nəsə həyata keçirmək istəyir ki, əlverişli parlament formalaşdırır?

– Əlverişli parlament təkcə nəsə həyata keçirmək üçün yaradılmır. Həm də xarici təsirdən uzaq bir parlament formalaşdırmaq milli təhlükəsizliyimiz üçün çox vacibdir. Çünki ali dövlət hakimiyyətinin əsas qanadlarından biri parlamentdir. Xarici təsir altında olan parlament dövlətimizin gələcəyi üçün böyük problemlər yarada bilər. Bilirsiniz ki, Azərbaycan kimi balaca ölkələrdə regionun, dünyanın böyük güclərinin maraqları toqquşur və onların Azərbaycanda müəyyən maraqları var. Adətən, bizim siyasi partiyalar seçkiyə hazırlaşdığı kimi, onlar da hazırlaşırlar və burada onlar «proksi» tərəfdarlarını (“5-ci kolon” da adlandırırıq) işə salırlar və onlardan öz siyasi məqsədləri üçün istifadə edirlər. Hökumət də gözlənilməzlik faktorundan istifadə edərək, seçkiləri qabağa çəkdi. Ehtimal olunsa da, heç kim gözləmirdi ki, növbəti seçkilərə 10 ay qalmış bu cür qərar verilə bilər. Hakimiyyət də bu gözlənilməzlik faktorundan istifadə edərək, özü üçün ən əlverşli vaxtda növbədənkənar seçki keçirdi. Onu da nəzərə aldılar ki, “proksi” partiyalar 19 oktyabrda razılaşdırılmamış aksiyaya can atmaqla biabırçı formada məğlub olmuşdular.

Böyük siyasətçilərdə güclü intiusiya olur. Onlar təkcə faktalara əsaslanmırlar. Həm də sanki cəmiyyəti duyurlar. Düşünürəm, İlham Əliyev də cəmiyyəti, baş verə biləcəkləri duyaraq bu qərarı qəbul etdi. İndi baxın, hazırda neftin qiyməti düşüb, koronavirusla bağlı çətin bir vəziyyət yaranıb, biri var, belə bir vəziyyətdə seçkiyə gedəsən, bir də var, bundan öncə seçki keçirməklə daha rahat şəraitdə müxaliflərinlə yarışasan. Tam səmimi deyim ki, hakimiyyət məsələsi Allahın qisməti məsələsidir. Mən dindar deyiləm, amma inanclı adamam. İlahi qismətə inanıram. Seçkilərin vaxtının qabağa çəkilməsində bunun çox önəmli rolu var. Deyirlər, Allah birini müdafiə edəndə, qoruyanda ona qarşı kimin dayanması artıq heç bir rol oynamır.

– Təbii ki, səhih informasiyalar da bu qərarın verilməsidə mühüm rol oynaya bilərdi, tək duyum deyil…

– Əlbəttə ki, dövlət başçısının informasiyası da var. Amma dediyim kimi, duyum da, bir ilahi qismət məsələsi də var. Yəni bunların hamısı var.

– Bizdən az sonra İranda da parlament seçkiləri keçirildi. Orda da bizdəki kimi təzə deputatlar ortaya çıxdılar. Dərhal da Azərbaycana qarşı yeni hücumlara başladılar. Bilmirəm, xəbəriniz var, yoxsa yox?

– Çox təəssüf ki, başım seçkilərə qarışmışdı, İran parlamentini çox da ciddi izləyə bilməmişəm, amma sizin saytınızın daimi oxucusu kimi, oradan müəyyən informasiyalar alıram. Bilirsiniz, Azərbaycana qarşı həmişə İrandakı fars millətçilərinin, şovinistlərin mənfi münasibəti olub. Azərbaycana qarşı həmişə gözdənsalma kampaniyası aparılıb. Dövlət səviyyəsində deyirlər ki, biz dostuq, qardaşıq, amma reallıqda başqa addımlar atılır.

Parlamentin açılış iclasında cənab İlham Əliyev nə söylədi? Dedi ki, “biz dağıdılmış məscidlərimizin şəkillərini, bunları əks etdirən videoçarxları dünya ictimaiyyətinə, İslam dünyasına göstərməliyik”. Özünə müsəlman deyib bunu edənlərlə ağız-ağıza öpüşənlər, qoy utansınlar. Əlbəttə, bəzi şeylər haqqında Prezident açıq danışa bilmir. Çıxışında da söylədi ki, “elə şeylər var, demək olmur, amma bunu müxalifət, millət vəkilləri deməlidir”. Necə ki, İranda bunu rəsmilər demir, deputatlar deyir. Yəni biz də açıq söyləməliyik ki, İrandakı mövcud rejimin İslama heç bir aidiyyəti yoxdur. Dindən bir siyasi ideologiya kimi istifadə edirlər. O ideologiyanın isə heç bir İslami dəyəri yoxdur. Ona görə ki, dünyada şiəliyin təmsilçisi rolunda çıxış edən, özünü İslam Respublikası adlandıran bir dövlətin qonşuluğunda Azərbaycan türklərinin, müsəlmanların torpaqlarının 20 faizini ermənilər işğal ediblər. Sənin ölkənin əhalisinin az qala 40 faizi Azərbaycan türkləridir, amma sən nəinki qonşuna, heç öz vətəndaşlarına da hörmət qoymursan. Hansı ki, Azərbaycan onların soydaşlarının dövlətidir. Sən nə buna, nə şiəliyə, nə də İslama hörmət qoymursan, ermənilərlə ağız ağıza öpüşürsən və deyirsən ki, “biz ona görə, ermənilərlə öpüşürük ki, bununla sülhə yardım edirik”. Halbuki, işğalçı dövlətə sanksiya tətbiq edib işğala məruz qalana kömək edərlər ki, torpaqlarını işğaldan qurtara bilsin.

– Hətta dindaş olmasan belə, haqlını müdafiə etməlisən…

– Bəli, haqqın tərəfində olmalısan. Ən azı öz sifətini qorumaq üçün haqqın tərəfində olmalısan ki, insanlar doğrudan da sənin İslam dininə hörmətinin, ehtiramının olduğuna inansın. Əgər doğrudan da müsəlman birliyi, həmrəyliyi haqqında sənin dediklərin cəfəngiyyat deyilsə… Ən azından şəxsi ləyaqətini qorumaq naminə bunları etməlisən.

– Bilirsiniz ki, Azərbaycanda partiyalardan birinin sədrinin həbsi İranda ciddi əks-səda doğurdu. İranın yeni seçilən deputatlarından biri – Mütəfəkkirzad adlı adam bu həbsə sərt reaksiya verdi. Ardınca adı indiyədək eşidilməmiş mütəxəssislər, hüquq müdafiəçiləri, politoloqlar ortaya çıxdılar və ölkəmizə qarşı təhdid ritorikası ilə danışdılar. Halbuki, bu gün həm iqtisadi çətinliklər, həm də epidemiya ilə üz-üzə qalan İranın Azərbaycanla regional maraqlara qarşı yönəlmiş beynəlxalq təzyiq və hücumlara qarşı əl-ələ verib mübarizə aparması daha məqbul olduğu halda, o bunun tam əksini edir. Üstəlik, müdafiə etdiyi tərəfin barəsində ittiham aktı da tam təsdiqlənməyib. İranın yetkililəri isə məhkəmənin ədalətsiz qərar çıxaracağını indidən əminliklə vurğulayırlar. Bu tələsik qərar nə dərəcədə hüquqi məntiqlə ayaqlaşır?

– Azərbaycanın hüquq-mühafizə orqanları vətəndaşlarımızın və dövlətimizin təhlükəsizliyini təmin etməlidir. İran siyasətçiləri və ekspertləri unutmasınlar ki, Azərbaycan hüquqi dövlətdir. Azərbaycanda heç kimi elə-belə tutmurlar. Əgər kimsə həbs olunursa, ona konkret ittihamlar irəli sürülür.

Bundan başqa, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasına daxildir. Azərbaycan məhkəmələrinin qərarlarından narazı qalan şəxslər öz hüquqlarını gedib Avropa İnsan Haqları Məhkəməsində müdafiə edə bilərlər. Ona görə İran tərəfinin Azərbaycanı ittiham etməsi ki, guya, kimisə əsassız həbs ediblər, çox gülüncdür. İranın özündə insan haqları ilə bağlı çox ciddi problemlər var və bütün dünya bu barədə danışır, yazır. “Öz dilimdə təhsil almaq, oxumaq, yazmaq istəyirəm” deyən insanları onlar repressiyalara məruz qoyurlar, incidirlər, zindanlara atırlar. Belə olduğu halda, Azərbaycana qarşı bu tipli yersiz ittihamlar sadəcə ikrah hissi doğrur və Azərbaycanda ona əhəmiyyət verən də yoxdur. Özləri deyib, özləri də eşidirlər. Sadəcə olaraq tövsiyə edərdim ki, biz qonşu ölkələr kimi, məhkumuq ki, yaxşı münasibətlər saxlayaq, mədəni əlaqələri genişləndirək. Çünki ortaq bir tarixə, mədəniyyətə malik olmuşuq. Bu, İran dövlətinin də, oradakı azərbaycanlıların da, bizim də maraqlarımıza uyğundur. Buna görə də İranın molla siyasətçilərini Azərbaycan haqqında danışanda diqqətli olmağa çağırıram ki, münasibətlərə ziyan vurmasınlar. Onsuz da onların Ermənistanla münasibətləri İranın Azərbaycana olan münasibətinin nədən ibarət olduğunu əyani şəkildə göstərir, əlavə sübuta, şərhə ehtiyac yoxdur. Amma bununla belə, Azərbaycan rəsmiləri yaxın qonşuluq münasibətlərinin qorunub saxlanması naminə bir çox məsələlərin üstündən keçir, rəsmilər bu barədə danışmır, susur. Gərək onlar da bir az abır-həya edələr, başa düşələr ki, biz bunu demiriksə, o demək deyil ki, bunları görmürük.

– Mən istəyərdim ki, bir az da koronavirusla bağlı danışaq. Siz də o gün müsahibə vermisiniz və orada qeyd edirsiniz ki, Azərbaycanda fövqəladə vəziyyət elan olunmalıdır. Faktiki olaraq Nazirlər Kabineti elə fövqəladə vəziyyətin bütün hərəkətlərini edir. Bircə adını qoymayıb…

– Bəli, mən də ona görə söyləmişəm ki, bunu rəsmiləşdirmək, hüquq müstəvisinə keçirmək lazımdır. O addımları ki Nazirlər Kabineti atır, onun hüquqi əsası olmalıdır və qərarda yazılmalıdır ki, mövcud qanunun filan bəndinə uyğun olaraq biz bu addımları atırıq. Amma Operativ Qərargahın qərarlarında konkret heç bir hüquq normasına istinad olunmur. Biz hüquqi dövlətik. Ona görə də, gərək bütün addımları atanda hüquq normalarına istinad edək, qanun çərçivəsində fəaliyyət göstərək. Məsələn, vətəndaş karantinə alınır və bu zaman hansı hüquq normasına istinad olunur? Vətəndaşa deyilmir ki, mən səni hansı qanuna görə aparıb 14 gün karantində saxlayıram? Üstəlik, bu adamların əksəriyyətini xəstə olduqlarına görə deyil, xəstə olma ehtimalına görə aparıb iki həftə evindən, ailəsindən ayrı saxlayırsansa, bunun hüquqi əsaslandırması olmalıdır.

– Bəs, xaricdə necə edirlər? Axı onlarda da eyni məhdudiyyətlər qoyulur. Biz bir çox hallarda xarici təcrübəni tətbiq edirik.

– O ölkələrdəki virus geniş yayılıb, həmin ərazidə fövqəladə vəziyyət elan edilir. Bizdə “Fövqəladə vəziyyət haqqında qanun”a görə, fövqəladə vəziyyət bütün ölkə miqyasında da, ayrı-ayrı bölgələrdə də elan edilə bilər. Məsələn, Çində Vuhan bölgəsində elan edildi. Hətta ordu da bu işə cəlb olundu, əhalinin həmin şəhərdən çıxışına məhdudiyyətlər qoyuldu. İndi İtaliyada, İsveçrədə, Amerika Birləşmiş Ştatları, İspaniya, Qazaxıstan və s. bu kimi dövlətlərdə ölkə miqyasında fövqəladə vəziyyət elan edilib. Mən hesab edirəm ki, Azərbaycan balaca ölkə olduğundan cənab Prezident xüsusi fərmanla ölkə miqyasında fövqəladə vəziyyət elan etməli və 24 saat ərzində həmin fərman Milli Məclisdə təsdiq olunmalıdır. Fövqəladə vəziyyət şəraitində təxribatlara və şayiələrə qarşı daha effektli mübarizə aparmaq mümkündür.

Açıq deyirəm: mövcud vəziyyətdə panikanın yayılması ölkənin iqtisadiyyatına, bank-maliyyə sektoruna ciddi ziyan vura bilər. Çağırışlarla təşvişin qarşısını almaq xeyli çətin olacaq, amma fövqəladə vəziyyət şəratində biz qanuna istinad etməklə məhdudliyyətlər tətbiq edib, ölkəmizi qoruya bilərik.

– Problem ondadır ki, dövlət bir neçə dəfə bu cür çağırışlar edib, sözlə təminatlar verib, amma sonra tərsi olub…

– Ona görə də mən dedim ki, sözlə yox, bu istiqamətdə müvafiq qanun qəbul etməklə dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bunu vətəndaşın öz şüurluluğuna buraxsaq, alınmayacaq. Hamı istəyəcək ki, getsin, əlindəki pulu tez dönərli valyutaya dəyişsin, amma heç kim fikirləşməyəcək ki, bununla ölkənin iqtisadiyyatına ciddi ziyan vurur.

Ovqat.com




Yuxarı Əvvələ Ana Səhifə