XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 18:23

Məşhur demoqraf -alim:“Rusiyanı mühacir partlayışı gözləyir” – Müsahibə

visnevski

 

Ali İqtisadiyyat Məktəbi (AİM) Demoqrafiya İnstitutunun rəhbəri Anatoli Vişnevski bildirir ki, Rusiyada artıq yüksək doğuş olmayacaq və bu, çağdaş cəmiyyətin necə inkişaf etdiyinin qanunauyğun nəticəsidir. Alim hesab edir ki, bu yaxınlarda qeydə alınmış cüzi təbii artımı gələcəkdə saxlmaq mümkün olmayacaq.

Demoqraf qeyd edir ki, inkişaf etməkdə olan ölkələrin əhalisi sürətli templə artımı davam etdirir və yoxsul dövlətlərdə radikal ideyalara həssas xeyli işsiz gənc var.

Tanınmış demoqrafın BBC.com –a verdiyi müsahibəsini ixtisarla Strateq.az-ın oxucularına təqdim edirik.

 

Anatoli Vişnevski: Ən ümumi və başlıca tendensiyalar bütün ölkələrin, o cümlədən Rusiyanın keçdiyi demoqrafik keçid adlı proseslə (doğuş və ölümün tarixən sürətlə azalması ilə) müəyyən olunur. Rusiya bu yola bir qədər gec daxil oldu, ola bilsin, hətta bəzi məsələlərdə özünü xeyli çatdırdı, bəzilərində isə olduqca dala qaldı. Nələrdə çatdığından danışılsa, bu, doğuşun azalmasıdır. Çünki hələ XX əsrin əvvəllərində Rusiyada doğuş artıq əsaslı şəkildə aşağı düşmüş Avropadakından xeyli yüksək idi. Lakin bu, müharibədən sonra tərgidildi. Rusiya da Qərbi Avropanın daha irəli getmiş ölkələrindəki kimi doğuşun aşağı səviyyəsinə yetişdi.

 

Bi-Bi-Ci: Bu, müharibəyə görə baş verdi?

Anatoli Vişnevski: Xeyr, müharibəyə görə yox. Bu, demoqrafik keçidin qanunauyğunluğudur. Müharibə müəyyən qədər sürətləndirdi, lakin bu çöküş hələ SSRİ əhalisinin sənayeləşmə və şəhərləşmə yoluna girdiyi  30-cu illərdə baş vermişdi. Avropada şəhərləşmə bütün XIX əsrboyu sürdü, bizdə isə bu o zaman yox idi, amma bizdə sürətlə baş verdi. Buna görə də doğuş artıq müharibənin başlağıcına doğru güclü şəkildə azaldı.  Bu azalmanı birtəhər dayandırmaq cəhdləri var idi –  1936-cı ildə abort yasağı haqda qanun qəbul edildi. Lakin bu, heç nə vermədi. Və yüksək doğuş bir daha Rusiyaya qayıtmadı. Lakin anlamaq lazımdır ki, bu, qanunauyğunluqdur, çünki doğuş demoqrafik keçid prosesində ölümün azalmasına cavab olaraq aşağı düşür. Bu, baş verməyəndə “üçüncü dünya”da baş verən olur: demoqrafik partlayış – ölüm azalır, doğuş yüksək qalır, əhali sürətlə artmağa başlayır və bunda yaxşı heç nə yoxdur.

Hazırda bizdə doğuş aşağıdır, lakin doğuş aşağı ölüm zamanı düşməlidir. Bu xüsusda hər cür “ah-uf”ların böyük qismi “nənəmin səkkiz uşağı vardı” və b. k. xatirələrə əsaslanır. Lakin bu, yüksək ölüm zamanı mövcud idi. Səkkkiz uşaq doğulurdu, sonra isə altısı ölürdü.

 

Rusiyanı demoqrafik böhran dalğası gözləyir

Doğuş və ölüm insan üçün həyatın əsas ekzistensial hadisələri və cəmiyyət üçün ən önəmlı olaydır. Və hər şey buna uyğunlaşdırılıb – ailə adətləri, ailə əxlaqı, nəyin pis-yaxşı olduğu haqda təsəvvürlər. Lakin bu təməl şərt dəyişildiyindən qalan hər şey də dəyişilməlidir və bu, gözümüzün qabağında dəyişilir. Düşünürəm ki, bu dəyişimlər hələlik başa çatmayıb. Bütün cəmiyyətlər – Qərb də, bizimki də – insanın özəl və şəxsi həyatının təşkilinin hansısa formalarını axtarır. Hazırda ailə institutunda baş verənin hamısı xeyli dərəcədə bu yeni demoqrafik durumla müəyyən olunur. Az uşaq doğulur, demək olar, adamlar uzun ömür sürür, əhali qocalır. Rusiyadakı durum həm də onunla ağırlaşır ki, bizdə XX əsr hadisələrinin olduqca korladığı yaş piramidası var. Hazırda o mərhələyə daxil oluruq ki, bizdə potensial valideynlərin sayı sürətlə azalacaq. Çünki bunlar 90-cı illərdə doğulmuş nəsildir, orada iflas var idi. Qadınların sayı artıq azalmağa başlayıb. Onlar 10 il əvvəlkindən xeyli azdır. 2000-ci illərdə yüksəliş var idi – bu, səksəninci illərdə doğulmuş uşaqlar idi. 90-cı illərdə az uşaq doğuldu və uyğun olaraq 20 ildn sonra da azdır. Çuxur əmələ gəlib və onu heç nə ilə doldurmaq olmaz.

 

Mühacirət haqda

A.V. Mühacirət haqda indi mövcud olan bütün təsəvvürlər, deyərdim ki, olduqca bəsitdir. Rusiyanın baxımından fikir yürütmək olar və demək olar ki, xeyli sayda mühacir əldə etmək Rusiyaya əlverişlidir. Onlar bu doğuş çuxurunu doldura bilərdilər. Anladığınız kimi, burada çoxlu “əmma” var, lakin əsas “əmma” – hər yerdə, o cümlədən Rusiyada mühacirlərə düşmənliklə yanaşan cəmiyyətin münasibətidir. Həm də hökumət bu cür münasibəti dəstəkləyir. Bütün  bunların arxasında nə bizdə, nə Qərbdə, mənə elə gəlir ki, nə də ABŞ-da heç kimin diqqət yetirmədiyi çox ciddi şərait durur. Lakin ABŞ xeyli sayda mühacir qəbul edir. ABŞ əhalisi mühacirlərin hesabına çoxalır, bizdə də hazırda əhali artımını əsasən mühacirlər təmin edir. Lakin bir durum var  – XX əsrin ikinci yarısı boyu demoqrafik partlayış baş verdi və dünya əhalisi 50-60- il ərzində 5-6 milyard artdı. Bu, çox nəhəng artımdır və başlıcası –bu cür artım sürəti əvvəllər heç vaxt olmayıb. Rusiyanı ən yaxın bölgə Asiya ilə tutuşdursaq, zorla gözə dəyir. Gözlənildiyi kimi, 2050-ci ildə Asiyada 5 milyard adam olacaq. İki ölkə – Hindistan və Çin artıq indi, demək olar, 3 milyarddır. Və Rusiyanın 140 milyonu 150 milyon olacaq. Lakin bu, milyardın yanında heç nədir. Kürəsəl demoqrafik partlayış mühacirət partlayışına səbəb olmaya bilməz. Hazırda bunun ayrı-ayrı təzahürlərini görürük və bizə elə gəlir ki, ayrıca bir hadisədə izah tapa bilərik – məsələn, Suriya böhranında. Lakin bu, əsil çöküşün yalnız xırda sıçrantısıdır. Bütün bunlar dərk olunmur.

-Bu, Rusiya üçün də təhlükədir?

-Düşünrəm ki, bəli. Elə həmin Çin. Təsəvvür var ki, çinlilər şimalda yaşamayacaqlar və s. Bütün bunlar axmaqlıqdır. Bizim nəhəng resurslarımız var. Sibir boşdur, Uzaq Şərq boşdur, onlarda hər yer dopdoludur. Az qala, bircə Mançuriyada – şimali-şərqi üç əyalətində bütün Rusiyadakı qədər əhali yaşayır. Və bu ancaq Çindir, hələ başqa ölkələr də var. Bizdə isə bütün əhali Asiyadan Avropa hissəsinə gedir. Hamı Moskvanın ətrafına toplanır – bu isə istənilən baxımdan əlverişli deyil.

BBC: Lakin hökumət bunu birtəhər qaydaya salmağa cəhd edir…

A.V.: Necə?

BBC: Uzaq Şərqdə bir hektar torpaq verirlər.

A.V.: Axı heç bir infrasrtuktursuz torpağa kim gedər? Bir neçə min,  tutaq, bir neçə yüz min adamı ora köçürdəcəklər. Bu nəyi həll edir? Uraldan o yana 30 milyondan az əhalimiz var. Bu ərazinin hamısı boşdur. Onu ancaq böyük sayda mühacir cəlb etməklə mənimsəmək olar. Önəmlidir ki, onlar haradan olacaq, necə cəlb ediləcəklər. Bununla birinci dərəcəli vəzifə kimi məşğul olmaq lazımdır. Bu haqda hətta heç kim danışmaq da istəmir.

BBC: Hökumət sizi çağırıb bu problemi həll etməyi tapşırsaydı, necə hərəkət edərdiniz? 

A.V: Hazırda heç kim bu məsələ ilə məşğul olmadığından bir nəfərin buna sorumlu olması üçün son dərəcə böyük və əhəmiyyətli problemdir. Problemi başa düşdünüzsə, lazımi şərait yaradar, araşdırma aparar, müxtəlif təklifləri nəzərdən keçirərsiniz. Kabinetdə oturmaqla bütün bunları kim düşünüb tapa bilər?

Biz bilmirik, məncə, hətta avropalılar da bilmirlər ki, uyğunlaşma baxımından kim yaxşıdır: Afrika mühacirləri, yoxsa asiyalılar? İndi bu barədə danışmağa başlarkən “islam, islam, islam… islamçılar lazım deyil, bu qorxuludur”dan başqa söz eşitmirsən. İslam dünyası da demoqrafik partlayış yaşayır, xeyli dərəcədə məhz bununla bağlı ehtizaza gəlib. Ənənəvi özüllərin hamısı çat verir, istənilən din kimi İslam da  təməldən yapışır və nəticədə siyasi gərginliklər meydana çıxır. Bütün bunları nəzərə almaq lazımdır. Bu, müxtəlif ölkələrin xeyli sayda mütəxəssisinin həll etməli olduğu problemdir. Qəbuledici olacaq bütün ölkələrin qarşılıqlı fəaliyyəti və anlaşması zəruridir. Bu isə o deməkdir ki, Rusiyanın Avropa, Amerika ilə necəsə başqa cür münasibət qurmağı gərəkdir. Çünki biz bu mənada eyni qayıqdayıq.

BBC: Yəni fikirləşirsiniz ki, bütün bunlar təzəcə başlanır?

А. V: Düşünrəm ki, bəli. Mənzərəyə baxmaq kifayətdir. Bu güman dünyada bir milyard altı milyarda basqı edir, əsrin axırında isə on milyarad olacaq.

BBC: Hətta sərhədlər bağlansa da…

A.V: Axı sərhədləri necə bağlaycaqsınız? Belə bir rus mühaciri vardı–çarın Baş Qərargahının zabiti, “üsyan-müharibə” konsepsiyasını hazırlamış polkovnik Yevgeni Messner… Onun təsəvvürüncə, sıradakı müharibə bu cür xarakterə malik ola bilər. Bu, səngər müharibəsi, cəbhə xətti və s. olmayacaq. Bu şəhərli partizan fəaliyyəti kimi bir şey olacaq. Yəni terrorizmin özü də daxili gərginliklərin nəticəsidir. Mühacirlər bura gəlir, durumları pisdir, daxilən ideologiyaca vətənlə bağlıdırlar. Onlara pis olsa, həmin davakar islamda dəstək tapırlar.

 

Qlobal demoqrafik partlayış mühacir partlayışına səbəb olmaya bilməz 

Problem bundadır ki, onlar milyardlarladır. Kimisə öldürə bilərsiniz, minlərlə, yüz minlərlə adamı həbs edə bilərsiniz, lakin bir milyardı yox. Atom silahıyla milyardlarla adamın qabağını ala bilməzsiniz. Atom silahı başqa ölkədən müdafiə edə bilər – lakin növbəti müharibə əvvəlkinə bənzəsə… Məlum olduğu kimi, generallar isə həmişə keçmiş müharibəyə hazırlaşırlar. Bizdə lovğalııq çoxdur, lakin məsələ bunda deyil. Tutaq ki, ən güclü raketlər, bombalar və s. bizdədir. Lakin bu cür durumda bunun xeyri olmur. Nə vaxtsa zarafatlaşırdılar kli, müharibə başlansa və çinlilər sadəcə əsir düşsələr biz artıq uduzacağıq. Bax, dünyanın demoqrafik gerçəkliyi budur və son dərəcə qəlizdir.