XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

08 Mart 2016 - 19:54

“Napoleon Misiri kimlərlə işğal etdi?” –Güntay Gəncalpla müsahibə

İslam Dünyasında dini düşüncənin inkişaf mərhələləri

guntaygecalp

Araşdırmaçı Güntay Gəncalp

 

 

Güntay Gəncalpı oxucularımız yaxşı tanıyırlar. Bir neçə dəfə onunla müsahibə yaymışıq və hər dəfəsində də bir-birindən fərqli çoxsaylı reaksiyalarla qarşılaşmışıq. Güntayın fikirlərini dəstəkləyənlər də olub, onun əleyhinə çıxanlar da. Hadisələrə, xüsusən də mübahisəli İslam tarixinə orijinal baxışı olan, heç kimi təkrarlamayan, bir neçə dildə ciddi araşdırmalar aparan və məsələləri də soyuq ağılla təhlil etməyə çalışan Güntay Gəncalpla Strateq.az-ın “16-1” layihəsində bu dəfə də İslam dini və onun təməl anlayışları üzərinə söhbət etmişik. İslam dininin tarixi, yarandığı coğrafi şəraitin onun inkişafındakı rolu, İslamda məzhəblərin müasirləşməyə münasibəti söhbətimizin ana xəttini təşkil edir.

Yaranmasından yüzillərlə zaman ötsə də, İslam dini və onun daxili dinamizmləri hələ də müzakirə mövzusudur. Demokratiya, insan hüquqları, elmin müxtəlif sahələrinə İslamın və Quranın münasibəti hələ də aktualdır. Biz hələ də İslamın yaranmasından bəri baş verən hərəkatları, bu hərəkatların yaranmasında önəmli rol oynayan alimləri, bilgələri yaxşı tanımırıq.

Güntay bəy o mənada Strateq.az-ın oxucularına Hindistanda, İranda, Pakistanda, Osmanlı imperiyasında, Misirdə müxtəlif zamanlarda yaşayan bilgələrdən bəhs edir, səfəvilərin Mövlananın kitablarını yasaqlamasından danışır, Atatürkün xilafəti ortadan qaldırmasının İslam dünyasına mümkün təsirlərini gözlər önünə sərir. Bir sözlə, çox ciddi məsələlərə toxunur. Şiəliyə və vəhhabiliyə obyektiv baxış sərgiləməyə çalışan müsahibimiz İslamın siyasiləşməsinin gətirdiyi fəsadları aktual problem kimi diqqət mərkəzinə gətirir.

Beləliklə, qonağımız Güntay Gəncalpdır. 

Onu da vurğulayaq ki, bu mövzuda müzakirəmiz açıqdır və Güntay Gəncalpın fikirləriylə razılaşmayan mütəxəssislərə, din xadimlərinə məmnuniyyətlə yer ayırmağa hazırıq.

 

II hissə

I hissəni bu link vasitəsi ilə oxuya bilərsiniz:

 

Araşdırmaçı Güntay Gəncalp: "İslam Dünyasında bütün problemlərin əsasında Osmanın xilafət dönəmi başlanan iç savaşlar durur"

 

 

İctihadın qapanmış dəftəri…

shah-veliullah-dehlevi

Şah Vəliullah Dehləvi

 

– Dehləvi ilə Vəhhabı ayıran başqa özəllik də varmı?

– Dehləvi ilə Vəhhabı bir-birindən ayıran bir başqa özəllik Hind islamındakı təsəvvüf rənginin daha güclü olması idi. Bu üzdən də Dehləvi şəriətin yapısına tənqidi baxmağı unutmadı. O, “təqlid”i rədd edərək “ictihad”ı yenidən diriltməyə çalışdı. Təqlid kor-koruna hansısa bir dini məktəb və ya məzhəbə bağlılıq ikən, ictihad fiqhi mövzularda fərdin özünün araşdırıb qərar verməsi və ona görə dini görüş və yaşamını bəlli etməsi anlamındadır. İctihadın qapanmış dəftərini yenidən açmağa çalışması onun üçün durğun fiqh tarixindən qopma imkanı yaratdı. Zaman və məkan şərtləri içində formalaşan şəriətin şəklinə və zahirinə bağlanmaq yerinə, Dehləvi şəri qanunların ruhuna enməyi tərcih etdi. Çünkü bu yolla şəriətin hökmləri ərəb toplumsal psixologiyasına aid olmaqdan çıxaraq bütün xalqlar, iqlimlər və tarixlər üçün keçərli ola bilərdi. Quranın amacı şəriəti tətbiq etmək deyil, ədaləti bərqərar etməkdir. Ədaləti bərqərar və tətbiq etmək də, ancaq ərəb tarixi psixologiyasına uyğun şəkildə davranmaqla mümkün ola bilməz. Bu, təbiət qanunlarını və iqlimlər fərqliliyini görmək deməkdir. Dehləvi sadəcə “məsləhət” və “mənfəət” qavramlarını Maliki fiqhində diriltmədi, həm də “şəriət” və “həqiqət” arasındakı sufiyanə fərqi də ortaya qoydu.

 

“Şəriət” və “həqiqət” arasındakı sufiyanə fərq

 

Şəriət zaman və məkan şərtlərindən asılı olan tarixi bir durumdur. Lakin həqiqət haqdan qaynaqlanan və haqqı duyub anlamağa yönləndirən mənəvi birikimlərdir. Fəqih və sufi məqamında birikimi Şah Vəliullah Dehləvi Quran və hədisdə açıq bəyan edilən və ya açıqca bəyan edilməyən bütün mövzuları dərin və geniş əqli baxışa tabe tuturdu. Bu, ona sünnətlə ilahiyyatı bir-birindən ayırma fürsəti verdi. İlahiyyat müsəlmanların daha öncədən təyin edilmiş fərqli firqələrə bölünmələrinə səbəb olurdu. Ancaq Dehləvi sünnətin mirası olan icma yoluyla müsəlmanların birliyinə təkid edirdi. Eyni zamanda şəriətə əməl etmək üçün mənəvi yol göstərici olaraq təsəvvüf də öz yerini və təsirini sürdürürdü. Bu üzdən Şah Vəliullah Dehləvi Tanrı kitabının ötəsinə çıxmadığını deyirdi. O deyirdi ki, sünnətin sufiyanə hikmətlə bağlılığı Hind İslamının özəlliyidir. Bu şəkildə iki zidd qütb olaraq bilinən İbni-Ərəbi və İbni-Teymiyyə təlimləri Dehləvinin İslam anlayışında bütünləşirdi. İbni-Ərəbi sufiyanə hikmətin təmsilçisi ikən İbni-Teymiyyə ən mühafizəkar Hənbəli İslam məzhəbinin nimayəndəsi idi. Ərəbistanda İslami fikir fərqli sürəc yaşamışdı. Bu sürəc İbni-Teymiyyə minus İbni-Ərəbidən ibarət idi. Bu sürəc də siyasi mərcəiyyətlə fiqhin əməkdaşlığı üzərinə qurulmuşdu. Bu sürəcin Ərəbistandakı davamçı ideoloqu Muhəmməd ibn Əbdulvəhhab idi.

 

Muhəmməd ibn Əbdulvəhhab kim idi?

muhammad-bin-abdul-wahab

Muhəmməd ibn Əbdulvəhhab

 

Vəhhabın özünün o sistemdə fiqh üzrə müşavir olacağı dini bir düzən qurma xəyalları var idi. Vəhhab 1744-ci ildə Riyadın qərbində padşah olan Muhəmməd Səudun diqqətini çəkdi. Onlar bir yerdə çalışacaqlarına dair and içdilər. Gərəkdiyində zordan istifadə edəcəklərinə dair də anlaşdılar. Bu anlaşma vəhhabiliyin rəsmən tarixə girməsi anlamında idi. Göründüyü kimi, vəhhabilik aqressiv şəraitdə, aqressiv məqsəd daşımışdır.

 

– Dediyiniz XVIII əsrdə klassik bilgilərdən daha fərqli bilgimi ortaya qoyuldu, açıqladığınız bilgilər daha öncədən mövcud deyildimi?

 

– XVIII yüzildə dini anlayışın ana məqsədi İslami mərifətin qaynaqları üzərinə dartışma yaratmaq idi. Bu çağda icma qavramı sorğulanırkən, qiyas daha çox önə çıxırdı. Məqsəd isə müsəlmanların öz həyatlarına anlam qazandırma imkanlarını gücləndirmək idi.

 

Müsəlmanların tarixinə baxsanız – heç bir şey yox

 

– XIX əsrdə bu proses davam etdimi və ya daha fərqli cərəyanlar ortaya çıxdımı?

– XIX əsrdə Quran və sünnət üzərinə tədqiq, araşdırma, iqtibas və müzakirə kimi anlayışlar da meydana çıxdı. Modern və elmi çağ İslam dünyasında bir çox problemlər meydana gətirmişdi. Ənənəvi İslam anlayışı modern çağda mədəni yer tapmaqda çətinlik çəkirdi. Modern çağın yenilikləri və elmi kəşfləri heç bir bilgi istehsal etməyən, elmlə uyumlu olmayan İslam anlayışını qəbul etmirdi. Müsəlmanların tarixinə baxsanız, heç bir şey yox, nə siyasi fəlsəfələri, nə demokratiya təcrübələri. Sadəcə istibdad və despotizm tarixi. Qərb modernləşməsi bu qaranlıq çağa qarşı çıxırdı. Müsəlmanlar açıqca nə qədər Qərb elmi və mədəniyyəti qarşısında geri qaldıqlarını görərək aşağılıq kompleksinə qapılır və həyat standartlarında, sosioloji baxışda avropalaşma psixologiyası doğurdu. Özəlliklə nə sənayeləşməsi, nə fəlsəfəsi, nə elmi qurumları, nə təhsil sistemi olan islam dünyasından “sorumlu!” Osmanlı imperatorluğunun çöküşü böyük sual işarələri yaradırdı. Müsəlman Osmanlı imperatorluğunun bəşərin elmi, mədəni, fikri tarixində heç bir yeri yox idi. Fikrən, elmən və mədəniyyət olaraq inkişaf edən Qərb, müsəlmanların xəlifəliyi iddiasında bulunan Osmanlını əzib keçərkən müsəlmanların əlləri qoynunda durub baxmaqdan başqa çarələri yox idi.

 

Napoleon Misirə alimlərini də gətirdi

napoleon

Napoleon Bonapart

 

– Qərb dəyərləri hansı mexanizmlərlə Şərqə yol tapmışdı?

– Napoleon Misiri işğal etdiyində alimlərini də yanında gətirmişdi. Onun alimləri müsəlman şeyxləri laboratoriyalara çağırır və kimyəvi tərkiblərlə necə dəyişik maddələr istehsal etdiklərini göstərirdilər. Ələzhər universitetinin şeyxləri şaşqınlıqdan “Aman Allah!” deyərək bunu sehr və cadu olaraq adlandırırdılar. Sonra bunun sehr və cadu olmadığı ortaya çıxdığında müsəlmanlarda Qərb elmi qarşısında böyük acizlik kompleksi ortaya çıxdı. Bu, Misir müsəlman bilgələrin Qərb elmi ilə ilk qarşılaşmaları idi. XIX əsrdə müsəlmanlar anladılar ki, onların tarix boyu heç bir elmi məlumat istehsal etməyən, sadəcə savaşan cihadçı qılıncları, artıq Qərbin ağır modern silahlarına heç bir təsir edə bilməyəcək. Bu şəkildə Qərbin elmi və mədəni gəlişmələri müsəlmanlarda kimlik böhranı yaratdı. Kütləvi din anlayışı ilə yararlı və elmi bilgi istehsal etmək mümkün deyildi.

 

“Şərq despotizminin qaynağı İslamdır!”

ernest renan

Ernest Renan

 

– Qərbin müsəlmanlara baxışı bu əsrlərdə necə idi?

– XIX əsrin fransız alimi Ernest Renan İslamı elm və fəlsəfə düşməni olaraq görürdü. Doktorluqbişini “İbni-Rüşd və İbni-Rüşdçülük” üzərinə yazan Ernest Renan iddia edirdi ki, İslami olaraq qiymətləndirilən bilgilər Yunan ağlının ərəbcəyə tərcüməsindən başqa bir şey deyildir. Renana görə, digər dinlər kimi, vəhyə dayanan İslam dini də ağıl və azad düşüncə ilə düşməndir. Dolayısıyla müsəlman ölkələrinin geri qalmasının da səbəbi ağıl və azad düşünmə düşməni olan İslamdır. Renanın iddiası Xristianlıq və İslam teologiyası arasındakı fərqliliklərə dayanırdı. Ona görə xristianlıqda təcəssüd, yəni vücud bulma Tanrı və insan arasındakı aranı və boşluğu doldurdu. Bu üzdən də insan Qərbdə determinist görüşün əlindən azad ola bildi. Lakin İslamdakı xalis tövhid anlayışı insan və Tanrı arasında doldurula bilməyən bir boşluq təşkil edir. Bu da insanın azad iradəsi üçün heç bir imkan buraxmamaqdadır. Qərb politikaçıları bu teolojik dəlillərə dayanaraq müsəlman ölkələrində bitmək bilməyən despotizmi açıqlamağa çalışırdılar. Onlara görə Şərq despotizminin qaynağı İslammış.

 

Ağıllı Napoleon

 

– Buna qarşı müsəlman ölkələrində necə təpki meydana çıxdı?

 

– Qərbin bu kimi gəlişmələrinə və açıqlamalarına qarşı yeni ideya və ağla dayanan siyasi düşüncələr yaratmaq yerinə, İslamı siyasiləşdirdilər. “Siyasi İslam” anlayışı da bu zaman ortaya çıxdı. Özəlliklə, diktator Osmanlı xilafəti və katolik Papa qarşısında Napoleonun özünü millətlərin “iman”ının qoruyucusu olaraq duyurmasından sonra durum daha da dəyişdi. Osmanlının hər düşüncəyə və işığa qapanan zehniyyəti qarşısında Napoleonun bu iddiaları daha proqressiv görünür və İslam dünyasının bir çox aydınları Osmanlının yüzillər boyunca heç bir düşüncə və azadlıq ölçüləri ortaya qoymayaraq qaranlığa gömülüşü qarşısında Napoleonun iddialarını daha ağıllıca görürdülər. Napoleon bu açıqlamaları ilə xilafətin qaranlığında yaşayan xalqların ilgisini çəkəcəyini düşünürdü. XIX və XX əsrlərdə Qərbdə təhsil alan Osmanlının bütün türk gəncləri Osmanlıya qarşı idi. Hətta onların bir qismi Fransız dilində romanlar və fəlsəfi əsərlər yazdılar. Çünkü Osmanlıda elmi, ədəbi və fəlsəfi əsər yazacaq bir dil belə miras qalmamışdı, saxta və devşirmə dil Qərbin dilçilik elmi ilə qarşılaşdığında yox edilirdi.

 – Oriantalistlər bu əsrdə çox aktiv olmuşlar. Oriantalist görüşə baxış necə idi?

– Şərqşünalıq elmi demək, Qərbin güzgüsündə görünən Şərq deməkdir. Müsəlmanlar oriantalistlərin Quran üzərinə araşdırma və açıqlamalarını Qərbin İslama qarşı pis niyyəti və təxribatı kimi anlayırdılar. Bu da Qərbdə böyük təcrübə qazanan tarixi və dini bir mətnin elmi araşdırma metodunun mənimsənməsini əngəlləyirdi. İslami dəyərlər üzərinə yenidən düşünmək gərəkliliyi ilk dəfə Hindistanda meydana çıxdı. Misirdə də buna bənzər durum ortaya çıxmışdı. Çünki Misir toplumu və tarixi ilk dəfə XIX əsrdə Qərb mədəniyyəti ilə qarşılaşmışdı. Bu qarşılaşma da Misir toplumunun hər baxımdan, hətta dini dəyərləri anlama baxımından nə qədər geri olduğunu ifşa etmişdi.

 

Kimdir Seyid Cəmaləddin Əfğani?

renanefqani

– XIX əsrin sonlarına doğru Seyid Cəmaləddin Əfğani də böyük dini və sosial fəaliyyətlər göstərib. Əfğaninin dini dünyagörüşünün özəlliyi nə idi və İslam ölkələrinə necə təsir göstərirdi?

– Seyid Cəmaləddin Əfğani məsələsi çox geniş mövzudur. Cəmaləddin Əfğani və Muhəmməd Abduh İslamı müdafiə etməyə başladılar. Bu iki ad o əsrin öndə gələn isimləri idi. Onlara görə müsəlmanların geri qalmasının səbəbi İslam deyil, müsəlmanların İslam anlayışları idi. Əfğani “əcəba, İslam demokratiya kimi modern siyasi qurumları, parlamentarizmi, seçimi qəbul edirmi?” deyə soruşurdu. İslam dünyasını modern dəyərlər üzərində birləşdirməsi Əfğaninin əsas məqsədi və ideyası idi. Modern İslami axımın Misir və Hindistanda meydana çıxmasında Əfğaninin böyük rolu var idi.

– Əfğaninin fəaliyyət sahəsi bütün müsəlman ölkələrini ehtiva edirmiş demək?

– Əfğani haqqında bir az ayrıntılı bilgi vermək lazım gələcək. Seyid Cəmaləddin “Əfğani” adı ilə tanınsa da, onun Həmədanın bir qəsəbəsi olan Əsədabadda dünyaya gəldiyini yazanlar da var. “Əsədabadi” adı ilə də bilinməkdədir. Lakin müəyyən müddətdə Əfqanıstanda dövlət işlərində də işlədiyi üçün “Əfğani” adı ilə məşhurlaşmışdı. Bəzi söyləntilərə görə də şiə kimi tanınmasın deyə, “Əfğani” ləqəbini seçmiş. Çünkü iranlı kimliyi ilə ortaya çıxsaydı, geniş İslam aləmi coğrafiyasına xitab edə bilməzdi. Onu şiə olaraq qəbul edər və söylədiklərini ciddiyə almazdılar. Əfğani Nəcəf və Kərbəlada təhsil almış və fikrən İbni-Sinanın fəlsəfəsindən çox təsirlənmişdi. İbni-Sinanın fəlsəfi görüşləri o zaman şiə mədrəsələrində tədris edilirdi. İlk dəfə 18 yaşında ikən Hindistana getdi. Bu zaman Hindistan İngiltərənin müstəmləkəsi idi və orada fizika, kimya, riyaziyyat kimi modern Qərb bilimləri ingilis dilində məktəblərdə öyrədilirdi. Beləcə, Əfğani modern bilimlərlə bərabər, ingilis dilini öyrənir. İngilis dilini öyrənmək onun dünyagörüşünün genişləməsində çox böyük rol oynayaraq modern Qərb fəlsəfəsini oxuya bilmə fürsətini yaradır. Bu da əski yeknəsəq mətnlərin təsir dairəsindən çıxıb müasirləşmə ilə tanış olmaq imkanı yaradırdı. Daha sonra Misirə gedir, lakin Misirdə istənilməyən şəxs kimi ölkədən çıxarılır və yenə də Hindistana dönərək 1882-ci ilə qədər bu ölkədə qalır. Öz mücadiləsini daha geniş ölçüdə sürdürə bilməsi üçün Parisə gedir və orada “İslam və bilim” başlıqlı mövzularda Ernest Renanla mübahisələrə girişir. Bir il sonra Misirdə dini aydınlanmaçılıqdan yana olan Muhəmməd Abduh da Parisdə ona qatılır. Əfğani və Abduh birlikdə Parisdə “Urvət ul-vusqa” adında bir dərgi çıxarırlar. “Urvət ul-vusqa”, yəni “Möhkəm tutunacaq” və ya “Möhkəm dəstək” deməkdir. Bu dərginin 18 sayı yayımlandı. Əfğaniyə görə, İslam da digər dinlər kimidir, lakin İslam insanın bütün ruhi ehtiyaclarına cavab verə bilən kamil, doğru və qüsursuz dindir.

 

Əfğani İslamın Luteri idimi?

alazhar

Qərb bilgələrinin xristianlığa qarşı tənqidlərinin İslama aid olmadığını düşünürdü. Əfğani İslamın da islahatçı bir Luterə ehtiyacı vardır deyə düşünürdü. Bəlkə də Əfğani İslam Luterinin özü olduğunu sanmaqda idi. Əfğaninin Misirdəki fəaliyyəti ingilislərin diqqətini çəkdi. Ayrıca, Misirin Ələzhər mədrəsəsinin şeyxləri də Əfğaniyə qarşı etiraz edirdilər. Ələzhərin mühafizəkar və mürtəce şeyxləri Əfğanini iki yöndən tənqid edirdilər: 1. Onun İslam dəyərləri üzərinə fəlsəfi yanaşmasını qəbul edə bilmir, bu metoda şübhə ilə yanaşırdılar. Mühafizəkar mürtəce dindarlar tarix boyunca fəlsəfəni düşmən olaraq görmüşlər. 2. Əfğaninin dini mərasimlərə və ayinlərə bağlı olmaması da Ələzhər mürtəce şeyxlərini rahatsız edirdi. O mərasim və törənlər ki, müsəlmanların gözündə dini dəyər daşımaqda idi. Bu tənqid Əfğani təlimlərinin tam yeni olduğunu göstərməkdədir. Bu üzdən də bu təlimlərin qəbul edilməsi asan deyildi. Əfğani 1887-1891 illər arasında İranda oldu və dini islahatdan yana olan gənc nəslin dünyagörüşünə dərin təsir buraxdı. Bu gənclərdən bir çoxu daha sonra məşrutə inqilabında çox təsirli oldular. Əfğani sadəcə İranda deyil, Hindistan, Misir və Krımda da təsirli şəxsiyyət idi. “Tərcüman” qəzetinin redaktoru İsmayıl Bəy Qaspıralını fəaliyyətlərindən dolayı təqdir edir və “Tərcüman” qəzetinin İstanbula gələn nömrələrini diqqətlə oxuyub gəlişmələri təqib edirdi. Onun güclü və inandırıcı fikir və mühakimələri İslamın təməl ünsürləri, yəni Quran və sünnətin yeni təfsirə tabe tutulmasına meydan açırdı. Sünnət nə idi? Sünnət Peyğəmbərin davranış və söylədiklərini ehtiva edir, həm də səhabələrin söyləm və davranışları ilə bağlı Peyğəmbərin qəbul və ya rədd etdiyi hərəkətləri göstərirdi. Quran Peyğəmbərin öz zamanında qeydə alınsa da, hədislər vəfatından 250 il sonra kitablaşdırılmışdı. Əfğani hədis mənbəli Quran təfsirini əskimiş metod olaraq dəyərləndirir və bu metoddan uzaqlaşmaq gərəkdiyini vurğulayırdı. Modern təfsiri Misirə gətirən Əfğani idi. Əfğaninin mason paltarında rəsimləri də tarix kitablarında mövcuddur.

– O zaman Əfğaninin Misirdə modern dini düşüncənin ortaya çıxmasında böyük rolu olmalı idi?

– Əfğanidən təsirlənən Muhəmməd Abduh klassik ağılçılıqla modern siyasi-sosial bir tərkibin tərəfdarı idi. Bu tərkib Quran və sünnət kimi İslam mərifətinin ana qaynaqlarını və islami teologiyanın strukturunu incələmək üçün ona bəlli imkanlar verirdi. Əslində, bu tərkib Misirdə “İslahat Hərəkatı” deyilən bir anlayışı ortaya çıxarmaqda idi. Bu görüşə görə din birdir, lakin şəriət zamana və məkana görə dəyişər. Məsələn, İbrahim, Musa, İsa dinləri birdir, lakin şəriətləri bulunduqları zaman və məkana (coğrafi şərtlərin ortaya qoyduğu imkanlara) görə fərqlilik göstərmişdir. O zaman İslam şəriəti də başqa iqlimlərə daşınırsa, o iqlimə görə fərqli özəlliklərə sahib olmalı, bütün yer üzü iqlimləri qumsal və susuz Ərəbistan iqlimi kimi deyildir. Bu görüşə görə şəriətdə nəsx (keçərliliyini itirmə) olar, ancaq dində olmaz.

 

VII əsr Ərəbistanında zindan yox idi

 

Nəsx nə deməkdir, bu haqda bir az ayrıntılı açıqlama verərsinizmi?

– Məsələn, deyək ki, Ərəbistanın qumlu və yağmursuz çöllərində ortaya çıxan İslamın şəri hökmü bol yağmurlu və verimli torpaqları olan iqlimlərdə nəsx ola bilər. VII əsr Ərəbistanında zindan yox idi. Oğrunu İslamdan öncə tutduqlarında iflic edirdilər ki, təkrar zərər verib mal çalmasın. Zindan olsaydı, onu zindana atardılar. Zindanda olana yemək vermək, gözətçi və qoruyucu qoymaq lazımdır. Bunların heç biri o zaman qumsal ərəb çöllərində yoxkən, digər bolluq iqlimlərində var idi. O zaman əlkəsmə kimi ərəb törəsi zindanı olan ölkələrdə öz-özünə nəsx olurdu. Yəni şəriət nəsxini saxlayan, zaman və məkan imkanlarıdır. Nəsxin olduğu yerdə keçici durum mövzu bəhsidir. Quran hökmlərinin hüquqi düzənləməsi keçərliliyini itirə bilər. Bu, dinin deyil, şəriət hökmlərinin tarixi sürəsini doldurması deməkdir. Dinin hədəfi ədaləti şəri düzənləmələrlə bərqərar etməkdir. Mövcud şəri düzənləmə ədaləti bərqərar edə bilmirsə, öz-özünə nəsx edilmiş sayılar. Bu nəsx edilmişliyi qəbul etməmək tarixin iradəsinə və dolayısıyla Tanrı istəyinə və əqli təkamülə qarşı çıxmaqdır. Şəriət zamana və tarixə bağlıdır. Bir hədəfə fərqli yolla getmək olar, hər yol bir şəriətdir, lakin din bütün yolların varması gərəkən məqsəddir.

 

Quran elm və tarix kitabı deyil, əxlaq, hidayət və öyüd kitabıdır

muhemmed-abduh

Muhəmməd Abduh

 

– Və bu fikirləri Muhəmməd Abduh Əfğanidən təsirlənərək Misirdə müdafiə edirdi?

– Bu üzdən də Muhəmməd Abduh qapanmış olaraq duyurulan “ictihad qapıları”nı həyatın bütün sosial, fikri və dini sahələrində açmağa çalışırdı. Dini, insan vücudunun bir parçası olaraq görən Abduh İslami fikir islahından yararlanaraq dini doğruları kəşf etməkdən yanaydı. Abduha görə, sehr, nəzər və gözdəymə kimi durumlara işarə edən ayətləri o zamanın ərəb inanc və xurafələri kimi görmək gərəkir. Quran bunları bəyan edərək qarşı çıxar. Abduha görə, göydən enərək kafirlərlə savaşan mələklərə işarə edən ayətlərin gerçəkliklə əlaqəsi yoxdur, bunlar o zaman yeni müsəlman olmuş əhaliyə ruh yüksəkliyi vermək üçün məcazi dillə bəyan edilmiş durumlardır. Bu ayətlərin məqsədi möminlərin qəlbinə rahatlıq gətirmək və onları zəfərə inandırmaqdan ibarət olmuşdur. Abduh düşünürdü ki, Qurana demistifikasion bir metodla yanaşmaq lazımdı, yəni Quranı miflərdən, sehrdən və xurafələrdən təmizləmək lazımdır. Ona görə, Quranda heç bir sirr-filan yoxdur və Quranın özünün də ifadə etdiyi kimi, açıq-aydın bəyanlardan ibarətdir. Ayrıca, Abduha görə, Quran elm və tarix kitabı deyil, əxlaq, hidayətöyüd kitabıdır. Bu üzdən Quranda keçən qissələri (nağılları) tarixi hadisələr kimi qəbul etməmək lazımdır. Yəni Qurandakı olaylar tarixdə də olub mənasına gəlmir. Quranda bəyan edilən tarixi rəvayətlər ədəbi bir yöntəmlə bəyan edilib və rəvayətlərin məqsədi tarixi gerçəkləri bəyan etmək deyil, olay hörgüsü içində əxlaq dərsi çıxarmaqdır. Bu üzdən Abduh “tarixçilik” və Quran qissələri arasındakı fərqlərə diqqət çəkirdi. Tarixçilik tədqiq və araşdırmaya möhtac olan elm sahəsidir və orada tənqid və mühakiməyə də meydan vardır. Bunun üçün tarixi mətnlərə, tarixi reportajlara, xatirələrə, şahidlərə, coğrafi faktlara ehtiyac olur. Ancaq Quran qissələrinin tarixi əsası və dəyəri yoxdur, sırf əxlaqi, dini və mənəvi dəyəri var. Yəni Qurandakı hadisələrə bənzər bir olay tarixdə ola bilər, lakin bu qissələrin hədəfi insanın tarix bilgisini artırmağa xidmət etməz. Bu üzdən Abduh klassik təfsirçilərə qarşı çıxaraq Qurandakı rəvayətləri tarixi gerçəklik kimi qəbul edib araşdırılmasına qarşı idi. Çünki Quranda keçən tarixi rəvayətləri isbat edəcək heç bir tarixi nümunə mövzu bəhsi deyildir. Abduha görə, Quranın bu rəvayətlərdən hədəflədiyi və anlatmağa çalışdığı əxlaqi dəyərləri kəşf etmək lazımdır. Abduh bu kimi görüşlərini Misirdə yayımlanan “Əlmənar” dərgisində çap etdirirdi…

(ardı var)

 

Hazırladı:

SelBa

Strateq.az

 

 




Yuxarı Əvvələ Ana Səhifə