XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

12 Mart 2016 - 14:52

Deputat Qüdrət Həsənquliyev:"Ölkədə və hakimiyyət daxilində sabitlik qorunmasa, xaos olacaq"

qudret-1

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev APA-ya müsahibə verib. Strateq.az həmin müsahibəni öz oxucularına təqdim edir:

 

– Son günlər medianın gündəmindəki əsas məsələ Ukraynanın "Qordon" agentliyində ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan Yuri Şvetsin Azərbaycanın maliyyə naziri Samir Şərifov haqqında verdiyi açıqlamalardır. Sizcə, bu cür informasiyaların yayılmasının səbəbi nədir? 

 

– Sözün doğrusu, bu informasiyalar mənə az inandırıcı göründü. Amma hər bir halda müvafiq dövlət orqanları var və düşünürəm ki, onlar bu məsələyə aydınlıq gətirməlidirlər. Belə informasiyaların diqqətdən kənarda qaldığını düşünmürəm. Yəqin ki, bu məsələlər araşdırılacaq. 

Eyni zamanda onu da qeyd etmək lazımdır ki, hakimiyyət komandası 1-2 nəfərdən ibarət deyil. Bu komandada çox güclü və təcrübəli siyasi fiqurlar var. Başqa fikrə düşən başıboşlar isə indiyə qədər yalnız özlərinə və yaxınlarına məhrumiyyətlər yaratmağa nail olublar. Prezidentin komandasında hakimiyyəti və dövləti qoruyacaq şəxsi dostluq münasibətlərində olduğu çox cəsarətli və bacarıqlı insanlar var. Ona görə də bu kimi iddiaların hətta təsdiqini tapacağı təqdirdə belə, iddia olunduğu kimi, hakimiyyət komandasına ciddi təhlükə yaradacağını düşünmürəm. 

Son vaxtlar həm də kadr islahatları aparılır, gənc kadrlar irəli çəkilir. Mən deyərdim ki, sonuncu da daxil olmaqla, bu təyinatlar əsasən uğurludur. Azərbaycana hazırda yaxşı perspektiv vəd edən siyasi məqamlardan biri ondan ibarətdir ki, iqtidar güclüdür və prezident xarizmatik lider kimi öz komandasına tam nəzarət edə bilir, həmçinin xalqdan da dəstək alır. Bu, ona görə yaxşı perspektiv vəd edən bir məqamdır ki, ölkədə islahatların həyata keçirilməsinə çox böyük ehtiyac var. Həm ölkədə, həm də hakimiyyətin daxilində sabitlik təmin olunmayacağı təqdirdə, islahatlar nəinki müsbət nəticə verməz, əksinə xaosa səbəb ola bilər. Ümumiyyətlə, sabitlik pozulsa, dövlətçiliyimiz böyuk təhlükə ilə üzləşəcək. Bu baxımdan xalqın özü də sabitliyi qorumalıdır ki, islahatlar uğurla davam etdirilsin. Əlbəttə, islahatların nəticələrindən həmişə narazı qalanlar var. Bu, dünyanın ən uğurlu islahatlar aparan ölkələrində də baş verir. İslahatlar kimlərinsə marağına toxunur və həmin adamlar dərhal  təxribat fəaliyyətinə başlayırlar. Onu da nəzərə alaq ki, Azərbaycan şərqlə qərbin arasında dəhliz rolunu oynayır və təbii ehtiyatlarla zəngin, strateji əhəmiyyətə malik ölkədir. Regionda və dünyada bu ölkəni nəzarətə almaq, siyasi hakimiyyətini yönəltmək istəyən böyük güclər var. Sözsüz ki, onlar da sakit dayanmayıblar və heç vaxt da dayanmayacaqlar. Ona görə də düşünürəm ki, Azərbaycan həm xarici, həm də daxili siyasətini elə qurmalıdır ki, ölkədə sabitlik qorunub saxlansın və qeyri-neft sektoru inkişaf etsin. Məncə, bu istiqamətdə işlər aparılır, bizim də tənqid etdiyimiz konkret məqamlar var, amma ümumən bu istiqamətdə işlər gedir və sürətləndirilməlidir. 

 

– İslahatlarla bağlı təklif etdiyiniz məqamlar hansılardır?

 

– Düşünürəm ki, qeyri-neft sektorunun inkişafı üçün sahibkarlara ucuz kreditlərin verilməsi təcili təmin olunmalıdır. Fikrimcə, bu istiqamətdə işlər qənaətbəxş deyil. Dövlət Neft Fondunu təkcə ona görə yaratmamışdıq ki, ölkənin pulu azalanda oradan pul götürüb xərcləyək. Bu fond həm də ona görə yaranıb ki, hansısa məqamda ölkənin maliyyə sistemində problemlər yaranarsa, o zaman bu sistemin yenidən qurulmasına, ölkə iqtisadiyyatının maliyyələşdirilməsi istiqamətində addımlar atılsın. Prezident də vaxtilə hökumət qarşısında bununla bağlı konkret tapşırıqlar qoymuşdu. Amma indi Neft Fondunun vəsaitləri əsasən manatın məzənnəsinin sabit saxlanmasına xərclənir. Ancaq həmin vəsaitin bir hissəsinin Azərbaycan banklarında yerləşdirilməsi və aşağı faizlə sahibkarlara verilməsi qeyri-neft sektorunun inkişafına təkan ola bilər.

Həmçinin ədliyyə sistemində islahatlar sürətləndirilməlidir. Xarici investorlar hüququn və məhkəmə sisteminin onların yatırdığı sərmayələrin toxunulmazlığına qarant olduğuna  inanmalıdırlar. Əks halda, onları ölkəyə investisiya yatırmağa razı salmaq çətin olacaq. Həmçinin Azərbaycan vətəndaşları da banklara yatırdıqları pulları qanunvericiliyə uyğun olaraq geri götürə biləcəklərinə əmin olmalıdırlar. Məsələn, “Bank of Azərbaycan” 3 ildən artıqdır ki, müflis olmuşdu. Amma rəsmən müflis elan olunmurdu ki, insanlar heç olmasa, sığortalanmış 30 min manatını götürə bilsinlər. Milli Məclisin iclasında da məsələ qaldırdım ki, ilk növbədə qanunun aliliyi təmin olunmalıdır və insanlar əmin olmalıdır ki, sabah bir hadisə baş versə, onlar qanunvericiliyə uyğun olaraq əmlaklarını qoruya biləcəklər. Biz son vaxtlar gözəl qanunlar qəbul etdik, bütün əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətinə sığortalandı. Amma insanlarda əminlik olmalıdır ki, sabah bank müflis olanda qanuna uyğun olaraq vaxtında müvafiq qərarlar qəbul olunacaq və onlar əmanətlərini doğrudan da geri ala biləcəklər. Bu baxımdan qanunun aliliyinin gücləndirilməsi istiqamətində, xüsusilə də məhkəmə hakimiyyəti ilə bağlı müvafiq addımlar atılmalıdır. 

 

– Milli Məclisin iclasında kazinoların fəaliyyətinin bərpa olunması ilə bağlı çıxışınız geniş müzakirələrə səbəb oldu. Bu təklifin əleyhdarları bunun ölkənin milli-mənəvi, dini dəyərlərinə ciddi zərbə olacağını deyirlər… 

 

– Əvvəla, milli-mənəvi, dini dəyərlərdən danışıb bu təklifin əleyhinə olanlardan çoxu spirtli içki qəbul edir. İslam dinində elə spirtli içkilərin qəbul olunması ən böyük qadağadır. İkincisi, çox vaxt hökuməti qınayırlar ki, niyə qərb standartlarına uyğun bir cəmiyyət qurulması istiqamətində addımlar atmır? Qərbin ən inkişaf etmiş ölkələrinin paytaxtlarını götürsək, hamısında kazinolar da, gecə klubları da var və bu, cəmiyyətin bir hissəsidir. Mən təklifi səsləndirərkən də demişəm ki, yaradılacaq kazinolara ciddi nəzarət olunmalıdır. Bu, turizm bölgələrində olmalıdır. İkincisi, o kazinolara Azərbaycan vətəndaşları da buraxıla bilər, amma əgər bu, bizim vətəndaşlar üçün məqbul sayılmırsa, yalnız xarici vətəndaşlar üçün edilə bilər. İran, Türkiyə, Orta Asiya, Rusiya, Gürcüstanın özündən çoxlu turist cəlb etmək mümkündür. Çünki əksər hallarda adamlar öz ölkələrində deyil, başqa ölkədə kazinoya getməyə üstünlük verirlər. Bizim turizm bölgələrinə birbaşa aviareyslər açılır, bunu ərəb ölkələri üçün də təşkil etmək olar. Bu baxımdan düşünürəm ki, bu tipli kazinolar açmaqla ölkəyə turist cəlb edə bilərik. Mən heç vaxt çıxışımda deməmişəm ki, kazino açan kimi Azərbaycanda turizm inkişaf edəcək. Ancaq təbii ki, bu da turizmin elementlərdən biridir. Turizmin inkişafı üçün qiymətlərin aşağı salınması, vizanın aradan qaldırılması, xidmət keyfiyyətinin artırılması, digər turizm elementlərinin yerində olmasına ehtiyac var. Kazino da o turizm elementlərindən yalnız biridir. Adamlar var ki, məhz kazinosu olan ölkəni, oteli seçirlər və bu yolla ölkəyə xeyli əlavə valyuta gəlir. Yəni indiki şərait tələb edir ki, ölkəyə valyuta gətirə biləcək bütün vasitələrdən istifadə olunsun. 

 

– Novruz bayramı ərəfəsində növbəti əfv fərmanı gözlənilir. Siz Milli Məclisdə çıxışınızda bildirdiniz ki, əfv fərmanında hazırda həbsdə olan və ictimai-siyasi fəallığı ilə tanınmış şəxslərin adının olmamasında maraqlı olanlar var. Kimləri nəzərdə tuturdunuz? 

 

– Diqqət yetirmisinizsə, Əfv Komissiyasının iclaslarının keçiriləcəyi barədə elan veriləndən sonra dərhal “Azadlıq” qəzeti başda olmaqla, bir çox qəzetlərdə yazıldı ki, Azərbaycan hökuməti siyasi məhbusları azad etməyə, islahatlar həyata keçirməyə məcbur edilir. Sanki bunlar bir növ qıcıq yaratmaqla, iqtidarı bu addımı atmaqdan çəkindirməyə çalışırlar. Həbsdə olnaların ailələri, uşaqları, qohumları var. Cəmiyyət o adamları lənətləməli və qınamalıdır ki, bu cür təxribatçı məqalələr yazmaqla, bəyanatlar verməklə əslində, öz siyasətlərini kiminsə faciəsi və bədbəxtliyi üzərində qururlar. Həmin adamların azad edilməməsi bunlar üçün hökumətin əleyhinə kampaniya aparmaq üçün fürsətdir. Buna yol vermək olmaz. Ona görə ki, o məhbusların tək özləri yox, həm da ailələri, uşaqları böyük əziyyət çəkirlər. 

Həm də siyasətlə məşğul olmuş, ictimai-siyasi həyatda olan həmin adamlar təyin olunmuş cəzalarının bir hissəsini çəkiblər. Ona görə də həbsində siyasi motivlərin olması iddia olunan insanların belə bu humanizmdən faydalanması, dövlətin qayğısını hiss etmələri yaxşı olar. Həmçinin bundan istifadə edib, Azərbaycanın adını mənfi hesabatlara daxil edən təşkilatların da əlindən bu arqumentləri alınar. Çünki beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları bu arqumentlə dövlətin imicini korlayırlar. Dünyada Azərbaycan haqqında qanunun aliliyi, insan haqları ilə bağlı məlumat əldə etmək istəyəndə heç vaxt bizim ölkədəki təşkilatların məlumatlarını oxumurlar. Bu reallıqdır və biz mövcud reallıqları qəbul etməliyik. Mən uzun illərdir siyasətdəyəm və bilirəm ki, beynəlxalq təşkilatlar onları maliyyələşdirən böyük dövlətlərin barmağının işarəsi ilə bu və ya digər ölkəyə daha çox diqqət yetirirlər. Yəni, onlar sabah bu təşkilatlara Türkmənistan, Rusiya, yaxud Gürcüstandakı vəziyyətə daha çox diqqət yetirməyi tapşırsalar, bütün diqqət bu yerlərə yönələcək. Mən bunu çox gözəl bilirəm və bu da dünyanın, müasir dövrün acı reallıqlarıdır. Biz bu acı reallıqları başqa məsələlərdə də görürük və qəbul edirik. Məsələn, bizim torpaqlarımız işğal olunub, işğalda rol oynayan ölkələri vasitəçi kimi qəbul edirik. Ermənistanı dəstəkləyən ölkələri – Fransanı, Rusiyanı, ABŞ-ı ATƏT-in Minsk Qrupunun üzvləri kimi qəbul etmişik. Həm də bilirik ki, məhz bu ölkələrdə güclü erməni lobbisi var. Ancaq bu reallıqla barışmışıq. Ona görə də deyirəm ki, bir reallığı qəbul edib, digərini qəbul etməmək mümkün deyil. Elə reallıq var ki, orda söhbət Qarabağın itirilməsindən gedirsə, əlbəttə, biz hamını rədd edə bilərik, ölkənin suverenliyinin itirilməsindən söhbət gedirsə, yenə də hamıya etiraz edə bilərik. 3-4 nəfər vətəndaşımızı azadlığa buraxmaq isə dövlətin təhlükəsizliyinə, ölkədə siyasi sabitliyin pozulmasına heç bir təhlükə yaratmır. Əminəm ki, xalqımız da sabitliyi pozacaq heç bir təşəbbüsü dəstəkləməz.

Başqa bir məqam da odur ki, xaricdən idarə olunanlar da başa düşüb ki, onları hər hansı xarici dəstək qoruya bilməz. Ona görə də Novruz bayramı ərəfəsində hüquq-müdafiə təşkilatları tərəfindən həbs olunmasında siyasi motivlərin olduğu iddia olunan bütün məhbusları əfv etməyə çağırdım.