XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

19 Mart 2016 - 17:37

Professor Rafiq Əliyev:"Şəxsiyyət olmağın əsas şərti nəfsinə ağa olmaqdır"

rafiq-eliyev-1

 

Qısa təqdimat:

Gözəl bir şeir oxuyanda özümü çox rahat hiss edirəm, çünki bir daha inanıram ki, xalqımın bu qədər səmimi, xoş duyğuları və o duyğuları ifadə etməyə belə zəngin dili var. Bir dəliqanlımız dünya çempionu olub, bayrağımızı göylərə çəkəndə də çox sevinirəm, elə bilirəm ki, bizim biləyimizi kimsə bükə bilməz. Amma millətimin həqiqi bir alimini görəndə daha çox məmnun oluram, çünki şair duyğularımızı, pəhləvan biləyimizi təmsil edirsə, alim ağlımızın, dünyagörüşümüzün göstəricisidir. Müsahibimiz təmtəraqlı təqdimata ehtiyacı olmayan, təkcə elmi ilə deyil, əxlaqı, insana, dünyaya münasibəti ilə, yəni sözün hər mənasında alim olan, sevimlimiz Rafiq Əliyevdir. Biz bu layihənin formatına uyğun olaraq müsahibimizin tərcümeyi-halı, gördüyü işlər, yazdığı kitablar haqqında çox danışmayacağıq, sadəcə, söhbət əsnasında onun qəlbini, duyğularını, dünyaya baxışını görməyə və göstərməyə çalışacağıq. Bütün təvazö əhli kimi, Rafiq müəllim də tərif eşitməyi xoşlamır, amma mən də öz səmimi qənaətimi açıqlamaq istəyirəm ki, mənə görə, Rafiq müəllim kimi alim bu gün bizə Allah-Taalanın bir lütfüdür. O, əxlaqı ilə, elmi ilə, duyğuları, dünyaya baxışı ilə bütöv şəxsiyyətdir. Vəziyyət necə dəyişir-dəyişsin, şərtlər nə qədər ağır olur olsun, həqiqi insan öz əxlaqından vaz keçməz, güzəştə getməz. Elə buna görə də onların əlləri hər zaman dünyanın yaxasında, dünyanın baltası isə onların boynunun kökündə olar. Mən belə adamları təlatümlü dənizin azğın dalğaları arasında müvazinətini və istiqamətini qorumağa çalışan gəmi kimi görürəm. Belə görürəm və bu mənzərədən gözlərim dolur. Ancaq təsəlli də var, təsəlli ondadır ki, tarixin hansı səhifəsi olur olsun, yaxşı olmağın da öz bədəli var və yaxşılar çəkdikləri əzab-əziyyətlə o bədəli ödəyirlər, nə qədər bədəl ödəsələr də könüllərində hüzur olar, rahatlıq olar. Sevimli Peyğəmbərimiz buyurur ki, dünyada “Allah” deyə çırpınan bir ürək olduqca qiyamət qopmayacaq. Düşünürəm ki, Allah-Taala bu gün bu məmləkətə üç-beş kişinin üzü hörmətinə xeyir-bərəkət ehsan edirsə, o üç-beş kişinin biri elə sizsiniz, var olasınız, hər zaman yanımızda olasınız, Rafiq müəllim! Allah sizi bu xalqa çox görməsin!

Əli Çərkəzoğlu

 

 

– Rafiq müəllim, sizin tədqiqatlarınızla tanış olduqdan sonra belə qənaətə gəldim ki, siz elmi əxlaq ilə qovuşdurmağa çalışırsınız. Belə başa düşürəm ki, Rafiq Əliyev bu vaxta qədər mövcud olan qənaətləri, düsturları yeniləməklə məşğuldur. “Ya hə, ya yox” prinsipini ortadan qaldırıb, “hə”dən “yox”adək olan çalarları araşdırmaqla məşğuldur.

 

– Gözəl tutmusunuz. “Hə” ilə “yox” arasında milyonlarla çalarlar var. Əxlaq mövzusu çətin mövzudur. Buna, yəni elmdə əxlaqa iki prizmadan baxmaq lazımdır. Birincisi, bəşəriyyəti hər zaman ziqzaqlardan elm çıxarıb. Mənim sənətə də böyük hörmətim var. Sizin jurnalist sənətinə də, poeziyamıza da, başqa incəsənət növlərinə də hörmətim var. Amma hər zaman bəşəriyyəti çətinliklərdən elm xilas edib. Elmdə əxlaq ona görə lazımdır ki, elmdə bir açar olmalıdır. Eynşteyn deyib ki, mən bilsəydim ki, mənim nəzəriyyəmin nəticəsində atom bombaları meydana çıxacaq və o bombalar Xerosimaya atılacaq, mən bu nəzəriyyəni ortaya qoymazdım. Elmin əxlaqı olmayanda bəşəriyyətin başına fəlakətlər açır. Və yaxud da bu gün Amerikada 240-250 min dollara robot əsgərlər düzəldirlər. Bunlar həm də çox çevik, sağa-sola dönmək imkanına malik, cürbəcür silahlar daşıya və onlardan atəş aça bilən maşınlardır. Əgər o robotlara bir qədər artıq “ağıl” verilsə, özlərini yeniləmək kimi proqramlar da yüklənərsə, idarə olunmaz bir hala gələ və insanın özünə qarşı çevrilə bilər. Yəni insan öz əlinin məhsulunun qurbanına çevrilər. Ona görə də elmdə bir açar – əxlaq açarı olmalıdır.

Bu gün dünya əhalisinin üçdə biri virtual həyat yaşayır. Əlcək geyir, gözlük taxır, məsələn, Madonnanı istənilən pozada görə bilir, istədiyi hissiyyatı ala bilir. Yəni bu gün elm, texnologiya çox sürətlə inkişaf edir, amma real həyatdan uzaqlaşmaq olmaz. Biz robotlardan danışdıq, yəni süni intellektdən. Süni intellekt sistemlərində özü-özünə öyrənmə prosesi gedir. Nəticədə bu cihazlar o qədər ağıllı ola bilər ki, insanlardan, hətta alimlərdən də ağıllı ola bilər. Ona görə də biz bu fikrin üstündə israrla dururuq ki, əxlaq hər zaman elmin yanında, hətta deyərdim ki, başının üstündə olmalıdır.

Məsələyə başqa bir müstəvidən yanaşsaq, deyərdim ki, elm adamının, xüsusən də alimin əxlaqı yoxdursa, imanı yoxdursa, onun ortaya çıxardıqlarının da heç bir nəticəsi olmayacaq. Gərək, elm adamı şəxsiyyət olsun. Şəxsiyyət olmağın əsas şərti isə nəfsinə ağa olmaqdır. Əgər insan bunu bacarırsa, demək ki, əxlaqlı adamdır. Onun yaratdığı da əxlaqlı olacaq və bəşəriyyətə, öz ölkəsinə xidmət edəcək.

 

– Aristotel deyir ki, yaxşı ilə pisin, var ilə yoxun arasında qırmızı xətt olmalıdır. Siz isə yaxşıda pisi, pisdə də yaxşını görməyə çalışırsınız. Demək istədiyim odur ki, sizin ortaya qoyduğunuz nəzəriyyə bir növ tolerantlıq nəzəriyyəsidir, yanılmıram ki? Və bir də mənə elə gəlir ki, bəlkə Aristotelin nəzəriyyəsi ilə sizin nəzəriyyənizi öz qanadları altına alan yeni bir nəzəriyyə ortaya qoyulmalıdır. Biz də sərt keçidin tərəfdarı deyilik, tolerantlığı da qəbul edirik, amma ona da inanırıq ki, dünyada bütün qütblərin arasında tədrici keçid olsa da, haradasa, bir qırmızı xətt də var. Bunun istər əxlaqda, düşüncədə, istərsə də dünyada xeyli örnəklərini görmək mümkündür.

 

– Mənim nəzəriyyəmə görə, qırmızı xətt heç tük qədər də deyil. Xoşbəxtilkdən qeyri-xoşbəxtliyə keçiddə səlis bir xətt yoxdur. Demək olmaz ki, buradan bu tərəfə insan xoşbəxtdir, buradan bu tərəfə yox. Ümumiyyətlə, qeyri-səlis məntiq təkcə riyaziyyat deyil, elm deyil, həm də bir yanaşmadır, dünyagörüşüdür. Mənim bir yazım var: “Qeyri-səlis məntiq və din”, xahiş eləmişdilər, yazmışdım. Açığı, dini mövzuya girişmək istəmirdim, çünki çox həssas mövzudur. Orada heç bir qələt eləmək mümkün deyil. Ancaq təzədən gedib Tövratı, İncili oxudum. Quranı bir də oxudum ki, səhvlər olmasın. Bu yaxınlarda gördüm ki, Amerikada bir kitab çıxıb: “Qeyri-səlis məntiq və Quran”. Bəzən deyirlər ki, Qurani-Kərim qadağalar üzərində qurulub. Mən bu fikirlə qəti razı deyiləm. Burada məsələ odur ki, kim təfsir edib, necə təfsir edib. Məsələn, internetdə araşdırsaq, görərik ki, İncilin beş mindən çox təfsiri var. O ki qaldı qırmızı xətt məsələsinə, mən bir də ora qayıtmaq istəyirəm. Mən bu fikirlə razı deyiləm. Mənim təfəkkürüm Aristotel təfəkkürü deyil. Aristotelin təfəkkürü həm də Leninin təfəkkürüdür: “Kim bizimlə deyilsə, bizim düşmənimizdir”. Niyə? İndi də elədir. Məsələn, Müsavatda, ya da Xalq Cəbhəsində elə insanlar var ki, deyirlər YAP bizim düşmənimizdir. Ya da əksinə. Niyə? YAP-da da yaxşı insanlar var, Müsavatda da var, Xalq Cəbhəsində də… O, Lenin prinsipidir, Aristotel prinsipidir… Dünya bəyəm, sadəcə, ağ-qaradan ibarətdir? Dünyanın min bir çaları var.

 

– Rafiq müəllim, qeyri-səlis məntiqin hansı müddəaları var?

 

– Qeyri-səlis məntiqin iki müddəası var, üçüncüsü yoxdur. Birinci müddəa odur ki, dünyada hər bir şeyin, hər bir münasibətin, hər bir hadisənin dərəcəsi var, bircə Allahdan başqa. Mütləq olan ancaq Allahdır. Ailədə övlada olan məhəbbətin, qardaşa olan məhəbbətin də dərəcəsi var.

İkinci müddəa odur ki, qeyri-səlis məntiq hadisəni rəqəmlərlə qəbul etmir. Ümumiyyətlə, dünyada informasiya iki cürdür. Biri ölçü informasiyasıdır ki, onu ölçmək olur. Məsələn, temperaturu, təzyiqi ölçmək olur. Amma xoşbəxtliyi necə ölçəcəyik? Bunu ölçmək üçün heç bir cihaz yoxdur. Yaxud da iqtisadiyyatın dərəcəsini götürək, bunu necə ölçəcəksən? Deyirlər ki, qalxan iqtisadiyyatdır, enən iqtisadiyyatdır, sabit iqtisadiyyatdır, amma demirlər ki, əlli tam onda beşdir, altmış tam onda üçdür… Buna persepsiya informasiyası, qavrama informasiyası deyirlər. O yerdə ki ölçmə informasiyası işləmir, orada qeyri-səlis məntiq nəzəriyyəsi işləyir. Qeyri-səlis məntiq söz ilə işləyir, rəqəmlərlə işləmir. Həm də bu persepsiya informasiyanı hissə-hissə deyil, toplu halında qəbul etməyi əsas tutur. Məsələn, qabaqkı nəzəriyyələrdə belə bir şey vardı ki, gözəlliyi müəyyən etmək üçün insanın sifətini 27 parametrlə ölçürdü: gözlər arasındakı məsafə, burunun uzunluğu, dodaqların qalınlığı, sifətin eni… Mən həmişə bu nəzəriyyəyə qarşı olmuşam və demişəm ki, Leylini sevəndə Məcnunun əlində heç bir xətkeşi-zadı yoxuydu. O qavrayır ki, bu, mənim üçün gözəldir, ya gözəl deyil.

Mənim kitablarımın birində gəncliyin də düsturu var, ahıllığın da. Təxminən 20 il əvvəl yazdığım kitabdır. Məsələn, burada 10 insan var, onların arasından gəncləri seçmək lazımdır. Bu zaman neçə yaşına qədər olanları seçəcəyik? Deyək ki, 35 yaşa qədər olanları. O zaman 36 yaşı olanları cavan hesab etmək olmaz? 35 yaşı tamam olanda insan birdən-birə dəyişə bilməz axı. Yəni burada söhbət dərəcədən gedir. İnsan 33 yaşında daha çox cavandır. 37-38 yaşında isə ondan az cavandır. Amma Aristotel deyir ki, 35 yaşdan bir ay keçən insan artıq gənc deyil, qocadır. Başqa misal: deyirlər ki, yeddi rəng var, yeddi not var. Dünyada saysız-hesabsız rənglər, səslər var. Təbiətdə yaşılın nə qədər çaları, Qədir Rüstəmovun səsinin nə qədər fərqli notları, rəngləri var, bunları necə görməmək olar?

 

– Rafiq müəllim, belə bir fikir var ki, möcüzələr elmin üfüqünü göstərir. Məsələn, Quranda bildirilir ki, cinlər bir göz qırpımında Bilqeyisin taxtını Yəməndən Fələstinə gətirdilər. Yəni materiyanın an içində transferi gerçəkləşir. Sizin fikrinizi bilmək maraqlıdır, elm bu haqda nə deyir?

 

– Amerikada “Discoveri” adlı veriliş var. Türkiyədə də bunu türk dilində yayımlayırlar. Əfsuslar olsun ki, bizdə belə proqram yoxdur. Həmin proqramda Quranın elmlə əlaqəli surələrindən verilir və dünyanın bugünkü vəziyyəti ilə müqayisə edirlər. Maddənin sürətli transferi artıq elmi cəhətdən sübut olunub. Gələcəkdə daha sürətli, işıq sürətinə yaxın uçuşlar olacaq. Quranda hər bir şey göstərilib. Məsələn, DNK… İndi UZİ-də baxıb deyirlər ki, doğulacaq uşaq qız olacaq, yoxsa oğlan. Ancaq Quranda bu, tam açıq şəkildə göstərilib. Bütün dünya iyirmi birinci əsri beyin əsri, linqvistik əsr adlandırır. Biz ən yaxşı halda beynimizin 12%-dən istifadə edə bilirik. Bu da Eynşteyn kimi, Lütfi Zadə kimi insanlarda olur. Digər insanlarda 7-8% həddində olur. Bu günə kimi beyini öyrənə bilmirik. O, Allahın yaratdığıdır. Biz Allahın yaratdıqlarını, qoyduğu qanunları elmə gətirə bilsəydik, elm sıçrayışla inkişaf edərdi.

 

– Rafiq müəllim, etiraf edim ki, sizinlə görüşə çox ciddi hazırlaşmışdım; internetdə tapdığım bütün söhbətlərinizə qulaq asmış, əlimə keçən yazılarınızı oxumuşdum; bax budur, xeyli sual da hazırlamışdım, amma heç biri işə yaramadı. Çünki söhbətiniz o qədər cazibəli bir məcrada gedir ki, mən istiqamət dəyişə bilmirəm və növbəti sualımı da elə sizin söhbətinizdən çıxarmalı oluram. Oxumuşam ki, zaman nisbidir və əgər biz işıq sürəti ilə əlli il müddətində Yerin ətrafında dolansaq, yaşlanmadan geri dönərik, yəni yaşıdlarımızdan əlli il cavan qalmış olarıq. Quranda Əshabi-Kəhf söhbəti də var ki, orda insanlar 300 ildən çox yatırlar, oyananda elə bilirlər ki, cəmi bircə gün yatıblar. Yaxud da bir insanın 70, 80 ildə yaşadıqlarını bizimlə paralel bir dünyada bir böcəkmi, kəpənəkmi, ya hansısa bir canlı bizim bircə günümüz ərzində yaşayır, doğulur, böyüyür, sevir, nəsil artırır, qocalır, ölür. Onların bütün həyatı bizim bircə günümüzə sığır. Elm bu haqda nə söyləyir?

 

– Bilirsiniz də, indi Amerikada, Avropada külli miqdarda vəsaitlər qoyub araşdırmalar aparırlar ki, dünya necə yaranıb. Bunlar sübut etmək istəyirlər ki, dünya bir partlayışdan yaranıb. Açığı, mən bunun əleyhinəyəm. “Qeyri-səlis məntiq və din” məqaləsini yazanda bir yazıya rast gəldim. Bir ingilis professor yazır ki, mən öz dostumdan soruşdum ki, sən fiziksən, “Böyük partlayış” nəzəriyyəsi ilə məşğul olursan və yəqin ki, buna inanırsan. Dostu həmin professora deyib ki, inanır. O zaman professor soruşub ki, əgər dünya partlayışdan yaranıbsa, bəs zaman nə zaman yaranıb? Dostu buna cavab verə bilməyib və deyib ki, yox, dayan, orda Allah var. Demək istəyirəm ki, sizin dediyiniz hələ elmin aça bilmədiyi məsələlərdir. Nisbilik məsələsi, təbii ki, var. Qurani-Kərimdə Allah haqqında “Aləmlərin Rəbbi” deyilir, diqqət edirsinizmi, “aləmlərin” deyilir, yəni paralel dünyalar var və biz oralara girə bilmirik. Ola bilsin ki, oradakılar bizim həyatımıza girə bilirlər. Çünki o energetik çəpər o qədər böyükdür ki, biz hələ o çəpəri yarıb keçə bilmirik. Mən sizinlə razıyam o mənada ki, zaman da nisbidir, məkan da nisbidir və o şeyləri elm hələ aça bilməyib. Bu məsələdə bildiyimiz yeganə həqiqət var ki, hər şey Allahın yaratdığıdır və Allah istədiyini fərqli aləmdə fərqli həyatla yaradır.

 

– Rafiq müəllim, Eynşteynin bu qədər böyük dünyagörüşünə, elmi istedada sahib olmasına heyrət eləyirəm. Onun ortaya qoyduğu nəzəriyyələrin əksəriyyəti Quranın söylədiklərinin bir növ isbatıdır. Amma taleyin ironiyasına baxın ki, bu qədər böyük alim müsəlman olmadı.

 

– Eynşteyn müsəlman olmadı, amma Əbdussalam oldu. Allah Üzeyir bəyə rəhmət eləsin, deyirdi ki, Məşədi İbad əsl müsəlmandır, yəni o “əsl” də qeyri-səlis düşüncədir. Əbdüssalamın “Nobel nitqi” var. Mən gənclərimizə tövsiyə edərdim ki, “Nobel nitqləri”ni tapıb oxusunlar. O mükafatı alan hər alim 20-30 səhifə həcmində belə bir nitq hazırlayır. Sizi inandırım ki, o nitqlər sizlərə böyük-böyük romanlardan daha çox şeylər öyrədəcək. Əbdussalamın “Nobel nitqi”ndə iki maraqlı məqam var. Birində deyilir ki, bu gün müsəlman dünyasının bu vəziyyətdə olması onun İslama bağlılığından irəli gəlmir, tam əksinə, ondan irəli gəlir ki, müsəlmanlar İslamdan sapdılar, ona xidmət eləmədilər, ondan uzaqlaşdılar və başlarına gələnlər də məhz bunun nəticəsidir. Bu gün baxın, müsəlman aləmində diktatorluq, haqsızlıq hökm sürür, insan yerdə sürünür, zülm baş alıb gedir, insan öz içini açıb deyə bilmir… Amma bu bir tarixi həqiqətdir ki, bir vaxtlar bütün Avropa elmi, universitetləri müsəlman alimlərin, ərəb universitetlərinin çiynində yüksəlib. Qurani-Kərim bizə nəyi öyrədir? – Onu öyrədir ki, lap yüz yaşında da olsan, öyrənməlisən.

 

– Mənim bildiyim Rafiq müəllim səmimi müsəlmandır və tez-tez Avropada, Amerikada olur, oralarda yaxın dostları ilə görüşür, möhtəşəm məclislərdə çıxışlar edir. Orada müsəlman Rafiq Əliyevi necə qarşılayır, necə qəbul edirlər?

 

– Müsəlman Rafiq Əliyevə oralarda münasibət məsələsinə gəldikdə qeyd edim ki, Amerikada, Avropada belə bir anlayış yoxdur. Məsələn, bizim bir dostumuz var, onunla bir yerdə çalışırıq – Məhəmməd Cəmşidi, farsdır. NASA-nın Marsla bağlı iki proqramı olub, ikisi də iflasa uğrayıb. Ən sonda Məhəmməd Cəmşidiyə müraciət ediblər və bu problemi o həll edib. Çox məşhur alimdir, Zadənin də, bizim də dostumuzdur. Tək o deyil, minlərlə müsəlman alim orada elmi-tədqiqat işləri ilə məşğuldur. Amerika elminin böyük bir hissəsi müsəlman alimlərin çiynindədir. Digər bir müsəlman alim Əli Cavan. Lazeri o, kəşf edib. O buna görə “Nobel” almalıydı. Hansı səbəbdənsə ala bilmədi. Onu da deyim ki, Nobel mükafatı ilə bağlı başqa sahələri bilmirəm, amma elmdə kimsə kimsəyə təsir edə bilməz ki, ona verilsin, ya başqasına verilsin.

 

– Bəs Rafiq müəllim necə, inşallah, Nobel mükafatı ala biləcəkmi?

 

– Deyə bilmərəm.

 

– Sizin tədqiq etdiyiniz qeyri-səlis məntiq nəzəriyyəsindən yanaşsaq, bu mükafatı ala bilməyiniz nə qədər real görünür?

 

– Nobel mükafatının əsasnaməsində belə bir qayda var: aparılan müzakirələr 50 il ərzində gizli saxlanılır. Bu mükafatı alanların istisnasız olaraq hamısı bu xəbəri ya avtobusda, ya bir yerdə oturub çörək yeyərkən eşidiblər, yəni heç kim bunu əvvəlcədən bilmir.

 

– Rafiq müəllim, bizim üçün maraqlıdır ki, siz klassik İslam alimlərindən, mütəfəkkirlərindən kimləri mütaliə edirsiniz?

 

– Ən çox oxuduğum və rəğbət bəslədiyim Mövlanadır. Dünyaya sevgi ilə, mərhəmət hissi ilə yanaşır, insanı sevməyə çağırır Mövlana.

 

– Rafiq müəllim, neft istehsalımız azalır, manatımız da getdikcə zəifləyir.

 

– Mənim 2008-ci ildə bir yazım olub. Azərbaycanın post-neft dövrü ilə bağlıdır. Dünyada qəbul edilən iqtisadi modellər var. Dünya ölkələrinin əksəriyyəti də bu modellərdən istifadə edirlər. Dünyada dörd iqtisadi model var. Bunlardan biri bilik modelidir. Bu modeldən istifadə edən ölkələrdə bilik “istehsal” olunur. Onlar nə qızıl, nə neft istehsal edirlər, nə də paltar tikib satırlar, məsələn, Amerika. Bu gün Amerika dünyaya səksən faizdən çox, bəlkə də doxsan faizə yaxın bilik istehsal edir. BMT-nin də hesabatında belə bir sual var: ABŞ nə istehsal edir? Cavabında yazırlar: Bilik. Yəni Amerika alimləri bir texnologiya hazırlayırlar və onu balaca bir CD-yə yazırlar, əgər çox mühüm texnologiyadırsa, özünə saxlayır; yox, əgər o qədər də mühüm deyilsə, onu satır. Satanda da bu CD-lərin biri yüz minlərlə ton neftdən bahalı olur. 

İkinci model texnoloji modeldir. Məsələn, Yaponiya İkinci Dünya müharibəsindən çıxandan sonra belə bir qərar qəbul etdi ki, elmə çox pul ayırmayacaq. 

Elmə ayıracaqları məbləğ o qədər olacaq ki, texnologiyanı Qərbdən alacaq, onu təkmilləşdirərək, vicdanla çalışaraq, yüksəkkeyfiyyətli məhsul istehsal edib satacaqlar. Onlar istehsal etdikləri məhsulun keyfiyyətinə daha çox diqqət etdilər, elmə çox üstünlük vermədilər. Bu gün biz mağazada üstünə “Made in Japan” yazılmış bir cihaz görəndə tərəddüd etmədən alırıq, çünki inanırıq ki, keyfiyyətli maldır. Onlar bu yolu tutdular, o istehsalda vicdan var. Təsadüfi deyil ki, bu gün dünyada ən yaxşı universitetlərin ilk onluğuna səkkiz ABŞ universiteti daxildir. Yaponiya universitetləri ABŞ universitetlərindən geri qalır. Dünyada yüz ən yaxşı universitetdən səksəni ABŞ-ın payına düşür, amma bu siyahıda cəmisi iki yapon universitetinin adı var. 

Ancaq Yaponiyanın istehsal etdiyi texnoloji avadanlıqlar ABŞ-dakılardan daha üstündür. Yaponlar yeni şeydən daha çox, hər şeyin yaxşısı prinsipi üzərində dayandılar. Mənim amerikalı dostlarımın heç biri Amerika maşını almazlar, hamısı yapon maşınları alır. Çünki yapon maşını daha keyfiyyətlidir, daha qənaətlidir, daha davamlıdır. 

Dediyim odur ki, hər bir ölkə vaxtında seçimini etməli, yolunu tutmalıdır.

 

– Rafiq müəllim, çox-çox üzr istəyirəm, söhbətinizə qulaq asdıqca ağlıma yeni fikirlər gəlir və sanki mən sizinlə müsahibə deyil, hansısa mövzunu müzakirə edirəm. Quranda bir ayə var: Allah-Taala orada buyurur ki, Allahdan ancaq alimlər layiq olduğu kimi qorxarlar. Buradakı “qorxmaq” ifadəsi də əslində tam mənası ilə bizim düşündüyümüz qorxmaq deyil. Bu sözün Quranda qarşılığı “təqva”dır, o da “qüvvət” sözü ilə eyni kökdən gəlir, yəni gücdür; Allahı düşünərək, üstümüzə axın edən günahlara qarşı sağlam durmaq, əyilməzlikdir. Həmin o ayədən aldığım bir qənaəti söyləmək istəyirəm ki, əslində alimliyin təməl şərti elə o təqvadır, hər şey ordan başlayır, o kimdə yoxdursa, alim olduğunu iddia eləməsin. Sizcə, bu gün neçə alimimiz var?

 

– Mənim bir yazım var idi. O yazı ətrafında, təxminən, üç il müzakirələr getdi. Adı belə idi: “Mən Allahsız alim tanımıram”. Məsələn, Lütfi Zadənin ən çox işlətdiyi ifadə “İnşallah”dır. Söhbət edəndə nə deyirəmsə, deyir, Rafiq, inşallah. O yazıya görə məni tənqid edənlər də oldu. Əslində mən ateistə də hörmətlə yanaşıram, o da onun seçimidir. Mən kimsəni məcbur edə bilmərəm ki, sən Allahı sevməlisən. Məni tənqid edənlər yazırdılar ki, Rafiq necə alimdir ki, Allaha inanır? Mən o yazıdan sonra bir şeyi başa düşdüm ki, bizimkilər elmlə dini bir-birinə qarşı qoyurlar, yəni əgər bir adam Allaha inanırsa, ondan alim olmaz. Bu qədər də cəhalət olarmı? Elmin vəzifəsi Allahın yaratdıqlarını öyrənməkdən, Onun qoyduğu qanunları açmaqdan başqa nədir ki? Adamı yaralayan bir şey var ki, bu cür düşünənlər, yazanlar dəyərlərə toxunurlar; bax bunu həzm etmək olmur. Yoxsa, kim Rafiq müəllimi necə tənqid edir, mən belə şeylərə çox fikir vermirəm. Bir dəfə məni fəlsəfə institutuna dəvət etmişdilər ki, mühazirə oxuyum. Mən də qəbul etdim və çıxışımda dedim ki, insanın dünyagörüşünü üç amil müəyyən edir: Onun Allah anlayışı, içindəki “mən”i və universitet, yəni onun aldığı təhsil. Məndən sonra çıxış edən tanınmış bir alim dedi ki, Rafiq müəllimi yaxşı tanıyırıq, ona hörmətimiz var, amma Allahın fizika ilə nə əlaqəsi var? Mən də hər şeyi sakit qarşıladım və konfrans qurtarandan sonra ondan xahiş etdim ki, mənim “Mən Allahsız alim tanımıram” yazımı oxusun. İstədim ki, oxusun və özü məntiqi nəticə çıxarsın ki, mən onu alim hesab eləmirəm.

 

– Rafiq müəllim, kimlərlə dostluq edirsiniz, kimlərlə oturub-durursunuz?

 

– Mənim ən yaxın dostlarım, hətta qardaşım səviyyəsində deyərdim, Ramiz Rövşəndir, Musa Yaqubdur, baxmayaraq ki özü bu dünyada yoxdur, Məhəmməd Əsədovdur. Allah ona rəhmət eləsin! Qeyri-səlis məntiqə görə dərəcələrə bölsək, çoxdur dostlarım. Dünyada yaşamağın əsaslarından biri də odur ki, təmasda olasan. Allah o gündən saxlasın ki, sən dostlardan, insanlardan qopasan, təmasda olmayasan. Amma burda da mənim qırmızı xəttim çox səlis deyil, deyəm ki, bu insan mənə dostdur, bu insan mənə düşməndir. Düzdür, sevmədiyim insanlar var. Hətta nifrət etdiyim insanlar da var. Amma nifrətin də dərəcəsi var. Birinə lap çoxdur, birinə azdır.

 

– Mənim bir dostum deyir ki, ədalət hər kəsi layiq olduğu yerə qoymaq, layiq olduğu qədər sevməkdir.

 

– Bax, görürsünüzmü, burda da qeyri-səlis məntiq var. Yəni siz o “layiq olduğu” dediyiniz anlayışı rəqəmlərlə göstərə bilərsinizmi, burdan-bura qədər budur, burdan-bura qədər o? Əlbəttə, yox. Əslində bütün bu həyat qeyri-səlisdir.

 

– Rafiq müəllim, axırıncı dəfə nə vaxt ağlamısınız? Ümumiyyətlə, kişi ağlayarmı?

 

– Hə, kişi ağlayar. Yadıma bir söhbət düşdü. Süleyman Rüstəm rəhmətə gedəndə mən bir nəfərdən xahiş etdim ki, Arazdan su gətirsin, onun qəbrinin üstünə tökək. Oğlu Azada dedim ki, atanın şeiri yadındadır:

“Mən kommunist olsam da ağlamışam,

Ölən Azadıma yas saxlamışam”.

Dedi, əlbəttə, xatırlayıram. Yəni kişi ağlayar. Ancaq kişi əyilməz. Bir yazımda yazmışam ki, Azərbaycan kişisi iki dəfə əyilə bilər. Bir dəfə nəvəsinin beşiyi başında, onu öpəndə. Bir dəfə də İsa bulağından əyilib su içəndə. O ki qaldı ağlamağa… Ağlamaq əyilmək demək deyil, ağlamaq hissiyyatdır. İnsanda ağıl, zəka qat-qat üstün olmalıdır; insan ağılla qərar verir, amma gərək adamın hissiyyatı da olsun. İndi mütəxəssislər düzəltdikləri robotlara da hissiyyat “verirlər”.

 

– Sizə elə gəlmir ki, insanlar sanki duyğusuz olublar?

 

– Yenə bir yazıma qayıdacam. Həmin yazımın adı “Sosial yenidən kodlaşdırma”dır. Həmin yazımda millətin yenidən kodlaşdırılmasından bəhs etmişəm. Necə ki, ağacı calayıb, başqa ağac alırsan, millətləri də elə dəyişdirirsən, yəni milləti yenidən kodlaşdırırsan. Əgər dəyərləri dəyişdirirsənsə, yaxud rüşvət baş alıb gedirsə, dəyərsiz insanları dəyərli adam kimi səhərdən-axşama qədər TV-lərə çıxarırsansa, təbii ki, belə də olmalıydı. Dəyərləri dəyişəndən iyirmi il sonra qarşında tamam başqa millət görəcəksən. Bəzən artistlər əcaib geyimlərdə TV-lərə çıxanda yanımda heç kim olmasa belə mən üzümü çevirirəm, baxa bilmirəm. Öz içimdəki senzuramdan utanıram. Bilməyənlər, başı çıxmayanlar deyirlər ki, yaxşı olmasaydı, oraya çıxmazdı, gedim mən də onun kimi geyinim, onun kimi eləyim. Elə şeylər göstərilir, təbliğ edilir ki, adamın deməyə dili gəlmir. Yəni milləti yenidən kodlaşdırma budur. Milləti tanıdan dəyərləridir. Onu dəyişsən, yeni millət alacaqsan. Yenə çox-çox üzr istəyirəm, bir yazımdan danışacam. Yazmışdım ki, “bu millətin fəlakəti Fəlakətə baxmaqdır”. O Bozbaşdır-nədir, mən o verilişə heç vaxt baxmamışam. Ancaq eşitdim ki, bu adama ev veriblər. Sən demə, bu TV-nin ən reytinqli verilişidir. Dəyəri dəyişmək belə olur.

 

– Rafiq müəllim, siz ədəbiyyatı çox sevirsiniz, deyirsiniz ki, ən yaxın dostlarınız da elə şairlərdir. Hansı şairləri, hansı şeirləri oxuyursunuz, kimin şeirləri ilə təskin olursunuz?

– Nə var Allahdan yuxarı.

Nə var qəbirdən aşağı.

Çəkdiyim ahdan yuxarı

Bildiyim sirdən aşağı.

Ruhum, yığış gedirik

Sən yuxarı, mən aşağı

Mən Ramizi çox sevirəm və özünə də deyirəm ki, çox qürrələnmə, vallah, hamısı Allahın verdikləridir.

Gələn nədir, gedən nədir,

Bələk nədir, kəfən nədir…

Hansını deyəsən… Ramiz çox gözəl, çox böyük şairdir. Mənim bu dünyada iki nəfərlə mübahisəm var. Doğrudur, dünyanın özü ilə də konfliktim var, amma bu ayrı şeydir. O dediyim insanlardan biri Lütfi Zadədir, biri də Ramiz Rövşən. Mən Lütfi Zadə ilə ona görə mübahisə edirəm ki, gördüyümüz işlərin 99 faizi onun, 1 faizi isə mənimdir. Bu yaxınlarda Amerikada Zadə ilə mənim ortaq bir kitabımız çıxdı və mən ona təşəkkür yazdım, altına da P. S. əlavə etdim: “99 faiz Zadə, 1 faiz Əliyev”. O da mənə göndərdiyi mesajda yazır ki, “99 faiz Əliyev, 1 faiz Zadə”. Hələ ki ortaq məxrəcə gələ bilməmişik. Ancaq Ramiz Rövşənlə olan mübahisəmizi, deyəsən, həll edə biləcəyəm. Ramizin bütün yazdıqlarını bəyənirəm. “Nəfəs” kitabı masamın üstündədir, hər gün açıb oxuyuram. Amma onun “Qara paltarlı qadın” şeiri daha çox xoşuma gəlir. Bu, hər kəsin qapısını döyən bir şeirdir. Ramiz isə deyir ki, bu şeir mənim heç “onluğuma” da daxil deyil. Uzun müddət, 5-10 il bu söhbət getdi. Bir gün telefon zəng çaldı, açdım ki, Ramizdir. Deyir ki, deyəsən, sənə tabe olacam. Dedim, nə olub? Deyir ki, bəs Türkiyədə qadınlar parlamentdə mənim “Qara paltarlı qadın” şeirimi oxuyublar. İranda da bu şeiri bir nömrəli şeir elan ediblər. Amma onun öz şeirləri içində ən çox xoşuna gələn “İlan balası”dır, “Ayrılıq”dır.

Musa Yaqubun şeirlərini çox sevirəm. Bir dəfə bədii qiraətçi Ağalar Bayramov zəng vurmuşdu, dedim, Musa Yaqubun yeni şeirlərini oxumusan? Dedi, hansını? Dedim, “Ruhla söhbət”i. Bir həftə sonra Ağalar müəllim bir də zəng elədi ki, “yutub”u açıb baxın. Baxdım ki, o şeirləri oxuyub yazdırıb, özü də çox gözəl alınıb.

 

– Rafiq müəllim, ölüm sizin üçün nədir?

 

– Dünyada qaçılmaz bir şey var, o da ölümdür. Ona da üzüağ getmək lazımdır. Əvvəla, ölüm borcdur, qaytarılmalıdır, heç kim ondan qaça bilməz. Ondan qorxmaq lazım deyil. Ondan kim qorxa bilər? – Bu dünyada çoxlu pis əməlləri olanlar. Çünki o dünyanın əzabından qorxurlar. Ancaq mən qorxmuram. Ölümlə bağlı çox sevdiyim bir insanın, xalam oğlu Xudu Məmmədovun bir bayatısını demək istəyirəm:

Əlim köməyim olsun,

Elim köməyim olsun,

Kimsəyə möhtac olsam,

Ölüm köməyim olsun.

Ölüm haqdır, amma Allahdan bircə onu diləyirəm ki, əzablı ölüm verməsin.

 

– Rafiq müəllim, sizinlə söhbət bizim üçün çox xoşdur, amma söhbətin əvvəlində bizə bir saat vaxt ayırdınız, biz də o vaxtı doldurub keçmişik. Çox sağ olun ki, gəldiniz! Çox sağ olun ki, varsınız!

 

– Təşəkkür edirəm.

 

Söhbətləşdi: Əli Çərkəzoğlu

zaman.az

 




Yuxarı Əvvələ Ana Səhifə