XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Mart 2016 - 12:03

Araşdırmaçı Güntay Gəncalp: “İslamda nə xilafət, nə də imamət var”

Din və fəlsəfə arasındakı mübarizə tarix boyu olub

guntaygecalp

Araşdırmaçı Güntay Gəncalp

 

Güntay Gəncalpı oxucularımız yaxşı tanıyırlar.

Bir neçə dəfə onunla müsahibəni yaymışıq və hər dəfəsində də bir-birindən fərqli çoxsaylı reaksiyalarla qarşılaşmışıq. Güntayın fikirlərini dəstəkləyənlər də olub, onun əleyhinə çıxanlar da. Hadisələrə, xüsusən də mübahisəli İslam tarixinə orijinal baxışı olan, heç kimi təkrarlamayan, bir neçə dildə ciddi araşdırmalar aparan və məsələləri də soyuq ağılla təhlil etməyə çalışan Güntay Gəncalpla Strateq.az-ın “16-1” layihəsində bu dəfə də İslam dini və onun təməl anlayışları üzərinə söhbət etmişik. İslam dininin tarixi, yarandığı coğrafi şəraitin onun inkişafındakı rolu, İslamda məzhəblərin müasirləşməyə münasibəti söhbətimizin ana xəttini təşkil edir.

Yaranmasından yüzillərlə zaman ötsə də, İslam dini və onun daxili dinamizmləri hələ də müzakirə mövzusudur. Demokratiya, insan hüquqları, elmin müxtəlif sahələrinə İslamın və Quranın münasibəti hələ də aktualdır. Biz hələ də İslamın yaranmasından bəri baş verən hərəkatları, bu hərəkatların yaranmasında önəmli rol oynayan alimləri, bilgələri yaxşı tanımırıq.

Güntay bəy o mənada Strateq.az-ın oxucularına Hindistanda, İranda, Pakistanda, Osmanlı imperiyasında, Misirdə müxtəlif zamanlarda yaşayan bilgələrdən bəhs edir, səfəvilərin Mövlananın kitablarını yasaqlamasından danışır, Atatürkün xilafəti ortadan qaldırmasının İslam dünyasına mümkün təsirlərini gözlər önünə sərir. Bir sözlə, çox ciddi məsələlərə toxunur. Şiəliyə və vəhhabiliyə obyektiv baxış sərgiləməyə çalışan müsahibimiz İslamın siyasiləşməsinin gətirdiyi fəsadları aktual problem kimi diqqət mərkəzinə gətirir.

Beləliklə, qonağımız Güntay Gəncalpdır. Onu da vurğulayaq ki, bu mövzuda müzakirəmiz açıqdır və Güntay Gəncalpın fikirləriylə razılaşmayan mütəxəssislərə, din xadimlərinə məmnuniyyətlə yer ayırmağa hazırıq.

 

III-Sonuncu hissə

 

I hissəni bu link vasitəsi ilə oxuya bilərsiniz:

(http://strateq.az/musahibe/33034/arasdirmaci-guntay-g%C9%99ncalp.html)

Araşdırmaçı Güntay Gəncalp: "İslam Dünyasında bütün problemlərin əsasında Osmanın xilafət dönəmi başlanan iç savaşlar durur"

 

II hissəni bu link vasitəsi ilə oxuya bilərsiniz:

http://strateq.az/musahibe/42587/napoleon-misiri-kiml%C9%99rl%C9%99-isgal-etdi-guntay-g%C9%99ncalpla-musahib%C9%99.html

“Napoleon Misiri kimlərlə işğal etdi?” – Güntay Gəncalpla müsahibə

quran1

Din mühafizəkarlıqdan yana olmuş, hər tür dəyişimə qarşı çıxmışdır

 

– Anlatdıqlarınızdan belə çıxır ki, bütün tarixdə din və fəlsəfə arasında qarşıdurma mövcud olub. Bunun əsas səbəbi nədir?

– Din və fəlsəfə arasındakı mübarizə tarix boyu olub və İslamda da hər zaman öz varlığını sürdürəcəkdir. Bunun səbəbi İslam deyil, insan zehni fəlsəfə və dinin qarşıdurmasını qəbul edəcək şəkildə yaradılıb. Bəşər tarixdə var olduğu gündən bəri din-fəlsəfə, ağıl-inanc arasında mücadilə mövcud olmuşdur. Din mühafizəkarlıqdan yana olmuş, hər tür dəyişimə qarşı çıxmışdır, lakin fəlsəfə bütün durumları sorğulayaraq yeni təşkilatlanmalar tərəfdarı olmuşdur. Bu üzdən də bəşər tarixində dəyərli və qlobal nə varsa, hamısı fəlsəfi və elmi düşüncənin məhsuludur. Əqli inkişafı durdurmaq üçün dinlər hətta inkivizasiya da təşkil etmişdir. İnkivizasiya çağımızda müsəlman ölkələrində hələ də davam etməkdədir. İlginc olan isə ümumən, müsəlmanların ağıl və fəlsəfə düşməni olmalarına baxmayaraq, İslamın fəlsəfi bir din olmasıdır. Çünkü İslam da sorğulamadan yanadır. Sorğulamadan inanmağı İslam qəbul etməz, çünki İslamda qulaq, göz, iç sezgilər idrak sürəcindən sorumludur. 

– Modern çağda Hindistan müsəlmanlığını fərqləndirən özəlliklər nələrdir?

ehmedxan-hindi

Əhməd Xan Hindi

 

– XIX əsrdə Hindistanda yeni islami düşüncələr meydana çıxdı. Bunun əsas səbəbi Hindistanın İngiltərənin müstəmləkəsi olması idi. Oxumuş kəsimin ingilis dilini bilməsi və ingilizcə, dolayısıyla Batı mədəniyyətinin cövhəri və oradakı dini hermenoitik yöntəmlərlə tanış olmaları İslama və İslam tarixinə baxışda yeni üfüqlər açırdı. XIX yüzildə Hind müsəlman bilgələrdən biri Əhməd Xan Hindi idi. Əhməd Xan hədis mənbəli Quran təfsirindən imtina etmək tərəfdarlarından idi. Onun bu metodu seçməsinin əsas məqsədi modern bilgilərdən yola çıxaraq İslam kültürü və təfsirlərinin içinə girmiş İslam dünyasında yayqın olan xurafələrlə mücadilə etmək idi. Əhməd Xana görə, Quran üzərinə təfsirlər, hətta İncil üzərinə təfsirlər qədər elmi və əqli deyildir. Ona görə, Quran üzərinə mövcud olan əski təfsirlər, şəriət qanunları və mədrəsə ilahiyyatı üzərinə olmuşdur. Əhməd Xana görə, əski təfsirlərin çoxu dəyərsiz, yalan və saxta hədislər əsasında edilmişdir. Bu təfsirlərin çoxu Quran mənbəli deyil, yəhudi dastanlarından təsirlənərək edilmişdir. Bu üzdən Əhməd Xan Quran təfsirinin sünnətdən qurtulması gərəkdiyini önə sürürdü. Bu təfsirin yerinə, “ağıl” və “təbiət” əksənli təfsiri tərcih edirdi. Əhməd Xana görə, Quran yetərli yeganə qaynaqdır və Quranın idrakı üçün yalnızca aydınlanmış və kəndi düşünmə dinamiklərini hərəkətləndirən zehn gərəkməkdədir. Əhməd Xan təfsir üsulunun hədislərə dayanmaması gərəkdiyini vurğulayırdı. Çünkü hədisə dayanan təfsirlər Quranın beynəlmiləl və əbədi yönünü təhdid etməkdədir. Əhməd Xana görə, Quranın möcüzəsi onun bəşəri olmasındadır. Bu da bilim inkişaf etdikcə, hər nəsilə Quranı mövcud elmi təcrübələrlə anlamağa imkan tanımaqdadır. Ancaq hədis mənbəli təfsir Quranı bir ərəb kültür macərası səviyyəsinə endirməkdədir. Hədisə dayanan təfsir Quranın mənasını özəl tarixi durumlarla məhdudlaşdırmaqdadır. Bu da Quranın bəşəri dərinliyini yox etməkdədir. Əhməd Xan Quran əksənli təfsir anlayışına dayanaraq, İslam mərifətinin ikinci qaynağı olan sünnəti tənqid etməyə başladı. Bu istiqamətdə o, İncilin açıqlanmasında avropalı araşdırmaçıların xristianlıq hədisləri üzərindəki tədqiq metodlarından çox təsirlənmişdi. Digər tərəfdən, sələfi tərəfdarı olan hədis əhlinin dar görüşlülüklərindən şikayətlənməkdə idi. Vəhhabi-sələfi kimliyi ilə özlərini tanıdan hədis əhli kor-koranə bütün hədisləri araşdırmadan ən mötəbər qaynaq kimi qəbul edirdilər. Bu üzdən Əhməd Xan bütün hədislərin etibarsız olduğunu duyurdu. Hədis sünnətin ən önəmli daşıyıcı amili olsa da, lakin bu, onun sünnəti bütünüylə inkar etməsi anlamında deyildi. Əhməd Xan da Abduh kimi təfsir üsulunun hədisə dayanmamasından yanaydı. Ona görə, təfsir elmində hədisləri bir kənara buraxmaq lazımdı. Hədismərkəzli təfsirlər Quranı durum və məkan vəziyyətinə endirməkdədir.

 

Siyasiləşən İslam düşüncələri susdurdu

 

muhemmed-abduh

Muhəmməd Abduh

 

Əhməd Xan və Abduh Böyük Fransa İnqilabının özgürlükçü ideyasından dərindən təsirlənmişlər. Quran baxımından bu durum necə dəyərləndirilməli idi? Bu haqda düşünürdülər. Dəyişən və sürətlə irəliləyən dünyada əski dini anlayışlarla nə etmək olardı? Əski din anlayışı tarixin qaranlığına gömülüb qalmışdı. XX əsrin əvvəllərindən başlayaraq, İslam siyasiləşməyə başladı və Pakistan adlı dövlət də bunun nəticəsi kimi tarixə girdi. Çox ilgincdir ki, Pakistan dövləti qurulub və özünü İslamın qoruyucusu olaraq elan etdikdən sonra düşüncələr susdu. Nə Əhməd Xan, nə də İqbal Lahuri kimi şəxsiyyətlər ortaya çıxdı. Siyasiləşən İslam düşüncələri susdurdu. XX əsrin əvvəllərində Hindistanda “Quran əhli” adında bir hərəkət meydana çıxdı. Bunlar açıqca hədislərə qarşı çıxır və Quranın yetərli qaynaq olduğuna inanırdılar. Hədislərə isə olsa-olsa sorğulanması gərəkən yan və təməl olmayan qaynaq kimi baxırdılar. Onların ana sorusu bu idi: Əcəba, Quran və sünnət bərabər anlamda və eyni ölçüdə Tanrısal vəhydirlərmi? Əhməd Xan Hindi “müsəlmanın kitabı təbiət qanunları ilə barışmaq zorundadır” deyirdi. Bu üzdən Əhməd Xan Quranın bütün möcüzələrini inkar etdi və onları ləfzi məna olaraq açıqladı. Möcüzə içərikli ayətləri məcazi məna kimi açıqlayan Əhməd Xan onların təfsir edilməli olduğunu söylədi. Ona görə, Quranı ləfzi anlamına görə anlamamaq gərəkirdi. Quranda istiarə, məcaz, təmsil və təbirlər mövcuddur. Əhməd Xan Hindiyə görə, Quranı yalnız Quranın öz yardımı ilə anlamaq gərəkir. Bunu da Quranın bütünlüyü içində gerçəkləşdirmək mümkündür. Özəlliklə Əhməd Xana görə, İslam öncəsi və Quranın nazili sırasındakı ərəbcəni bilmək Quranı doğruca anlamanın ilkin şərtidir.

 

Xilafətin miras buraxılması Əməvi islam anlayışıdır

osmanli

– Tarixdə Osmanlı son xilafət sistemi olaraq mövcud olmuşdur. Osmanlı xilafətinin ortadan qaldırılışı və cümhuriyyətin qurulmasını müsəlman ölkələrində necə qarşıladılar?

– Osmanlının çöküşü və xilafətin tarixdən silinməsi ilə müsəlman ölkələrində dəyişik görüşlər meydana çıxdı. Adını xilafət qoyan Osmanlı əslində elmin, tərəqqinin və fəlsəfi fikrin inkişafı yolunda ən böyük əngəl idi. Çünki dövlət imkanlarını əlində tutaraq fərqli təfsir edənləri yox edirdi. Ayrıca, xilafət İslamda atadan oğula keçən miras deyildir. Elə olsaydı, Əbubəkir və Ömərin çox ağıllı oğulları var idi və xilafəti öz oğullarına miras buraxmalıydılar. Xilafətin miras buraxılması Əməvi islam anlayışıdır. Bütün Osmanlı tarixində İslam bilgisi və dünyagörüşünün artımı üçün bir tək addım belə atılmadı. Sanki tarixdə bu qədər uzun sürən bir dövlət yoxmuş kimi bir tablo ilə qarşı-qarşıyayıq. Cəmaləddin Əfğanini də II Sultan Həmid aldadaraq işbirliyi adı ilə İstanbula dəvət etdi və sonra da İstanbuldan çıxışını yasaqladı, əlaqələrini kəsdi, Əfğani də bu şəkildə öldü. Bu üzdən misirli teoloq və İslam düşünürü Əli Abdulraziq, hindistanlı böyük mütəfəkkir İqbal Lahuri Osmanlı xilafətinin qaldırılması və laik cumhuriyyətin Türkiyədə qurulmasını tarixi fürsət olaraq görür və xilafət teorisindən qurtulmaq üçün laik cümhuriyyətin quruluşunu bir imkan kimi dəyərləndirirdilər. Çünki İslamda nə xilafət, nə də imamət var. Bunlar sonradan uydurulmuşdur. Əli Əbdulraziq deyirdi ki, Quranda özəl siyasi bir sistem üzərinə bilgi verilməmişdir və xilafət də Quran mərkəzli bir sistem deyildir. Tarixi şərtlərdə ortaya çıxmış və artıq sürəsi dolmuş bir sistem halına gəlmişdir. İqbal Lahuri də Türkiyədə xilafətin silinməsi və yerinə laik-dünyəvi cümhuriyyətin qurulmasını həyəcanla qarşılayır və müsəlman ölkələri üçün yaxşı örnək olacağını düşünürdü. Özü şəriət qadısı olan Əli Abdulraziq Quran məntiqinə dayanaraq din və siyasət qurumlarının ayrı olmasını müdafiə edirdi. Bu görüşlərindən dolayı onu Ələzhərdə tədris etməkdən məhrum etdilər. Lakin xilafətin fərqli bir şəkildə yenidən bərpasından yana olan klassik tərzdə düşünənlər də var idi. Sanki Əməvi, Abbasi, Osmanlı xəlifələri bəşəriyyət üçün bir düşüncə yolu açmışlar kimi, bu kəsim heç bir şey ürətməyən, sadəcə düşünmə önündə qaranlıq əngəl olan xilafət sisteminin tərəfdarı idilər.

 

“İxvan-ul Müslimin” necə və niyə yarandı?

ixvanul muslim

İxvan-ul Müslimin simvolu

 

Bu şəkildə düşünən və xilafətin dirilişindən yana olanlar özlərini 1928-ci ildə Misirdə “İxvan-ul Müslimin” adı ilə tanımlayaraq təşkilatlandılar. “İxvan-ul Müslimin”in məqsədi xilafəti yenidən diriltmək idi. İxvanın qurucusu olan Həsən Əlbəna sələfi dəyərlərə dönərək İslamı hər növ fəlsəfə və Yunan düşüncəsi təsirindən təmizləməyin tərəfdarı idi. Bunu necə edə bilərdilər? Bunun üçün bütün bilgi, elm və fəlsəfə kitablarını yox etmək lazımdı. Yunan fəlsəfəsinin İslama böyük zərərlər verdiyi görüşündə idi. Bu, sadəcə fəlsəfəni yasaqlamaq anlamında deyil, düşüncəni də susdurmaq anlamında idi. “İxvan-ul Müslimin” qurucuları Avropa dəyərləri əsasında hazırlanmış Misir anayasasını ləğv edib şəriət hüquq sistemini gətirməkdən yanaydılar. Əlbənanın radikal görüşlərini daha sonra Misirdə Seyyid Qütb davam etdirdi. Seyyid Qütb həm də pakistanlı müfəssir və qəzetçi Əbuəli Məvdudidən təsirlənmişdi.

Siyasi İslamın ortaya çıxışında Məvdudinin də rolu olmuşdur. Özəl tarixi durumda ortaya çıxan qərarlara Məvdudi əbədi keçərliliyi olan qanunlar kimi baxır və Hz.Muhəmməd və səhabələrin həyatında ortaya çıxanlara əbədi qanunlar gözüylə baxırdı. “İxvan-ul Müslimin” 2011-ci ildə Misir inqilabında iştirak edərək cümhurbaşqanı çıxarmağı başardı. İqtidara gələr-gəlməz insanların, özəlliklə qadınların özəl həyatlarını İslam adına qarışdırmağa və təftiş etməyə başladılar. İş cığırından çıxıb daha da dini diktatorluq qurulmadan öncə, Misirin modern kəsimi xalqı yeni bir inqilaba çağırdı və hərbi çevrilişlə “İxvan-ul Müslimin” təhlükəsi İslam dünyasından silindi. Əks təqdirdə, Misir də şiə İranın sünni variantı kimi sekulyar və fərqli düşünən insanlar üçün zindana dönüşəcəkdi. Misirdəki “İxvan-ul Müslimin” ideyasından Türkiyə müsəlmanları da təsirlənmişdi. Xilafətdən yana olan onlara qarşı Atatürk savaşmaq zorunda qaldı. Atatürkün xilafəti tarixdən silməsi ilə belə bir sual müsəlman ölkələrində ortaya çıxdı ki, əcəba, xilafət İslami bir qurumdur, yoxsa hər hansı siyasi bir sistemlə yer dəyişdirə biləcək bir düzəndir? Bu sual öncə sünni müsəlmanlar, daha sonra şiələr arasında da meydana çıxdı və çağımızda İranın dini aydınlamaçılığından yana olan Muhəmməd Müctəhid Şəbüstəri, Abdulkərim Soruş və digərləri İranda sekulyarizmdən yana görüş bəyan edirlər. 

 

Kor Taha Hüseyn…

kor taha huseyn

Kor Taha Hüseyn

 

– Müsəlman ölkələri avropalaşma paradoksonu necə çözməyə çalışırdılar?

– XX yüzildə şəriət, demokratiya, mədəni toplum, qadın haqları, dini plüralizm, düşüncə azadlığı, azınlıqların haqları, qutsal mətnlərin yeri üzərinə müsəlman ölkələrində başlayan dartışmalar hələ də davam etməkdədir. Avropada başlayan modernitənin dalğalanması müsəlman ölkələrini də öz içinə alırdı. Lakin müsəlman ölkələri üçün Avropa həm onunla savaşılması gərəkən düşmən, həm də ondan öyrənilməsi gərəkən müəllim rolunda idi. Modern müsəlman mütəfəkkirlərə görə universitet elm öyrənmə yeridir və orada sekulyar görüş hakim olmalıdır. Bu üzdən Ələzhərdə təhsil alan kor Taha Hüseyn bu dini mərkəzdən universitetə keçdi. Kor Taha Hüseyn çox qısa sürədə Misirdə islahatçı müsəlmanların qəhrəmanına çevrildi. Tahaya görə, Quran ən çox VII yüzil müşrik ərəblərin zehniyyətini əks etdirməkdədir. Bu sırada islahatçı müsəlman tarixçilər də tarixə olan münasibətlər üzərinə fərqli görüş açıqlayırdılar. Tarix heyranlığı və keçmişin indidən daha yaxşı olduğu fikri hər zaman müsəlman aləmində yayqın olmuşdur. Buna açıqca qarşı çıxdılar. Bir millətin gerçək tarixi onun mədəniyyət yolunda çalışmaları və yaratdıqlarıdır, fatehlik adına ora-buranı işğal etməsi tarix deyil, yağmaçılıqdır. Bu yanaşma tarix bilgisində yayqınlaşmağa başlamışdı. Bir çox tarixpərəst müsəlmanlar üçün, məsələn, Corc Zeydan kimi modern alimlərin tarix metodologiyası qəbul edilməz idi. Göründüyü kimi Avropa düşüncə tarixi ilə tanışlıq sadəcə dini baxışları deyil, tarixə baxışı və həyatın bütün sahələrini öz təsiri altına alıb.

– İndoneziya müsəlman dünyasının ən çox əhalisi olan ölkəsidir. Adını çəkdiyiniz ölkələrdə baş verən dini hərəkətlilik İndoneziyada da meydana çıxmışdı?

– İndoneziya əhalisinin çoxu XVIII yüzildə İslamı qəbul etdilər. 1949-cu ilə qədər İndoneziya Hollandiyanın müstəmləkəsi idi. İnnur Xalis Məcid İndoneziyada keçən əsrin ortalarından etibarən yenilikçi İslam hərəkətini başlatmışdı. Xalis Məcid əsasən Seyyid Cəmaləddinin fikirlərinin təsiri altında idi. Xalis Məcid müsəlmanların fikir geriçiliyini İslamı anlamamalarına və anlamayaraq inanmalarına bağlayırdı. Ölkəsində dərin boşluğun və fikri durqunluğun var olduğunu müdafiə edən Xalis Məcidə görə, İndoneziya müsəlmanları dəyərlər piramidasını tərsinə çevirmişdilər. Transendental və ya aşqın dəyərləri zamansal və zamana bağlı keçici dəyərləri də transendental olaraq görməkdədirlər. Bu növ yanaşma çox gərəksiz bir dəyəri yüksək dəyərləndirərək dəyərli olanı da dəyərsizləşdirə bilər. Bu cür dindarlıqda İslam dəyəri sünnətlə eyniləşdirilərək müsəlman olmaqla sünnətə tabe olmaq eyni görülər. Bu sorunu çözmə yolunda Xalis Məcid bir-birinə bağlı üç mövzu üzərinə diqqətləri mərkəzləşdirirdi: 1. Sekulyarizasiya. 2. Düşüncə azadlığı. 3. Zehni açılmaya və genişləməyə yönəlmə. O, sekulyarizasionu bir vizion deyil də, bir proses olaraq görürdü. Xalis Məcidin sekulyarizmi aşağı və yuxarı istiqamətli iki tərs yön olaraq anlam ifadə etməkdə idi. Aşağıya doğru sekulyarizm daha öncədən müqəddəs sayılanları aşağı endirərək müqəddəslikdən çıxarmaq, yuxarıya doğru sekulyarizm transendental, əzəli, əbədi və gerçəkdən müqəddəs olanı qutsamaq idi. Bu növ sekulyarizmdən məqsəd bütün müsəlmanların sünnət anlayışında yenilik oluşdurmaq idi. Dini qaynaqlar qədər qutsallaşdırılan sünnət bu yolla sorğulana bilərdi. Məktəblərdə tədris edilən dini bilgilər çocuqların zehnində qutsallıq yaratmaqdan başqa bir işə yaramır və Xalis Məcidə görə zehni durğunluğa meydan açan bu üsul bütünüylə yox edilməli idi. Başqa önəmli bir mövzu üzərinə diqqətləri çəkən Xalis Məcidə görə “ictihad qapısı” qapanmış olsa da, düşüncə azadlığı vasitəsilə bu qapını aralamaq olar. Çikaqoda təhsil alan Xalis Məcid Batının düşüncə gələnəyi ilə dərindən tanış idi. Ona görə, Quranın plüralist bir bəyanı var. Bu da hermenoitik anlamaya imkan tanıyaraq, dini mətnin modern demokratik təfsirinin əsasını təşkil etməkdədir. Bir çox İndoneziya aydını müasirləşməni qaçınılmaz olaraq görürdü. Müasirləşmə onlara görə dini düşüncələrin yenidən doğuşu ilə mümkün idi. Qadın-kişi bərabərliyinə işarə edən bu aydınlar deyirdilər ki, İkinci Xəlifə Ömər zaman və məkan dəyişikliyi üzündən Quran və Peyğəmbər sünnətinə uyqun olmayan hərəkətlər edibsə, buna oxşar hərəkətlər hər zaman edilə bilər. Çünki Quranda siyasi anlam daşıyan dövlət qavramı keçməmişdir. Bu üzdən “İslam dövləti” ifadəsi Quran mərkəzli bir anlayış deyildir. Bu ifadə Qərb mədəniyyəti qarşısında şoka düşən müsəlmanların ağıldan kənar reaksiyası nəticəsində meydana çıxmışdır. İslam sonrası dönəmlərdə batı modernləşməsi başlayana qədər “İslam dövləti” ifadəsi heç yerdə istifadə olunmamışdır.

 

Səfəvilər zamanında Mövlana Cəlaləddinin əsərləri yasaqlandı

Molana

– Açıqlamalarınıza diqqət edilərsə, İrandakı dini düşüncə üzərinə bir şey söyləmədiniz. İran şiə kültürü ilə digər müsəlman ölkələrindən fərqlənir. Bu ölkədə də dini mövzularda şiənin tarixi düşüncə ənənəsinə qarşı fikir ortaya qoyanlar olubmu?

– Səfəvi-qızılbaş nəfəsi İranı ələ keçirdikdən sonra ortaq tarixi düşüncə mirası olaraq nə varsa, hamısını məhv etdilər. Səfəvilər zamanında hətta Mövlana Cəlaləddinin əsərləri də yasaqlandı. Son 500 ildə bir tək fikir adamı yetişmədi. Səfəviliyin davamı olan Qacarlar zamanında babilik hərəkəti ortaya çıxdı. Şiənin yoxedici və dışlayıcı kültürünə qarşı babilik daha mütərəqqi idi. Babiliyin yerini daha sonra bəhailik aldı. Bəhailik bütün dini görüşlərə xoşgörü ilə yanaşmaqdadır, şiəlikdə olan aqressivliyi qəbul etməz. Lakin babilik və bəhailik ortaya çıxdığı gündən bəri daima basqı altında olmuşlar. İndi də İranda bəhailərə qarşı çox ədəbsizliklər edilməkdədir.

– İran inqilabını incələyib mühakimə edən dini aydınlar meydana çıxmadılarmı?

abduklerim-sorush

Abdulkərim Soruş

 

– İran şiə İnqilabında öncə yer alıb sonra bu inqilabı gərəksiz, kitabsız və bəşəriyyət üçün təhlükə olaraq qiymətləndirən şiə mütəfəkkirləri meydana çıxdı. Bunların ən önəmlilərindən biri Abdulkərim Soruş və digəri Muhəmməd Müctəhid Şəbüstəri olmuşdur. Hər ikisi də başlanqıcda rejimlə işbirliyi etmiş, daha sonra geri çəkilərək rejimin və şiə inqilab ideologiyasının tənqidçilərinə dönüşmüşlər. Soruş şiə inqilabının əvvəllərində “Universitetlərdə Kültürəl Devrim Konseyi”nin üzvü olub. Ayətullahlıq səviyyəsinə yüksələn Muhəmməd Müctəhid Şəbüstəri millət vəkili olmuş, lakin daha sonra İslamda molla adında seçkin və özəl bir sinif, mollalıq adında bir qurum yoxdur bilincinə vararaq mollalıq paltarını soyunub atmış və bu quruma qarşı çıxmışdır.

 

Dəyişimə açıq olmaq…

 

– Adlarınız çəkdiyiniz bu iki şəxsiyyətin düşüncə özəllikləri nədir, onları başqalarından fərqləndirən fikirlər hansılardır?

– Soruş “İslam və modernləşmə” üzərinə tanınmış nəzəriyyəçidir. İngiltərədə təhsil alan Soruş Batı, özəlliklə alman fəlsəfəsini çox yaxşı bilir. Siyasi görüş baxımından, Karl Poperin “açıq cəmiyyət” nəzəriyyəsinin tərəfdarıdır. Soruşa görə, anlamaq məhdudiyyətsiz irəliləmə olduğundan nisbi bir durumdur. İnsan Tanrının ondan gerçəkdən nə istədiyini bilməməkdədir. İnsan tam olaraq Tanrının qanun və ya niyyətinin nə olduğunu bilmir. Bu kimi durumlar bəşəri idrakın ötəsindədir. Lakin bəşər Tanrının məqsədini anlayıb tanıya bilər. Din insan idrakının düşməni ola bilməz. Digər mətnlər kimi, Quran da təfsirə ehtiyacı olan “açıq” bir kitabdır. Dini bəsirət dəyişkəndir. Bu da İslamla modernləşmə arasında ortaqlıq yaradar. Dəyişimə açıq olmaq İslamı demokratiya və insan haqları anlayışına uyqunlaşdırmaqdadır. Soruş dindarlığı üç bölümə ayırar:

1. Məişətçi və ya məsləhətçi dindarlıq. Çoxluq bu şəkildə dindarlıqdan yanadır. Dini sevərlər, çünki onların məsləhət və mənfəətləri bunu gərəkdirər. Dünya və axırətlərinin bu yolla təmin olunacağına inanarlar. Soruşa görə, bu növ dindarlığı ən yaxşı formulizə edən mollalıq qurumudur. Mollalara görə, dünya və axirətdə həyat ehtiyaclarını təmin edən ancaq dindir, dindar olmaqda maddi mənfəət var. Bu dindarlıq anlayışı təqlidə dayanmaqdadır və mənfəət harada olsa orada güclüdür. Bu növ dindarlıqda din milliyyət kimi bir olqudur. Bir kişi öz milliyyətini seçmədiyi kimi, dinini də seçməz. Xristian, müsəlman olaraq dünyaya gələr. Bu dindarlıq anlayışında düşünmə fəaliyyəti tətil edilmişdir. Burada din bir kültür və törədir. Şəxs bu törənin içində dünyaya gəlib böyüyər və ölər. Bu din anlayışından kənarda mövcud olan nə varsa, yabancı və düşməndir. Demokratiya, plüralizm, insan haqları kimi anlayışlar bu növ din anlayışına yabancıdır. İran şiə inqilabının əsasını bu növ dindarlıq təşkil etməkdədir.

2. Mərifətcil və ya mütəkəllimanə dindarlıq. Burada doğrulama və yalanlama əməli mövzu bəhsidir. Burada din həqiqət olaraq idrak edildiyindən, incələmə, araşdırma və təhqiqlə qarşılaşar. Bu üzdən təqlidə qarşı bir mərhələdir. Həqiqətə çatma həyəcanı və ya həqiqətdən uzaq düşmə qorxusu mövzu bəhsidir. Bu üzdən ağlın işləyişinə çox ehtiyac var. Bu cür dindarlıq xoşgörü və dini plüralizmin əsasını təşkil edər. Soruşa görə, bütün müsəlman filosof və mütəkəllimlər bu növ dindar olmuşlar. Dini baxımdan plüralist olmaq bu növ dindarlığı gərəkdirər. Çünki bu növ dindarlıq mərifət qaynaqlarına dayanaraq yeni ideyalar arar və arayanlara xoşgörü ilə baxar. Soruş XI əsr İslam bilgəsi Muhəmməd Qəzalini şübhələrindən dolayı mərifətcil dindar olaraq görər. Bir mövzuya ağıl müdaxilə edərsə, şübhəni də özüylə bərabər gətirər. Şübhə artdıqca “yəqin”ə olan ehtiyac da o ölçüdə artar. Bu durumda dini plüralizm ortaya çıxar. Sekulyarizmə olan ehtiyac da Soruşa görə bu anlamda bir zərurət kimi meydana çıxar. Soruş sekulyarizm qavramını da siyasi, hüquqi və elmi baxımdan araşdırır. Siyasi sekulyarizm dini qurumla siyasət qurumunu ayırar. Hüquqi sekulyarizm insan haqlarının dərki deməkdir. Elmi sekulyarizm teologiyadan kənar olmaq şərtilə kimya, fizika, riyaziyyat kimi elmlərin öyrənilməsi ilə bərqərar edilər. Birinci və ikinci obyektiv və üçüncü, yəni elmi sekulyarizm subyektiv, yəni zehni sekulyarizmin bərqərar olmasına meydana açar.

3. Təcrübə mərkəzli dindarlıq. Bu dindarlıq heyrətlə başlayaraq əldə edilər. Dünya və kainat qarşısında insan heyrəti belə dindarlığa yol açar. Heyrətlər də təcrübi və fərdidir. Peyğəmbərlər üçün vəhy dini təcrübədir. Peyğəmbər təcrübəsini bəşəri olaraq görmə onun tarixüstü özəlliyini inkaretmə anlamında deyildir. Sufilər və irfan əhlini bu növ dindarlıq sırasında görər. Abdulkərim Soruş rejimin basqıları üzündən Vaşinqtonda mühacirət həyatı yaşayır və orada universitetdə islamşünaslıq üzərinə tədris etməkdə, bir çox qlobal elmi konfranslara məruzəçi olaraq qatılmaqdadır. Bu əsrin əvvəllərində Almaniyanın 250 min avroluq “Erasmus” düşüncə mükafatını alıb. Soruş öz görüşlərini açqılamaq üçün ən çox Mövlananın “Məsnəvi”sindən yararlanmaqdadır.

 

“Quran Tanrı kəlamı deyil, Peyğəmbər kəlamıdır”

shebusteri

Muhəmməd Müctəhid Şəbüstəri

 

– Şəbüstərini digərlərindən səciyyələndirən görüşləri nələrdir?

– Şəbüstəri alman fəlsəfəsi və teologiyasını dərindən bilməkdədir. Alman filosof Habermas “tanımaya və mərifətə necə güvənmək olar?” deyə sorar. Habermas bu soruya cavab araşdırmasında “bir mətni ilkin niyyətinə görə tam olaraq anlamaq mümkün deyildir” sonucuna varar. Bu anlayışı Şəbüstəri Quranın idrakına tətbiq edir. Şəbüstəriyə görə, hər təfsirçi bir mətni oxuyarkən özəl mərifətşünaslıq ölçüsü ilə mətnə yanaşar. Təfsirçinin fərziyyələri onun zehni imkanlarına, əlaqələrinə və görüş üfüqlərinə dayanar. Şəbüstəri bu üzdən bəzi təfsirçilərin Quranda iqtisadi proqram görmələrini bu meyarla incələr. Ona görə, Quran bir iqtisad proqramı kitabı deyil, lakin Quranda iqtisadi proqram kəşf edən təfsirçi öz niyyətini oradan çıxarmağa çalışır. Bu zehni hazırlıq və ön yarqısı ilə mətnə yaxınlaşır. Quransa nə iqtisadiyyat, nə siyasət, nə hüquq, nə də elm kitabıdır. Bunların heç biri deyildir. Quran öyüd və əxlaq kitabıdır. Hər kəs aradığı cavabı Quranda bulmağa çalışdığından Quran gerçəkliyi bir yana buraxılmışdır. Şəbüstəri Quranı Tanrı kəlamı deyil, Peyğəmbər kəlamı olaraq qiymətləndirir. Şəbüstəriyə görə Quran Allah bilgisi və Peqəmbər kəlamıdır. Bu üzdən başqa dillərə tərcümə edilməsi onu Tanrı bilgisi olmaqdan çıxarmaz. Allah söylədən və peyğəmbər söyləyən olduğundan Quranda bəyanlar "söylə!" ilə başlar. Onun görüşünə görə Quran mərkəzləşmiş ərəbcənin bütün imkanlarını Hz.Muhəmməd bəyanında sərgiləmişdir. Allahın kəlamı ola bilməz. Ola bilməsi üçün kəlam sahibini maddi varlığı, dil bilgisi, sosial əlaqələr yumağı olmalıdır. Şəbüstəriyə görə dil özəlliyi daşıyan bir bəyanın anlaşılması üçün dilin beş şərti bir yerdə bir bütün şəklində mövcud olmalıdır: 1. Söyləyici, 2. Dinləyici, 3. Sosial əlaqələr yatağı, 4. Mətn, 5. Düşüncə. Yalnız bu beş mehvərdə dillə bəyan ortaya çıxar. Bu beş şərtin bir yerdə bütün olması üçün kəlam sahibinin maddi varlığı olmalıdır. Allah da maddi varlıqdan məhrum olduğundan, o zaman Quran Allahın kəlamı deyil, Peyğəmbərin vəhyə dayanan kəlamından ibarətdir. Şəbüstəriyə görə, Muhəmməd əlimizdəki Quranı Allahdan vergülünə qədər alaraq topluma çatdırmamışdır. O, vəhyi aldıqdan sonra onu öz dil bilgisinə və ağıl işığına qarışdıraraq bəyan və qiraət etmişdir. Hz.Muhəmmədə verilən Quran mətni deyil, vəhy olmuşdur. Quran isə vəhyin özü deyil, bəyanı və mətnidir. Çünkü vəhy maddi deyil, lakin Quran maddi varlıq olan ərəbcə bir mətndir. Yəni Quran Peyğəmbər ağlında və ruhunda vəhyin maddələşmə və mətnləşmə prosesidir. Vəhyin nə olduğunu nə biz, nə də Hz.Muhəmməd bilmişdir. Onu bilən ancaq Allahdır. Vəhyi Tanrı iradəsinin Muhəmmədi qonuşdurmaya zorlayan ilahi bir enerji olduğunu düşünmək mümkündür. Əzəli və qədim olan Quran deyil, vəhydir. Çünkü ərəbcə əzəldən var olan bir dil deyil, Allahın da dili ərəbcə deyil. Ərəbcə tarixi zaman axışı içində arami dilindən ayrılıb şəkillənən maddi varlıqdan ibarət olan bir dildir. Şairlərdəki ilham kimi. Bir şair şeir yazarkən ilhamı bəyan etmir və ilhamın nə olduğunu da bilmir. Sadəcə içində ilham deyilən qüvvə hərəkətləndiyində şeir yazmağa başlar. Yazdığı şeir ilhamın nə olduğunu bəyan etməz. Lakin ilhamın hərəkəti ilə bir şeylər mətnləşdirər. İlham da vəhydən bir mərhələ aşağıda yer alan iç təhrikdir. Şəbüstəriyə görə, Quranı Tanrı kəlamı olaraq qəbul edərsək, onu əsla anlaya bilmərik. Lakin onu Tanrı elçisinin varlığı peyğəmbəranə təfsiri və qiraəti kimi qəbul edərsək, Quran həm məxluq, həm də anlaşılması mümkün olan əsər olaraq düşüncəmizlə qarşılaşar. Şəbüstəri bu bəyanından dolayı İranda təqiblərə məruz qalıb və İran təftiş məhkəmələri onu mühakimə etməyə davam edirlər. Uzun müddət Almaniyada İslam elmləri ilə məşğul olan və alman dilini yaxşı bilən Şəbüstəri Quran üzərinə hermenoitik açıqlamalarında alman fəlsəfi və teoloji təcrübələrindən də yararlanmışdır.

shebusterinin-bakida-chap-olan-kitabi

Şəbüstərinin “Varlığın Peyğəmbəranə oxunuşu teorisi” kitabı

 

Şəbüstərinin “Varlığın Peyğəmbəranə oxunuşu teorisi” kitabı mənim tərcüməmlə Bakıda yayımlanmışdır. Şəbüstəriyə görə, İslam tarixində peyğəmbərşünaslıq quranşünaslıqdan öncə gəlməkdədir. Çünkü Quran bir kərədə deyil, 23 il müddətində tamamlanmışdır. Bu üzdən hələ tamamlanmadan öncə insanlar Peyğəmbər davranışına uymaqda idilər. Ayrıca, o dönəm hər kəsin yazıb-oxuması yox idi. Quranı oxuya bilən kəsim çox azlıqda idi. Bu üzdən Quranı oxumaq yerinə, aralarında canlı və danışa bilən Quran olaraq dolaşan Peyğəmbərə uğrayaraq sorularını sorurdular. Hz.Muhəmmədin həyatı İslamın mərkəzində yerləşən Peyğəmbər və onun davranışları idi. Peyğəmbərin vəfatından sonra Quran İslamın mərkəzinə yerləşdirildi. Şəbüstəri buradan yola çıxaraq şiəlikdə imamların məsum olmasına qarşı çıxır. Çox sadə bir sualla imamların məsum olma iddiasını şübhə altına alır. Şəbüstəriyə görə, imamlar məsumdurlarsa, o zaman nədən “Allahım, günahlarımızı bağışla!” deyə dua ediblər? Məsum insan günahsız deməkdir. Günahsız nədən günahının bağışlamasını diləməlidir? Hansı günahları? Şəbüstəri dini və islami yönətim şəkilllərinə qarşı çıxaraq sekulyarizmdən yana görüş bəyan etmişdir.

 

Son

 

Hazırladı:

SelBa




Yuxarı Əvvələ Ana Səhifə