BAXCP sədrinin müavini Bünyamin Qəmbərlinin Strateq.az-a müsahibəsini təqdim edirik:
– “Oliqarx ovu” çərçivəsində iş adamlarının həbsini necə qiymətləndirirsiniz? Hakimiyyət bununla nəyə nail olmaq istəyir?
– Sizin “Oliqarx ovu” adlandırdığınız prosesə birtərəfli, yaxud ağ və ya qara kimi baxmaq doğru olmaz. İlk öncə onu deyim ki, bu proses çoxdan başlayıb. Sadəcə, son dövrlər küllü miqdarda pul mənimsənilməsində və ya ayrılan vəsaitlərin təyinatı üzrə, ya da düzgün xərclənməməsində günahlandırılanların çoxunun eyni vaxtda saxlanması, yaxud izahat alınması üçün müxtəlif hüquq-mühafizə orqanlarına aparılması daha çox diqqət cəlb elədi. Əgər xatırlayırsınızsa, təxminən, 1 il bundan qabaq bir neçə iş adamı saxlanıldı, 4-5 ay qabaq isə vətəndaşların aldadılması ilə bağlı çoxlu tikinti şirkətinin rəhbərləri saxlanılıb. İndi də hüquq-mühafizə orqanları daha böyük sərmayə sahibi olan iş adamları ilə bağlı əməliyyatlar aparır. Düşünürəm ki, bu proses mərhələ-mərhələ daha ciddi şəkil alacaq və bu məsələdə əli olan, onlarla işbirliyi edən daha yüksək səviyyəli şəxsləri əhatə edəcək. İkincisi, deyim ki, mən buna təbii baxıram. Yəni onlar da bu ölkənin vətəndaşıdır və bütün qanunlar hamı kimi onlara da aiddir. Bu başqa məsələdir ki, kimlərsə özünü qanundan üstün tutur və ya etdiyi qanunsuzluqlara görə məsuliyyətə zamanında cəlb olunmur. Məncə, kimliyindən asılı olmayaraq bu işdə əli olan, işbirliyi edən hər bir adam məsuliyyətə cəlb olunmalı, elədiyi əməlin dərəcəsinə görə ciddi cəza almalı, bəzilərinin isə hərtərəfli araşdırma aparılaraq qanundankənar şəkildə əldə etdiyi bütün əmlakı müsadirə olunmalıdır. Mən düşünürəm ki, dövlət bu adamların qeyri-neft sektorunu inkişaf etdirdiyinə arxayın olmuşdu. Amma bu adamlar dövləti aldadaraq onu iqtisadi döyüş meydanında zəif və çıxılmaz vəziyyətdə qoydular. Məncə, biz hərb meydanında ona tapşırılan qoşun hissəsini döyüşə hazırlamayan, yaxud döyüş tapşırığı verilsə də döyüşdən yayındıran, ya da həlledici anda döyüş meydanından geri çəkərək düşmənin üstünlük saxlamasına səbəb olan komandirə necə yanaşırıqsa, dövlətimizi rəqibləri qarşısında zəif və çıxılmaz vəziyyətdə qoyan, rəqiblərimizin bizim dövlətimizə üstünlük saxlamasına səbəb olan iqtisadiyyat, elm, təhsil, mədəniyyət, hüquq və b. sahələrdə çalışan rəhbərlərə də eyni çür yanaşmalıyıq. Xəyanət – xəyanətdir, nə fərqi var hərb meydanında olsun, ya təhsildə, səhiyyədə və ya iqtisadiyyatda? Amma burdaca qeyd etməliyəm ki, bu əyintilərdə iş adamlarının acgözlüyü, milli təfəkkürdən yoxsunluğu və şöhrətpərəstliyi ilə yanaşı, respublikada hökm sürən inhisarçılıq da müəyyən rol oynayıb. çox güman, inhisarçılığın gətirdiyi məhdudiyyətlər və qadağaların da iş adamlarının bir çox sahəyə sərmayə yatırmamasında payı var.
– Hakimiyyət həmin iş adamlarının o cür böyüməsinə niyə şərait yaratmışdı və indi niyə əks tədbirlər həyata keçirir?
– çox doğru vurğulayırsız ki, bu əyintilər bir gündə ya da bir ayda baş verməyib. Bu əyintilər, illərdi, davam edir. Azərbaycanda məmə yeyəndən pəpə yeyənə hamının bu işlərdən xəbəri olduğu, danışdığı, KİV-də dəfələrlə yazıldığı halda hüquq-mühafizə orqanlarının bu vaxta qədər susması və indi hərəkətə keçməsi cəmiyyətin olub bitənləri sorğulamasına, məsələlərə şübhə ilə yanaşmasına səbəb olur. Amma məşhur bir məsəl də var; deyir “məscidin qapısı açıqdı, itin həyasına nə gəlib”. Deyək ki, hüquq-mühafizə orqanları və yaxud aidiyyəti strukturlar öz işinə səhlənkar yanaşıb. Bəs bu adamlarda bir zərrə də olsun Allahdan qorxu, bəndədən utanma hissi yoxdumu? Görən, bu adamlarda heç milli hiss, dövlətçilik hissi, vətənsevərlik yoxdu? Görün, bunlarda acgözlük nə qədər böyükdür ki, milyonlar bu adamların doymasına, bəsdi deməsinə yetməyib. Burda yaxın vaxtlarda Mehriban Vəzirin bir yazısında verdiyi Murtuza Muxtarovun son sözləri yadıma düşdü: “…Məşhur Bakı milyonçusu Murtuza Muxtarov bolşeviklər axırıncı dəfə qapısını çalana qədər bu sözləri yazır: “Bakı neftindən böyük pullar qazandıq. Ağlagəlməz qədər böyük pullar. Həmin pullarla Bakını alınmaz qalaya çevirə bilərdik. Amma biz neylədik? Bakını əyləncə, qumar, kazino mərkəzinə çevirdik. Bu da nəticəsi”.
-Sizcə, həbs olunanların borcu ödədikdən sonra azad olunması doğrudurmu?
– Bu əməliyyatlar elə həssas aparılmalıdır ki, qurunun oduna yaş da yanmasın. Digər tərəfdən, mən düşünürəm ki, burda mütləq qanunun aliliyinə və qanunvericiliyə çox ciddi əməl olunmalıdır. Əks halda, qaş düzəldən yerdə vurub göz çıxara bilərik. Bir qanunsuzluğu başqa bir qanunsuzluqla düzəltmək ən azından əvvəlki qanunsuzluq qədər yolverilməzdir və tez-gec öz mənfi təsirini göstərəcək.
– Gəlin, razılaşaq ki, bu həbslərin ölkəmizin beynəlxalq imicinə mənfi təsirləri də var. Azərbaycanı yaxşı tanımayan xarici investorlar bu qənaətə gələ bilərlər: hətta arxalı iş adamları belə bu ölkədə incidilir. Bu qənaət Azərbaycanın investisiya mühitinə necə təsir göstərə bilər?
– Dünən ölkənin rəhbəri hörmətli İlham Əliyev Azərbaycan-Vyetnam biznes forumundakı çıxışında bir şey vurğuladı. Cənab prezident dedi ki, “İş adamlarından yeganə tələbim ondan ibarətdir ki, onlar öz işini qanun çərçivəsində təşkil etsinlər. Belə olan halda heç kimin problemi olmayacaq. Azərbaycanda hüquqi dövlət qurulur və bütün məsələlər öz həllini qanun çərçivəsində tapmalıdır.” Məncə, sizin sualınıza bu sözlərdən daha gözəl cavab yoxdur. Bir iş adamı niyə əyri yollara baş vurur, niyə qanundankənar işlər görür ki, sonra da hər hansı formada “narahat olsun”, ya “incidilsin”?
– Bəlkə bu qənaət də formalaşa bilər ki, həyata keçirilən bu tədbirlər Avropa Oyunlarına tələb olunan maliyyəni çıxartmaqdır. Avropa Oyunları bu qədər vacib məsələdir?
– Mən düşünmürəm ki, bu tədbirlər Avropa Oyunlarına tələb olunan vəsaiti ödəmək üçündür. Belə bir məqsəd olsaydı, onu başqa formada da həyata keçirmək olardı. Avropa Oyunlarının vacibliyinə gələndə isə düşünürəm ki, biz bu məsələlərə iqtisadi maraqlarla yanaşı, həm də dövlətçilik maraqları baxımından yanaşmalıyıq. Məncə, istər “Evrovizyon”, istər bu oyunlar, istər ölkəmizdə keçirilən çoxlu beynəlxalq yarışlar və siyasi tədbirlər və istərsə də iki il sonra keçirilməsi qərarlaşdırılan İslam Oyunları müstəqilliyimizin dərinləşməsi, dövlətçiliyimizin möhkəmlənməsi, dövlətimizin tanınması və dünya birliyinin tamhüquqlu üzvünə çüvrilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Ona görə də, məncə, hər birimiz bu oyunların və bütövlükdə belə mötəbər tədbirlərin yüksək səviyyədə keçirilməsinə çalışmalıyıq.
– Avropa Oyunları yaxınlaşdıqca, Bakıya əl gəzdirilir. Demək olar ki, bir ay ərzində paytaxtın siması tamamilə dəyişilib. Sizcə, hakimiyyət bu vaxta qədər niyə bu işləri görmürdü?
– Bu gün səhər işə gələrkən yolda qızım dedi ki, “sağ olsunlar bu işlər
i (abadlıq və təmizliyi nəzərdə tuturdu) görənləri. Bizə şəhərdə və paytaxtda yaşadığımızı xatırlatdılar”. Həqiqətən də son bir ayda Bakının siması çox dəyişilib. Şəhərdə abadlıq və təmizlik işləri çox sürətlə və qüsursuz aparılır. Deyə bilərəm ki, son bir aya qədər Bakı paytaxtdan çox yolları bərbad, hər tərəfi zibil və tör-töküntü əlindən tərpənmək mümkün olmayan ucqar bir əyalət şəhərinə bənzəyirdi. Balaca bir iş aylarla çəkir, axşam asfalt salınan yol səhər tezdən qazılır, kim harda, nə vaxt və necə gəldi yolu qazır, yaxud bağlayır, küçələr və parklar bəzən günlərlə süpürülmürdü. Amma indi… Düşünürəm bu cür böyük abadlıq, quruculuq və təmizlik işləri qısa müddətdə belə yüksək səviyyədə görüldüsə, deməli, bunu hər zaman etmək olar. Məncə, bir çox məsələdə olduğu kimi, Bakının abadlıq və təmizliyi də bundan sonra diqqət mərkəzində olacaq.
– Hakimiyyətlə müxalifətin 3-cü dialoqu başlayıb. Digər ikisindən fərqli olaraq bu dəfə müxalifət daha geniş tərkibdə toplantılarda iştirak edir. Siz bu dialoqlardan nə gözləyirsiniz?
– İstənilən məsələnin iki həll yolu var: ya hərb, ya da sülh, yəni danışıq. İndi necə olur Azərbaycandakı bütün siyasi qüvvələr hərb yolu ilə işğal olunmuş Qarabağ məsələsini Ermənistan kimi ixtiyarı öz əlində olmayan hüquqsuz, oyuncaq bir dövlətlə dialoq yoluyla həll etməyə üstünlük verir, amma Azərbaycanın daxili məsələlərinə gələndə dialoqdan ya imtina edir ya da dialoqun əhəmiyyətini sorğulayırıq? Və yaxud niyə biz istəyimizi, dərdimizi bir-birimizə birbaşa yox, üçüncü qüvvələrin vasitəsi, ya da iştirakı ilə çatdırmalıyıq? Bizim dialoqdan başqa yolumuz yoxdur. Düşünürəm ki, istər hakimiyyətdə, istərsə də müxalifətdə kifayət qədər ağıllı, konstruktiv düşüncəli, milli təfəkkürə malik, dövlətçilik maraqlarını hər şeydən üstün tutan vətənsevər insanlar var. Bu qüvvələrin bir araya gəlməsini yalnız və yalnız Azərbaycanın müstəqilliyinin, bütövlüyünün və inkişafının əleyhinə olan qüvvələr istəməz.
Nicat Həşimov
Strateq.az