XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2020 - 10:23

İradə Musayeva: “Ədəbi dilin qorunması uğrunda mücadilə ümumxalq işinə çevrilməlidir” - MÜSAHİBƏ

Tanınmış ədəbi tənqidçi, dosent İradə Musayeva “ilkxəbər.org”a müsahibəsində müstəqillik dövründə ədəbi dilimizin inkişafı üçün təhdidlər,  bugünkü bədii əsərlərimizin dili, küçə və prospektlərimizin “əcnəbiləşməsi” barədə danışıb.

– Son illər Azərbaycan cəmiyyətində ədəbi dil müzaklirələri səngimir. 2018-ci il kəskin orfoqrafiya debatları ilə yadda qaldı, indi isə Bakının əcnəbi dillər tərəfindən işğalı cəmiyyətdə ən çox müzakirə edilən mövzulardandır. Nələr baş verir?

— Əslində dil məsələsi, ədəbi dilin korlanması, Bakı küçələrindəki yazı dilimizin düşməncəsinə biabırçı hala salınması siyasəti haqqında müxtəlif dövrlərdə ziyalılarımız, filoloqlarımız tək-tək də olsa yazıb, danışıb, etiraz edib. Şəxsən mən dəfələrlə müsahibələrimdə, televiziya çıxışlarımda, sosial şəbəkə statuslarımda narahatlığımı faktlar əsasında ifadə etmişəm. Lakin, bilirsiniz, istənilən fundamental problem haqqında reaksiya və cavab tədbirləri olmayanda adam öz mövqeyinə belə şübhə edir. Elə bilirsən və özünü inandırmağa çalışırsan ki, bu, ciddi dərd deyil. Elə olsa, hökumət və xalq bu boyda biabırçılığa susmaz…

Fəqət bu gün ölkədəki ictimai-siyasi, sosial-mədəni sahələrə uzun illər rəhbərlik edən daxili düşmən qüvvələrin gözlərimiz önündə açılan cinayət qovluqlarındakı antimilli təbliğat proqramı sübut etdi ki, bütün bunların hamısı məqsədli imiş. Xalqın dilini, dinini, mədəniyyətini, tarixini, elmini, təhsilini, mətbuatını, ədəbiyyatını, əxlaqını yerlə yeksan etmək üçün böyük bir şəbəkə fəaliyyət göstərirmiş. Yəni, ziyalıların səsi eşidilməsə də, mübarizə və etirazlarında haqlı imişlər. Dilimizin süquta doğru sürüklənməsi məişət, cəmiyyət həddində deyil, daha yuxarı səviyyələrdə planlanıbmış…

Deyirsiniz ki, 2018-ci il kəskin orfoqrafiya debatları ilə yadda qaldı. Bəli, onların dil islahatı adıyla oynadığı maliyyə oyunlarının qarşısını yüzlərlə milli qeyrəti olan adamların prezidentə müraciəti hesabına dayandıra bildik.

– Müstəqillik dövründə ədəbi dilimizin inkişafı üçün ciddi təhdidlərin yaranması qəribə deyilmi?

— Sovet hakimiyyəti illərində Azərbaycan dilinin lüğətçiliyi, işlənmə etikası daha səviyyəli vəziyyətdə idi. Televiziya-radio, yazılı mətbuat mədəniyyəti elə qurulmuşdu ki, dilimizi hörmətdən salan, aşağılayan, qəbilə dili həddində kiçildən nüanslar tapa bilməzdin. Onda öz içərimizdə olan antimilli qüvvələr bu qədər böyük səlahiyyətlərə yiyələnməmişdi. Baxın AMEA-nın Ədəbiyyat və Dilçilik institutlarına. Özfəaliyyət təşkilatları kimi primitiv işlərlə məşğuldurlar. Cəmi 100 min sözü olan bir orfoqrafiya lüğəti adına milyonlarla manat pul mənimsənildi. Ortada isə heç nə yoxdur. Minlərlə tiraj (əgər tiraj sayı doğru yazılıbsa!) dəfələrlə çap olundu və dəfələrlə də ləğv edildi. Bütün bu eybəcər siyasət rəsmi qaydada həyata keçirilir və işin içərisində olan və ya müşahidə edən alimlər isə müticəsinə susurdu… Dövlətin dilimizə ayırdığı pullar həmin bu mafiyoz qrupun cibinə gedir, nəticədə əlimiz yenə boş qalırdı. Və yenə AMEA alimləri susur, yaxud yaltaqcasına haqqı danırdı… Məşhur “Qoşa yy əməliyyatı” yadınızda olar. Hətta bizim inandığımız dilçi alimlər belə oyunlara alət oldu…
Dövlət Dil Komissiyasının yarıtmaz fəaliyyəti də buraya əlavə edilməlidir. Orfoqrafiya lüğətlərinin biabırçı şəkildə nəşri və bu komissiyanın məsuliyyətli tərəf olduğu halda etinasız davranışı təəccüblüdür. Baxın, əslində orfoqrafiya lüğəti hər 5 ildən bir təkmilləşdirilib yenidən nəşr olunmalıdır.  2012-ci ildə nəşr edilən lüğət “ciddi nöqsanlara görə” satışdan yığışdırılıb, 2013-cü ildə nəşr edilən lüğət isə orfoqrafiya qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilmədən çap edildiyi üçün hüquqi qüvvəsi olmayan elan edilib. Dövlət Dil Komissiyasının adı isə hər iki lüğətdə yazılıb.

Dövlət Dil Komissiyası niyə yaradılıb? “Azərbaycanın dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi məqsədi ilə”. (Respublikasının Prezidentinin 18 iyun 2001-ci il tarixli fərmanı ilə yaradılıb).

– Qayıdaq Bakı küçələrinin “işğal”ına. Sizcə, bu məqsədli ola bilərmi?

— Əlbəttə! Küçə yazıları dilin gözdəki yaddaşıdır! Dili korlamaq və ya təhrif edib sıradan çıxarmaq üçün onlarla metod var. Dərsliklərin dili, mətbuat dili, televiziya və radio verilişlərində danışılan lağlağı aspektli dil modeli… Və ən əsası milli dilə alternativ və önə çıxarılan başqa dili (rus dilini) hörmətləndirmə siyasəti. Bu gün niyə az qala 70-80 faiz valideyn israrla övladlarını rus məktəblərində oxutmaq istəyir?! Bütün bunlar hamısı həmin siyasətin bəhrəsidir. İş adamları obyektlərinin üstündə öz dillərində deyil, əcnəbi dildə yazılar yazdırır, analar övladları ilə başqa dildə danışır, marketlərdə malların üstünü oxusanız, çoxunda yazılar ilk olaraq başqa dildədir (halbuki mal Azərbaycan istehsalıdır).

– Təxminən bir ay əvvəl BŞİH-də ziyalılarla görüşdə Siz də iştirak edirdiniz. Təəssüratlarınız maraqlıdır…

— Bəli, bildiyiniz kimi, Bakı şəhərinin əcnəbi dillərdən təmizlənməsi uğrundakı mübarizəyə yüzlərlə insan qoşuldu. FADMM-in, şəxsən Vasif Sadıqlının reallaşdırdığı hərəkat həm xalqın, həm də dövlət rəhbərinin diqqət mərkəzinə çatdırıldı. Şükür ki, bu dəfə reaksiya və konkret addımlara cəhd müşahidə etdik. 1000-dən çox imza toplandı ki, bunların içərisində professorlar, elmlər doktorları və ümumən tanınmış ziyalılar çoxluq təşkil edirdi. Əslində daha çox, on minlərlə imza yığmaq olardı. Lakin məsələ problemi qabartmaq və onun ali səviyyədə həllinə nail olmaq idi. Bu mərhələyə qədər müəyyən nəticələr əldə olundu və Bakı Şəhəri İcra Hakimiyyətində rəhbər şəxslər bizi qəbul etdi, iki saat yarım müddət ərzində müzakirə aparıldı. Söhbət əsnasında məsələnin nə qədər labrintvari, problemli və ziddiyyətli olduğunu hər iki tərəf anladı. Məlim oldu ki, şəhərin reklam dili, iaşə obyektlərinin ad məsələsi təkcə BŞİH-in fəaliyyəti çərçivəsində həll edilmir. Əqli Mülkiyyət Agentliyi, Dövlət Reklam Agentliyi və digər tərəflər var ki, onlar da əllərində olan əsasnamə, qanun maddələri ilə özlərini, bu sahə ilə bağlı fəaliyyətlərini haqlı hesab edə bilər. Nəticə isə yenə eybəcər alınır! Deməli, bir araya gələrək geniş müzakirələr aparılmalı və operativ şəkildə fərdlərin, qurumların, imtiyazlı şəxslərin deyil, AZƏRBAYCAN DİLİ-nin mənafeyi naminə qərarlar, layihə və iş planları hazırlayaraq Bakının yazı dilini mükəmməl şəkildə təmizləmək lazımdır! Məsələn, BŞİH-dəki söhbətdə məlum oldu ki, elə müəssisə və təşkilatlar var, onların sahiblərinə güc çatmır və ya müharibə veteranlarına nələrdəsə güzəşt etmək məcburiyyətində qalırlar və s. Sözsüz ki, bu hallarla mübarizənin özü vaxt və enerji tələb edir. Lakin bir millətin dilnin taleyi məsələsi, ölkə prezidentinin göstərişi və milli təəssüb mücadiləsi olan yerdə heç bir status önə keçə bilməz!

– FADMM-in təşəbbüsü Türkiyədə də rezonans doğurdu və Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Yüksək Məşvərət Məclisində müzakirəyə çıxarıldı. Bu barədə də nə deyə bilərsiniz?

— “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin (FADMM) sədri Vasif Sadıqlının təşəbbüsü ilə başlanan hərəkat Türkiyədə də rezonans doğurdu və bəlkə də, ilk dəfə idi ki, biz Türkiyədən deyil, Türkiyə bizdən örnək götürdü. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə problem Yüksək Məşvərət Məclisində müzakirəyə çıxarıldı. Və Vasif müəllimin də qeyd etdiyi kimi Azərbaycandan fərqli olaraq Türkiyədə müvafiq qanun layihələri hazırlanıb, reklam, tablo və lövhələrdə türk dilinin vəziyyəti barədə məlumatlar analiz edilib, ingiliscə adların çeşidlənməsi və türk dilinin qorunması üçün uyğun qanunun qəbulu təklif olunub. Otellər, istirahət mərkəzləri, ayrı-ayrı sahibkarlıq subyektlərinin lövhələrində ingilis dilindən həddən artıq çox istifadə problemi həll olunmaq üçün konkret addımlar atılıb.

Məsələ və əsas fərq  ondadır ki, bu günə qədər Türkiyədən fərqli olaraq, bizdə dilin qorunması və inkişafı ilə bağlı xeyli sayda  qanunvericilik aktları, sərəncam, fərman, əmrlər imzalanıb. Həmin rəsmi sənədlərin praktikaya tətbiqi isə yarıtmaz və deyərdim ki, tam əks formada ifadəsini tapıb. Yəni dövlətin, millətin, müstəqilliyin atributu olan bir simvol, meyar (Azərbaycan dili) məqsədli şəkildə tənəzzülə sürüklənib. Deməli, onlarda qanun qəbul edilən kimi real addımlar atılmağa başlanıldığı halda,  bizdə ənənəvi olaraq nəzəriyyənin praktikaya tətbiq edilməməsi naqisliyi ortaya çıxır. Qanunlar gözəldir, icrası isə bərbad…

– Ədəbi dilin inkişafında bədii əsərlərin rolu danılmazdır. Bir ədəbi tənqidçi kimi bugünkü yazıçıların əsərlərinin dili Sizi qane edirmi?

— Sözsüz ki, istənilən bir dilin koloriti, yenilənməsi, inkişafı, kökə bağlılığı daha çox bədii ədəbiyyatla bağlı olur. Yazıçı dili yaradıcı, obrazlı, poetik rəngarəngliliyi ilə  seçilir və bütün bu yaradıcı təfəkkür detalları ümumi mədəni dili zənginləşdirir. Bizim klassik anadilli ədəbiyyatımızda, XIX əsrin sonu XX əsrin əvvəllərindəki ədəbi mətbuatımızda və bədii yaradıcılıqlarda da bu rəngarəngliyi görmək olar.

Bugünkü bədii əsərlərimizdə yazıçı leksikası çox hallarda bəsit, yekrəng, quru  görünür. Bədii dil ədəbi dilə yeni və yaşayacaq, lüğətdə yer tutacaq sözlər ötürə bilmir.  Bunun üçün yazıçı cəsarəti çatmır, yazıçı təşəbbüsü və cəhdi, zəhməti görünmür. Halbuki bəyənmədiyimiz sovet ədəbiyyatı, xüsusən sovet nəsri bununla bağlı çox iş görüb. Məsələn, S.Rəhimovun “Şamo” romanı və s.

– Yenə qayıdaq paytaxtın işğalına. Bakının Rəsulzadə küçəsində 42 obyektdən 41-i əcnəbicədir. Başqa bir paytaxtda, lap elə Tbilisidə belə vəziyyət olardısa, ziyalıların susacağını təsəvvür edə bilirsinizmi?

— Dili təkcə sərəncam və qərarlarla qorumaq olmaz! Təcrübə də bunu göstərdi. Dili ilk növbədə xalq və onun düşünən təbəqəsi olan ziyalıları qorumalıdır. Qorumaq da azdır, təbliğ etmək, sevmək, inkişaf etdirmək və s. Biz dilimizə hörmət etmirik, öz müəssisəmizin adını, onun reklamını kütlə marağı, zövqünə hesablayaraq müəyyənləşdiririksə, bu elementar davranışın özündə də dilə xəyanət nüansı var. Biz adları elə seçib, elə reklam edə bilərik ki, o yazılarda dilin estetikası, zərifliyi, poetikası diqqəti cəlb edər.  İş adamı olmaq anti-milli mövqeli olmaq demək deyil. Hər bir sahənin insanı dili qoruma prinsiplərini başqa maraqlara qurban verməməlidir.

Bəs bizdə necədir? Onlarla iaşə obyektinin əcnəbi dildə və səhvlərlə dolu başlıqlarını oxuya-oxuya AMEA-ya işə gedib-gələn alimlərimiz (həm də dilçi alimlərimiz) məsuliyyət hiss edirmi? Və ya narahat olur, etiraz edirmi? İnanın ki, adi vətəndaşlar etiraz edir, onlar yox… Yəni, yumşaq şəkildə etiraz və müraciətə qoşulma məqbul deyil hazırkı durumda. Əllərində olan səlahiyyətlərdən istifadə edib, işlədikləri təşkilatda aparılan anti-milli dil əməliyyatlarına kəskin reaksiya verməli, bununla bağlı cəsarət və qətiyyət nümayiş etdirməlidirlər. Misal çəkə bilərikmi? Xeyr… Hamısı öz müdirlərinin diktəsi ilə reaksiya verir, adətən… Yəni 99 faizi…

– Nəyəsə nail olacağınıza inanırsınızmı? Deyilənə görə, “Bakı əcnəbi dillərin işğalından ya azad olunacaq, ya da azad olunacaq” deyə şüarınız var…

— Çox çətin prosesdir, lakin davamlı, prinsipiallıqla və inadla, zəhmətlə problemi həll etmək istəsək, alınar. Bu mücadilə ümumxalq işinə çevrilməlidir! Məktəblərdən tutmuş, bütün əlaqədar qurumlara qədər hər yerdə hər kəs düşüncəsinə, beyninə “Dilimizi sevək və qoruyaq!” şüarını həkk etsə, qısa zamanda çox uğur qazanmaq olar.

 Bu gün bədii ədəbiyyatın tərcüməsi işi, necə, qənatbəxşdirmi?

— Çox hallarda yox! Bununla bağlı xeyli məqalələr yazmışam. Tərcüməçilər dili daha bərbad hala çalır. Qarşı dilin müqabilində dilimizi şikəst, iflic obrazı ilə təqdim edir. Məsələn, bu barədə yazdığım sonuncu yazı A.Soljenitsinin romanının tərcüməsi ilə bağlı idi. Çox böyük bir həcm, böyük tiraj və dilimizin rəzil günə salınması fəaliyyəti! Dövlət büdcəsinin bu işə ayırdığı pulun hesabını soruşan yoxmu? Redaktor, məsul şəxs yoxmu?! Formal olaraq hamısı var, təkcə millətinə, mədəniyyətinə, dilinə hörmət hissi yoxdur!

– Sosial şəbəkələrdə dildən istifadənin vəziyyəti haqda nə deyə bilərsiniz?

–Çoxlu orfoqrafik və üslub səhvləri olur…

– Televiziya kanallarında ədəbi dil normalarımın qol-qanadının qırılması hallarının qarşısının alınması üçün, Sizcə, hansı tədbirlər görülməlidir?

— Televiziya kanallarında ədəbi dil normalarımın qorunması üçün ilk növbədə  mətbuat mədəniyyəti, etikası, əxlaqı olmalıdır. Bu isə xüsusi bir söhbətin mövzusudur. Mətbuat sahəsində ciddi islahatlar aparılmalıdır.