XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2020 - 12:50

Elçibəyin köməkçisi Qarabağ cəbhəsindəki real durumdan danışdı:"HƏDƏF LAÇIN VƏ KƏLBƏCƏR DƏHLİZLƏRİNİN BAĞLANMASIDIR"

Sabiq Prezident Əbülfəz Eiçibəyin köməkçisi Oqtay Qasımov Teleqraf.com saytına Azərbaycan Ordusunun sentyabrın 27-dən bşlatdığı əks-hücum və cəzalandırma əməliyyatı ilə bağlı maraqlı müsahibə verib.

Strateq.az həmin müsahibəni oxucularına təqdim edir:

– Oqtay bəy, Azərbaycan Ordusunun sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatı sayəsində bir sıra strateji yüksəklik və yaşayış məntəqələri işğaldan azad olunub. Ərazini tanıyan və Birinci Qarabağ müharibəsi zamanı vəziyyətdən xəbərdar olan mütəxəssis olaraq ordumuzun apardığı indiki əməliyyatları necə qiymətləndirirsiniz?

– Əvvəla, Azərbaycan Ordusunu XXI əsrin standartlarına uyğun müharibə apardığı üçün təbrik etmək lazımdır. Çox yüksək peşəkarlıqla hərbi əməliyyatlar hazırlanır və dəqiqliklə həyata keçirilir. Bu əməliyyatların keçirildiyi meydan həm də ciddi təbii maneələrin olduğu və coğrafi relyefin əngəl törətdiyi ərazilərdir. Eyni zamanda son 30 ildə burada ciddi müdafiə istehkamları qurulub. Əksəriyyətin təsəvvür edə bilməyəcəyi şəkildə maneələr, istehkamlar, bunkerlər, tunellər, müdafiə qurğuları yaradılıb.

Sözsüz ki, belə bir müdafiə xətlərinin eşelon-eşelon qurulması təkcə ermənilərin işi deyil. Onların havadarları və müttəfiqlərinin də ciddi dəstəyi olub. Belə şəraitdə sürətli döyüş əməliyyatları aparmaq çətindir. Amma ordumuz iki həftə ərzində ciddi uğurlara imza ataraq, qeyd etdiyimiz müdafiə xətlərini yarıb-dağıda bildi. Yəni cəbhənin müdafiə xəttinin birinci eşelonu lazım olan yerdə həm Ağdərə istiqamətindən, həm də cənubdan Füzuli-Cəbrayıl istiqamətindən dağıdıldı.

Onu qeyd edim ki, Ağdərə ətrafındakı yüksəkliklər – Keçəldağ mövqeyi, Suqovuşan kəndi ətrafındakı yüksəkliklər, o cümlədən Sərsəng su anbarının önündə Tonaşenindən Gülüstan və Keçəldağa qalxan hissələrdə ordumuz yüksək nailiyyətə imza atdı.

Təsəvvür edin ki, bunlar dağlarda köstəbəklər kimi tunellər, şəhərlər qurublar. Oradakı bunkerlərin qurulmasında metrlərlə qalınlığında olan divarlar, betonlardan, rezin təkərlərdən istifadə olunub. Bu bunkerlər eyni zamana həm də anqarları xatırladır. Onların giriş-çıxış hissələri xüsusi qalın zirehli qapılarla örtülüb. Bu istehkamların üst hissəsi meşə olduğundan əməliyyatlar aparmaq olduqca çətindir. Bizim əsgərlərimiz bu maneəni sındırdılar və ermənilərin keçilməz saydıqları əsas qalalardan birini fəth etdilər. Beləcə, Ağdərə istiqamətində cəbhənin əsas xətti yarıldı.

Cəbhənin cənubunda – Füzuli, Cəbrayıl, Xocavənd, Hadrud istiqamətində düşmənin güclü istehkamları qurulmuşdu. Burada da cəbhənin Hadrud istiqamətində dəqiq işlənən plan əsasında müdafiə xətti yarıldı və Hadrud ətrafında düşmən qüvvələri təmizləndikdən sonra ciddi strateji üstünlük əldə edildi.

Ola bilsin ki, oxucularımız Hadrudun strateji baxımından əhəmiyyətini o qədər də bilmir. Hadrutun azad edilməsi və ətraf yüksəkliklərin əldə olunması ona səbəb olacaq ki, qısa müddətdə cənub və cənub şərq istiqamətində Füzuli və Xocəvənd əraziləri təmizlənəcək. Eyni zamanda Hadrutdan şimal istiqamətinə – Şuşa və Xankəndinə yol açılır. Hadrutdan şimal və şimal-şərq hissəyə – Qubadlı və Laçın istiqamətində manevr imkanlarımız yaranır. Başqa sözlə, Hadrut istiqamətində bəzi yüksəkliklər var, bu, Tağlar, Dolanlar kəndi ətrafındakı yüksəklikləri, eləcə də Cəbrayıl və Qubadlı istiqamətindəki Ziyarətdağ yüksəkliyini, habelə Topağac yüksəkliyini nəzarətə götürmə imkanları yaranır.

Bu ərazilər nəzarətə alındıqdan sonra, demək olar ki, bizim tamamilə Zəngilan və Qubadlı ərazilərindəki düzənlik hissələrə tam nəzarət etməyimizə imkan verəcək. Bununla bərabər, Laçın dəhlizini nəzarətdə saxlamaq imkanı yaranacaq.

Eyni zamanda, Qubadlı ərazisindən hazırda Ermənistan ərazisini İranla bağlayan yollar Qafan-Gorus ərazisindən keçir. Qafan-Gorus arasındakı yol bizim nəzarətimizdə olduqdan sonra faktiki İrandan Ermənistana daşınacaq silah-sursatın keçməsi imkansız olacaq. Bu baxımdan indiyə qədər atılan addımlar ciddi və strateji baxımdan əhəmiyyətlidir. 18 günlük müddətdə 45-ə yaxın yaşayış məntəqəsinin, 1 şəhər və 1 qəsəbənin işğaldan azad edilməsi ciddi uğur sayılmalıdır.

Mən anlayıram ki, cəmiyyətimiz işğalın nəticələrinin sürətlə aradan qaldırılmasını istəyir, amma nəzərə almaq lazımdır ki, həm Dağlıq Qarabağ ərazilərində qurulan müdafiə istehkamları, həm də ərazinin coğrafi relyefi bu əməliyyatın bizim istədiyimiz sürətdə həyata keçirilməsinə maneə olur. Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu çox sürətli hərəkət edir.

Mən sizə bir məqamı xatırlatmaq istərdim. 2006-cı ildə İsrail ordusu Livanda əməliyyatlar həyata keçirdi. “Hizbullah”ın Livanın dağlıq bölgələrində qurduğu və eynən Qarabağdakı kimi istehkam, tunel və bunkerlərdə aylarla ilişib qaldı. Dünyanın ən güclü ordusuna və texnologiyaya sahib silahlı qüvvə dediyim ərazilərdə çətinliyə düşdü və qarşıya qoyulan hədəfləri tam yerinə yetirə bilmədi. Amma Azərbaycan Ordusu qısa müddət ərzində geniş əraziləri işğaldan azad edə bildi və düşmənə sarsıdıcı zərbə vurdu. Ordumuzun zərbələri düşmənin Qarabağda yerləşdirdiyi hərbi arsenalının əhəmiyyətli hissəsini sıradan çıxardı. Bu da Ermənistan ordusunun maddi-texniki baxımdan zəiflədilməsinə səbəb oldu. O cümlədən, düşmən bizim ordumuzun uğurlu əməliyyatı nəticəsində canlı itkilər verməli oldu.

Bu itkilərin sayını erməni tərəfi 550-600 civarında açıqlayır. Amma reallıqda onların itkiləri açıqladığı rəqəmlərdən on dəfələrlə artıqdır. Bu əməliyyatların sırasında ermənilər tərəfindən hazırlanan əməliyyata qarşı əks-həmlə keçirilərək erməni silahlı qüvvələrinin Cəbrayıl-Hadrut istiqamətində darmadağın edilməsi xüsusilə qeyd olunmalıdır.

Qeyd edim ki, oktyabrın 5-6-da Nikol Paşinyan lovğa-lovğa elan etdi ki, cənub cəbhəsində xüsusi əməliyyat hazırlayırlar və bu əməliyyat savaşda dönüş nöqtəsi olacaq. Əslində, bu dönüş nöqtəsi oldu, sadəcə Paşinyanın arzuladığı kimi deyil, bizim arzuladığımız kimi. Bu döyüş və acı məğlubiyyət erməni ordusunda ciddi mənəvi pozğunluq yaratdı.

– Yəni əməliyyatların birinci fazası düşməni pərən-pərən salıb?

– Baxın, iş o yerə gəlib ki, Ermənistan hərbi-siyasi rəhbərliyi 1990-cı illərdə Azərbaycana qarşı cinayətlərdə iştirak edənləri səfərbər edərək Qarabağa göndərməklə məşğuldur. Mən əminəm ki, Azərbaycan əsgərləri Xocalıda, Şuşada və digər ətraf rayonlarda azərbaycanlılara qarşı işlətdiyi cinayətlərin cəzasını onlara misli ilə verəcək. Həm də bu cinayətkarların məhv edilməsi üçün fürsət yaranıb.

Əməliyyatların birinci mərhələsini götürsək, deyə bilərik ki, kifayət qədər yaxşı nəticələr əldə edilib. Amma bir qədər səbr də lazımdır. Çünki birinci eşelonda keçidlər, bunkerlər dağıdıldıqdan sonra hərəkət bir qədər sürətlənəcək. İndi proses sürətlənməyə doğru istiqamətlənib. Nikol Paşinyan özü və Dağlıq Qarabağdakı cinayətkar Arutyunyan etiraf etdilər ki, Azərbaycan Ordusu cəbhənin şimal və cənub istiqamətini yararaq irəliləyib. Və onlar da geri çəkilməyə məcbur edilib. Bunu özləri etiraf etdilər və çox ciddi sayda itkilərinin olduğunu dedilər.

– Əməliyyatların davam edəcəyi anonsu edilib. Gözləntiləriniz nədir?

– Sözsüz ki, bu məsələləri hərbi-siyasi rəhbərlik həll edir və bu günə qədər də bütün əməliyyat planları dəqiqliklə icra olunur. Sadəcə olaraq arzularımı deyə bilərəm. Arzum odur ki, ordumuz sürətlə üç istiqaməti nəzarətə almalıdır. Bu, Ağdərə-Kəlbəcər istiqamətidir. Bura olduqca strateji əhəmiyyətə malik ərazilərdir. Həm də Ermənistanı Dağlıq Qarabağla birləşdirən ən qısa və rahat yol Kəlbəcər ərazisindən çəkilib.

Digər istiqamət, təbii ki, Cəbrayıldan sonra Qubadlı, Zəngilan və Laçındır. Burada məncə, daha rahat hərəkət etmək olar.

Bildiyim və izlədiyim qədər ermənilər burada daha çox təsərrüfat işləri ilə məşğul olub, ciddi müdafiə sədləri qurmayblar. Bu ərazilərin azad edilməsi, Laçın dəhlizinin nəzarətə götürülməsi məsələnin çox qısa zamanda həllinə kömək edə bilər. Düşünürəm ki, bizim üçün ən strateji hədəf Laçın və Kəlbəcər dəhlizlərinin bağlanması və Dağlıq Qarabağdakı cinayətkarlara lojistik dəstəyin kəsilməsinin təmin edilməsi ola bilər.

– Ordumuz Ermənistan ordusuna ciddi uğursuzluq və itkilər yaşadıb. Bundan sonra erməni ordusunun potensialı hərbi əməliyyatları hansı ana qədər davam etdirməyə imkan verir?

– Ermənistanın resursları onun uzunmüddətli müharibə aparmasına imkan vermir. Sadəcə olaraq bu məsələdə erməniləri müdafiə edənlər var. Azərbaycan cəmiyyəti və dünya ictimaiyyəti bilir ki, 3 aya yaxındır dayanmadan Ermənistana mülki təyyarələrlə silah-sursat daşınır. Ən çox da raket və elektron qurğular. Bu dəstək kəsilsə, Ermənistan qısa müddətə tamamilə dayana bilər. Bunun üçün Ermənistandan daha çox onun müttəfiqi qərar verməlidir. Rusiya Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə istinad etməli və işğalçı ordunun işğal etdiyi ərazilərdən qoşunlarının çıxarmasına çalışmalıdır. BMT qətnamələrinin birinci tələbi işğal edilən ərazilərdən işğalçı ordunun çıxarılmasına dairdir.

Amma Ermənistanı müdafiə edən dövlətlər, həmsədrlər bilərəkdən bu bəndi unudurlar və atəşkəs tələbini irəli sürürlər. Niyə? Bizim atəşkəslə bağlı tələbimiz bəllidir və ölkə prezidenti də açıq elan edib ki, atəşkəs işğalçı ordunun işğal olunan ərazidən çıxarılmasına dair qrafik təqdim etdikdən sonra olacaq. Ondan sonra Azərbaycan atəşkəsə və danışıqlara hazırdır. Bu tələb də təsadüfi deyil, xatırlatdığım kimi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birinci bəndində bu tələb açıq yazılıb.

Bir daha qeyd edim ki, burada məsələ daha çox Ermənistanın havadarlarından və müttəfiqlərindən asılıdır. Ermənistanın işğalçı, təcavüzkar, şizofrenik düşüncəsinə qalsa, onlar bəlkə də intihara getmək haqqında düşünərlər.

– Sizcə, Ermənistanı yaxın müttəfiqləri sülhə getməyə, ona məxsus olmayan ərazilərdən imtina etməyə vadar edə bilərmi?

– Açığı, “Ermənistanı sülhə gəlməyə vadar edəcəklər, yoxsa etməyəcəklər?”, “Rusiyaya Qafqazda sabitlik lazımdırmı, yoxsa lazım deyilmi?” kimi sualların cavabı olmalıdır. Açığı, Rusiya anlamalıdır ki, onun son 30 ildə burada üstünlük verdiyi “nə müharibə, nə sülh” yanaşması artıq keçmir. Dünyada və bölgədə kəmiyyət və keyfiyyət baxımından xeyli dəyişikliklər var, Azərbaycan artıq 30 il əvvəlki dövlət və cəmiyyət deyil. Bu gün Azərbaycan Cənubi Qafqazda əsas aparıcı dövlətdir, iqtisadi, hərbi və insani gücü ilə daha güclüdür. Rusiya ona lazım olmayan qulpsuz çemodan olan Ermənistanı qara yara kimi saxlamaqda davam edəcəksə, gərginliklər qalacaq. Yox, Rusiya bölgədə barışı istəsə, habelə digər aktyorların olduğunu, – Türkiyəni nəzərdə tuturam, – qəbul etsə, regionda problemlər həllini tapa bilər.

Bölgədə davamlı sülhün və əməkdaşlığın bərqərar olmasında iki vacib aktyor var – Rusiya və Türkiyə. Türkiyənin bu işlərə qarışmaması haqda kimlərinsə arzusu ola bilər. Amma Türkiyə ATƏT-in Minsk Qrupunun 11 üzvündən biridir. Türkiyə bu proseslərdə 1993-cü ildə də olub. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnaməsinin həyata keçirilməsi üçün Rusiya, ABŞ və Türkiyə formatında vasitəçilərin iştirakı ilə danışıqlar aparıldı. O zaman Kəlbəcərin işğaldan azad edilməsi qrafiki hazırlandı. Yəni Türkiyə bu məsələdə real kömək və dəstək göstərə bilər. O dövrdən sonra Türkiyə proseslərdən kənarlaşdırıldı, regiona heç bir aidiyyəti olmayan və bitərəfliyi şübhə doğuran Fransa prosesə daxil oldu. Amma bu gün Türkiyənin dünyada və regionda rolu da fərqlidir. Eləcə də Cənubi Qafqazda Türkiyənin rolu nəzərə alınmalıdır. Həm də diqqətə alınmalıdır ki, Türkiyənin Cənubi Qafqazda iki ölkə – Azərbaycan və Gürcüstanla strateji müttəfiqlik münasibətləri var. Bu baxımdan Türkiyədə regionda var və Qarabağ məsələsində də masada olmalıdır. Azərbaycan prezidenti də bunu çıxışlarında qeyd edib. Məncə, qonşu Rusiya bu məsələdə Azərbaycan və Türkiyə ilə razılaşmalı, regionda iqtisadi əlaqələr daha da inkişaf etməlidir. Ermənistanın da burada rahat yaşaması və inkişafının təməl yolu onun Azərbaycan, Gürcüstan və Türkiyə ilə yaxın və normal qonşuluq münasibətləri qurulduqdan sonra baş verə bilər. Əks halda faşist düşüncəsində olan bu kiçik dövlət qonşuları ilə problemlər içində qalar.

– Oktyabrın 14-də Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın Qarabağ münaqişəsi ətrafında yaranan durumu müzakirə etməsi hansısa pozitiv işartılardan xəbər verə bilərmi?

– Türkiyə son dövrlər Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı ciddi tələblər irəli sürür, bu məsələdə bütün imkanları ilə Azərbaycanın yanında olacağını qeyd edir. Rusiya da Türkiyənin bu mövqeyini nəzərə alır. Azərbaycan və Türkiyə qonşu Rusiyanın Qafqazda, habelə digər bölgələrdə maraqlarına hörmət və həssaslıqla yanaşırsa, eyni mövqeni də Rusiya nümayiş etdirməlidir. Eləcə də Türkiyənin Qafqazda oynadığı stabilləşdirici rol qəbul olunmalıdır. Hər halda Türkiyə və Rusiya prezidentlərinin danışıqları bunun ilk addımı sayıla bilər. Təbii ki, buna qarşı olacaq qüvvələr çoxdur, amma bunsuz da mümkün deyil. Baxın, Minsk Qrupunda olan ölkələr var ki, bölgəni tanımır, bu münaqişə haqqında xəbərsizdir və regiona təsiri də yoxdur. Məsələn, İsveç və digərləri.

Onlar burada nələrin baş verdiyindən xəbərsizdir, maraq da göstərmirlər və öz mövqeləri də konkretləşdirilməyib. Burada ABŞ dünyanın super gücüdür və həmsədr olaraq iştirakı normaldır. Üstəlik, qeyd etdiyim kimi, ABŞ 1993-cü ildə üçlük formatında prosesdə olub. Amma Fransanın bölgəyə ağırlığı və təsir imkanları yoxdur. Yəni onun təsir imkanları Türkiyənin təsir imkanlarının 10 faizi qədərində deyil. Hər halda dünənki danışıq müsbət haldır. Açıqlamada ilk dəfə qeyd edildi ki, tərəflər Dağlıq Qarabağ məsələsini əsas məsələ kimi müzakirə ediblər. Hesab edirəm ki, bu, müsbət hadisədir.

Teleqraf.com




Yuxarı Əvvələ Ana Səhifə