XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2020 - 15:43

“Təsnim”in Azərbaycan səfiri ilə eksklüziv müsahibəsi:"HƏR İKİ HƏLL YOLUNA - HƏM SİYASİ, HƏM DƏ HƏRBİ YOLA HAZIRIQ"

Azərbaycan Respublikasının Tehrandakı səfiri söyləyir ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm siyasi, həm də hərbi yolla həllə hazırdır. O deyir ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməlidir.

Strateq.az Təsnim informasiya agentliyinə istinadla xəbər verir ki, Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağ ətrafında gərginlik bu həftənin əvvəlindən bəri yenidən artmış və hərbi qarşıdurmaya səbəb olmuşdur. Ağır silahlardan istifadə edildiyi və itkilər olduğu bildirilir.

Dağlıq Qarabağa görə iki ölkə arasındakı münaqişə on illərdir davam edən və zaman-zaman açılan köhnə bir yaradır. Ancaq illər ərzində bu iş hələ də açıq qalmış və yekunlaşmamışdır.

İran bu mövzuda tərəfsizlik siyasəti yürütməyə çalışır, lakin münaqişəyə son qoyulmasına və sülh və əmin-amanlığın bərpa olunmasında tərəflərə kömək etməyə hazır olduğunu bildirir.

Bu günlərdə bu yeni bir məsələ olmasa da və bir anda baş verməsə də, ictimai rəy hələ də bunu araşdırmağa davam edir. Bu məsələyə aydınlıq gətirmək üçün Təsnim İnformasiya Agentliyi birbaşa Azərbaycan Respublikasının və Ermənistanın İrandakı səfirlərinin yanına getməyə və bu günlərdə baş verənlər barədə məlumat almağa çalışdı. Hər iki tərəfin fikirlərini təqdim etmək üçün Təsnim İnformasiya Agentliyi Azərbaycan Respublikası və Ermənistan səfirlərindən müsahibə istəyini bildirdi. Azərbaycan Respublikasının səfiri üzbəüz görüşməyə razı oldu. Lakin, Ermənistan səfiri yazılı müsahibə verməyə razı oldu. Hər iki müsahibədə verilən suallar demək olar ki, eyni idi. Lakin Azərbaycan Respublikasının səfiri ilə üzbəüz görüşməyimiz səbəbindən müsahibə zamanı bir neçə əlavə sual da verildi.

Təsnimin Azərbaycan Respublikasının Tehrandakı səfiri cənab Bünyad Hüseynov ilə ətraflı müsahibəsinin mətnini və son hadisələrə dair fikirlərini hörmətli oxucuların diqqətinə çatdırırıq.

Təsnim: Azərbaycan Respublikası ilə Ermənistan arasındakı son hərbi qarşıdurmanın səbəbi nədir?  Bu qarşıdurmalar niyə baş verir?  Bu iki ölkədən hər hansı birindəki daxili problemlərin və ya məsələlərin bu qarşıdurmalara və bunların meydana çıxmasına təsiri var ya yox?

Azərbaycan Respublikasının səfiri: Əgər bu münaqişənin tarixinə nəzər salsaq, bunun separatizm ilə başladığını görərik. Buna görə də Azərbaycan Respublikası dünyanın hər yerində separatizmi pisləyir. Başlayan separatizm daha sonra geniş miqyaslı müharibəyə çevrildi. Bizim təxminən 30,000 şəhidimiz var. 1994-cü ildə atəşkəs elan edilib. O zamandan ara-sıra atəşkəs pozulurdu və tezliklə sona çatırdı. Biz həmişə Ermənistan Respublikasına demişik ki, bu münaqişənin həllinin bir yolu var və o da bundan ibarətdir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmalıdır. Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycan Respublikasının əhalisi 7 milyon 200 min nəfər idi və hazırda 10 milyona nəfərə çatıb.  Süqut zamanı Ermənistanın əhalisi 3 milyon 500 min nəfər idi və hazırda 2 milyon nəfərdən aşağıdır.

Bütün regional layihələr ya Azərbaycandan başlamış və ya Azərbaycanın ilə iştirakı ilə həyata keçirilir. Həmişə Ermənistana demişik ki, münaqişənin sülh və müzakirələr yolu ilə həllinin şərti silahlı qüvvələrinin Azərbaycan torpaqlarını, işğal olunmuş əraziləri tərk etməsidir. Ermənistan daim fürsətdən istifadə edib atəşkəsi pozub. Ermənistanda daxili problemlər son 4 ayda pandemiya səbəbindən daha da güclənmişdir. Buna görə bu ölkə atəşkəsi pozur və pozan zaman mülkü Azərbaycan əhalisini hədəf alır. Bu yalnız işğal edilmiş Dağlıq Qarabağ ətrafında deyil, həm də Ermənistan ilə Azərbaycan Respublikası sərhədində də baş verir.

Ermənistan və Azərbaycan Respublikasının sərhəd rayonlarında sərhədlərin mühafizəsini biz Azərbaycan Sərhəd Qoşunlarına həvalə etmişik. Bilirsiniz ki, Sərhəd Qoşunlarının top, tank və digər ağır silahları olmur. İyul ayının ortalarında Tovuz rayonu istiqamətində atəşkəsi pozdular. Hədəfləri Şərq-Qərb və Cənub-Qərb dəhlizlərini və ya Fars körfəzini Qara dənizə bağlayan dəmir yolunu, neft və qaz kəmərlərinin keçdiyi əraziləri hədəfə almışdılar. Ancaq məqsədlərinə çatmadılar və Azərbaycan ordusu onlara qətiyyətli cavab verdi.

Cümə axşamından yenidən işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlardakı atəşkəs rejimi pozulur. Yaşayış evləri hədəf alınırdı. Dünən yəni bazar günü səhər saat 7:00-a radələrində Azərbaycan tərəfi elan etdi ki, mülki əhalinin hədəf alındığı atəş nöqtələrinin susdurulması və sülhə məcbur etmək üçün əks-hücum əməliyyatına başlanılmışdır. Toqquşmanın başlanmasının səbəbi budur.

Təsnim: İki ölkə arasında gərginlik ümumiyyətlə mövcud idi və keçmişdə toqquşma tez sakitləşirdi. Lakin bu dəfə toqquşmanın şiddətlənməsinin və hazırkı səviyyəyə çatmasının səbəbi nədir?

Azərbaycan Respublikasının səfiri: Toqquşmanın səviyyəsi hər zaman eyni olub və dəyişməyib. Lakin bu dəfə Ermənistanın Baş Naziri əvvəllər jurnalist olmasından yararlanaraq bundan şou yaratmaq istəyir. Yəni dəyişiklik yoxdur. Bu müharibənin Azərbaycan tərəfindən başlanması haqqında aparılan təbliğatın heç bir əsası yoxdur. Ermənistanın daxilində Baş Nazirin problemləri var, Covid-19 pandemiyası bir tərəfdən, digər tərəfdən keçmiş müttəfiqləri ilə problemlər yaşayır. Müharibəni başlamaq ilə düşdüyü böhrandan çıxacağını düşünür və bu səbəbdən də bunu daha çox təbliğ edir.

Təsnim: Ermənistanın daxili problemlərindən bəhs etdiniz; Azərbaycan tərəfdə belə bir şey varmı?  Yəni daxili məsələlər bu mövzuya qarışıb?

Azərbaycan Respublikasının səfiri: Azərbaycanda vahid hökumətimiz və güclü ordumuz var. Azərbaycan müstəqilliyi dövründə bütün xarici tərəfdaşları ilə yaxşı əməkdaşlıq edib. Son 25 ildə Azərbaycan iqtisadiyyatına 420 milyard dollar sərmayə qoyulub ki, bunun da 280 milyard dolları xarici kapitaldır. Bu xarici investorların Azərbaycana inandığını və Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu, Azərbaycan ilə əməkdaşlığa inamı olduğunu və bundan faydalandığını göstərir. Bizim daxili problemimiz yoxdur.

Təsnim: Yaranmış toqquşmanın tezliklə sona çatacağını düşünürsünüz, yoxsa iki tərəf uzunmüddətli müharibəyə hazırlaşırlar?

Azərbaycan Respublikasının səfiri: Azərbaycan həmişə münaqişənin dinc, danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır. Azərbaycanın 10 milyon əhalisindən 1 milyon nəfər qaçqın və köçkündür. Mən bu qaçqınlardan biriyəm. Mən İrəvan şəhərində anadan olmuşam. Mən və əcdadlarım İrəvan şəhərinə heç yerdən gəlməyiblər. Tehrandakı diplomatik mərasimlərdən birində ayrı-ayrı ölkələrdən ermənilər var idi. Onlardan “əsil İrəvanlı kimdir?” deyə soruşduqda məlum oldu ki, onlardan heç birinin İrəvan ilə əlaqəsi yoxdur və fərqli yerlərdən idilər. 32 ildir ki, mənə kəlmeyi-şəhadət və Fatihə surəsini öyrədən nənəmin qəbrini ziyarət edə bilmirəm.

Ermənistanın bir yolu var və bu silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqdır.  Dünəndən bəri bir neçə Azərbaycan əsgəri vətənini müdafiəsi uğrunda öz torpağında şəhid olub. Azərbaycan ərazisində öldürülən gənc erməni əsgərləri bizim ərazidə nə itiriblər və ya Azərbaycan ərazisində nə edirdilər?

Ermənistanın Baş Naziri bu toqquşmaya nə vaxt başladı? O, bir şoumendir. Hakimiyyətə gəldikdən sonra oğlunu işğal olunmuş Azərbaycan ərazilərinə hərbi xidmətə göndərdi. Bəyan edirdi ki, mən qəhrəmanam və oğlum başqalarından fərqlənmir. Qarabağda, ön xəttdə xidmət etdiyini təbliğ edirdi. İyul ayının əvvəlində oğlunun hərbi xidməti başa çatdıqdan sonra təxribatlara başladı. Əgər özünə o qədər güvənirdisə, dili ilə söylədiklərinə daxilində inamı var idisə, özünə inanırdısa, niyə oğlu Dağlıq Qarabağda olanda müharibəyə başlamadı?

Təsnim: Bu toqquşmanın həlli üçün vasitəçiliklər olub. Bunlardan biri də Minsk Qrupunun vasitəçiliyi idi. Sizcə bu qrupun vasitəçiliyi indiyə qədər nə üçün uğurlu olmayıb və bu qrupun vasitəçiliyinə nikbin yanaşırsınız?

Azərbaycan Respublikasının səfiri: Xeyr, şəxsən mən və Azərbaycan xalqı nikbin deyil. Çünki son 28 ildə Minsk Qrupunun heç bir real fəaliyyətini görmədik. Dialoqun mövzusu və mahiyyəti, vaxt qrafiki olmalıdır. Ötən illər göstərdi ki, Minsk Qrupunun vasitəçiliyinin heç bir əhəmiyyəti olmadı.

Təsnim: Erməni tərəfinin zaman-zaman bəhs etdiyi bir məsələ var. Bu da Türkiyə hərbçilərinin təlimlər üçün Naxçıvana gəlməsi və göründüyü kimi hələ də orada olmasıdır. Bəzi təhlillərdə Türkiyənin orada hərbi baza qurmağa hazırlaşdığı barədə fərziyyələr var. Bu gərginliyin səbəblərindən biri ola bilərmi?

Azərbaycan Respublikasının səfiri: Xeyr, bu fərziyələrin heç bir əsası yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan ərazisində hər hansı xarici bazanın mövcudluğunun qadağan olunduğuna dair bənd var. Azərbaycan Respublikası hərbçilərinin Türkiyə Silahlı Qüvvələri ilə ortaq təlimlər keçirməsi ilə bağlı deməliyəm ki, Türkiyə Azərbaycan Respublikasının strateji müttəfiqidir. Azərbaycandan başlayan və ya keçən bütün strateji iqtisadi layihələr Türkiyədə başa çatır. Bu da bizim çox sıx əlaqələrimizin olduğunu göstərir. Yaxşı əlaqələrimiz heç kimə sirr deyil. Bir müttəfiq olaraq dost və qardaş Türkiyə bu çətin günlərdə yanımızdadır. Birgə təlim yalnız Azərbaycan Silahlı Qüvvələrinin hərbi imakn və qabiliyyətini artırmaq üçündür. Ermənistanın təbliğatı həqiqətə uyğun deyil.

Tasnim: Yəni hərbi baza qurmayacaq?

Azərbaycan Respublikasının səfiri: Azərbaycan Konstitusiyasını virtual məkanda oxuya bilərsiniz. Bu, Ermənistanın növbəti yalan təbliğatıdır.

Təsnim: Bir müddət əvvəl Azərbaycan Respublikasının mediası israillilərin Azərbaycanın hərbi məlumatlarını ermənilərə verdiklərini, yəni kodları verdiklərini və bu səbəbdən də pilotsuz təyyarələri təhlükəsiz və sağlam endirə bildiklərini yazdı. Bu mövzuda fikriniz nədir?

Azərbaycan Respublikasının səfiri: Əvvəla, Ermənistana heç bir pilotsuz uçuş aparatı endirməyib. Bu növbəti şoudur və həqiqəti əks etdirmir. Azərbaycan dilində belə bir atalar sözü var – suda boğulan saman çöpündən yapışar. Azərbaycan İsrail ilə hərbi əlaqələrə malikdir. Azərbaycan ərazisinin 20%-i Ermənistan tərəfindən işğal edilib. Azərbaycan ordusunun imkanlarını artırmaq üçün İsrail də daxil olmaqla dünyanın bütün ölkələri ilə əməkdaşlıq edirik. Ermənistan 2016-cı ildəki dördgünlük müharibədə Azərbaycanın İsrail ilə hərbi əməkdaşlığının nəticələrini daddı. Dünəndən etibarən də həmin əməkdaşlığın hansı sahədə olduğunu dadır. Ermənistan bu əməkdaşlığın qarşısını almaq niyyəti ilə İsraildə səfirlik təsis etdi. Başqa atalar sözümüz də var – “görünən dağa bələdçi lazım deyil”. Çünki biz nə baş verdiyini görürük.

Təsnim: İsraillilərin Ermənistana verdiyi hərbi məlumatlar barədə nə düşünürsünüz? Çünki Azərbaycan Respublikasının mediası da bunu elan etdi.

Azərbaycan Respublikasının səfiri: Hansı media? İndi hər kəs virtual məkanın imkanlarından informasiya resursu kimi istifadə edir və ağlına gələn məlumatı dərc edir.

Təsnim: Bu qarşıdurmadan sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü mövqe bildirdi. Xarici İşlər naziri Xarici İşlər naziriniz ilə və Ermənistanla danışdı. İranın bu məsələnin həllində tərəflərə kömək etmək üçün öz imkanlarından istifadə etməyə hazır olduğunu bildirdi. Tarixi əlaqələri və qonşuluğu nəzərə alaraq İranın vasitəçiliyi ilə bağlı fikirləriniz?

Azərbaycan Respublikasının səfiri: İranın tərəf tutmadığına dair sözlərinizə və XİN-in açıqlamasına gəldikdə bildirməliyəm ki, bizim müsəlman ölkəsi olaraq gözləntimiz var. Türkiyə və Pakistan Hökumətləri açıq şəkildə Azərbaycanın mövqeyini dəstəklədilər. İran İslam Respublikası ilə beynəlxalq təşkilatlarda çox yaxşı əməkdaşlığımız var. Həmişə İran İslam Respublikasının mövqeyini, təkcə İranın deyil, bəlkə bütün müsəlman ölkələrinin beynəlxalq təşkilatlarda mövqelərini müdafiə etmişik. Hər hansı məsələdə Azərbaycan üçün prioritet İslam ölkələridir.

Təsnim: Tehranın bu məsələni həllində vasitəçilik etməyə hazır olduğunu alqışlayırsınız, yoxsa yox?

Azərbaycan Respublikasının səfiri: İran İslam Respublikası əvvəlcə işğalı və işğalçını rəsmi olaraq qınamalıdır. Azərbaycan bu məsələni həll etmək üçün heç bir fürsətdən və təklifdən heç vaxt imtina etməyib.

Təsnim: Yəni bunun şərt olduğunu bildirirsiniz və ya hər hansı bir təklifi qəbul edirsiniz? İran səlahiyyətlilərinin mövqelərində gördüklərimiz dinc sakinlərin, hətta bölgə xalqının zərər görməməsi üçün sülhün bərqərar olmasıdır, çünki region yeni bir qarşıdurmaya dözə bilməz.

Azərbaycan Respublikasının səfiri: Bu vasitəçilik nədən ibarətdir? 28 ildir…

Təsnim: İndi vasitəçilik demirik, sülhün və əmin-amanlığın bərqərar olmasına kömək deyək.

Azərbaycan Respublikasının səfiri: Atəşkəs səbəbindən bu münaqişə 28 ildir davam edir və bu nə qədər davam edəcək?  Mən Minsk Qrupu ilə danışıqların mahiyyətinin olmadığını və heç bir nəticə görmədiyimizi, Azərbaycan xalqı və hökumətinin bu vasitəçilikdən heç bir nəticə görmədiyini söylədim. İranın vasitəçilik etməsi üçün ilk şərt Ermənistanın işğalçı olmasını və Azərbaycan ərazilərini işğal etməsini tanımasıdır. İşğalçı da işğal etdiyi əraziləri tərk etməlidir.

Təsnim: Yaxşı, bu məsələnin hərbi və ya siyasi həlli olaraq həqiqi və davamlı bir həll yolu görürsünüzmü?

Azərbaycan Respublikasının səfiri: Bizim Ermənistan ərazisinə gözümüz və hədəfimiz yoxdur. Bu məsələnin həllinin bir şərti var, o da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasıdır.

Təsnim: Sizcə bu hərbi, yoxsa siyasi yol ilə baş verər?

Azərbaycan Respublikasının səfiri: Hər ikisinə hazırıq.

Təsnim: ABŞ və Rusiya kimi qlobal güclərin bu gərginlikdəki rolunu və necə davrandıqlarını və hansı rol oynadıqlarını necə görürsünüz?

Azərbaycan Respublikasının səfiri: Onlar da açıqlama verdilər və bir çox ölkənin nümayəndələrinin Azərbaycanın Xarici İşlər naziri ilə telefon danışığı oldu. Lakin bu açıqlamalar məsələnin həllinə kömək etmir. Çözüm ondan ibarətdir ki, işğal olunmuş Azərbaycan əraziləri azad edilməlidir. Ermənistan xalqı və məmurları bu işğala son qoymaq barədə mümkün qədər tez qərar verməlidir. Düşünməlidirlər ki, bu sonsuza qədər davam edə bilməz. Onlar istəyirlər ki, Livanda yaşayan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürsünlər, bu müharibə cinayətidir!

Onlar Azərbaycanın sadə vətəndaşlarını, mülki əhalini hədəfə alırlar. Dünən Naftalan şəhərinin Qaşaltı kəndində bir ev hədəfə alınmışdır. Həmin evdə ikisi uşaq olmaqla beş nəfər öldürüldü. Gecə evlərində yatan bu uşaqların günahı nə idi? Münaqişənin həlli üçün müzakirələr nə qədər davam etməlidir.

Təsnim: Əvvəlki sualların demək olar ki, hamısı son toqquşmalarla bağlı idi. Ancaq başqa bir sualım budur ki, İran ilə Azərbaycan Respublikası arasında mövcud münasibətlər necədir?

Azərbaycan Respublikasının səfiri: Son yeddi ildə İran ilə Azərbaycan arasında münasibətlər hər gün inkişaf edir. Cənab İlham Əliyevin cənab Həsən Ruhani ilə ilk görüşü İsveçrənin Davos şəhərində olmuşdur.  Bu görüşdən sonra son yeddi ildə səkkizi ölkələrin paytaxtlarında olmaqla 13 görüş keçirilmişdir ki, bu da əlaqələrin göstərcisidir.

İran ilə Azərbaycan arasında ticarət ildən ilə artmaqdadır. Bu il pandemiya səbəbi ilə azalma ola bilər. Pandemiya dövründə İranın bütün sərhədləri bağlanmışdı. Yalnız İran ilə Azərbaycan arasındakı sərhəd tranzit və ticarət üçün açıq idi. Biz bu imkanı yaratdıq. İranlı sürücülər polis tərəfindən Astara sərhədindən Rusiya sərhədinə qədər müşayiət olunurdu. 2 yerdə xüsusi ərazilər nəzərdə tutulmuşdu, birində istirahət edir və isti su ehtiyatı götürür, digərində isə Azərbaycan tərəfindən isti yeməklə təmin edilirdilər. Bu dövrdə İran ilə Azərbaycan arasında tranzit daşımalarının həcmi üç dəfə artmışdır.

Bundan əlavə, Azərbaycan ilə İran Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsində əməkdaşlıq edir. Bilirsiniz ki, Fars körfəzindən Rəşt şəhərinə qədər dəmir yolu var. Azərbaycanın Astara şəhərinə qədər dı dəmir yolu var. İran ərazisində Rəştdən Astaraya qədər 165 kilometr dəmiryolu inşa olunmalıdır. Azərbaycan Respublikasının Dəmir Yolları QSC İran İslam Respublikası ərazisində torpaq icarəyə götürərək quru yük terminalı inşa edir. Bu o deməkdir ki, İranın Astara şəhərində qatar üzərinə qoyulan yük Rusiyanın ən şimal nöqtəsinə, Fin körfəzinədək birbaşa daşınır. İran ilə Azərbaycan arasında xalqlararası əlaqələr də inkişaf edir. Sərhədlərimiz 24 saat açıq idi, lakin pandemiya səbəbindən bəzi çətinliklər yaranıb.

Təsnim: Pandemiya zamanı sərhəd buraxılış məntəqələrində keçidin vəziyyəti necədir?

Azərbaycan Respublikasının səfiri: Sərhəd bir saat belə tranzit və ticarət üçün bağlanmayıb. Yalnız sərnişinlər üçün bağlıdır. İran səlahiyyətliləri və orqanları çox yaxşı əməkdaşlıq edirlər. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyyəsi təmin olundu. Buna görə onlara təşəkkür edirəm. Azərbaycanda qalan İran vətəndaşları səfirliyin əməkdaşlığı ilə çox asanlıqla İrana qayıtdılar. İndi ticarət məqsədilə səfər edən tacirlər COVİD-19 testi verirlər, nəticələri mənfi olduğu təqdirdə səfər etmələri üçün imkanlar yaradılır.

Müsahibənin sonu

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə