XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

14 İyun 2020 - 23:30

Daha bir deputat polisin müdafiəsinə qalxdı:"Yol vermək olmaz ki, polisi düşmən obrazında xalqa təqdim etsinlər"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin “Xalq Cəbhəsi” qəzetinə müsahibəsini oxucularımıza təqdim edirik:

– Qüdrət bəy, Avropa Parlamentinin Ermənistan və Azərbaycan üzrə həmməruzəçilərinin, o cümlədən Azərbaycan, Ermənistan və Gürcüstan üzrə Parlament Əməkdaşlıq Komitəsi Nümayəndəliyi sədrinin Ermənistandan Dağlıq Qarabağa Azərbaycanın razılığı olmadan 3-cü yolun çəkilişinə etiraz edərək Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiklərini bəyan etmələrinə münasibətinizi bilmək istərdik. Bu tipli bəyanatların əhəmiyyəti nədən ibarətdir?

– Bu tipli bəyanatlar işğalçı dövlətdə ilhaq edilmiş torpaqaları rəsmiləşdirə bilməyəcəyi qənaətini möhkəmləndirir, Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyi təqdirdə, Avropa İttifaqının bunu anlayışla qaşılayacağına ümid yaradır. Ona görə də bu, diplomatik uğur kimi qiymətləndirilməlidir. Avropa Parlamenti əvvəllər də ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən qərarlar qəbul edib.

– Qüdrət bəy, Ermənistanın daxilində baş verən hadisələr barədə nə deyə bilərsiniz?

– Paşinyan və onun tərəfdarları Qərbyönümlü insanlardırlar və onlar hakimiyyətə inqilab etməklə gəliblər. Bu məsələdə Rusiya Sarkisyana inqilabçılara güc tətbiq etməyə imkan verməməklə ciddi dəstək verib. Məqsəd hakimiyyətə tam hazır olmadıqları halda onlara bu imkanı yaradıb, sonra iflasa uğratmaq idi – eynən Mütəllibovu qaçırıb AXC-yə yol açdıqları kimi.

İndi Paşinyanın komandasının iflası yaxınlaşıb. Hazırda qanlı döyüşlər getmədiyi və Sarkisyanının liderliyi dövrü ilə müqayisədə təmas xəttində nisbi sabitliyə nail ola bildiyi üçün Paşinyan AXC-dən daha çox hakimiyyətdə qala bildi. Amma hər bir halda, Paşinyan və komandası hakimiyyətdən qovulacaqlar. Yaxşı olar ki, Azərbaycan Rusiya ilə anlaşıb torpaqlarımızın azadlığı naminə bu prosesdə yaxından iştirak etsin. Əks halda, Ermənistanda vətəndaş müharibəsi başlasa belə, bunun Qarabağın azadlığına heç bir faydası olmayacaq. Rusiya bizə imkan verməyəcək ki, hərbi əməliyyatlara başlayaq. İndiki iqtisadi və hərbi güclə Rusiyanın razılığı olmadan bunu etmək isə çox risklidir.

– Qüdrət bəy, radikal siyasi dairələr tərəfindən ruhlandırılan və stimullaşdırılan bir qrup şəxs tərəfindən Şeyxülislama, Vilayət Eyvazova və onun timsalında polisə qarşı gözdənsalma kampaniyası aparılır. Bu barədə nə deyə bilərsiniz?

– Seyxülislam Azərbaycanın müstəqilliyinin qazanılmasında, dini dəyərlərimizin qorunub saxlanılmasında xalqımız qarşısında böyük xidmətləri olan, təkcə Azərbaycanda və Qafqazda deyil, bütün dünya müsəlmanları və dindarları arasında böyük nüfuza sahib olan dini liderdir. Onu gözdən salmaq istəyənlər dindarlar arasında narazılıq yaradıb, ölkədə xaos yaratmaq, din-dövlət münasibətlərini zədələmək məqsədi güdürlər. Bütün bunlar siyasi məqsədlərlə edilir. Çox təəssüf ki, bəzi cahil insanlar da bilməyərəkdən bu prosesə qoşulub.

Vilayət Eyvazova gəldikdə isə, onu uşaqlıq illərindən tanıyıram. Bir kənddə böyümüşük. Onu yaxından tanıyanlar bilirlər ki, o, mərd və öz mövqeyi olan bir şəxsdir. İnsanlara münasibətdə həmişə xeyirxah olmağa çalışıb. Onu sərt bir insan kimi xarakterizə edənlər müəyyən mənada haqlıdır. Axı o, nəcib xanımlar klubuna rəhbərlik etmir. Polis güc strukturudur. Burda sərt olmasan, ciddi nizam-intizam yaratmaq olmaz. Polisə silah və güc tətbiq etmək səlahiyyəti verilirsə, onun üzərində mütləq ciddi mülki nəzarət olmalıdır.

Dünyanın hər yerində səlahiyyətlərdən sui-istifadə edən vəzifəli şəxslər olur. Onları da aşkar edib qanun çərçivəsində cəzalandırmaq lazımdır.

Prezidentin polisdən istifadə etməklə cəmiyyətdə qorxu yaratmaq istəyi barədə deyilənlər də reallığı əks etdirmir. Vilayət Eyvazov nazir təyin olunanda demişdim ki, qanunu pozanlar, yaxud belə niyyətdə olanlar ciddi düşünməli olacaqlar.

Polisdən yalnız qanunu pozanlar qorxmalıdırlar. Hamımız bilirik ki, heç bir sivil insan qanunsuzluğa və zorakılığa heç cür haqq qazandıra bilməz və bu cür hallar qətiyyətlə pislənilməlidir. Əgər polis birini saxlayırsa, bunun əsl səbəbini bilmədən polisin başına zibil torbaları atmaq olmaz. Bəlkə, həmin şəxs polisin qanuni tələbinə elə təhqiramiz cavab verib ki, onu mütləq saxlamaq lazım imiş? Hətta qanunun pozulduğuna əminsənsə belə, qanunsuzluğa qarşı qanuni üsullarla mübarizə aparılmalıdır. Özünü müdafiə edə bilməyən polis xalqı qoruya bilməz. Polisə qarşı zor tətbiq edənlər və bunu dəstəkləyənlər barədə ciddi ölçü götürülməsə, sabah polis daha ciddi təhqirlərlə və zorakılıqla üz-üzə qala bilər. Onun ardınca isə cəmiyyət.

Əlbəttə, polisin sərt cavab tədbirləri qanun çərçivəsində olmalıdır. Bu zaman hansısa qanun pozuntusuna yol verilibsə, bu hallar tənqid olunmalı, həmin şəxlərin cəzalandırılması tələb olunmalıdır. Amma qətiyyən yol vermək olmaz ki, bundan istifadə edib polisi düşmən obrazında xalqımıza təqdim etsinlər.

Həyatımızı bircə gün polissiz təsəvvür edin. Polisə qarşı bu gözdən salma kampaniyasının aparıldığı bir vaxtda gənc polis işçisinin öz həyatı ilə risk edərək radikal müxalifətçi Qiyas İbrahimovu necə xilas etdiyini efirdən seyr etdik. Bu gün o qəhrəman gənc polisin adını belə, bilmirik. Ona həmin radikal düşərgədən minnətdarlıq edən oldumu?!

Vilayət Eyvazov ancaq cinayətkarlar arasında qorxu yaradır və yaratmalıdır. Bu gün ölkədə ədalət mühakiməsini öz üzərinə götürən, vətəndaşları, iş adamlarını qorxudub lərzəyə salan, onlardan pul tələb edən, adam oğurlayan, vəzifəli şəxsləri təhdid etməklə bu və ya digər qanunsuzluqlara vadar edən cinayətkar qruplar yoxdursa, bu, onun öz vəzifəsinin öhdəsindən gəldiyinin göstəricisidir. İctimai asayişi qoruyub, islahatların dərinləşdirilməsi üçün sabitliyi təmin etmək onun vəzifə borcudur. Ona görə də,  küyə gedib təhqirlərə yol verənləri ciddi qınayır, müstəqil qərar qəbul etmək imkanında olanları isə düşünməyə çağırıram. Bu yolla, müsəlman kişisinə yaraşmayan təhqirlərlə ölkəmizdə demokratiyanın inkişafına, qanunçuluğa heç cür töhfə verə bilməzsiniz. Əksinə, düşmənçiliyə yol açıb, yaxınlarınızın da yaşadığı cəmiyyətimizdə mənəviyyatın aşınmasına səbəb ola bilərsiniz. Əgər iqtidarı, sizin kimi düşünməyənləri özünüzün düşməni hesab edirsinizsə, düşmənçiliyi də şərq kişisi kimi aparın. İndiki hakimiyyətin sizi buna vadar etdiyini düşünürsünüzsə, özünüzün onlardan bütün sahələrdə daha yaxşı olduğunuzu sübüt edin.