XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 12:05

“MİNSK QRUPUNA HEÇ BİR ÜMİDİMİZ YOXDUR”-Azərbaycan və Ermənistan səfirlərinin İLNA informasiya agentliyinə müsahibəsi

 www.ilna.ir    

30.09.2020

Hüseynov: Minsk Qrupuna heç bir ümidimiz yoxdur. Separatizmi kəskin şəkildə qınayırıq.

Tumanyan: Bakı müzakirələrdən yayındı. Müzakirələrin yenidən başlanması üçün Tehranın hazır olduğunu bildirməsi təqdirəlayiqdir.

Azərbaycanın və Ermənistanın İrandakı səfirləri ayrı-ayrılıqda Qarabağ böhranına dair mövqelərini bildirdilər. Bir neçə gündür ki, Ermənistan və Azərbaycan arasında toqquşmaların yenidən başlanmasının şahidiyik. Bu gərginliyin əsasında yenə də Qarabağ durur. Amma iki tərəf arasında atəşin intensivliyinə diqqət yetirdikdə Bakı və Yerevanın toqquşmaların miqyasını daha da genişləndirdiyi məlum olur. Bu məqsədlə sözügedən münaqişənin detallarının aydınlaşdırılması və bir sıra suallara cavab almaq üçün Azərbaycan Respublikasının İrandakı səfiri Bünyad Hüseynov və Ermənistan səfiri ArtaşesTumanyandan müsahibə aldıq.

Azərbaycan Respublikası separatizmin bütün forma və təzahürlərini qınayır.

Müzakirələr ilə heç bir nəticəyə nail olmadıq.

İLNA: Qarabağ münaqişəsinin tarixi kökü və səbəbləri nədir?

Azərbaycan Respublikasının səfiri: Sizin də qeyd etdiyiniz kimi Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri var. Mən özüm də həmin münaqişənin qurbanlarından biriyəm. Mən İrəvan şəhərində anadan olmuşam. Hazırda 32 ildir ki, öz əcdadlarımın məzarını ziyarət edə bilmirəm. Ermənilər 1988-ci ildə bu münaqişəni başladılar. Təxminən 230 min nəfər azərbaycanlı Ermənistandan qovuldu. Tarixən müsəlmanların yaşadığı İrəvanda 32 məscid var idi. Ermənilər Qarabağ münaqişəsini separatizm ilə başladılar. Hazırda aqressiv separatizmin qurbanının simvoluna çevrilən Azərbaycan Respublikası bütün dünyada separatizmi qınayır. Separatizm ilə başlayan məsələ hazırda genişmiqyaslı müharibəyə çevrilmişdir və biz 30 minə yaxın şəhid vermişik. Bu münaqişənin həll olunması üçün Minsk Qrupu təşkil olunmuşdur. Təəssüflər olsun ki, Azərbaycan xalqı bu vasitəçilikdən heç bir nəticə hiss etməmişdir. 800 min vətəndaşımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Qarabağ və onun ətrafındakı 7 rayondan qaçqın və köçkün düşmüşdür. Bu gün Azərbaycanın əhalisi 10 milyon nəfərdir. Təxminən onlardan 1 milyon nəfərə yaxını qaçqın və köçkündür. Yəni Azərbaycanda hər 10 nəfərdən biri qaçqındır. Bu vətəndaşlar öz doğma yurduna qayıtmaq istəyir. Qeyd etdiyim kimi vasitəçilik heç bir nəticə vermədi. Nikol Paşinyan Ermənistanın Baş naziri seçildikdən sonra, özünün mətbuat sahəsində olan keçmiş təcrübəsindən istifadə etdi və kəskin şüarlar səsləndirməklə gərginliyi artırdı. Onun əsas şüarı “Qarabağ Ermənistandır.” idi. Bu şüarın cavabında Azərbaycan Respublikasının möhtərəm Prezidenti Valday Forumunda açıq-aşkar bildirdi ki, “Qarabağ Azərbaycandır!”. Azərbaycanın əsas məqsədi öz işğal olunmuş ərazilərini azad etməkdir. Ermənistan torpaqlarına dair heç bir niyyət və hədəfimiz yoxdur. Son toqquşmanı qızışdıran Ermənistan oldu.

Ermənistandan başqa bütün dünya ölkələri ilə əlaqələrimiz mövcuddur.

İLNA: Sizin fikrinizcə Yerevan bu gərginliyi necə kəskinləşdirdi?

Azərbaycan Respublikasının səfiri: Onlar bir neçə hərbi təlim keçirdilər. N.Paşinyanın həyat yoldaşı da bu təlimlərdə iştirak etdi. Bundan başqa müharibəni qızışdırmaq istiqamətində çoxsaylı addımlar atdılar. Dəfələrlə Ermənistan ordusu mülki obyektləri hədəfə almışdır. Bu da öz növbəsində Azərbaycan rəsmilərinin öz ərazimizdə yerləşən və qeyri-hərbi obyektləri hədəf alan atəş nöqtələrini məhv etmək qərarı qəbul etməsinə səbəb oldu. Bunun müqabilində Ermənistan beynəlxalq arenada bizim əleyhimizə iftiralar yaymağa başladı və hamıya elan etdi ki, üçüncü ölkələr Azərbaycanı dəstəkləyirlər. Qeyd etməliyəm ki, bizim Ermənistandan başqa bütün dünya ölkələri ilə qarşılıqlı-faydalı əlaqələrimiz mövcuddur və bir çox ölkələr bizi dəstəkləyirlər. Nəinki Azərbaycan ordusu, həmçinin Azərbaycan xalqı da işğalın sona çatmasını istəyir.

Münaqişənin yeganə həll yolu Ermənistan hərbiçilərinin Qarabağdan və Azərbaycandan çıxmasıdır.

İLNA: 30 ildən çoxdur ki, bu münaqişə davam edir. Nə üçün vasitələr və vasitəçilər Qarabağ münaqişəsinə son qoya bilməmişdir?

Azərbaycan Respublikasının səfiri: Rəsmi Bakının mövqeyinə görə bu münaqişənin yalnız bir həll yolu var və o da Ermənistan hərbiçilərinin Qarabağ və Azərbaycandan çıxmasıdır. Qarabağ məsələsi Ermənistanın daxili siyasətində təsir alətinə çevrilmişdir. Hər bir partiya və ya şəxs seçkilərdə qələbə qazanmaq üçün bu təsir alətindən istifadə edir. Ermənistan rəsmilərinin bağlı qapılar arxasında müzakirələrdəki bəyanatları və açıqlamaları ictimaiyyət qarşısındakı açıqlamalarından fərqlənir. Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll olunması daim Azərbaycan üçün prioritet olmuşdur. Amma Azərbaycan ordusunun və xalqının səbrinin də həddi var. Dəfələrlə Ermənistana bildirmişik ki, işğal etdiyi bölgələrdən çıxmalıdırlar. İndiyə qədər bu xəbərdarlıqları müzakirələrdə onlara açıq-aşkar şəkildə bildirmişik. Ermənistan rəsmilərinin son addımları danışıqları mənasız edirdi. Hazırda da Azərbaycan Silahlı Qüvvələrinin gücünü dadmaqdadırlar. Son günlər ərzində də ölkəmizin müdafiəsi yolunda şəhidlər vermişik. Amma əsas budur ki, niyə Ermənistanın hücumları indi başladı? Reallıq budur ki, Paşinyan öz populist şüarlarından istifadə etməklə öz övladını hərbi xidmət keçmək üçün Ermənistan ordusu tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına göndərmişdi.Bu müddət ərzində o, qarşıdurmaya səbəb ola biləcək və Qarabağdan heç bir söz açmamışdır. Bizim sualımız budur ki, nə üçün onun həyat yoldaşı övladının hərbi xidmət keçdiyi müddətdə hərbi təlimlərdə iştirak etmək üçün bu regiona gəlmədi. Nəyə görə Paşinyan bu müddət ərzində heç bir təhrikedici söz demədi? Bunlar hamısı Paşinyanın tutduğu populist mövqedir.

Müzakirələrə hazırıq

İLNA: Siz bu fikirdəsiniz ki, əvvəl Ermənistan ordusu Qarabağdan çıxmalı və sonra müzakirələr başlanmalıdır. Hazırkı dövrdə müzakirələrin başlanmasını təklif edən vasitəçilər varmı? Nə üçün rəsmi Bakı və Yerevan arasındakı toqquşmalar dəfələrlə alovlanaraq sönmüş və niyə müzakirələr nəticəsiz qalmışdır?

Azərbaycan Respublikasının səfiri: Hamının yadındadır ki, müharibənin əvvəllərində Ermənistan tərəfindən Xocalı soyqırımı törədildi. Amma bu gün sülh çağırışında olan həmin vasitəçilərin heç biri bu barədə bir iş görmədi. Biz müzakirələrə hazırıq. Amma çox təəssüf ki, bu müzakirələrin məzmunu və nəticəsi bəlli deyil.

İLNA: Müzakirələr üçün konkret proqram varmı?

Azərbaycan Respublikasının səfiri: Ermənistanın bəyanatları və addımları ilə bütün bütün müzakirə predmetləri kənara qoyulmuşdur. Biz elan etdik ki, əgər müzakirələr Ermənistan üçün mənasızdırsa, bizim üçün dünəndən mənasızdır.

Minsk qrupuna heç bir ümid yoxdur.

İLNA: Minsk qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz?

Azərbaycan Respublikasının səfiri: Ötən illər ərzində Minsk Qrupunun elə bir fəaliyyəti olmamışdır ki, biz onlara ümid edək.

İLNA: Yayılmış xəbərlərdə Azad Suriya Ordusunun terroristləri və Əl-Nüsrə Cəbhəsi (Əl-Qaidənin Suriya qolu) ünsürlərinin Ermənistanla döyüşmək üçün Türkiyə vasitəsilə Azərbaycana gətirilmişdir. Bu ünsürlərin orada olmasının əsl səbəbi nədir?

Azərbaycan Respublikasının səfiri: Bu məlumat həqiqətə uyğun deyil. Bir statistikaya toxunmaq istəyirəm. Sovet İttifaqı dağılan zaman Ermənistanın əhalisi təxminən 3.5 milyon nəfər idi. Onlardan təxminən 230 min nəfəri Azərbaycana pənah gətirdi. Hazırda Ermənistanın əhalisi təxminən 2 milyon nəfərdir. Bu onu göstərir ki, əhalinin bir hissəsi ölkədən qaçmışdır. O zaman Azərbaycanın əhalisi 6.5 milyon nəfər idi və indi isə bu rəqəm 10 milyon nəfərə çatmışdır. Bizim əhalimiz gənc və təhsillidir. Bu səbəbdən də Azərbaycan ordusunun digər coğrafiya və ölkədən döyüşçü gətirməsinə ehtiyac yoxdur. Bu Ermənistandır ki, xarici muzdurlardan istifadə edir.

İLNA: Sizin fikrinizcə 3+3 (İran, Türkiyə və Rusiya + Azərbaycan, Ermənistan və Gürcüstan) formatı yeni vasitəçilik və həll mexanizmi kimi Qarabağ münaqişəsinə son qoya bilərmi?

Azərbaycan Respublikasının səfiri: İlk dəfədir ki, bu düzülüş haqqında eşidirəm. Amma fikrimcə bu əsnada haqqı nahaqdan ayırmalıyıq. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasını qəbul etməliyik. Bilməliyik ki, rəsmi Bakı müharibə və qan tökülməsini yox, sülh istəyir. Biz ötən illər ərzində Azərbaycan iqtisadiyyatına 280 milyard dollara yaxın xarici sərmayə cəlb etmişik. Bu da xarici investorların Azərbaycana etimadını göstərir. Bu sərmayənin cəlb olunması sərmayədarın bizə etimadını göstərir. Biz sülh və inkişaf istəyirik. Adını qeyd etdiyiniz ölkələrin yer aldığı regionumuzun inkişaf etmiş coğrafiyaya çevrilməsini istəyirik. Bizim İran və digər ölkələrlə həyata keçirdiyimiz layihələr göstərir ki, biz əməkdaşlıq və inkişaf istəyirik. Amma Ermənistan öz işğalçılıq siyasətləri ilə regionda reallaşan bütün layihələrdən kənarda qalmış və dalana çevrilmişdir. Biz Gürcüstan iqtisadiyyatının ən böyük investoruyuq. Rusiya iqtisadiyyatına 7 milyard dollardan çox sərmayə yatırmışıq. Rusiya da bizim iqtisadiyyatımıza bir neçə milyard dollarlıq sərmayə qoymuşdur. İran Azərbaycan iqtisadiyyatına təqribən 3 milyard dollara yaxın sərmayə qoymuşdur. Hazırda İran ilə Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsi ilə Şimal-Cənub Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsi üzərində çalışırıq. Bu rəqəmləri ona görə misal çəkirəm ki, bizim regionun inkişafında maraqlı olduğumuzu biləsiniz. Təəssüflə qeyd etməliyəm ki, Ermənistan bütün bunlardan kənarda qalmışdır. Türkiyənin Ermənistanla sərhədləri bağlıdır. Yalnız 42 kilometrlik İran və Ermənistan sərhədi açıqdır və bu da gələcəkdə İran üçün təhdidə çevrilə bilər.

Azərbaycan xalqı Türkiyənin mövqeyindən razıdır.

İLNA: R.T.Ərdoğanın erməni xalqının öz hökuməti əleyhinə qiyamı barədə sözləri geniş rezonans doğurmuşdur. Ona paralel olaraq Ankara rəsmi Bakını dəstəklədiyini bəyan etdi. Sizcə bu mövqe Azərbaycana zərbə vurmayacaq?

Azərbaycan Respublikasının səfiri: Ümummilli Lider, mərhum Heydər Əliyevin təbirincə desək – “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. Azərbaycan xalqı Türkiyənin mövqeyi və dəstəyindən razıdır və bunu alqışlayırlar. Çünki, 30 ildir ki, bu camaat öz doğma yurdundan köçkün düşmüşdür. Ermənistan anlamalıdır ki, Qarabağ Azərbaycanın qırmızı xəttidir.

Separatizmin bütün forma və təzahürlərini qınayırıq.

İLNA: Bir neçə müddətdir ki, Azərbaycanın kütləvi informasiya vasitələri iranafobiya xətti cızaraq rəsmi Tehran əleyhinə istiqamətlənmiş məlumatlar yayırlar ki, bunun Azərbaycanın təhlükəsizlik orqanının (MTN) himayəsi ilə planlaşdırılır və həyata keçirilir. Məsələn, ötən günlər ərzində Rusiyanın hərbi təchizatının İran ərazisi ilə Ermənistana göndərilməsinə dair məqsədli şəkildə və yalan xəbərlər dərc olunmuş və məsələ İran rəsmiləri tərəfindən təkzib edilmişdir. Hətta Ermənistan və Azərbaycan arasında müharibə getməyən vaxtlarda belə qərəzli mövqe müşahidə olunurdu. Niyə sizin bəzi kütləvi informasiya vasitələrinizdə anti-İran təbliğat hələ də davam etməkdədir? Hətta İranın azərbaycandilli əhalisinin təhrik olunması məsələsi də qaldırılır.

Azərbaycan Respublikasının səfiri: Qeyd etdiyim kimi, Azərbaycan separatizmin qurbanıdır və biz separatizmin bütün forma və təzahürlərini qınayırıq. Ölkəmiz ilə İran arasında mədəni, tarixi, dini və dil ortaqlıqları var. Ötən 7 il ərzində iki ölkə prezidentləri bir-biri ilə 13 dəfə görüşmüşdür. Mən özüm də bu görüşlərdə iştirak etmişəm. Dəfələrlə rəsmi şəkildə iki tərəf arasında həmrəylik ifadə olunmuşdur. Ötən illər ərzində Dövlətlərarası Müştərək Komissiyanın iclasları keçirilmişdir. Hər iki ölkənin parlamentləri arasında münəzzəm əlaqələr mövcuddur və dostluq qrupu çox fəal fəaliyyət göstərir. Mən belə addımların kimlər tərəfindən atıldığını bilmirəm, amma belə düşünürəm ki, hər iki tərəfdən bir-birinin əleyhinə heç bir təbliğat aparılmamalıdır.

Azərbaycan və İsrail arasındakı əməkdaşlıq gizli deyil

İLNA: Son günlər Azərbaycan Respublikasının hərbi sənəd və sirlərinin bəzi İsrail ünsürləri tərəfindən Ermənistana verilməsi barədə xəbərlər yayılmışdır. Bu məsələ nə dərəcədə düzdür? Aparılmış təhlillər onu göstərir ki, İsrail Ermənistan və Azərbaycan arasında balansı qorumaqla, gizli şəkildə Bakı və Yerevanı müharibəyə təhrik etmişdir. Sizin fikrinizcə Ermənistan və Azərbaycan arasında vəziyyətin gərginləşdirilməsində İsrailin rolu ola bilərmi?

Azərbaycan Respublikasının səfiri: Azərbaycan Respublikasının bütün dünya ölkələri ilə əlaqəsi və əməkdaşlığı mövcuddur, o cümlədən İsrail ilə. Azərbaycan ərazilərinin 20%-i Ermənistan tərəfindən işğal olunmuşdur və torpaqlarımızın azad olunması üçün bütün dünya ölkələri ilə əməkdaşlıq edirik. Ermənistan sözügedən əməkdaşlığın nəticəsini 2016-cı ildəki 4 günlük müharibədə dadmışdır. Həmin hadisələrdən sonra xaricdəki erməni lobbisi İsrailə əməkdaşlıq təklifi etmişdir. Azərbaycan və İsrail arasındakı əməkdaşlıq gizli deyil. Hamının bundan xəbəri var. Hazırda əməkdaşlıq üçün İsrailə yalvaran Ermənistandır və onlardan yararlanmaq istəyir. İsrail və Ermənistan arasındakı hərbi əlaqələrə və onlara hərbi sirlərin ötürülməsinə gəldikdə isə bunu ilk dəfədir eşidirəm. Doğru xəbər deyil. Əgər doğru olsa da rəsmi mənbələrə istinad etmək lazımdır. Amma qeyd etdiyim kimi İsrail və Azərbaycan arasındakı əməkdaşlıq yeni bir şey deyil. İslam dünyasında Azərbaycanın mövqeyi aydındır. Azərbaycan həmişə paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin təsis olunmasını dəstəkləmişdir. Azərbaycanda Fələstinin səfirliyi var. Biz onların fəaliyyətinə kömək edirik. Azərbaycanın xarici siyasətində İslam ölkələri ilə əməkdaşlıq prioritet təşkil edir. Bizim əleyhimizə təbliğatlar aparılır və erməni mənbələri də ən çox onlardan istifadə edirlər. Mən iranlı dost və qardaşlardan xahiş edirəm ki, ermənilərin bu cür təbliğatlarının təsiri altına düşməsinlər.

İLNA: Yeni toqquşmalar İran ilə Azərbaycan arasında yüklərin tranziti üçün təhlükə yarada bilərmi? Bu marşrut təhlükəsizdirmi?

Azərbaycan Respublikasının səfiri: İranda pandemiya dövründən, 22 fevral 2020-ci ildən başlayaraq bütün ölkələr İranla sərhədini bağladı. Amma Azərbaycan sərhədi ticarət və tranzit üçün açıq idi, hazırda da açıqdır və açıq qalacaq.

İLNA: Hazırkı mərhələdə İran ilə Azərbaycan arasında ticarət sahəsində hansı layihələr mövcuddur? İki ölkə arasındakı ticarət mübadiləsi hansı səviyyədədir?

Azərbaycan Respublikasının səfiri: 2016-cı ildə mən səfir kimi İrana gələndə iki ölkə arasında ticarət dövriyyəsi 175 milyon dollar idi. 2019-cu ildə bu rəqəm 970 milyon dollara çatmışdır. Bu il pandemiya səbəbindən ticarət mübadiləsində azalmalar ola bilər. Amma pandemiya dövründə yüklərin tranzit keçidi 3 qat artmışdır. Biz İranla müxtəlif sahələrdə əməkdaşlıq edirik və bunun müsbət nəticələrini görürük. İran ilə Azərbaycanın müştərək investisiya ilə Azərbaycanda avtomobil zavodu tikilmişdir və bizim müştərək istehsalımız üçüncü ölkə bazarlarına da ixrac olunur. Yükdaşımaları sahəsində Şimal-Cənub Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsi üçün çox iş görülmüşdür. Azərbaycan Dəmir Yolları QSC İran Astarasında ərazi icarəyə götürmüş və quru yük terminalı inşa etməkdədir. Pandemiya dövründə tikintisi davam edən bu terminalı yüklərin tranzitində nəzərəçarpacaq kömək göstərmişdir. Müştərək istehsal və üçüncü bazarlara çıxmaq üçün hazırda bir çox layihələrimiz icra olunmaqdadır.

İLNA: İran vasitəçi kimi bu münaqişəni sona çatdıra bilərmi?

Azərbaycan Respublikasının səfiri: İranın bizimlə çoxlu müştərəkliyi vardır. Dolayı yolla İran da bu müharibəyə cəlb olunub. Qarabağ müharibəsinin ilk illərində Xankəndi şəhərinin səmasında İran təyyarəsi Ermənistan tərəfindən hədəfə alınmış, iranlı diplomatlar və onların ailələri şəhid olublar. İndiyə qədər bu hadisənin araşdırmasının nəticəsindən xəbərsizik. Bu gün haqqı nahaqdan ayırmaq zamanıdır. Ermənistan işğalçıdır və onu belə adlandırmaqdan qorxmamalıyıq. İndiyə qədər Türkiyə  və Pakistan Xarici İşlər Nazirliyi, Əfqanıstan və digər ölkələr bəyanat yayaraq bizim mövqeyimizi müdafiə etmişdir.

İLNA: Bu böhranın həll yolu nədir?

Azərbaycan Respublikasının səfiri:  İşğalçı Azərbaycan torpağından çıxmalıdır.

Ermənistan torpaqlarında gözümüz və hədəfimiz yoxdur.

İLNA: Dünya ictimaiyyətində və dünya güclərindən gözləntiləriniz nədir?

Azərbaycan Respublikasının səfiri: Bizim gözləntimiz budur ki, işğalçılığın qarşısı alınmalıdır. Bu müharibə Azərbaycan ərazisində gedir. Bizim Ermənistan torpaqlarında gözümüz və hədəfimiz yoxdur. Yalnız özünü müdafiə hüququndan istifadə edirik. Dünya ictimaiyyəti bu işğalçı hərəkətlər ilə mübarizə aparmalıdır. Əgər Ermənistan regionda sülh və sabitlik istəyirsə, özünün işğalçılıq siyasətindən əl çəkməlidir.

İLNA: Azərbaycan hüquqi müstəvidə Ermənistandan şikayət edibmi? Rəsmi Bakının hüquqşünasları  bu istiqamətdə hansı işlər görmüşdür?

Azərbaycan Respublikasının səfiri: Bəli, son zamanlar bu istiqamətdə işlərə başlanmışdır. Ermənistan Naftalan şəhərində bizim mövqeləri bombalayarkən ikisi azyaşlı olmaqla bir ailənin 5 üzvü həlak olmuşdur. Azərbaycan vətəndaşları öz doğma yurdundan qovulmuşdur və bizə ümumilikdə milyardlarla dollar məbləğində zərər vurulmuşdur. Bununla bağlı cinayət işi açılmış və işlər davam etdirilir.

Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan İLNA informasiya agentliyinin suallarını belə cavablandırmışdır.

Azərbaycan müzakirələrdən boyun qaçırmışdır.

İLNA: Ermənistan ilə Azərbaycan arasında yeni hərbi toqquşmaların başlanmasının səbəbi nədir?

Ermənistan Respublikasının səfiri: Hazırkı döyüş əməliyyatları qəflətən baş verən bir hadisə deyil, qabaqcadan Azərbaycan tərəfindən planlaşdırılmış hücumdur. Bu, sözügedən münaqişənin sülh və danışıqlar yolu ilə həllinə hərbi yolla zərbə vurmaq üçün planlaşdırılmış addımdır. Azərbaycanın 2020-ci ilin iyul ayında Ermənistana qarşı həyata keçirdiyi hücumların əksinə olaraq, bu dəfə Artsaxa (Qarabağa) hücum etmiş və qərəzli şəkildə müdafiəsiz əhalini və qeyri-hərbi infrastrukturu hədəfə almışdır. Qarabağ qarış-qarış öz təhlükəsizliyini müdafiə edir və Ermənistan da Artsaxın təhlükəsizliyinin qarantıdır. Diqqət yetirmək lazımdır ki, Azərbaycanın Artsaxa qarşı son hücumları iki xüsusiyyəti özündə ehtiva edir:

Birincisi budur ki, Azərbaycan prezident İlham Əliyev səviyyəsində rəsmi şəkildə sülh yolundan boyun qaçırmış və Qarabağ məsələsinin həllini genişmiqyaslı hücumlara gətirib çıxarmışdır. İkincisi isə, Azərbaycan öz məqsədlərinə çatmaq üçün Türkiyənin hərbi-siyasi əməkdaşlığından yararlanır. Belə ki, türkiyəli hərbi mütəxəssislər çiyin-çiyinə, Azərbaycanla yanaşı mübarizə aparırlar. Azərbaycanın silahlı qüvvələri Türkiyə istehsalı olan silah-sursat, pilotsuz uçuş aparatları və raketlərdən istifadə edirlər. Etibarlı mənbələrdən əldə olunmuş məlumatlara əsasən, Türkiyə regiondan kənar silahlı terrorçuları toplayaraq, Azərbaycana göndərməkdədir. Ümumilikdə, son hərbi əməliyyatlarda Türkiyə Azərbaycana geniş siyasi və təbliğat xarakterli əməkdaşlıq dəstəyi göstərir.

İLNA: Region ölkələrinin bu toqquşmalara sürüklənməsi mümkündürmü? Belə olan təqdirdə qüvvələrin düzülüşü necə olacaq?

Ermənistan Respublikasının səfiri: Azərbaycanın hərbi-siyasi rəhbərliyinin əməliyyat hücumları regionda sülh və sabitliyi təhlükəyə atmaq məqsədi güdür və bunun bütün məsuliyyəti Azərbaycanın üzərinə düşür. Hazırda birbaşa şəkildə bu hərbi əməliyyatlarda iştirak edən yeganə ölkə Türkiyədir. Bu ölkə birtərəfli ifrat tərəfkeşliyini və hücum mövqelərini gizlətmək niyyətində deyil.

İLNA: BMT bu böhranın həlli üçün müdaxilə və kömək edə bilərmi?

Ermənistan Respublikasının səfiri: BMT-nin Baş katibinin bununla bağlı açıqlaması olmuşdur. Onun bəyanatının əsas məzmunu böhranın sülh yolu ilə həlli üçün əməkdaşlığın təklif olunmasından ibarətdir.

Müzakirələrin yenidən başlanması üçün Tehranın hazır olduğunu bildirməsi təqdirəlayiqdir.

İLNA: İran, Türkiyə və Rusiyanın bu münaqişənin həllində nə kimi rolu ola bilər?

Ermənistan Respublikasının səfiri: Rusiya Federasiyası Ermənistanın strateji müttəfiqidir və bu istiqamətdə misilsiz rol oynayır. Bundan başqa Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Türkiyə barəsində isə daha öncə də qeyd etdiyim kimi; bu ölkənin konstruktiv rolu və səyi həm ola bilməz, həm də bunu bacarmaz. Bundan başqa açıq-aydın onların mövqeyi münaqişə tərəflərindən birini dəstəkləməkdir. Praktik olaraq hərbi əməliyyatlara da qoşulmuşdur. Amma İran ilə bağlı deməliyəm ki, bu ölkə daima Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında addımlar atmışdır. Bir məsələni də qeyd etməliyəm ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif müzakirələrin yenidən başlanması üçün Tehranın əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir. Bu məsələ Ermənistan tərəfindən təqdirəlayiq hesab olunur.

İLNA: Türkiyə və Azərbaycanın keçirdiyi birgə təlimlər bu toqquşmanın alovlanmasında necə rol oynamışdır?

Ermənistan Respublikasının səfiri: Türkiyənin birtərəfli və hücum mövqeyi tamamilə aydındır. Onların bu mövqeyi son hərbi toqquşmalarda daha aydın ortaya çıxdı. Amma Ankara və Bakının Azərbaycanda baş tutmuş son hərbi təlimləri və bu təlimin iştirakçıları, silah-sursat və təchizatının Azərbaycanda qalması hərbi hücumlara hazırlıq hesab oluna bilər. Türkiyənin Azərbaycanda, xüsusilə də Naxçıvanda hərbi bazasının olması bizim fikrimizcə hətta İran üçün də narahatedici məqam ola bilər.

Minsk Qrupu ilə əlaqədəyik

İLNA: ATƏT-in Minsk qrupu və bu qrupun həmsədrləri olan üç ölkə bu münaqişənin həllində necə rol oynaya bilər?

Ermənistan Respublikasının səfiri: ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə qəbul olunmuş yeganə mexanizm hesab olunur. Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa vasitəçi olaraq bu qrupun üzvləridir. Hazırda Ermənistan rəhbərliyi mövcud təhlükəli vəziyyətin idarə olunması və müzakirələrin adi məcraya qaytarılması məqsədilə sözügedən qrupun həmsədri olan ölkələr ilə müntəzəm olaraq əlaqədədir.

Müsahibəni apardı: Fərşad Qolzari.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə