XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2020 - 22:36

Deputat Fazil Mustafa:"Müharibə aparan xalq stresi bu qədər büruzə verməməlidir" - MÜSAHİBƏ

Son günlər ölkə müharibə əhval-ruhiyyəsinə köklənib. Ermənistan tərəfinin Azərbaycanın dövlət sərhəddində təxribatlarını davam etdirməsi, ordumuzun itki verməsi, onun ardınca ehtiyatda olan hərbi qulluqçuların təlimlərə cəlb olunması savaş əhval-ruhiyyəsini daha da artırıb. Rəsmi Bakının da Ermənistanın təxribatlarına sərt cavabın veriləcəyi ilə bağlı bəyanatları da prosesin gərginləşəcəyindən xəbər verir.

Strateq.az xəbər verir ki, Böyük Quruluş Partiyasının sədri, Millət vəkili Fazil Mustafa “Unikal” qəzetinə müsahibəsində söhbətə elə bu mövzudan başlayıb. 

-Fazil bəy, son günlər Azərbaycan-Ermənistan sərhəddində baş verənlər, ehtiyatda olan hərbi qulluqçuların təlimlərə cəlb olunması müxtəlif reaksiyalar ortaya çıxarıb. Nə baş verir?

-Əslində, ciddi bir şeylərin baş verdiyini söyləmək hələ tezdir. Bizim yaşadığımız gerçəkliklərdir. Ermənistana indi də silahla yardım edilir. Onlar da torpaqları əlində saxlamaq, işğalı legitimləşdirmək üçün Azərbaycanın başqa bölgələrindən hücuma keçir, zərbə vurmağa çalışır. Bir çox hallarda Ermənistanı buna təhrik edirlər ki, daxili gərginlikdən bunun vasitəsiylə çıxmaq olar. Azərbaycan da ənənəvi olaraq, müharibə riskini gözə alaraq, hazırlıq aparır. Bu da müsbət haldır. Biri var sonradan hamı desin ki, niyə hazır deyildik, ona görə də indidən hazır olmağımızın nə ziyanı var. Biz düşmənin həmləsinə hazır olmalıyıq. Lazım olanda da düşmən cinahını dağıdıb torpaqlarımızı işğaldan azad eləməliyik. Hazırda da günümüzün gerçəkliyinə uyğun bir canlanma var. Bu canlanma həm diplomatik, həm də hərbi sferada özünü büruzə verir.

-Diqqətçəkən odur ki, əhali arasında müəyyən çaşqınlıq, gərginlik var…

-Bunlar yersiz bir şeydir. Hamı qışqırır ki, torpaqları müharibə yolu ilə azad eləməliyik. Müharibəyə hazırlıq görəndə də hamı başlayır ki, deyəsən, vəziyyət yaxşı deyil, filan. Kimsə hərbiyə getməlidir, kimsə səfərbər olunmalıdır, hansısa tədbirlər görülməlidir. Burda nə var ki? Yəni, dediyim odur ki, əlahiddə bir şey yoxdur. Biz onsuz da bu gərginliyin içində yaşamalı olan bir xalqıq.

-Əslində, maraqlı bir məqama toxundunuz. 14 iyulda insanların reaksiyası ilə son bir neçə gündəki reaksiyası adekvat olmadı. Məmurların övladlarının yayınması məsələsi yenidən gündəmə gəldi və sair…

-Nə istədiyini bilməyəndə, axtardığını dəyərləndirə bilməzsən. Xalqlarda da belədir. İnsanların böyük əksəriyyəti nə istədiyini bilmir. Öz yaşamında öz uğursuzluğunun səbəbini başqa yerdə axtarmağa başlayır. Bir söz var. Hamı öz yaddaşından gileylənir, amma ağlından gileylənən yoxdur. Nə istədiyini bilmək çox vacibdir. Cəmiyyət bir tərəfdən deyir ki, torpaqlar azad olunsun, amma həm də deyir ki, torpaqlarımızı qaytarıb bizə versinlər. Kim tutduğu torpağı qaytarar? Otuz ildir müharibə gedir Bakıda bina tikən bir adam sənəd verəndə demir ki, mən binamın altını sığınacaq üçün nəzərdə tutmuşam. Hamı bar üçün, anbar, mağaza üçün nəzərdə tutur. Buna erməni, rus, Amerika nə eləsin?

-Bu, tikənin ağlına gəlmir, yaxud marağında deyil, bəs ona icazə verən dövlət qurumu, cavabdeh məmur hara baxır? 

-Dövlət də xalqın məcmusudur da, xalqın düşüncəsi nədirsə, dövlət onun mahiyyəti üzərində qurulur. Məmur həmin o ailədən çıxıb, laqeyddir, təhlükəni görmür. Müharibə aparılan dövlətdə hansı ağılsız hərbi dərsləri ləğv edər? Nə olsun ki, bir dəfə qumbara partlayıb. Çox belə hadisə ola bilər, amma hərbi dərslər ləğv olunmamalıdır. Pulsuz atıcılıq klubu nədir ki, yaradın, cavan uşaqlar avaralanmaq əvəzinə, ora gedib öyrənsinlər.
Şəhid dəfnlərində bir məsələyə diqqət elədim. Bilirsiniz, müharibə aparan xalq stresi bu qədər büruzə verməməlidir. Yanındakı əsgər ölürsə, onun yanında qalmamalıdır, özü döyüşə getməyi düşünməlidir. Kompleks düşünməliyik ki, savaş vətəndaşla aparılır. Hansı cəmiyyətdə deyilir ki, kasıb uşaqları ölür, varlı uşaqları yox?

-Bu giley-güzarın əsas var axı… 

-Əlbəttə. Doğru sözdür, əsası var. Amma sizə bir şey deyim. Həmin giley-güzar edən kasıb varlının əsgərliyə getməyən, yaxud da Bakıda keflə əsgərliyini çəkən oğluna qızını məmuniyyətlə verir. Niyə verir? Türkiyədə vermirlər axı. Bu, əxlaq məsələsidir. Mən də varlı olandan sonra yol axtarıram ki, oğlumu xidmətdən yayındırım, ya da Bakıda xidmət keçməsinə nail oluram. Bunu etməyənlər də var. Amma bunu prinsip olaraq, anlayan insan obrazının sayı çox deyil. Kasıb da gedib borc götürüb, kiməsə min, iki min pul verib, uşağının daha rahat xidmət keçməsinə çalışır. Amma burada qanun işləməlidir. Qanun da odur ki, kompyuterdə bölünür, heç kim də müdaxilə edə bilmir.

-Bax, məsələnin kökü də buradadır. Bu qanun işləsəydi, vəzifəli şəxslərin övladları da ön xətdəki hərbi hissələrdə xidmət keçərdi. Burada problem cəmiyyətlə yanaşı, qanunun işləməməsində deyilmi?

-Təbii ki, problem qanunun işləməməsindədir, tələb olunmamasındadır. Sosial müavinət institutu var. Nə qədər adam pul verib özünə pensiya düzəltdirdi.  Bunlar kim idi? Varlılar deyildi ki.

-Vətəndaş özü-özünə pensiya düzəldə bilməz ki, onu edən dövlətin səlahiyyətli şəxsləridir…

-Mən sizi başa düşdüm. Mağaza açıqdır, qarovulu da yoxdur deyə, girib oğurluq eləməlisən? Yox. Avropada hasar yoxdur, ya da simvolik hasarlardır, amma bizdə 3 metrdən hündürdür. Heç kimin etimadı yoxdur. Demək istədiyim odur ki, biz bunu kompleks həll eləməliyik. Ədalətsizlik cəmiyyətdən götürülməlidir. Bütövlükdə cəmiyyətin özünün əxlaqında dəyişiklik olmalıdır. Hər bir məsələdə bəhanə gətirmək olar. Son prosesdə Azərbaycan ziyalısının, ictimai fəallarının və digərlərinin çirkinliklərini o qədər müşahidə elədim ki. Bu, çox pis tendensiyadır. Gördüm ki, cəmiyyətdə dəyərləndirmə yoxdur. Elə məsələlər var ki, onu cəmiyyətdə təmizləməsək, dövlət də düzəlməyəcək. Cəmiyyətin alt qatında dünya görüş dəyişməyincə başqa şeylər dəyişməyəcək. Bir azğınlaşan məmurun yerinə yoxsul təbəqədən birini gətirəndə görəssən ki, əvvəlkinə şükr edilməlidir. Birdən pulun içinə düşəndə həmin o kasıb adam tam fərqli bir davranış sərgiləyəcək.

-Əgər cəmiyyət budursa, o zaman qanun, onun tətbiqi və nəzarət mexanizmi ona uyğunlaşdırılmalıdır?

-Yox, bu qanunla düzələn məsələ deyil. Təhsili, elmi, akademiyanı, universiteti ideologiyadan uzaqlaşdırmalıyıq. Onları düşüncə mərkəzlərinə çevirməliyik. Düşüncə mərkəzi olanda, gerçək alim yetişir. İndi 90 faizi elmi işini pulla yazdırır. 10 faiz alim var, onların da ürəyi partlayıb ölür. Ona görə də ortaya çıxarmağa 5-6 dəyərli alimimiz yoxdur. Fikir vermirsiniz ki, cəmiyyət həyatına təsir edən düşüncə adamı yoxdur? Bir siyasətçi kimi prosesə girəndə narazılıq yaranır ki, Milli Məclisin üzvü niyə belə deyir. Cəmiyyəti silkələmək lazımdır. Yanlış dəyərləri demək lazımdır. Bunu siyasətçi kimi deyəndə böyük bir kütləni itirirsən. Bunu ziyalılar çıxıb deməlidir. Müstəqil alimlər çıxıb cəmiyyətin yanlış tərəfini deməlidir, keçmişi təftiş eləməlidir. Ziyalılar qaragüruhçuluğa təslim olub. Bizdə alim sosial şəbəkələrdə qaragüruh kütləyə yaltaqlanır. “Birdən bu sözü deyərəm, xoşa gəlməz məni linç edərlər” düşüncəsi ilə yaşayırlar. Əslində, çıxıb cəsarətlə sözünü deməlisən, cəmiyyəti stimullaşdırmalısan. Bunlar edilməyincə boşluqlar qalacaq. Müharibə məsələsində də bunlar üzə çıxır. Reaksiyalar belə olmamalıdır. Biz daha soyuqqanlı yanaşmalıyıq. Fövqəladə bir şey baş verməyib. Düşmən əlində silah bizi öldürmək istəyir. Bu savaşda insan ölümü qaçılmazdır. Sən də onu öldürməlisən. Yəni, müharibəyə soyuqqanlı hazırlaşmalıyıq. Elə məsələlər var ki, bu gün onları təhlil edib düzgün addımlar atmasaq, sabah çox ağır nəticələri ola bilər. Dövlət Ordusu ilə ayaqdadır. Vətəndaş olaraq hər birimiz hansı sahədə dəstək verə biləriksə, o istiqamətdə bütün gücümüzlə çalışmalıyıq.