XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

09 Sentyabr 2020 - 12:01

Deputat Qüdrət Həsənquliyev:“Mənim Türkiyədən gözləntilərim daha çoxdur” - MÜSAHİBƏ

 BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin Strateq.az-a müsahibəsini təqdim edirik: 

-Qüdrət bəy, ötən ay Türkiyə ordusu Azərbaycana hərbi təlimlərə gəldi. Ondan əvvəl isə ermənilərin Tovuz rayonuna hücumu baş vermiş, rusların onları dəstəklədiyi ortaya çıxmışdı. Görünən budur ki, Azərbaycan artıq Rusiya ilə Türkiyənin və onun timsalında NATO qüvvələrinin hesablaşma poliqonuna çevrilir. İndiki vəziyyəti necə qiymətləndirirsiniz? Bunun bizə xeyri və ziyanı nə ola bilər?

-Bilirsiniz, Türk qoşunlarının burada hərbi təlimlər keçirməsi həm ordumuzun döyüş qabiliyyətinin gücləndirilməsinə xidmət edir, həm də ermənilərə və onların arxasında duran güclərə Azərbaycanın tək olmadığına dair mesaj verir. Sözsüz ki, mən Qarabağ problemlərinin həlli üçün təlimlərin keçirilməsini yetərli saymıram. Bununla belə, mənasız güc nümayişi olduğunu da düşünmürəm. Bəzi insanlar bu təlimlərin əhəmiyyətini maksimum dərəcədə sıfırlamağa çalışırlar. Mən onlara deyirəm ki, belə deyil. Vaxtilə, İran hərbi təyyarələri düz Qaradağa qədər gəlib çıxır, mütamadi olaraq Azərbaycanın sərhədlərini pozurdular. Məhz Türk ulduzlarının gəlib Bakıda hərbi manevrlər keçirməsi  və bunun ardınca İlham Əliyevin rəsmi dövlət vəzifəsi daşımasa da, (Neft Şirkətinin vitse-prezidenti idi) İran təyyarələrinin növbəti dəfə sərhədlərimizi pozarlarsa vurulacaqlarını bildirməsi bu təxribatların dayanmasıyla nəticələndi. Bundan sonra, İran hərbi təyyarələrinin bizim sərhədləri pozmasına son qoyuldu. O baxımdan, hərbi manevrlərin əhəmiyyətini tam heçə endirmək olmaz. Amma deyim ki biz bununla artıq Qarabağ problemimizi həll etdik, belə də deyil. Mətbuata açıqlamamda dediyim kimi, mən uzun müddət onun tərəfdarı olmuşam ki, Rusiya ilə münasibətləri yüksək səviyyəyə qaldırmalıyıq. Rusiyanı inandırmağa çalışmalıyıq ki, onun Cənubi Qafqazda maraqlarını biz qoruya bilərik. Bir şərtlə ki, torpaqlarımızı işğaldan azad etməyimizə imkan versin. Amma görsənən odur ki, Rusiya ilə danışıqlar alınmır, hökumətimiz isə bu barədə açıq danışmağa çəkinir. Fikirləşir ki, bu, Rusiya ilə münasibətlərin tamamilə korlanmasına gətirib çıxarda bilər.

-Sizcə, niyə alınmır?

-Çox təəssüf ki, detallarını bilmirəm. Mən hər zaman Azərbaycan hökumətini danışıqları Rusiya ilə aparmağa çağırmışam. Hökumət özü də deyir ki, Ermənistan forpostdur, müstəqil dövlət deyil. Müstəqil olmayan adamla nə danışıq aparmaq, nə də sənəd imzalamaq olar. Kim ona imkan verəcək ki, hansısa bir sənədi imzalasın, Azərbaycanın ərazi bütövlüyü tanınsın? Ona görə də xalqa Rusiya ilə aparılan danışıqlar barədə məlumat verilməlidir. Amma çox təəssüf ki, bu məlumat verilmir, səbəbini də izah etmirlər. Görünür, çəkinirlər ki, bu münasibətlər pozula bilər.

-Amma son zamanlar İlham Əliyevin Rusiyaya qarşı konkret çıxışları var. Hətta Putinlə sərt danışığını ictimailəşdirdi, sonra Yunanıstan səfiri ilə görüşdə də Rusiyanın əleyhinə fikirlər söylədi. 

-Əlbəttə, İlham Əliyev artıq Rusiyaya da bir mesaj ünvanlayır ki, biz sizin siyasətinizdən narazıyıq. Amma İlham Əliyev Putinlə danışığında onu da qeyd etmişdi ki, biz Rusiya ilə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq istəyirik. Onun üçün mən düşünürəm ki, biz əslində, Rusiya faktorundan heç zaman qaça bilməyəcəyik və bizim hazırda ata biləcəyimiz ən doğru addım Minsk Qrupundan imtina etmək olardı. Hazırda ATƏT-in Minsk Qrupu Ermənistanın üç ən böyük müttəfiqindən ibarətdir. Biz  Minsk Qrupundan imtina etsək və Azərbaycan Türkiyə ilə hərbi-siyasi yardım, müttəfiqlik haqqında saziş imzalasa, o zaman bizim tərəfdən Türkiyə, Ermənistan tərəfdən isə Rusiya bu danışıqlarda iştirak edə bilər. Beləcə, danışıqlardakı 0-3 nisbətini 1-1 nisbətinə endirmiş olarıq. Bundan sonra Rusiya ilə Türkiyə arasında digər məsələlərdə də ortaq məxrəcə gəlmək asanlaşar. Türkiyə müəyyən məsələlərdə (xüsusilə də Yaxın Şərq, yaxud digər beynəlxalq, regional məsələlərdə) Rusiyanı dəstəkləməklə, yaxud hansısa güzəştli addımlar atmaqla, Qarabağ məsələsinin ədalətli həllinə Azərbaycanla birlikdə nail ola bilər. Bir çoxları fikirləşir ki, Türkiyə ilə Azərbaycan hərbi ittifaq yaradıb Dağlıq Qarabağı müharibə yoluyla geri qaytara bilər. İndiki şəraitdə bu ehtimal mümkün deyil; açıq söyləyirəm. Ən azı ona görə ki, biz Qoşulmama Hərəkatının üzvüyük və neytrallıq siyasəti elan etmişik. Siz görürsünüzmü, Rusiya mediası yalandan burada Türkiyənin hərbi bazalarının olduğunu yazdı. Bizim Müdafiə naziri dərhal bunu təkzib etdi. Sanki Azərbaycan ağır bir xəyanətdə ittiham olunur və biz isə dərhal bunu təzib edirik ki, “böhtandır, şərdir, bizim ərazimizdə heç xarici hərbi baza yoxdur”. Ona görə deyirəm ki, Azərbaycan öz siyasətində ciddi dəyişiklik etməli və daha qətiyyətli, cəsur xarici siyasət yürütməlidir.

-Türkiyə ilə hərbi ittifaq barədə təkliflər bu gün cəmiyyətimizdə ən çox müzakirəyə çevrilən mövzudur. Siz isə indiki şəraitdə bunun asan olmayacağını düşünürsünüz. Bəs bu istiqamətdə hansı addımlar ata bilərik ki, istəyimizə nail olaq?

-Bilirsiniz, mənim Türkiyədən gözləntilərim daha çoxdur. Məsələn, düşünürəm ki, təşəbbüs Türkiyədən gəlməlidir və özü də açıq təşəbbüs olmalıdır. Biz, deyək ki, Türkiyə ilə hərbi-siyasi müttəfiq olmaq istəyirik. Bəs Türkiyə necə, o da bunu istəyirmi? Axı, tək bizim istəyimizlə bu məsələ düzəlmir. Mən bir dəfə müsahibələrimin birində demişdim ki, Türkiyədə indiki mövqe sərgilənir ki, “biz hər zaman sizin yanınızdayıq. Siz bizi çağırdığınız zaman biz gəlib sizə dəstək olacağıq”. Mən bu yanaşmanı alqışlasam da, yetərli görmürəm. Konkret addımlar atılmalıdır. Mən o zaman da söyləmişdim ki, Türkiyə öz fəaliyyətini Azərbaycanla uzlaşdırmamalıdır, sanki öz torpaqları işğal altında olan bir ölkə kimi Qarabağ məsələsi ilə bağlı danışıqlar aparmağa təşəbbüs göstərməlidir, fəallıq nümayiş etdirməlidir. Yəni bizim Türkiyədən daha böyük gözləntilərimiz var. Məsələn, Türkiyə Qarabağ məsələsi ilə bağlı İranla da danışıqlar apara bilər. Hazırda İranın Türkiyəyə çox böyük ehtiyacı var. Türkiyə İrandan tələb edə bilər ki, “sən Ermənistanla münasibətlərinə yenidən bax, sən müsəlman torpaqlarını işğal edən bir ölkə ilə bu cür əməkdaşlıq etmə”. Və yaxud Türkiyə Ermənistana ciddi sanksiyalar barədə düşünə bilər. Məncə, bu istiqamətdə də addım atmalıdır. Təkcə sözdə bəyanat verib Azərbaycanı dəstəklədiyini deməklə iş bitməməlidir. Məsələn, Türkiyədə qanunsuz yaşayan ermənilər deportasiya edilməlidir. Bu, Ermənistanda ciddi sosial gərginliklər yaradacaq. Bundan başqa, Ermənistanla ticari əlaqələrə qadağa qoyulmalıdır. İndi sərhəd bağlı olsa da, türk şirkətləri Gürcüstan üzərindən Ermənitana gedirlər-gəlirlər, iş adamları birgə konfranslar keçirirlər. Pandemiyaya qədər təyyarə reysləri var idi, indini bilmirəm. Bir sözlə, Türkiyə Ermənistana həm daha ciddi təzyiq göstərməli, həm də başqalarından bunu tələb etməlidir. Mən əminəm ki, Türkiyənin Rusiyaya olmasa da, İrana çox ciddi təsir etmək imkanları var. Məsələn, İranı İslam dünyasında ifşa etməlidir ki, “sənin ərazin üzərindən, özü də şiə müsəlmanlarının yaşadığı ölkənin torpaqlarını işğal edən Ermənistana  necə silah daşınmasına icazə verirsən?! Niyə icazə verirsən ki, sənin ərazindən istifadə olunsun? Axı Azərbaycan heç vaxt öz ərazisindən  İrana qarşı istifadəyə imkan verməyib…

 -Rusiyanın Ermənistanı silhahlandırması, ümumiyyətlə, Ermənistana dəstək verməsi fonunda biz Rusiya ilə münasibətlərimizə yenidən baxa bilərikmi? Məsələn, ən azı diplomatik təmsilçilik dərəcəsini azalda, səfirimizi geri çağıra bilərik. 

-Biz Rusiya ilə diplomatik əlaqələri saxlamalıyıq. Öncə də söylədim ki, Rusiyanı problemin həllindən tam uzaqlaşdırmaq mümkün deyil. Əgər Azərbaycanın və Türkiyənin Rusiya ilə danışıqları nəticə verməsə, biz Müstəqil Dövlətlər Birliyindən dərhal çıxmalıyıq. Rusiya ilə  münasibətlərə yenidən baxılmalıdır; hansı müqavilələr  bizim marağımıza uyğundursa, onları saxlamalıyıq, hansı marağımıza uyğun deyilsə, ondan imtina etməliyik. Mən demirəm ki, Rusiyanı düşmən elan edib bütün münasibətləri kəsməliyik. Sadəcə olaraq açıq Qərbyönümlü siyasi xətt tutulmalı və Türkiyə ilə hərbi-siyasi ittifaq qurmağa çalışmalıyıq. NATO-ya üzvlük indiki dövrdə qeyri-real olsa da, alyansın üzvü olmaq üçün bu quruma rəsmi müraciət ünvanlamalıyıq. Necə ki, Ukrayna, Gürcüstan bunu edib. Hamımız bilirik ki, torpaqlarımızın işğal altında qalmasının əsas səbəbi Rusiyanın Ermənistana verdiyi dəstəkdir. Biz isə torpaqlarımızı işğal altında saxlayan ölkəyə vasitəçilik missiyasına görə təşəkkür edirik, onunla strateji tərəfdaşlığımızdan qürur duyuruq və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışırıq.  Mən müsahibələrimin birində də söyləmişdim, indi də təkrar edirəm; biz özümüz özümüzə hörmət qoymalıyıq ki, başqaları da bizə hörmət etsin.

-Son zamanlar Rusiyanın ətrafında həlqələr daralır. Xüsusilə Şərqi Avropada yerləşən post-sovet ölkələrinin Moskvaya qarşı çox ciddi təzyiqləri var. Belarus kimi ən yaxın müttəfiqi belə Rusiyanın nəzarətindən çıxıb, Amerika Ukraynaya iki ədəd atom daşıyıcısı olan təyyarələrini göndərib. Baltikyanı ölkələr, Polşa, Rumıniya Rusiyayla xeyli sərt üslubla danışırlar. İsveç, Danimarka, Norveç Rusiyaya qarşı hərbi təlimlər keçirirlər. Digər tərəfdən isə “Türk axını”, “Şimal axını-2” kimi rus layihələrindən imtina edilir. Navalninin zəhərlənməsindən sonra Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiqi müzakirə olunur. Sizcə, Rusiyanın ətrafında nələr baş verir? 

-Rusiyanın keçmiş Sovet respublikalarına münasibətdə yürütdüyü siyasət, həmin dövlətləri daim basqı altında saxlamaq, onların iradəsini zorlamaq, öz istəklərin uyğun davranmağa məcbur etmək siyasəti qonşu ölkələrdə Rusiyaya qarşı mənfi münasibət formalaşdırıb. Həmin ölkələrin insanları görürlər ki, kim fərqli bir cəmiyyət qurmaq, yaxud fərqli bir siyasi xətt yürütmək istəyirsə, Rusiyanın təcavüzkar siyasətilə üz-üzə qalır. Moskva həmin ölkələrin torpaqlarını işğal edir, etnik separatizmi dəstəkləyir, daxili qarşıdurma yaradır. Rusiyanın bu siyasəti bütün dünyada və regionda ciddi narahatçılıq doğurur. Hazırda Belarusla bağlı ciddi narahatçılıq var; Rusiya Lukaşenkoya ciddi dəstək verir və Belarusiyanın daxili işinə müdaxilə edir. Açıq söyləsək, Ukraynadakı Dnestryanı “Respublika”, Azərbaycandakı Dağlıq Qarabağ separatçı rejimi, Gürcüstandakı Abxaziya və Cənubi Osetiya ilə bağlı məsələlər dünyanı qorxudur. Bundan əlavə, Kremlin onu qane etməyən insanlara qarşı kimyəvi silahdan istifadə etməsi də Avropada və dünyada ciddi təşviş doğurur. Bununla belə, beynəlxalq ictimaiyyət Rusiyaya daha ciddi sanksiyalar tətbiq etməkdən çəkinir. Çünki Rusiya nüvə dövlətidir və orda vəziyyət bir az da pisləşsə, sosial durum ağırlaşsa, Kreml regionda müharibə təxribatları törədə bilər. Amma dünya birliyi artıq yorulub və bu təcavüzkar siyasətin daha da genişlənilməsindən qorxur. Rusiyanın kimyəvi silahdan istifadəsindən, öz aqressiv siyasətinin genişlənməsindən çəkinirlər. Ona görə də Rusiyaya münasibət get-gedə pisləşir və ölkənin imici beynəlxalq aləmdə daha çox korlanır. Bütün bunlara baxmayaraq, Rusiya bizim böyük qonşumuzdur. Biz çalışmalıyıq ki, Rusiya ilə münasibətləri normal vəziyyətdə saxlayaq. Amma yenə də deyirəm, bu, o demək deyil ki, biz Rusiyanın haqısız davranışlarına göz yummalıyıq və öz siyasətimizi Rusiyanın siyasətinə uyğunlaşdırmalıyıq.

-Bayaq Türkiyə barədə bir söz dediniz: “Bizim Türkiyə ilə hərbi müttəfiq olmaq arzumuz azdır, bunu gərək o da istəyə”. Eyni sözləri Rusiyaya da şamil etmək olar. Biz indiyədək Rusiyanı qarşılıqsız olaraq sevdik. Slavyan ölkələri belə, ondan üz döndərdiyi bir zamanda, biz rusdilli məktəblər açdıq. Türkiyəyə, İrana çox gördüyümüz viza rejimini, gömrük rüsumlarını Rusiyaya tətbiq etdik. Sizə elə gəlmir ki, “mən səni sevəcəyəm, sən sevməsən də” məntiqli “eşqbazlığımızı” bitirməyin artıq zamanıdır?

-Tamamilə doğrudur.

-İstərdim, Rusiyaya qarşı enerji blokadasından danışaq. ABŞ bununla nəyə nail olmaq istəyir və bunu bacaracaqmı?

-Məncə, buna artıq böyük ölçüdə nail olub. “Şimal axını-2”-nin inşası dayandırılıb. “Türk axını”nın səhv hesabların nəticəsi olduğunu indi rusiyalı analitiklər də etiraf edirlər. Türkiyə Rusiyadan qaz alışlarını xeyli azaldıb. Ankara gələn ildən bu alış-verişləri tamamilə dayandıra biləcəyini istisna etmir. Düzdür, Almaniya hələlik “Şimal axını-2” layihəsindən tam imtina etməyib. Çünki bu layihəyə böyük investisiyalar qoyub. Ona görə də Amerika Birləşmiş Ştatlarından çəkilmiş xərclərin kompensasiyasını tələb edir. Bilirsiniz, “Şimal axını-2” layihəsinin 90%-i tikilib. Almaniyanın böyük şirkətləri bu layihə üçün milyardlarla avro xərcləyib və bu itkilər kompensasiya olunmalıdır. Amma Amerika da hələlik bu tələbi qəbul etmir. Ona görə də Almaniya deyir ki, tikintini davam etdirmək lazımdır. Həm də bu, Almaniyanın ucuz enerjiyə çıxışıdır. Buna baxmayaraq, Almaniyanın özü də Navalını məsələsində daha sərt bir mövqe sərgilədi. Artıq dünya liderləri qorxmağa başlayıblar ki, Rusiya bu gün ölkə daxilindəki rəqiblərini öldürürsə, sabah da dünyadakı digər rəqiblərini eyni metodla sıradan çıxarar. Yəni başqa ölkələrdəki özünə sərf etməyən siyasətçiləri öldürə bilər. Əslində yaxın tariximizdə bunun nümunələri də var. Məsələn, Polşa prezidentinin Smolenski ətrafında təyyarəsinin qəzaya uğramasını bir çoxları terror aktı kimi qiymətləndirir. Ona görə də açıq söyləyim ki, dünya Moskvadan qorxmağa başlayıb. Sanki terroru dəstəkləyən, terrora əl atan bir dövlət kimi Avropada qorxu yaradıb…

 -Rusiyada SSRİ-nin aqibətini yaşaya bilərmi? Çünki SSRİ də enerji böhranına görə çökdü, iqtisadi cəhətdən məhv oldu və dağıldı.

-Əlbəttə, Rusiyanın öz ordusunu yenidən qurması, daha aqressiv siyasət yürütməsi onun iqtisadi gücünə bağlı olan məsələdir. Biz bilirik ki, neftin qiyməti 150 dollara qədər qalxmışdı, indi neftin və qazın qiyməti kəskin surətdə aşağı düşəcəksə, Rusiyada iqtisadiyyatın digər sektorlarına sanksiyalar tətbiq oluancaqsa, Rusiya iqtisadiyyatı bundan ciddi ziyan görəcək və belə olduğu halda Rusiya bir çox sosial layihələri, sosial proqramları həyata keçirə bilməyəcək. Əhalinin sosial vəziyyəti xeyli ağırlaşacaq, bir çox iqtisadi layihələri gerçəkləşdirmək imkansızlaşacaq, iş yerləri bağlanacaq. Rusiya cəmiyyətində onsuz da narazılıq var və nəticədə bu narazılıq xeyli dərəcədə artacaq. Xabarovskda görürük ki, Furqalın – qubernatorun həbsindən sonra hələ də orada sakitliyi bərpa etmək mümkün olmayıb. Əhali davamlı etiraz aksiyaları keçirir. Hazırda Başqırdıstanda oxşar narazılıqlar var. Tatarıstanda da onun kimi. Çeçenistanda faktiki surətdə Kadırov Putinə fərdi sədaqətini izhar etsə də, bu ölkə faktiki müstəqildir. Rusiyanın orada proseslərə təsir imkanları son dərəcə məhduddur. Qısası, Rusiyanın iqtisadiyyatı çöksə, Moskva daxili siyasətdə ciddi problemlərə üz-üzə qalacaq. Onu da nəzərə alsaq ki, Rusiya çoxmillətli bir federal dövlətdir, orada Rusiya Federasiyası üçün xoşagəlməz proseslər qaçılmaz olacaq.

Söhbətləşdi: Heydər Oğuz, 

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə