XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2020 - 12:44

Ədalət Partiyasının sədri İlyas İsmayılov:"Türkiyə ilə münasibətlərə kölgə salan hərbçilər cəzalandırılmalıdır" - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi “TurAz-2020” təlimlərindən cəmi bir həftə sonra Rusiya Hərbi Dəniz Donanmasına aid gəmilərin Bakıya gəlməsi və rus əsgərlərinin gül-çiçəklə qarşılanması cəmiyyətimizdə birmənalı qəbul olunmadı. Bir çox siyasi partiyalar bu təmtəraqlı qarşılanmanı sərt dillə tənqid etdilər. Bəs Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov bu barədə nə düşünür?

Strateq.az xəbər verir ki, İlyas İsmayılov Ovqat.com-a müsahibəsində sualı belə cavablandırdı:

-Hər bir dövlətin gücünü təkcə onun öz hərbi qüdrəti, iqtisadi potensialı müəyyənləşdirmir. Onun gücü həm də tərəfdaşlarının kimliyi, regional və qlobal təsir imkanları gücüylə ölçülür. Bu mənada müasir çağımız yeni hərbi blokların ortaya çıxmasını, dünya dövlətlərinin müxtəlif alyanslarda təmsil olunmasını tələb edir. Təsadüfi deyil ki, Şərqi Avropanın kiçik dövlətləri üzv və tərəfdaş olduqları NATO qüvvələri sayəsində yerləşdikləri geosiyasi məkanda özlərini təhlükəsiz hiss edə, yeri gələndə suverenliklərinə qənim kəsilmiş qüvvələr qarşısında ötkəm mövqe sərgiləyə bilirlər. Qarşılıqlı əməkdaşlıqlar NATO qüvvələrinə genişlənmək imkanı verdiyi kimi, tərəfdaşlarını da təhlükəsizlik çətiri altına alır. Məhz bunun nəticəsidir ki, Polşa Almaniyadan çıxarılan ABŞ hərbi qüvvələrinə böyük məmnuniyyətlə öz torpağında dislokasiya şəraiti yaratmağa çalışır. Bilir ki, ABŞ hərbi qüvvələrinin onun ərazisində yerləşdirilməsi Polşa üzərində yaradılmış ən güclü təhlükəsizlik qalxanı olacaq. Yeri gələndə Varşavanın bu addımı müasir dünyamızın suverenliyinin qarantı olan nüvə silahından belə daha çəkindirici gücə sahiblənmək deməkdir. Çünki hansı tərəfdə yer alırsansa, həm də onun hərbi qüvvəsinə ortaq olursan. Düzdür, bu cür tərəfdaşlıq və ortaqlıqların gətirdiyi risklər də az deyil. İstər-istəməz iki dövlət arasında hərbi hesablaşmalarda ön cəbhəyə, potensial döyüş poliqonuna çevrilirsən. Amma dövlətlərə qarşı hərbi təhdidlər real və güclüdürsə, onların ön cəbhəyə, yaxud hərbi poliqona çevrilmək seçənəyi də qaçılmazdır. Hər bir dövlətin öz ərazilərini qorumaq, vətəndaşlarını xarici təcavüzlərdən müdafiə etmək mükəlləfiyyətləri var və bu mükəlləfiyyətlər onu bəzi riskləri göz önünə almağa vadar edir.

Azərbaycana gəlincə, nə yazıq ki, ölkəmiz də bu gün hərbi təhdidlə üz-üzədir və bu təhdid birbaşa dövlət suverenliyimizə, müstəqilliyimizin qarantı olan iqtisadi potensialımıza, bir dövlət kimi mövcudluğumuza qarşı yönəlib. Ermənilərin son hücumunun Tovuz rayonuna edilməsi bu mənada təsadüfi deyildi. Bilirsiniz ki, Tovuz rayonu Azərbaycanın enerji və kommunikasiya xətlərinin keçdiyi mühüm ərazidə yerləşir. İqtisadiyyatımızın 90%-nin asılı olduğu neft və qaz kəmərlərinin keçdiyi rayonun strateji yüksəkliklərinin ələ keçirilməsi ölkəmizin iqtisadi gücünü ciddi təhdid altında qoya bilərdi. Azərbaycanı bu gün ayaqda tutan əsas iqtisadi bazamız işləməz hala gələrdi. Beləcə, ölkə özünü dolandırmaq imkanlarını itirə, cənubdan və şimaldan gələn təhdidlərə qarşı duruş gətirə bilməzdi. Belə bir zamanda Türkiyənin Azərbaycana ciddi dəstək verməsi, qardaş ölkə prezidentinin və Silahlı Qüvvələrinin misligörünməmiş şəkildə mövqe ortaya qoyması bizi gözləyən pis ssenarilərin pozulması ilə nəticələndi. Bundan dərhal sonra Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin birgə keçirdiyi “TurAz-2020” təlimləri məkrli düşmənlərimizə verilmiş ən ciddi cavab oldu. Türkiyə bu təlimlərlə həm Ermənistana, həm də onun arxasında dayanan qüvvələrə Azərbaycana ediləcək hücumlara laqeyd qalmayacağını göstərdi. Hətta hərbi təlimlər sırasında Türk F-16-larının İrəvanı vuracaq qədər yaxın məsafəyə qədər uçmaları Ermənistanda ciddi təşviş doğurdu. Türkiyə bu manevrlə həm də Cənubi Qafqazda mühüm aktyorluq iddialarını ortaya qoydu. Görünür, bu mesajdan sonra Rusiya hərbi gəmilərinin Bakıya gəlməsi də təsadüfi deyildi. Rusiya bu addımla Cənubi Qafqazı heç kiminlə bölüşməyəcəyini göstərmiş oldu.

-Məsələ də elə bundadır. Azərbaycanı ən ağır günündə yüksək səviyyədə müdafiə edən Türkiyənin bu mesajından sonra Bakıya gələn rus hərbi gəmilərinin xüsusi təmtəraqla qarşılanması nəyə lazım idi? Axı biz heç Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarı, onunla bərabər gələn generalları belə, o cür qarşılamamışdıq. Sizcə, rəsmi Bakı bununla hansı mesajları vermək istəyirdi?

-Səmimi desək, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmilərinin rəhbər heyətinin xüsusi təmtəraqla qarşılanmasını, ayaqlarının altına qırmızı xalı salınmasını, rus hərbçilərinin önündə azərbaycanlı rəqqasların oynamasını rəsmi Bakının mövqeyi kimi qiymətləndirmirəm. Bilirsiniz ki, mən ölkə başçısı İlham Əliyevin bir çox siyasətini bəyənmirəm və bunu açıq şəkildə ifadə edirəm. Amma şair Məmməd Arazın məşhur bir sözü var:

“Haqsızın yoluna kötüklə çıxıb,
Haqqını qoşdunmu Haqq qədəminə?”

Şairin sözü olmasın, İlham Əliyevin haqqını da haqq qədəminə qoşmaq lazımdır. Onun həmin qarşılanma mərasimindən qabaq Rusiya prezidenti Vladimir Putinə zəng edib, Moskvanın Ermənistanı 400 ton ağırlığında silah sursatla təchiz etməsi barədə iradını bildirməsi və Prezidentin Mətbuat Xidmətinin bunu açıq şəkildə yayması rəsmi Bakının əsl mövqeyi idi. İlham Əliyevin bu çıxışı Kremli də təəccübləndirmişdi. Rus mətbuatı bunu açıq şəkildə dilə gətirir və heyrətlərini gizlətmirdi. Bundan cəmi bir neçə gün sonra rus hərbi gəmilərinin Bakıya gəlməsi və o cür qarşılanması İlham Əliyevin sözügedən mövqeyi ilə bir araya sığmır. Görünür, Azərbaycanın hərbi strukturlarında hələ də Ali Baş Komandan ünvanı daşıyan şəxsin iradəsindən kənar işlər görən qüvvələr var və onların bəzi özfəaliyyətləri rəsmi Bakını çətin vəziyyətdə qoymaq niyyəti güdür. Üstəlik, Rusiya hərbi gəmilərinin rəhbər heyəti də ölkə başçısının onlarla maraqlanacağı səviyyənin adamlar deyildilər. Səhv etmirəmsə, rus hərbi heyətinin ən yüksək rütbəlisi 1-ci dərəcəli kapitan səviyyəsində idi. Bu fakt əslində Rusiyanın özünün də Bakıda keçirilməsi nəzərdə tutulan “Beynəlxalq Ordu Oyunları-2020” yarışlarına diqqətinin göstəricisidir. Başqa sözlə desək, bu yarış ciddi əhəmiyyət daşımayan tədbir idi. O başqa məsələdir ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bu özfəaliyyəti və rus gəmilərinin təmtəraqla qarşılanmasının media qurumlarında xüsusi təbliği xoş niyyətli olmaya da bilər. Amma bunun ölkə rəhbərliyi tərəfindən edildiyinə inanmıram.

Digər tərəfdən, qonağın necə qarşılanması yox, kim tərəfindən qarşılanması əsasdır. Belə deyək, Rusiyadan sənin yanına bir əsgər yoldaşı gəlir. Sən onu gül-çiçəklə qarşılayırsan, ayağının altına xalı sərirsən, qurban kəsirsən, cibindən 5-10 manat verib rəqqasələr tapıb qonağının qarşısında oynadırsan. Elə həmin gün ölkəyə Rusiya prezidenti Vladimir Putin də gəlir. Onun qabağına həmkarı çıxır. Amma qabağında qoyun kəsmir, rəqqasə oynatmır. Bu, bəyəm o deməkdir ki, Azərbaycanda sənin əsgər yoldaşın hansısa İvan Putindən daha yüksək səviyyədə qarşılandı? O deməkdir ki, rəsmi Bakı bu iki fərqli qarşılanma ilə sənin əsgər yoldaşın hansısa İvanı Rusiyanın prezidenti kimi görmək istəyir? Fikrimcə, biz Türkiyə ilə Rusiya ordularının Bakıda necə qarşılanmasına məhz bu aspektdən yanaşmalıyıq. Bilirsiniz ki, Türk generalları Azərbaycanın Ali Baş Komandanı ünvanını daşıyan şəxs tərəfindən qəbul olundu. Bəs rus hərbçilərini qarşılayan kim idi? – kontr-admiral Sübhan  Bəkirov…

-Yəni deyirsiniz ki, bu, kontr-admiral Sübhan Bəkirovun öz şəxsi təşəbbüsü idi?

-Yəqin ki. Bilirsiniz; bizdə gözə girməkdə həddini aşmaq ənənəsi var. Bunu qonaqpərvərlik kimi başa düşürük. Amma fikirləşmirik ki, həddimizi aşmağımız xaricdən necə görünür. Cəlil Məmmədquluzadənin məşhur bir hekayəsi var – “Qurbanəli bəy”. Bizim bəzi məmurlar hələ də Qurbanqulu bəyin prototipləridir. Bir rus görən kimi yanındakı itinə “Molodes sobak” demək üçün dəridən-qabıqdan çıxırlar. Qaldıra bilməyəcəkləri yükün altına girib sonra qaçıb tövlədə gizlənirlər. Azərbaycan hakimiyyətinin ən böyük günahı bu cür Qurbanqululara vəzifə verməkdir. Sonra da onların yarıtmaz səhvlərinin bəlasını özləri çəkirlər.

-İlyas müəllim, yeri gəlmişkən, Siz də prokurorluq orqanlarında general rütbəsinə bərabər status daşıyıbsınız. Odur ki, sizə bir sual vermək istəyirəm. Amma bir anektodla başlamaq istəyirəm suala.

-Buyurun.

-Deyirlər ki, Azərbaycanın Müdafiə naziri Pakistana səfər etmək istəyir. Bu barədə rəsmi Pakistanın müvafiq orqanlarına məktub yazılır. Məktuba cavab gəlmir. Rəsmi Bakı İslamabada zəng vurub məktubun çatıb çatmaması ilə maraqlanır. Cavab verirlər ki, məktub çatıb. Amma sizin general polkovnikinizi qarşılamağa adam tapa bilmirik. Bizim Müdafiə Nazirliyimizdəki zabitlərin ən yüksək rütbəsi general-leytenantdır. Hörmətli Zakir Həsənovun qabağına onu çıxarsaq, Azərbaycana ayıb olar. Bir neçə ay gözləyin, Baş Qərargah rəisimiz general-polkovnik ünvanı alsın, sonra Zakir Həsənov ölkəmizə təşrif buyursun. Sözsüz ki, bu anektoddur. Amma ciddi məna kəsb edir. Siz necə düşünürsünüz, rus hərbi donanmasının 1-ci dərəcəli kapitanının qabağına kontr-admiralın çıxarılması nə dərəcədə doğrudur? Yenə deyirəm, sabiq general olduğunuz üçün bunu soruşuram. Siz Baş prokuror olanda Həştərxanın hansısa qəsəbəsinin prokurorunun qabağına özünüz çıxardınız?

-Nə demək istədiyinizi başa düşürəm. Amma özüm haqqımda danışmağa və müqayisə predmetinə çevirməyə lüzum görmürəm. Sadəcə onu demək istəyirəm ki, Azərbaycanda generallıq rütbəsini oyuncağa çeviriblər. Layiq oldu-olmadı, kimdən xoşları gəlirsə, çiyinlərinə generallıq paqonu yapışdırırlar. Nəticədə Azərbaycanda generalların sayı az qala nəinki Pakistanı, hətta Çini də keçir. Halbuki general olmaq üçün ciddi təcrübə keçməlisən, rəhbərlik etdiyin hərbçilərin sayı, əhəmiyyəti və s. kimi amillər bu rütbəyə uyğun olmalıdır. Bizdə isə 30 yaşlı cavan oğlana belə, yubiley hədiyyəsi kimi generallıq rütbəsi bağışlayırlar. Amma həmin cavan oğlanların hərbi təcrübələri olmadığından tez-tez bu cür səhvlərə yol verirlər. Rütbələrini asan qazandıqları üçün hansısa I kapitanın ayağına getməyi, qədəmlərinin altına qırmızı xalça salmağı öz zabit ləyaqətlərinə yaraşdırırlar. Çünki çiyinlərində böyük ulduzlar parıldasa da, bu, onların xarakterində öz əksini tapmır. Adları general olsa da, özləri mahiyyət etibarilə kapitan, leytenant səviyyəsində qalırlar. Yalnız leytenantlar kapitanların ayağının altına qırmızı xalı sala bilərlər. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi Xəzərdəki qarşılanmadan dərs çıxarmalı, generalların rütbələrini yenidən gözdən keçirməlidirlər. Ən əsası isə Azərbaycanla Türkiyə arasındakı münasibətlərə şüurlu və ya şüursuz kölgə salan hərbçilər cəzalandırılmalıdır.

-Belə başa düşürəm ki, siz də Türkiyə-Azərbaycan hərbi ittifaqının yaradılmasının tərəfdarısınız. Sizcə, bu, Azərbaycanın Qoşulmama Hərəkatının üzvlüyünə zidd deyilmi?

-Niyə zidd olsun? Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığını gücləndirməsi hansısa bloka qoşulması mənasına gəlmir. Bu iki dövlət arasında çox yaxın strateji əlaqələr var və bu əlaqələr genişləndirilməlidir. Qoşulmama Hərəkatı demilitarizasiya siyasəti deyil ki. İstənilən dövlət hansısa hərbi bloka qoşulmasa belə, öz hərbi qüdrətini artırmalıdır. Hərbi qüdrətin artırılması isə yaxın dövlətlərin birgə fəaliyyətindən keçir. Məsələn, bu yaxınlarda deyəsən sizin saytınızda oxudum ki, Azərbaycanın Xəzər dənizindəki hərbi donanması Aralıq dənizində Türkiyəylə bərabər təlimlərə qatılacaq. Hərbi Dəniz Donanmamızın təcrübə toplaması üçün belə təlimlərə xüsusi ehtiyac var. Üstəlik, Azərbaycan və Türkiyə strateji müttəfiqdir. Bu müttəfiqliyi bizim ortaq dəyərlərimiz müəyyənləşdirir. İstəsək də, istəməsək də, biz bu ortaq dəyərlərin tələb etdiyi bütün sahələrdə bir yerdə olmalıyıq.
Amma bu o demək deyil ki, mən Rusiya ilə bütün münasibətlərin kəsilməsinin tərəfdarıyam. Rusiya bizim yaxın qonşumuzdur. Ortaq tarixi, mədəni əlaqələrimiz var. Milyonlarla soydaşımız o ölkədə yaşayır. Sözsüz ki, bizim Rusiya ilə də qarşılıqlı faydalı əməkdaşlıqlarımız olmalıdır. Amma bu əməkdaşlıqlar milli ləyaqət hissimizi itirməmək şərtilə qurulmalıdır.
 
Söhbətləşdi: Heydər Oğuz




Yuxarı Əvvələ Ana Səhifə