XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 14:53

Zərdüşt Əlizadə:“Putin göstərmək istəyir ki, guya, sülhpərvərdir"

zerdust-1

 

Rusiya prezidenti Vladimir Putin Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasına başlanması barədə göstəriş  verib. Putin bu qərarını Suriyada qarşıya qoyulan vəzifələrin icra olunması ilə əlaqələndirib.

Teleqraf.com politoloq Zərdüşt Əlizadəyə müraciət edərək, Putinin bu qərarının səbəbləri barədə ehtimallarını bölüşməyi xahiş edib. 

 

– Rusiya prezidentinin ordu birləşmələrinin Suriyadan çıxarılması barədə müdafiə naziri Sergey Şoyquya göstəriş verməsini necə izah edirədiniz?

– Demək, qarşıya qoyulan məqsədlərinə çatıblar… Bəşər Əsəd rejimi möhkəmlənib, müxalifətin hərb sahəsində qalib gəlmək şansı azalıb və belə olan şəraitdə Vladimir Putin xoş niyyət nümayiş etdirmək üçün kosmik hava qüvvələrinin böyük bir hissəsinin Suriyadan çıxarılmasına dair göstəriş verib. Putin bununla dünyaya nümayiş etdirir ki, onun xoş niyyəti var və əməkdaşlığa hazırdır. Bundan sonra Cenevrədə danışıqlar aparılacaq. Necə deyərlər, görək, Allah kimə verəcək. Ya müxalifətə verər, ya da Bəşər Əsədə verər. Ya da ola bilsin ağılları oldu, danışdılar hansısa keçid hökuməti yaratdılar, seçki keçirdilər. Məlum məsələdir ki, belə olan şəraitdə seçki keçirməzlər. Çünki ölkədə vətəndaş müharibəsi gedir. Amma hamı seçkini fetişləşdirib, seçkini bir müqəddəs şey sayırlar. Hərçənd ki, belə deyil.

– Qarşıya qoyulan məqsəd nə idi?

– Qarşıya qoyulan məqsəd Rusiyanın geosiyasi mövqeyini qorumaq idi. Bu mövqeyi qorumaq üçün də Rusiyaya yaxın olan Bəşər Əsədin hakimiyyətdə qalmasını təmin etmək lazım idi. Bu bombardımanlar nəticəsində Rusiya özünü ABŞ-a tərəfmüqabil kimi sırıdı, İranla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdı. Təsadüfi deyil ki, bu əsnada İrana S-300 raketlərinin satılmasına dair danışıqlar son mərhələsinə qədəm qoydu. Eyni zamanda Rusiyanın Yaxın Şərqdəki mövqeyi kifayət qədər, əhəmiyyətli dərəcədə gücləndi.

– Bəzən belə fikirlər səsləndirilirdi ki, Rusiya Hərbi Hava Qüvvələri Suriyada bombardıman həyata keçirərkən hədəfləri düzgün nişan ala bilmir, o cümlədən Xəzər filotoliyasından atılan raketlər başqa-başqa yerlərə gedib düşür. Görünür, bunlar yanlış iddialar imiş…

– Siz səslənən fikirlərə deyil, Suriyadakı real hərbi vəziyyətə fikir verin. Əlbəttə, Bəşər Əsəd tam qələbə qazanmayıb. Amma ordu xeyli ərazini, şəhərləri, kəndləri azad etdi və Əsəd rejiminin devrilməsi ehtimalını azaltdı. Yəni Rusiya HHQ-nin bombardımanı səmərəli idi.

– Rusiya HHQ-nin Suriyada əməliyyatları dayandırması ABŞ-la, Avropa İttifaqı ilə münasibətlərdə münasibətlərdə dönüşə səbəb ola bilərmi?

 – Rusiyanı G-8-dən çıxarmışdılar, G-20-də isə onunla əməkdaşlıq etmirdilər, qınaq hədəfinə çevrilmişdi. İndi isə hər halda tərəf müqabili kimi qəbul edir, əl uzadır, söhbət edirlər, telefonla danışırlar.

– Sizcə, Rusiyaya tətbiq olunan sanksiyalar rəsmi Moskvanın Suriyadan çıxmaq barədə qərar qəbul etməsində hər hansı rol oynayıbmı?

 – Rusiya iqtisadiyyatı, hətta hərbi sənayesi sanksiyalar nəticəsində, həqiqətən də, xeyli zəifləyib. Rusiya yüksək elm tutumlu hərbi məhsul buraxa bilmir. Ümumiyyətlə, Rusiya sənayesinin böyük bir hissəsi, xüsusilə iri tutumlu yüksək texnoloji məhsullar Qərbdən alınan hissələr hesabına buraxıla bilir. Məsələn, Rusiya dəmiryolları üçün lokomotivlər buraxır. Həmin lokomotivlərin 70 faizi Qərbdən gələn hissələr hesabına qurulur. Raketlərində, radarlarında xeyli hissələr var ki, onları rus sənayesi istehsal edə bilmir, xaricdən alınır. İndi sanksiyalar nəticəsində hərbi təyinatlı məhsulları Rusiyaya satmırlar. Rusiya sənayesi ağır vəziyyətə düşür. Bundan əlavə Rusiya şirkətlərinə Qərb bankları kredit vermir. Rus banklarının verdikləri kreditlər isə yüksək faizlə verilir. Ona görə də rus şirkətləri rəqabətə davamlı deyillər. Rusiya regionları vaxtilə Qərbdən xeyli kredit alıb və hazırda həmin krediti qaytarmaq iqtidarında deyillər. Bu gün Rusiyada 19 milyon insan yoxsulluq həddindən aşağıda yaşayır. Əhalinin gəlirləri xeyli aşağı düşüb. Bütün bunlar hamısı həm də sanksiyaların təsirindəndir. Qərb bunu çox yaxşı bilir və soyuqqanlılıqla Rusiyanın necə çökdüyünə tamaşa edir. Putin də bunu görür. Yüksək reytinqinə baxmayaraq özünün, hakimiyyətinin laxladığını görür və müəyyən addımlarla geri çəkilməyə çalışır. Eyni zamanda çalışır ki, üzünün suyunu da saxlasın.

– Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadan çıxarılmasına dair göstərişin verilməsini həmin addımlarda biri hesab etmək olarmı?

– Bəli, bu da həmin addımlardan biridir və Putin göstərir ki, guya, o da sülhpərvərdir, xoş niyyəti var, münaqişənin eskalasiyasında maraqlı deyil.

– Bəzən belə fikirlər də səsləndirilirdi ki, SSRİ 1979-cu ildə Əfqanıstana müdaxilə edib 1989-cu ildə oranı məğlub şəkildə tərk etdiyi kimi Rusiya da Suriyadan eyni aqibətlə üzləşib çıxacaq…

– Sovet ordusu Əfqanıstandan ona görə çıxmadı ki, o, məğlub oldu. Xeyr. Sovet ordusu Əfqanıstanda yaxşı döyüşmüşdü, düzdür, böyük itkilər vermişdi, 13 minə yaxın insan həlak olmuşdu. Amma demək olar ki, sovet ordusu Əfqanıstanın böyük hissəsinə nəzarət edirdi və Kabildə kifayət qədər səmərəli Nəcibulla hökuməti fəaliyyət göstərirdi. Unutmayaq ki, Sovet ordusu Əfqanıstandan çıxdıqdan hələ iki il sonra da Nəcibulla hakimiyyətdə qala bildi. Sadəcə, Sovet İttifaqı, Qorbaçov bütün dəstəyi kəsəndən sonra “Taliban” Nəcibullanı devirə bildi və öz sarayının qarşısında onu və qardaşını dar ağacından asdılar. Amma hakimiyyət var idi və onlar döyüşürdülər. Suriyada da Bəşər Əsəd rejimi göstərdi ki, o, Rusiya işə qarışmamış döyüşə bilir. Bəşər  Əsəd 4 ilə yaxın bütün ərəb rejimlərinə qarşı döyüşdü, Qərbin bütün təzyiqlərinə dözdü. Yəni Suriya rejimi kifayət qədər möhkəm olduğunu sübut etdi. İndi də Cenevrədə müxalifət yersiz yerə tələb edir ki, Bəşər Əsəd getməlidir. Amma bu tələbi yalnız qalib tərəf irəli sürə bilər. Müxalifət isə qalib tərəf deyil.