XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

15 May 2015 - 11:01

“Qərib Azər”: “Bu sahədə öz sözümü demişəm, daha bəsdir..”- Müsahibə

azer qerib.jpg

Kaspi qəzeti tanınmış jurnalist, bloger və vaxtilə televiziya ekranlarında yayımlanan “Qərib Azər”, “Oralar” verilişləri ilə sevdiyimiz səyyah Azər Qəribovla müsahibə götürüb.

Strateq.az jurnalist Lalə Musaqızının müsahibəni oxuculara təqdim edir:

– Azər bəy, nə vaxtdan jurnalistikaya başlamısınız?

– üçüncü sinifdə oxuyanda bilirdim ki, jurnalist olacağam. İlk yazım 1973-cü ildə 12 yaşım olanda “Pionerskaya pravda” qazetində çıxıb. Tofiq Hüseynov adına 134 nömrəli məktəbdə oxuyurdum. Tofiq Hüseynov vaxtilə çimərlikdə uşaqları xilas edərkən batmışdı. Yazım onun haqqında idi. Buna görə məndən neçə ildir jurnalistikada olduğumu soruşanda 1973-cü ildən bu tərəfi hesablayıb deyirəm.

– Kiçik yaşlarınızdan jurnalist olmaq istədiyiniz halda, nə üçün sənədlərinizi jurnalistikaya deyil, şərqşünaslıq fakültəsinə verdiniz?

– Orta təhsilimi rus dilində almışdım. İnstituta sənədlərimi verən ili jurnalistika fakültəsində rus bölməsi yox idi. Hansı fakültəyə daxil olmağımla bağlı çox götür-qoy etdim. Jurnalist olmaq üçün jurnalistika fakültəsinə daxil olmaq o qədər də vacib deyil. Buna görə jurnalist olmaq istəyindən əl çəkmədən şərqşünaslıq fakültəsinə daxil oldum. Düşündüm ki, jurnalist kimi şərq dillərindən birini bilmək mənim müsbət cəhətlərimdən sayıla bilər.

– Peşəkar jurnalistikaya nə vaxtdan başladınız?

– Mən həmişə yazırdım. İnstitutda oxuyanda “İzvestiya”, “Komsomolskaya pravda”, “Bakinskiy raboçiy”, “Molodyoj Azerbaydjana” qəzetlərində həvəskar jurnalist kimi yazır və qonorar alırdım. Aparıcılığa 1988-ci ildə Azərbaycan Televiziyasında başladım. “Cənub sərhədlərin keşiyində” adlı verilişin aparıcısı oldum. Azərbaycan generalları haqqında silsilə verilişlər hazırlayırdım. 1990-cı il 20 Yanvar hadisələrindən sonra verilişi bağladılar. Uzun fasilədən sonra 2003-cü ildə ANS kanalında efirə “Qərib Azər” adlı verilişlə çıxdım.

– 1990-2003-cü illər arasında televiziya fəaliyyətinizdə fasilə yarandığını dediniz. Bu müddətdə nə işlə məşğul olmusunuz?

– O illərdə bizneslə məşğul olmuşam, müəyyən idarələrdə işləmişəm. Daxili İşlər Nazirliyində çalışmışam və s. Amma yenə balacalıqdan arzuladığım peşəyə qayıtmışam.

– Facebook sosial şəbəkəsində şərhlərinizdən birində artıq səyahət tipli verilişi yenidən ərsəyə gətirmək istəmədiyinizi bildirmisiniz…

– 2002-ci ildə “Oralar” adlı layihəmlə bütün kanalları gəzdim. ANS kanalında layihəmi bəyənib qəbul etdilər. Mirşahin təklif etdi ki, verilişin adını “Oralar” deyil, soyadım Qəribov olduğuna və veriliş qəribçilikdə çəkildiyinə görə “Qərib Azər” qoyaq. Bəyəndim və razılaşdım. 3 ildən sonra digər kanala keçdim və verilişim “Oralar” adı ilə efirə çıxdı. Verilişim düz 10 il – 2003-2013-cü illərdə efirə getdi.

İndi götür-qoy edirəm. O vaxt rəqabət yox idi və bu cür verilişə ehtiyac var idi. Bilirsiniz ki, verilişi tək çəkirdim və hər bir işin öhdəsindən özüm gəlirdim. Verilişin redaktoru da, operatoru da, rejissoru da, musiqi redaktoru da – hamısı özüm idim. O səviyyədə verilişə bəlkə də o vaxt baxılırdı. Amma indi o səviyyədə veriliş hazırlamaq istəmirəm. çünki mən gəzmişəm, xarici kanallarda olmuşam, səyahət verilişlərinin necə hazırlandığını görmüşəm. Verilişi istədiyim səviyyədə hazırlamaq üçün maliyyə problemləri var. Digər tərəfdən, hesab edirəm ki, bu sahədə öz sözümü demişəm, bəsdir. Nə vaxtsa ilham gələr, onda başqa bir telelayihəyə imza ataram. Hazırda özümün “5 oclock” adlı İnternet verilişimi hazırlayıram. Yəni ekranla birdəfəlik vidalaşmamışam.

– Telekanallardan sizə təklif gəlsə, qəbul edərsiniz?

– Bu, təklifdən asılıdır. Amma onu deyim ki, özgənin verilişini apara bilmərəm. Müəllif verilişi olsa, razılıq verə bilərəm.

– 81 ölkədə yüzlərlə insanla ünsiyyətdə olmusunuz. Səyahət sizdə nələri dəyişib, sizə nələri öyrədib?

– İlk növbədə onu öyrəndim ki, Bakı gözəl şəhərlər siyahısında bəlkə də ilk onluğa daxildir. İkincisi, anladım ki, hər bir cəmiyyət inqilab yolu ilə deyil, evolyusiya, təkamül yolu ilə inkişaf etməlidir. Məsələn, dünən növbədə dura bilmirdiksə, bu gün yavaş-yavaş öyrənirik. Əvvəllər yolu haradan gəldi keçirdiksə, bu gün piyada keçidindən istifadə etməyə başlayırıq. Bir sözlə, inkişaf mərhələ-mərhələ olmalıdır.

Onu da qeyd edim ki, xaricdən bir çox şeyləri öyrənə bilərik, amma onların da bizdən öyrənə biləcəkləri çox şey var; qonaqpərvərliyimiz, qonaqla səmimiyyətimiz, xeyir-şərdə bir-birimizə dayaq durmağımız və s. Xaricdə bu baxımdan bir az soyuqluq var.

çox ölkədə olmağımın mənə təsirinə gəlincə, ola bilsin, əcnəbilərdən bir az təmkinli olmağı öyrənmişəm. Bundan başqa, insanlarla məsafə saxlamağı da avropalılardan əxz etmişəm. Bizdə insanlara yaxınlıq verdikcə, sənə daha yaxın olmaq istəyirlər. Düşünürəm ki, insanlar bir-birləri ilə münasibətdə şəxsi sərhədləri keçməməlidir. Xaricdə siz zəng etməmiş avropalının evinə, işinə gedə, axşam 6-dan sonra onun mobil telefonuna, 9-dan sonra evinə zəng edə bilməzsiniz. Bunlar etikadan kənar hesab olunur. Hərdən görürsən, ofisdə oturduğum yerdə hansısa dost-tanış içəri girir, deyir, “buradan keçirdim, dedim, bir dəyim”. Mən bir-iki dəfə üstüörtülü şəkildə narazılığımı bildirəndən sonra daha belə etmirlər. Qarşıdakı anlamalıdır ki, həmin vaxt mənim işim ola bilər. Bu, ona görə deyil ki, mən səni görmək istəmirəm. Sadəcə, sənə daha çox zaman ayıra bilməyim üçün planlaşdırılan vaxtda görüşmək istəyirəm.

– Səyahət etdiyiniz ölkələr sırasında bir daha getmək istəmədiyiniz ölkə varmı?

– Elə bir antoqanist ölkə yoxdur ki, ora getmək istəməyim. Yalnız Əfqanıstanda həm təhlükəsizliyim, həm insanda mənfi emosiyalar yaradan ölkə kimi ikinci dəfə olmaq istəməzdim. Bu ölkəni xarici oyunçular bərbad hala salıblar.

– Bəs doymadığınız ölkə varmı?

– Fransanın cənubu, İtaliya, Londondan doymuram. Bu yerlərə dəfələrlə getməyə hazıram. Bir də Asiya tərəfdən çox xoşum gəlir. Malayziya, Sinqapur və bir çox Asiya ölkələrində insanlar, onların təbəssümü daha səmimidir, qonaqpərvər, istiqanlıdırlar. Bizimlə bir az oxşarlıqları var.

– Azər bəy, doğrudanmı çox gəzən çox bilər?

– Xeyr. çox oxuyan çox bilər. Buna görə oxumaq lazımdır. çox gəzmək sənə təcrübə verə, təcrübən arta bilər. Amma biliyini artırmaq üçün oxumaq lazımdır. Bir sözlə, çox oxuyan çox bilər, çox gəzən yox.

– “İnşallah”, “ya Allah” sözlərindən çox istifadə edirsiniz. İslama bağlılığınız hara qədərdir? Nə dərəcədə müsəlmansınız?

– Namaz qılmıram, məscidə getmirəm. Mənim ilahi ilə ünsiyyətim şəxsi xarakter daşıyır. Bu ünsiyyətə nə din xadimləri, nə
məsləhətçilər tərəfindən müdaxilə istəmirəm. Xoşlamıram ki, kimsə gəlib mənə nəyi nə təhər etmək lazım olduğunu desin. Mən Allahın qarşısında özüm cavab verəcəyəm və verirəm. Əsas odur ki, insanın xislətində xainlik, xəyanət, mərdimazarçılıq olmasın, başqalarına pislik etməsin. Bu gün ziyarətə gedib, qayıdandan sonra yenə rüşvət alıb, insanlara pislik etməkdənsə, heç ziyarətgaha getməsələr, yaxşıdır. Mən Allahla öz aramda vasitəçi sevmirəm. Din xadimlərinə hörmətlə yanaşıram. Amma hesab etmirəm ki, onlar nəyə görəsə mənə ağıl öyrətməlidirlər. Onlar da, mən də insanam. Əgər kimsə mollalıq edirsə, qatı dindardırsa, bu, o demək deyil ki, mənə yuxarıdan aşağı baxmalı, dərs deməli, həyatı öyrətməlidir.

– Getdiyiniz ölkələri müsəlman və qeyri-müsəlman olaraq iki hissəyə bölsək, aralarında hansı gözəçarpan fərqlər var?

– İki cür müsəlman ölkəsi var. Bir var Misir kimi kasıb, xoşagəlməz mənzərəli şəhərlərin, bir də var Birləşmiş Ərəb Əmirlikləri kimi qlamur, gözəl, mərmər göydələnlərin olduğu müsəlman ölkəsi… Tam fərqli mədəniyyətdir. Qərbin təsiri olan ərəb ölkələrində qayda-qanun daha çoxdur. Amma digər təsirlər altında olan müsəlman ölkələrində, təəssüflər olsun ki, qayda-qanun azdır. Bu fərq küçələrin təmizliyindən tutmuş, insanların bir-birləri ilə rəftarına qədər gözə çarpır. Ərəb Əmirlikləri Britaniya və Amerika ilə sıx əlaqədə olduğundan onların qayda-qanunu burada da tətbiq olunur.

– Sizin barənizdə danışanda çox dinamik, güclü yumor hissinə malik olduğunuzu və gözəl xanımları sevdiyinizi deyirlər. Gözəl xanım sizin üçün nə deməkdir?

– Düşünürəm ki, kişilər gözəl xanımları sevməlidirlər. Gözəl xanım mənim üçün daxili və xarici görünüşü bir-birini tamamlayan, geyimində zövqlü olan xanımdır.

– Xanımınız gözəl xanımları sevdiyinizə, verilişlərinizdə onlara xüsusi önəm verdiyinizə görə sizi qısqanmır ki?

– Elə bir şey etmirəm ki, məni qısqansın. Mən şəhərlərin, qadınların gözəlliyindən, insanların gözəl hərəkətlərindən zövq alıram. Burada qısqanclıq üçün səbəb görmürəm. Göz baxmaq üçün verilib.

– Oğlanlarınızdan sizin yolunuzu davam etdirəni varmı?

– Böyüyü bizneslə məşğuldur. Kiçiyi hazırda xaricdə televiziya və radio ixtisası üzrə təhsil alır. Bəlkə kiçik oğlum, istədiyi təqdirdə, mənim yolumla gedər. İxtisas, həyat seçimində valideynlərim mənə təzyiq göstərmədiyi kimi, mən də heç vaxt oğlanlarıma təzyiq göstərməmişəm. övladlarıma yalnız məsləhət verərəm, amma təzyiq göstərə bilmərəm.

– Gənclərimizdə nəyi görmək və nəyi görməmək istərdiniz? Bizim gənclər Qərbin gənclərindən nə ilə seçilirlər?

– Bizim gənclərimiz 2 hissəyə bölünüb. Bir qrup həyatda nəyəsə nail olmaq istəyir və bunun üçün gecə-gündüz oxuyur, özünü dağa-daşa vurur. Digər qrup isə həyatın axarı ilə gedir; maşını, maşınının qəşəng siqnalı, dəbli geyimi olsun, klublarda vaxt keçirsin. Bunların hamısı gənclik dövründə lazımdır. Gecə klubu da lazımdır, amma bununla yanaşı, oxumaq da vacibdir.

Qərbdə gənclər bilirlər ki, onların gələcəyi öz əllərindədir. “Papa”, “mama”, dayı, tapşırıq, zənglə həyatlarını qura bilməyəcəklərini başa düşürlər. Buna görə elə oxuyurlar ki, nəyəsə nail olsunlar.

Qərbdə tələbənin harada olmasından asılı olmayaraq, işləməsi ayıb deyil. Bizdə isə gənclərimiz iş seçimi edirlər. Məsələn, “camaat nə deyər” fikri ilə ofisiant işləməyə utanırlar. Amma Qərbdə tələbələr təhsil haqlarını ödəmək üçün ofisiant da işləyir, yer də təmizləyir.

5-6 il əvvəl Romada gördüyüm bir mənzərə məni çox təsirləndirmişdi. Səhər saat 7-8-də zibil qutularını yığmaq üçün zibil maşınları gedirdi. 18-19 yaşlı çox göyçək bir qızın zibil maşınına zibil yığdığını gördüm. Dözmədim, ona yaxınlaşıb dedim ki, “siz səhnə, televiziya üçün yaranmısınız, niyə bu işi görürsünüz”. Tələbə olduğunu və təhsil haqqını ödəmək üçün bu işlə məşğul olduğunu qeyd etdi. Əlavə etdi ki, belə bir iş görməsi ayıb sayılmır. Əfsuslar olsun ki, bizim həyatımızda “camaat nə deyər” ifadəsi önəmli rol oynayır.

– Azər bəy, Avropa Oyunlarının ulduz səfirisiniz. Hansı işləri görürsünüz?

– Səfir oldum, olmadım, bu işləri edəcəkdim. Azərbaycanda ümumdünya miqyasında tədbirlərin keçirilməsinin tərəfdarıyam. “Avrovizion”dan tutmuş, gələcəkdə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına qədər bütün beynəlxalq tədbirləri alqışlayıram. İndi səfirəm deyə daha aktivəm, Avropa Oyunları ilə bağlı müxtəlif tədbirlərə dəvət edirlər. Düşünürəm ki, biz səfirlərin vəzifəsi yalnız təmsil etdiyimiz idman növünü, Avropa Oyunlarını deyil, sağlam həyat tərzini təbliğ etməkdir. Gəncləri idmanla, bədən tərbiyəsi ilə məşğul olmağa həvəsləndirməliyik. Əgər bizim idmançılar bu oyunlarda qələbə qazansalar, bu, gənclərimiz üçün yaxşı stimuldur.




Yuxarı Əvvələ Ana Səhifə