XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 15:40

“Bir-birinin işini əvəz edən qurumlar ləğv edilməlidir” –Sabiq nazirdən yeni açıqlamalar

Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, sabiq maliyyə naziri Əvəz Ələkbərov maraqlı müsahibə verib.

Strateq.az xəbər verir ki, modern.az-a müsahibəsində maraqllı fikirlər səsləndirib. Həmin müsahibəni ixtisarla təqdim edirik:

– Bu gün  ölkədə təhsillə bağlı islahatlar aparılır. Təhsil sahəsində çalışan mütəxəssis kimi görülən işlərlə bağlı nə deyə bilərsiniz?  

– Fikirlərimi belə ifadə etmək istərdim. İ.Nyuton deyib: “Elm hüdudsuz okeandır; mən və bəzi dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əldən vermədik”. Təhsil bizim bu günümüz və gələcəyimizdir. Azərbaycanın təhsil sistemində aparılan islahatlar təhsilimizin dünya standartlarına uyğunlaşdırılmasına xidmət edir. Onu qeyd etmək istərdim ki, təhsil islahatlarının nəticələrini real hiss etmək, müşahidə etmək üçün çox uzun müddət lazımdır. Digər tərəfdən isə təhsil sahəsində dəyişikliklərin edilməsi çox ağrılı prosesdir. Nəzərə almaq lazımdır ki, bu prosesdə  illər ərzində formalaşmış yanaşmalar dəyişməlidir. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən həyata keçirilən dəyişikliklərin bu iki amili nəzərə alaraq, düzgün balansı qorumaqla qısa müddətdə və daha ağrısız dəyişikliklər əldə etmə istəyini düzgün qiymətləndirirəm. Digər tərəfdən Təhsil Nazirliyinin təhsildə islahatlar niyyəti kosmetik və ya müvəqqəti uğur əldə etmək təəssüratını yaratmır. Bu gün gündəmə gətirilən bir çox məsələlər təhsil siyasətinin fundamental məsələləridir. İstər müəllimlərlə bağlı islahatlar, istər təhsil müəssisələrinin optimallaşdırılması, istər müəssisələr arası rəqabətin yaradılması, istərsə də idarəetmə sahəsində aparılan dəyişikliklər köklü faktorlara əsaslanır. Bu yanaşma da çox düzgündür. Bu gün təhsil islahatlarının aparılmasında  müşahidə edilən xüsusiyyətlərdən biri də təhlilə əsaslanan, planlaşdırılmış və ardıcıl formada, biri digərini tamamlayan tədbirlərin görülməsidir. Hörmətli nazir Mikayıl Cabbarovun rəhbərliyi altında təhsil sahəsində aktiv işlər getməkdədir, bu hamının göz qabağındadır.

– Uzun müddət hökumətdə mövqe tutmusunuz. Azərbaycanın 2016-cı il dövlət büdcəsində dəyişikliklər edilib, bununla bağlı nə deyə bilərsiniz?

– Əlbəttə, dövlət büdcəsinə dəyişiklik vacib idi və o edildi. Mənə belə gəlir ki, dünyada neftin bir barelinin qiymətini hesablaşmalarda 25 ABŞ dolları ilə götürmək olduqca az riskli və konservativ yanaşmadır. Mənim təhlilim və yanaşmam deyir ki, bu il orta illik qiymət 40 ABŞ dolları civarında gözlənilir. Yəqin ki, bu ilin may ayında dövlət büdcəsinə yenidən baxılan zaman  bu, nəzərə alınar. Əlbəttə, real sektora əlavə dəstək olduqca gözəldi və əmək haqlarının və sosial xərclərin artması çox normaldır. Amma yenə də icra prosesində bəzi xərclərdə qənaət ediləsi maddələri görünür. Büdcə  xərcləri üzərində böyük nəzarət işi gücləndirilməli, tenderlər daha şəffaf keçirilməli, büdcə təşkilatı rəhbərlərinin məsuliyyəti artırılmalıdır.

– Hökümətdə ciddi kadr dəyişikliklərinə ehtiyac varmı? Sizcə nələr etmək lazımdır?

– Əvvəla bu səlahiyyət ancaq dövlət başçısının vəzifə çərçivəsinə aiddir. O, bu işləri özü məsləhət biləndə edir. Amma müəyyən dəyişikliklər daha məqsədəuyğun olardı. Əlbəttə, yeniləşdirmək və xaricdə təhsil almış mütəxəssislərdən istifadəyə üstünlük vermək lazımdır. Yeni kadrlar daha yeni ideyalar verirlər. Bu baxımdan yeni yaranmış iqtisadi  islahatlar üzrə Prezident köməkçisi xidməti irəliyə getmək üçün addımdır. Yəqin ki bu işlərin davamı yenə olacaq, daha da peşəkarlar vacib işlərə cəlb olunacaqlar.

– Ölkəmizdə ciddi islahatlar aparılır. Bu barədə nə deyə bilərsiniz? Hansı ideya və məsləhətləriniz var?

– Mən, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılın bütün islahatları dəstəkləyirəm, məncə həm də hökümətin məsuliyyəti artmalıdır, islahatlar iqtisadi aktivliyin artmasına, makroiqtisadi sabitliyə, sosial vəziyyətin daha da yaxşılaşmasına, idarəetmənin təkmilləşməsinə, qeyri- neft sektorunun inkişafına gətirib çıxarmalıdır. Təkrar və biri-birinin işini əvəz edən qurumlar ləğv edilməlidir. Dövlət vəsaitlərindən daha da effektli istifadə olunmalıdır. Vergiödəmə mədəniyyətimiz yüksəlməli, pul köçürmələrində nağd ödəmələr  minimuma enməli, “ikili mühasibatlıqlar” ləğv edilməli və Prezidentimizin istədiyi kimi, sözün əsil mənasında rəqabət mühiti hökmranlıq etməli və bunu həm cəmiyyət, həm də  özəl sektorun hər bir iştirakçısı hiss etməlidir.