XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 16:40

Əflatun Amaşov:"Jurnalist düşünməlidir ki, ölkə, sanki, düşmənlə mübarizə aparır" -MÜSAHİBƏ

Strateq.az Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsini oxucularına təqdim edir.

– Əflatun müəllim, nəinki ölkəmizin, bütövlükdə dünyanın başlıca mövzusu koronavirus pandemiyasıdır. Bu durumda mətbuatın üzərinə də böyük missiya düşür. Sizcə, Azərbaycan mediası üzərinə düşən vəzifənin öhdəsindən gələ bilirmi?

– Ümumən mediamız üzərinə düşən missiyanı yerinə yetirir. Kütləvi informasiya vasitələrimiz Azərbaycan dövlətinin koronavirus pandemiyasının zərərlərindən sığortalanmaq, itkiləri minimuma endirmək siyasətinin reallaşması üçün böyük əzmlə çalışır. Biz bunu görürük. Azərbaycan dövləti, şəxsən cənab Prezident İlham Əliyev koronavirus təhlükəsinin aktuallaşdığı ilk gündən məsələyə olduqca həssas yanaşdı. Dövlət başçımızın, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəfələrlə xalqa müraciətlərini gördük. Bu müraciətlər infeksiyanın yayılmasının qarşısını almaq, mənfi təsirlərini neytrallaşdırmaq üçün həm qanunçuluğun vacibliyini vurğuladı, həm də dövlətin vətəndaşlarına qayğısını göstərdi, çətin durumda birlik və həmrəyliyə böyük çağırış anlamı daşıdı. İdeoloji nöqteyi-nəzərdən bu addımlar cəmiyyətə son dərəcə böyük təsir göstərdi. İnsanlara ruh yüksəkliyi, dözüm, iradə aşıladı. Təbii ki, dövlətin koronavirusun vurduğu ziyanların aradan qaldırılması istiqamətindəki sosial xətti də önəmlidir. Mövcud istiqamətdə işlər görülüb, konkret nəticələr var və şübhəsiz ki, bununla bağlı fəaliyyət davam etdiriləcək. Azərbaycan Prezidenti videokonfrans şəklində keçirdiyi müşavirədə kifayət qədər vacib məqamlara toxundu.

Azərbaycan mediası başlıca olaraq dövlət siyasətinin təbliğatçısı qismində çıxış etdi. Onun yaradıcılıq dəst-xətti əsasən dövlətin gördüyü və görməli olduğu işlərin istər dinamikasına, istərsə də daxili mahiyyətinə dəstək baxımdan seçildi. Yəni, media bir növ, əskiklikləri tamamlamaqla vətəndaş rifahının yüksəlməsinə yönələn siyasətə töhfəsini verdi. Fürsətdən istifadə edib, çətin günlərdə işinə peşəkar yanaşan jurnalistlərimizin hər birinə dərin təşəkkürümü bildirirəm. Fərqləndirmək istəmirəm, belə vətənpərvərlik mövqeyi ortaya qoyan həmkarlarımız həm telekanallarda, həm radiolarda, həm qəzetlər və jurnallarda, həm də elektron media resurlarında var. Cəmiyyətin müxtəlif təbəqələri hər gün evlərində qalaraq onların zəhmətinin məhsulu olan maraqlı materialları izləyir.

– Rəhbərlik etdiyiniz qurum koronavirus təhlükəsinin yarandığı ilk vaxtdan bir neçə dəfə kütləvi informasiya vasitələrinə müraciət ünvanladı, tövsiyələrlə çıxış etdi. İstərdik ki, bu tədbirləri zəruri edən səbəblərdən danışaq.

– Pandemiya şəraiti ekstremaldır. Biz indiyədək mediamızın ekstremal durumlarda çalışdığını görmüşük. Amma belə bir təhlükə olmamışdı. Müasir dünyamızda da bu cür durum yaşanmamışdı. Təsəvvür edin, təyyarə qəzası baş verir, 200 nəfər həyatını itirir, hansısa ölkədə matəm elan olunur, dövlət başçıları bir-birilərinə başsağlığı teleqramları ünvanlayırlar. İndi heç kəs bunu düşünə bilmir. Hər gün minlərlə insan dünyasını dəyişir. Sanki ölüm adiləşir. Hətta ölüm saylarının, tutalım 600-dən 300-ə enməsi sevinclə qarşılanır. Dünya belə bir vəziyyəti yaşamışdımı? Xeyr.

Təbii ki, bu vəziyyət medianın fəaliyyətinə də ciddi təsir göstərməkdədir. Bizim mövcud istiqamətdə müşahidələrimiz oldu. Habelə xarici media orqanlarının fəaliyyətini də izlədik. Tövsiyələrimizi buna uyğun olaraq formalaşdırdıq. Bilirsiniz, əslində xüsusi bir tələb də yoxdur. Sadəcə pandemiya şəraitinin düzgün öyrənilməsi və ona uyğun fəaliyyət göstərmək lazımdır. Peşə prinsiplərinə hər zamankından daha çox sadiqlik, prinsipiallıq nümayişinə ehtiyac var. Jurnalist düşünməlidir ki, ölkə sanki düşmənlə mübarizə aparır. Bu düşmən həm can alır, həm depressiyaya salıb ümidsizlik yaradır. Belə bir şəraitdə cəmiyyətin psixoloji durumu necə olacaq? İnsanlar vəziyyətdən necə çıxacaq? Media peşəkar yanaşırsa, bunları düşünməlidir. Ölkənin sərvəti onun insanıdır. İnsan bədbin olmamalıdır, məsuliyyətli davranmalıdır. Biz mediaya bu xəttin götürülməsini tövsiyə etmişik. Təbii ki, cəmiyyət təhlükənin miqyasını da anlamalıdır. Heç kəs deyə bilməz ki, koronavirus infeksiyası ona yoluxmaz. Britaniyanın Baş Naziri xəstəliyə tutulursa, reanimasiyaya düşürsə, yaxud bir sıra məhşurlarda koronavirus aşkarlanırsa, demək ki, heç kəs sığortalanmayıb.

Mediamız belə məqamları doğru olaraq diqqətə çatdırdı. Ancaq bəzən müəyyən media materiallarının sırf ölüm məsələsinə kökləndiyini, ölümün qabardıldığını, dilə gətirildiyini gördük. Təbii ki, məsələyə həssas yanaşmaq lazımdır. Media nə arxayınlıq yaratmalıdır, nə də ölüm təhlükəsini çılpaqlığı ilə ortaya qoymalıdır. Orta xətt mütləq var və bu, hər bir jurnalistin fərdi yanaşmasından, dünyagörüşündən, peşəkarlıq səviyyəsindən asılıdır.

Mətbuat Şurasının tövsiyələri peşənin tələblərinə həssas yanaşmaq siqnalı idi. Hesab edirəm ki, bu, lazım idi. Bilirsiniz, söhbət heç də ondan getmir ki, kimlərsə öz işini bilmir. Peşəkarlarımız kifayət qədərdir. Sadəcə bəzən informasiya axını, vəziyyətin gərginliyi jurnalisti də çaşdıra bilir. Biz tövsiyələrimizi bunu nəzərə alaraq ünvanladıq.

– Amma razılaşaq ki, işlərini bilməyənlər az deyil…

– Bəli, elədir. Hətta onu da demək olmaz ki, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində çalışanların hamısı işlərinin biliciləridir. Amma bu tip media orqanlarında bəlli sistem var. İnformasiya bir neçə nəfər tərəfindən oxunur və ondan sonra cəmiyyətə çatdırılır. Beləcə yanlışığa yol vermək faizi aşağı düşür, əksər hallarda olmur.

Əslində koronavirus təhlükəsi həqiqi media orqanları, əsl peşəkarlar üçün iki aydın fəaliyyət istiqaməti ortaya qoydu. Birincisi, rəsmi məlumatlara istinaddır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın materiallarına istinaddan söhbət gedir. Eyni zamanda Operativ Qərargahın tövsiyə və tələblərinin yerlərdə icrasına nəzarətin nə dərəcədə təbliğ olunması vurğulanmalıdır. İkinci məqam medianın dezinformasiyalara, xüsusən sosial şəbəkələr vasitəsilə yayılmış yalan bilgilərə zamanında reaksiya verməsidir. Bu baxımdan jurnalistlər müvafiq dövlət qurumlarına  kömək göstərdilər. Özlərinin rəsmi orqanlarla əlaqəli şəkildə hazırladıqları çevik reaksiyaları ilə cəmiyyətin yanlış istiqamətlənməsinin qarşısını aldılar.

Əlbəttə, vizual görüntü daşıyıcıları olduqlarından, əhalinin böyük qismi evdə qaldığından telekanalların izlənmə göstəriciləri artdı və onların daha çevik fəaliyyətlərinə ehtiyac aktuallaşdı. Burada vurğulanmalı məqam telekanalların işlərini məhz müəyyən saytlarda, sosial şəbəkə profillərində doğru olaraq qaldırılmış məsələlərə reaksiya şəklində qurmaları oldu. Biz reaksiyanı dezinformasiyalara münasibətdə də gördük. Bu mənada telekanallarla, radiolarla internet medianın, sosial şəbəkələrin vahid məqsəd üçün bir növ işbirliyini gördük. Son dərəcə vacib məqamlardan biri budur. Eyni zamanda deməliyik ki, müvafiq dövlət qurumları kifayət qədər operativ işlədilər. Onlarla medianın müştərək fəaliyyətinin örnək nümunələri diqqətdən yayınmadı.

Əlbəttə, yenə deyim, qeyri-peşəkar yanaşmalar indinin özündə də var. Belə hallar yalnız mediada deyil. Bunu da müəyyən mənada anlayışla qarşılamalıyıq. Çünki qlobal pandemiya şəraiti bizlər üçün yenilikdir. Mən Operativ Qərargahın fəaliyyətini, xüsusən media ilə müştərək fəaliyyətini çox bəyənirəm. Ancaq onu da nəzərə alaq ki, bu cür təşkilatlanma ölkəmiz üçün yenilikdir.

Digər tərəfdən, dünyanın media strukturları, ümumən media ictimaiyyəti daha çox koronavirusla bağlı feyk paylaşımlardan narahatdır. Əlbəttə, bu paylaşımlar bir çox hallarda siyasi məqsədə hesablanır. Qərb və Rusiya mediasının qarşılıqlı ittihamları var. Feyk materiallara qarşı hüquqi məsuliyyət tədbirləri də həyata keçirilir.

– Məlumdur ki, Operativ Qərargah xüsusi karantin rejimində fəaliyyətinə icazə verilən istiqamətlər sırasına kütləvi informasiya vasitələrini də daxil edib. Ancaq bu şəraitdə jurnalist vəsiqəsi satanlar da oldu, başqa sui-istifadələrə yol verənlər də. Bununla bağlı hansı işlər görülür?

– Jurnalistikadan sui-istifadə halları ilə bağlı bizə müəyyən siqnallar daxil olur. Əlbəttə, kimlərsə xüsusi karantin rejiminin tələblərini saxtakarlıqla pozacaqlarsa, birmənalı qaydada məsuliyyətə cəlb olunmalıdırlar. Hər hansı güzəştdən söhbət gedə bilməz. Azərbaycan Mətbuat Şurası məsələni diqqətdə saxlayır.

Bu problem hər zaman olub. Şura belə hallara qarşı səlahiyyətləri çərçivəsində mübarizə aparıb. Bir çox hallarda hüquq-mühafizə orqanlarına müraciətlər ünvanlamışıq. Əslində bu kimi məsələlərə kompleks yanaşmaq zərurəti var. Müəyyən sistem yaradılmalıdır. Prinsip etibarilə bu sistem özündə çoxşaxəli fəaliyyəti birləşdirməlidir. Geniş danışmaq istəməzdim, Mətbuat Şurasının bununla bağlı konkret təklifləri var.

– Mətbuat Şurası Operativ Qərargaha media orqanlarının və jurnalistlərin siyahısını təqdim edib. İstərdik bilək ki, bu siyahı hansı prinsip üzrə tətbiq edilir?

– Əslində burada prinsip heç də siyahıda deyil. Məsələnin mahiyyəti budur ki, Operativ Qərargah medianı fəaliyyətinə icazə verilən sahə kimi təsdiqləyib. Bir çox jurnalistlərimiz fəaliyyət sərbəstliyinə malikdirlər. Ancaq qeyd etdiyiniz kimi, spekulyasiyalar oldu. Buna görə media üçün əmək müqaviləsi bildirişi tələb olundu. Amma bu, özlüyündə bir sıra problemləri doğurdu. Bilirsiniz ki, frilans kimi çalışan jurnalistlərimiz var. Onlar sadələşdirilmiş vergi ödəyicisidirlər. Ayrı-ayrı media orqanları üçün çalışırlar. Hətta bəziləri konkret vəzifə bölgüsü əsasında fəaliyyətdədir. Ancaq onların əməyinin ödənişi əmək müqaviləsinə deyil, xidməti müqaviləyə əsasən gerçəkləşdirilir. Təbii, belələrinin adları müvafiq dövlət qurumunun sistemində çıxa bilməz. Yaxud, nə əmək müqaviləsi, nə də xidməti müqavilə olmadan çalışanlar var. Biz bilirik ki, bu adamlar faktiki olaraq jurnalist fəaliyyəti göstərirlər. Bu, başqa söhbətin mövzusudur ki, niyə əməklərinin ödənişi rəsmiləşmir? Ümumən medianın iqtisadi durumu belə rəsmiləşməyə çətinlik yaradır. Problem həm ənənəvi media, həm onlayn media, həm də telekanallar və radiolar üçün aktualdır. Düşünürəm ki, məsələnin ciddi müzakirəsinə, konkret qərarların qəbuluna ehtiyac var ki, ümumən media sahəsi şəffaflaşsın.

İndiki durumda əsas məsələ qeyd etdiyim kateqoriyadan olan jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsidir. Bununla bağlı onlar bizə müraciət edirlər. Biz də həmin şəxslərin siyahısını Operativ Qərargaha göndəririk.

Yeri gəlmişkən, bir məqamı vurğulamaq istərdim. Ümumən xüsusi karantin rejimi hər kəsin fəaliyyətini məhdudlaşdırır. Bəli, medianın fəaliyyətinə icazə verilir. Biz də istəyirik ki, icazə həqiqi media fəaliyyətini həyata keçirən hər bir subyekti əhatə etsin. Ancaq jurnalistlər də məsuliyyətli olmalıdır. Onlar anlamalıdırlar ki, verilən icazə jurnalistikanın cəmiyyət üçün vacib peşə olmasındandır. Kimsə bu icazəni tam sərbəstlik kimi qəbul etməməlidir. Ehtiyac yoxdursa, evdən çıxılmamalıdır. Jurnalistlər və redaksiya rəhbərləri həmçinin bilməlidirlər ki, xüsusi zərurət yoxdursa, işçi iş yerinə gəlməməlidir. İşini evdən idarə etməlidirlər.

Yenə də deyim ki, koronavirus təhlükəsi ümumilikdə dünya üçün yenilikdir. Bununla bağlı medianın peşəkarlıq standartlarına da baxışlar dəyişir. Biz ölkəmizin media orqanlarını Beynəlxalq Jurnalistlər Federasiyasının tövsiyələri ilə də tanış etdik. Geniş danışmaq istəməzdim bu barədə, güman edirəm ki, hər kəs məlumatlıdır. Əlbəttə, ilk növbədə jurnalistlər özləri öz sağlamlıqlarının qayğısına qalmalıdırlar. Təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər.